Əlabbas - Qonaq ehtiyatı
05.05.15

Artpress.az yazıçı Əlabbasın "Qonaq ehtiyatı" hekayəsini təqdim edir.

Atamın irilikdə tayı-bərabəri olmayan necə bir qarpız alıb gətirdiyindən  bütün kənd  bircə saatın içində xəbər tutdu. O da necə oldu? Təzə evimiz kəndin elə yerindədi ki, maşından düşəndən sonra  bir xeyli  yolu  gərək piyada gedəsən.  Onda da rastına az çıxanda heç olmasa    on nəfər çıxır və onun hər iki nəfərindən biri  hökmən nəsə soruşur.  İşdir, əgər əlidolu gəlirsənsə, onda sorğu-sualdan  heç boyun qaçıra bilməzsən. Biri mütləq xəbər alacaq:
-De görüm, atan səninçün şəhərdən  bu dəfə nə alıb, ay xətakar?
Yolu şəhərə təsadüfən düşən isə mütləq başqa şeyin giley-güzarını etməlidi:
-Olmazdı ki, atan bundan ikisini  ala?  Biri sənin, biri də bizim gədənin. Görür  ki, gedib-gələ bilmirəm. Qoca adamam, ayağım daha yer tutmur. Belə də deyərsən ona. Adını da qonşu qoyub. Bietibar…
Bir ayrısı da ağır zənbilləri görüb, guya, bizə can yandırır, deyir, niyə az yeyib, özümüzə hambal tutmuruq, bu ağır yükü aparanıq, nə boyumuz var axı bizim?  
Belə şeylərə fikir verməmək atamın bizə, mənə və  qardaşıma birinci tövsiyəsidi. Deyir, gərək hər yoldan ötənə qulaq asmayasan. Hərənin ağzından bir avaz gəlir.
O dəfə də yolda qarşımıza kim çıxdısa, qarpızın tərifini göylərə qaldırdı. İş onda idi ki,  qalan bükülülər  qarğı səbətlərdə olduğundan ən çox gözə gələn də o  idi. Alabəzək, sıx toxunma zənbildə tora düşmüş nəhəng varlığı xatırladan bu bostan bitkisinin  tək yekəliyinə yox, yaraşığına da  söz ola bilməzdi. Deyirdin bəs  dəzgah ağzından çıxıb.  Top kimi yupyumru, hamar  idi.  Zərif naxışa oxşayan xətləri  sanki əllə çəkilmişdi. Ən iti  sərraf gözü belə  onda əyər-əskik tapa bilməzdi. Ağırlığından bilinirdi ki, necə dəyib. Qıpqırmızı dilimləri, şirinliyi və xırçıltısı da yada düşəndə    adamın ağzı lap  sulanırdı.   Hava  hədsiz isti olduğundan, kim olsaydı, könlündən bir dilim qarpız keçərdi, hələ qalmışdı çöl işindən, taxıl yığımından, ot-əncər biçməkdən qayıdan  yorğun və susuz yolçular olaydı. O gün onlardan  daha kimlər qaldı   qarpıza tərif yağdırmasın? Amma Fərrux müəllimin yanaşmasının məndən ötrü bir ayrı mənası vardı:        
-Bu boyda qarpızın, deyim ki, heç şəklini də görməmişəm. Bəlkə də,  elm aləmində bir möcüzədi  bu.
Məktəbimizin biologiya müəllimidi o, elmdə elə bir şeyin  olub-olmamasını bilmək  Fərrux müəllimin, gərək ki, həm də vəzifə borcudu. Ona görə də o sözü belə bir adamın dilindən eşitmək qarpızın   dəyərini gözümdə bir az da artırdı. Bu qeyri-adi bitki bircə dəqiqənin içində    gözümdə tanrı bəxşişinə döndü.  Beynimdə onu yetişdirən, hansısa aran rayonundan min bir əziyyətlə maşınlara yükləyib Bakıya gətirən,  bazara çıxaran  əliqabarlı, boyun-boğazı tərli kişilərin qart-qalın surəti canlandı. Belə bir məhsulun  uzun bir məsafə qət etdikdən sonra gəlib bizim kəndə, kənddə də bizim qismətimizə çıxması, düzü,   məndə təbəssümlə müşayiət olunan qəribə fikirlər də oyatdı. Həmin dəqiqə könlümdən sinif yoldaşlarımı başıma yığıb qarpızı onlara göstərmək keçdi. İstəyirdim ki, kənddə hamı bizim qarpızdan danışsın.  Ona görə də yolboyu  bizə gözaltı nəzər yetirib öz aralarında nəsə pıçıldayan  adamların ürəyindən keçənləri baxışlarından oxuduğumu astaca qardaşıma deyəndə yenə fikrimə qulp qoydu: «Sən ki hər şeyi belə gözdən oxuyansan, bə dərslərini niyə   oxumursan?» Key-key baxdığımı görüb növbəti  sualını verdi: «Səncə, kitab oxumaq asan olar, ya göz?» Taraz olsun deyə hər əlinə təxminən eyni ağırlıqda yük götürən atamın yanını əyə-əyə zorla apardığı  qarpıza arxadan baxa-baxa onu cırnatmaq üçün bilə-bilə dedim:
-Əlbəttə, göz oxumaq.
