Çezare Paveze - Özünü öldürənlər
05.05.15

Çezare Paveze (1908-1950) XX əsr İtaliya ədəbiyyatının ən tanınmış simalarından biridir. O, məmur ailəsində böyüyüb, uşaqlıdan ədəbiyyata olan həvəsi sonralar onu Torino Universitetinin ədəbiyyat fakultəsində  təhsil almağa sövq edir. Burada təhsilini başa vurduqdan sonra müxtəlif təhsil ocaqlarında dil və ədəbiyyatdan dərs deyir. Bu dövrdə ingilis və Amerika ədəbiyyatıyla bağlı yazıları “La Kultura” dərgisində yayımlanır. Daha sonra yaxın bir dostunun açdığı nəşriyyatda çalışmağa başlayır, şeirlər yazır. 1935-ci ildə anti-faşist fəaliyyətinə görə həbs edilir, bir il həbsdə yatır. Həbsxana dövrü “Həbs” romanının yaranmasına səbəb olur. 1950-cı ildə yazdığı “Tənha qadınlar arasında” romanı İtaliyanın ən nüfuzlu ədəbiyyat mükafatına layiq görülür.
Pavezenin şəxsi həyatı uğursuzluqlarla zəngindir. Sonu olmayan eşq əlaqələri onun qüvvəsini tükəndirir. Ədəbiyyat mükafatını aldıqdan sonra Torinodakı otel otağında bütün əlyazmalarını yandıraraq 21 ədəd yuxu dərmanı atıb intihar edir.

Çezare Paveze İtaliya ədəbiyyatında dərin iz buraxmış bir yazıçıdır. İtalyan romançılığından danışarkən onun adı Dino Bussati ilə birlikdə çəkilir. Çox vaxt onun üslubunu Kafka üslubu ilə müqayisə edirlər. Paveze ənənədən kənar bir yazıçıdır, onun fikirləri özəlliyi və subyektivliyi ilə seçilir. Onun esselərini oxuduqca intiharının səbəbləri aydınlaşır.

Pavezenin bir hekayəsini sizə təqdim edirik.



Özünü öldürənlər

Elə günlər olur ki, yaşadığım şəhər, yoldan ötən insanlar, maşınlar, ağaclar mənə tamamilə yad görünür, ilk baxışda hər şey tanışdır, amma bu tanış görüntülər nəsə tanınmaz bir haldadır: insanın güzgüyə baxarkən öz-özünə “bu kimdir?” deyə sual etdiyi anlarda olduğu kimi. Mənim üçün belə günlər ilin ən çox sevilən günləri olur.

Belə günlərdə işdən çox tez çıxıram, küçələrə enib insan axınına qoşuluram, yoldan keçən hər kəsi gözləməkdən özümü saxlaya bilmirəm, insanlar da mənə baxarkən özümü son dərəcə cəsarətli hiss edirəm. Həyatdan daha dəyərli bir şeyin olmadığına inanıram, bu anların mənə bəxş etdiyi zövqdən daha gözəl nə ola bilər?! Bəzən şüşəli kafedə oturub yoldan keçən insanları seyr edərək, küçənin gurultusunu dinləyərək, rənglərlə səsləri və içərinin bütün bu uğultunu nizamlayan dincliyini bütün varlığımla dərk edərək belə anların ömrünü uzada bilirəm.

Son bir neçə ildə xəyallarım puç oldu, çox vicdan əzabı çəkdim, indi ən çox arzuladığım bax, bu sükut, dinclikdir. Fırtınalar, qovğalar mənə görə deyil. Bəzən sübhün ayazında tir-tir titrəyərək çölə çıxıb küçələri dolaşsam da, addımlarımı hər kəsə meydan oxuyurmuş kimi atsam da həyatdan tək istəyim onun gəlişini gözləməkdir.

Bəzən alışdığım bu zövq mənə qüsur kimi görünür. İnsanın yaşamaq üçün başqalarından əvvəl özünə qarşı hiyləgər olmasının gərəkliyini çoxdan bilirdim. Pis əməllərini doğruymuş kimi göstərən səbəblər zənciri hazırlayıb haqsızlıqlar etdiyindən çəkinməyən qadınlara həsəd aparıram. Özünə inamsızlıq üzündən mübarizədən geri çəkilib səssiz bir tənhalıq axtarmaq qüsurların ən böyüyü deyilsə, elə də böyük qüsurlarım yoxdur, amma  mənim olan cüzi şeylərin dadını çıxararkən hiyləgərlikdən istifadə etməyi, özümə sahib olmağı bacarmıram. Sonra görün nə olur, küçədə etinasıcsaına dayanıram, ətrafımdakı insanları eynimə almıram, özüm özümdən bu təkəbbürə haqqım olub-olmadığını soruşuram. Görəsən, kənardan gülünc və iyrənc görünmürəm ki? Aradabir düşünürəm ki, bütün bu hoqqalara dəyərmi? Bu, heç də işimdən vaxt oğurladığım anlamına gəlməsin. Hoqqabazlığımın işimlə bir əlaqəsi yoxdur.