O:
-Elə qandığın odu,-deyib atamın dalınca düşdü. Amma çox getməmiş içərisində   geyim-kecim, təzə məktəbli forması olan, atam onların xəbərini bizə avtobus dayanacağından azca aralanan kimi demişdi,  səliqəli bağlama və ərzaq dolu qarğı zənbili  nəfəs dərmək üçün  bir anlığa da olsa yerə qoyub, evdə deyəcəm, səni həkimə göstərsinlər, dedi,  görsətmə    şeylər əmələ gəlib səndə…  
Elə bilirdim, evə çatan kimi anam da bu cür cənnət nemətinə görə   atamın əziyyətini  bəh-bəhlə qiymətləndirəcək. Amma ona və bacıma alınan güllü pal-paltar, qardaşımla mənim tünd göy məktəbli formam, yapışqan iyi hələ də çəkilməyən qalın-nazik kitablar və müxtəlif cür  dəftərxana ləvazimatları onu xeyli müddət kölgədə qoydu. Zarafat deyildi,  atamın  evdən ayrıldığı bir aya yaxın olardı.  Hiss etdiyimə görə, o ayrılıq hissi, qəriblik duyğysu anamda tamam özgə bir əhval yaratmışdı. Əyninə geydiyi təzə donda özünü əzdirə-əzdirə atamı xumar baxışlarla süzüb gülümsünür, dəqiqədəbir:
-Allah səni  üstümüzdən əskik  eləməsin,-deyirdi. Bir müddət də atamla him-cimlə, qaş-gözlə danışandan sonra axırı biz də yada düşdük, arvad tez-tez göz dəyən uşaq kimi  başımıza duz çevirdi, üzərrik yandırdı, dedi,  nəzərə gəlməsək, yaxşıdı. Əsas işi atam görsə də, qoltuğumuza qarpız verməkdə, bilirəm,    anam evə gələn qazancda, guya, bizim də az-çox pay sahibi olduğumuzu demək istəyir. Həmişə belədi o.
Şam süfrəsi açılar-açılmaz hər şeydən qabaq qarpızdan ötrü iri məcmeyi,  bıçaq və boşqabları gətirdiyimi görəndə isə hirslə:
-Nəfsinizə şiş batsın,-dedi,-evdə nə var, yığın qarnınıza. Olar ki, bir qonağı da fikirləşəsiniz?
Ondan olsa, evimizdəki nemətlərin ən dadlısını gərək qonaq yeyə. Mən istəsəm də ki,  müxtəlif cür çərəz, meyvə qurusu, dadlı bayram təamları və şirniyyat da daim ağappaq şax süfrə salınmış stolumuzun  üstə olsun, gedib-gəlib gözütox halda hərdən birini ağzımıza ataq, tərs kimi anamın göstərişi ilə onlar da ancaq qonaq gələndən-gələnə üzə çıxır. Anamın istədiyi odur ki, onlar gedib orda-burda bizim firavan yaşayışımız,  atamınsa necə əliaçıq və səxavətli olmağı haqda xoş sözlər guppuldatsınlar.   
Bir yandan baxanda qarpızın o gün kəsilməməyi ürəyimcə oldu; onunla bağlı şirin arzularım tezliklə puç ola bilərdi. Ertəsi gün evdə heç kim olmayanda Raufla Səmədi gətirib qonaq otağımızdakı qarpızı onlara göstərdim. Bilirdim ki, ağızlarında söz duran deyil, birninin də üstünə beşini qoyub qarpızın tərifini kəndlə bir edəcəklər.
- Uyy daa,-Raufun gözlərindəki şöləni görməmək mümkün deyildi. Səməd də onun kimi… Hər ikisini arxayın elədim ki, qarpız kəsiləndə  payları artıqlaması ilə çatacaq. Rauf:
- Nisyə, girməz kisiyə,-deyib güldü. Səməd də onun dediklərini:
- Soğan olsun, nağdı olsun,-deyə təsdiqləyəndə qarpızın kəsilməyinə  anamın icazəsi olmadan qol qoya  bilməyəcəyimlə çox tutarlı bir bəraət qazandırdım. Yoxsa bu saat bir bıçaq  gətirib  qarpızın axırına çıxmaq üç dostun əlində nə idi ki? Düzünü deyim ki,  özümdə də sonsuz bir iştah yaranmışdı. Amma anamın qəzəbli sifəti, illah da hirslənəndə  üzünün aldığı rəng  yadıma düşəndə   qorxudan  bütün iştaham pozuldu.  
- Başa düşürəm,-dostlarımız arasında  həmişə usta danışığı ilə seçilən Rauf dedi,-böyük-kiçik, özbaşına olmaq, pioner adı, tərbiyə-filan… Səndə də günah yoxdu.
Köməkləşib gülə-gülə qarpızı öz yerinə itələməzdən qabaq hər üçümüz fərəhimizdən qarpızın qarşısında bir neçə dəfə o baş-bu baş dombalaq aşdıq, sonra isə hay-həşirlə   futbol meydançasına yollandıq.
Raufgilin öz işlərinin öhdəsindən necə ustalıqla gəldiyini həm də ondan bilmək olardı ki, görüş  başlamamış  uşaqların  bir çoxu artıq sualı sual dalınca yağdırmaqda idilər.  Soruşurdular ki,  qarpız təxminən neçə kilo olar, qabığı necədi, qalın, ya nazik, neçəyə başa gəlib, yerli maldı, ya Orta Asiya?...  
Axşamüstü, örüşdən qayıdan quzuları gətirməyə gedəndə  Fazil məni  yolda saxlayıb soruşdu ki, bizdəki nemətdən ona da   pay düşəcəkmi?
Səyyad əmigilin darvazasının yanında isə dükandan qayıdan Çil-çil Musa qabağımı kəsdi:
- Sənə nə pisliyim keçib?-soruşdu,-qonşu mən,  qarpızı onnan-bunnan yeyirsən.
Axşam, yatmazdan qabaq adətimiz üzrə   yenə qarpıza baş çəkdik. Göy saplağı azca bürüşüb nazikləşmiş və hiss olunacaq qədər gödəlmişdi. Qarpızı barmağı ilə yoxlayandan, əlinin içi ilə ora-burasına danqıldadandan sonra qardaşım, guya kəllə işlətdi. Ki, deyəsən, şoğərib  köhnəlmək istəyir. Bəlkə də, ona inanardım, amma bəzən  özünü çoxbilmiş göstərmək üçün yersiz hoqqaları  xoşlamağı o gecə anamı  xəbərdar eləməyin qarşısını kəsən şey oldu. Qabığının az-maz yumşaldığını,  səsində isə cüzi bir  fərq əmələ gəldiyini duysam da, qarpız əvvəlkitək  ağır, böyük və gözəl idi. Gün olmazdı ki,  qonaq otağına baş çəkərək  o cür nadir oyuncağın tozunu alıb  bir canlı kimi halından xəbər tutmayım. Ona dəyib-toxunmaq, nadir əl işlərini xatırladan zolaqlarını diqqətlə gözdən keçirmək  özümdən asılı olmayaraq məndə xoş duyğular oyadırdı. O cür dəqiq naxışlar çəkmək hər bir gənc rəssamın ən böyük arzularından biri ola bilərdi.