Keçən səhər olduğu kimi, bir kafedə yemək yeyərkən gündəlik qayğıları içində qıvrılan insanların üzlərinə baxmağım günahkar bir yalnızlıq duyğusunun içimə hakim kəsilməsi üçün kifayət edir.

İki gənc müştəri ilə kassadakı qızın zarafatlaşması diqqətimi çəkir. Cavan oğlan hesabda aldadıldıqlarını deyərək qızın üstünə bağırır, müştəriylə belə davranmazlar, deyirdi. Kassadakı qız gülürdü. Oğlan pulun qalığını tələb edirdi və o pulla uzaq bir səfərə çıxacaqları haqqında hekayə uydurdu. Sonra da “pulu banka qoyacağıq” dedi. Kafedən çıxarkən çevrilib qıza: “Allah amanında xanım! - dedi, - Bu gecə məni düşün”.

Qız hələ də qırıq-qırıq gülürdü. Böyründə dayanmış qarsona: - Amma yaman tipdir, - dedi.

Başqa səhərlərdə də bu qızı gözləmişdim, bəzən üzünə baxmadan ona gülümsəmişdim. Amma mənim sükutum çox oynaq sükutdur, heç nədən yaranan sükutdur. Axırda da hər zamankı kimi, peşiman oldum.

“Hamımız bu dünyada iyrənc məxluqlarıq, amma bir var gülümsəyən, təbəssüm oyadan iyrənclik, bir də var çevrəsində boşluq yaradan iyrənclik. Birinci o qədər də axmaqlıq deyil”.

Məni hər dəfə nikbin vəziyyətdə saxlayan, belə səhərlərdə yaşamımda, həyat tərzimdə bəzən günah kimi anladığım bu şeylərin  səfehlikdən başqa bir şey olmadığı düşüncəsidir. Bu həyat tərzinin insanı uzun müddət xoşbəxt edəcəyinə də inanmıram. Başqalarıyla ünsiyyət anında özümü tərəddüdlər məngənəsindən xilas etməyə çalışmıram, belə vəziyyətdə özümü səfeh bir amansızlığın içinə atmaqdan başqa çarəm qalmır. Bir neçə saniyəlik yalnızlığımın vicdan əzabında qıvrılmağım kifayət edir, çünki yenə Şarlottonu düşünürəm.

Onun dünyasını dəyişməsindən bir il ötdü. Artıq onun xatirəsinin məni ömrümün sonuna qədər müşayiət edəcəyi bütün yolları tanıyıram. Onunla keçən günlərin hər biri bu günkü gerçəklərin astar üzüdür, bir il öncənin zərif şübhəsiylə dolaşdığım bütün qaranlıq künc-bucaqlar mənə vicdan əzabı çəkdirir.
Bu, heç də Şarlottonun bir sirr, müəmma olması anlamına gəlmir. Əksinə, o, öz işvə-nazıyla kişilərin qanını coşduran, gözəlliyi göz qamaşdıran, amma bəsit, zavallı qadınlardan biriydi. İlk görüşdən sonra bir neçə dəfə görüşdük, amma hələ onu öpməmişdim. Bir gün məni ürkək baxışlarla süzüb o biri otağa keçdi və az sonra alt paltarında göründü. Heç özüm də bilmədim onu necə qucaqlayıb divana yıxdım. Sevişdikdən sonra ona tək qalmaq istədiyimi deyib evdən çıxdım. Üç gün görünmədim. Növbəti görüşümüzdə isə artıq bir-birimizə “siz” deyə müraciət edirdik. Qəfildən yenə ona “sən” deməyə başladım. Əvvvəlki tövrünü pozmadı. Əriylə barışıb-barışmadığını soruşdum. Gözləri doldu:  - O, mənimlə heç vaxt sizin kimi davranmadı, - dedi. Başını köksümə söykəyib saçlarını oxşamaq keçdi könlümdən. Bu dul qadını sevə bilməyəcəkdimmi? Şarlotto bu anda xəfif bir səslə ürəyindən keçənləri açıb-tökdü, məni ilk dəfə gördüyü andan sevdiyini, onun üçün əziz birisi olduğumu, amma görüşdüyümüz bu qısa müddətdə ona acılar yaşatdığımı, bütün erkəklərin onunla bu cür davrandığını söylədi.
-Bir soyuq, bir də isti, sevgini ölməyə qoymayan bu iki şeydir, - dedim və saçlarının üstündən baxıb gülümsədim.

Şarlotto çox solğun idi. Yorğunluq çökmüş donuq, iri gözləri, mütənasib biçimli bədəni də solğun idi. Həmin gecə onun bədənini bəyənmədiyim üçünmü çıxıb getdiyimi soruşdu.

Amma bu dəfə də ona acımadım, geçəyarısı qalxıb geyindim, bəhanəsiz-filansız, getməli olduğumu deyib çıxdım. Şarlotto da mənimlə birlikdə çıxmaq istəyirdi.  - Olmaz, mən tək qalmağı sevirəm, - deyib üzündən öpdüm və çıxdım.

Tərcümə etdi: Kənan Hacı,
"Ədəbiyyat qəzeti"

Yenililklər
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.