Yerimizə girəndən sonra uzun müddət mübahisəmiz bitmək bilmədi.  Niyyətim dil pəhləvanına sübut etmək idi ki, ya köhnəlib olar, ya köhnəlir, köhnəlmək istəyir nədi? Bəhsləşməyimizə  yenə anamın hikkəli səsi son qoydu. Dedi, yatıb cəhənnəm olaq, atam səhər işə gedəcək, imkan verək  kişi dincini alsın.  Bu arvaddan da baş açmaq olmur, atamdan ki ayrı düşdü, bir müddət yaman çox istəyir onu, az qalır yolunda canından keçsin. Bu vaxtlar  alaşıq-dolaşıq danışığı ilə aləmi bir-birinə qatır.  Məsələn, «dincəlsin» əvəzinə «dincini alsın» nə deməkdi, «yatıb cəhənnəm olmaq» nə cür olur? Sözlərin qol-qıçını qırmaq onunçün elə-belə, boş bir şeydi. Atam ömründə bir dəfə təsadüfən qəzetə müsahibə verib, ya verməyib,  az qalır onu gündə on dəfə qonşu arvadların gözünə soxa. Özü də fəxrlə deyir: «Az, gedin ərimin müsabiqəsini oxuyun, görün nələr döşüyüb yuxarıdakıların  qabırğasına»  Camaatın balası kitab yazan kişilərdən misal çəkəndə o da həmişə bir kənd müəllimindən,  yəni atamdan sitat gətirir. Çünki bu dünyada onunçün atamdan böyük kişi yoxdu. Həmişə də sözünə belə başlayır: «Bizim kişi demişkən»    
Bir dəfə də atamla şəhərdən qayıdandan sonra üstümüzə düşdü ki, öyrənmişik onun xətalarını tutmağa, amma heç Bakıda oturanların səhvindən danışmırıq. Nə məsələdi, nə olub? Aydın oldu ki, bu sözləri dəmiryol stansiyasındakı  iri lövhədə  öz gözləri ilə oxuyub: «Qatırların hərəkət cədvəli»  Kor tutduğunu buraxmayan kimi,  o da səhvini boynuna almadı,  əksinə, dedi, Bakıda oturan  savadsızların bir tayı da elə bizik, yoxsa o bilmir qatır nədi, qatar nə?        
Ara-sıra  olan belə şeyləri başa düşmək olar, amma dilinin həmişəlik əzbəri olan elə sözlər də var ki, onlardan heç danışmağa dəyməz.  Bordaqda saxladığımız danaya «bardaq danası» deyir. «Həsəd aparmağı» isə bir qayda olaraq «həsrət aparmaq» kimi işlədir. «Qəzavü-qədər», «süni» də onun kimi. Birinciyə «qəzo-qədər», ikinciyə isə  «sünnü» deyir həmişə. Yaxud başqa bir söz: heç eşitməzsən ki,  «sözün düzü» deyə,  hər dəfə «düzün sözü» işlədir. Üstündə də möhkəm-mohkəm dayanır ki, onun elə hər ikisi düzdü. Tək sözün düzünü yox, elə düzün sözünü də demək hünərdi. Qımışdığımızı görən saat da  soruşur ki, Keçəl Həsənlə  Həsən Keçəlin arasında nə  fərq var? Niyə gözümüzü döyürük, var, ya yox?...   
Səhəri gün quzuları örüşə aparanda avtobus dayanacığına gedən Seyfəl əmidən soruşdum ki, niyə çoxdandır şahmat oynamağa yığışmırlar? Atamgilin adəti idi,  üç-dörd dost həftədə azı bir dəfə öz aralarında şahmat turniri keçirər,  yarışın sonu  isə mütləq yemək-içməklə qurtarardı.    
Cavab vermək əvəzinə, Seyfəl əmi məni təəccüblü baxışlarla süzüb xəbər aldı ki, nə məsələdi, olmaya atam axırıncı dəfə bizə onları udduğunu deyib?
- Yoox,-deyib tutula-tutula mızıldanmağım onu şübhəyə salsa da, sabah günün sonunda Fərman müəllimi də götürüb gələcəyinə  söz verdi.
Sabah!  Bu, tək qonaqlarımızın olacağı gün yox, həm də qarpızın kəsiləcəyi dəqiq vaxt demək idi. Məndən olsaydı, bütün məktəbli dostlarımı başıma yığardım. Amma tək Raufa xəbər elədim. Dedim, birdən anam uşaqları  çox görüb  şübhəyə düşər.   
Hər şey də elə onda, Seyfəl əmigil  bağçadakı söyüdün kölgəsinə çəkiləndə  baş verdi. Çoxdan yığışmadıqlarına görə necə vurçatlasın olacağı bəlli şey idi.  Yaşlarının bu çağında da  az qala uşaq kimi bir-birilə bəhsləşər,  döşə döyməkdən  doymaq bilməz, məğlubiyyətin cəzası olaraq isə uduzana samovar qaynadar, çay dəmlədərdilər. Bu vaxtlar onlara baxmaq bir ayrı aləm idi.     
Anam stolun üstünü öz ürəyicə bəzəyib-düzəyəndən və zövqoxşayan bir süfrə açandan sonra bizi, Raufla məni təntənəli şəkildə qonaq otağına  göndərdi və bu da azmış kimi:
- Axır, yetdin arzuna,-dedi,-gedin qarpızı gətirin, amma ehtiyatlı olun, salıb sındırarsınız.   
Sonra da qaş-gözlə məni yanına çağırıb «bax haa, dedi, qardaşını da, dostunu da başa sal, vəziyyətdən süni-istifadə etməyəsiniz, adət-ənənə var, əvvəl qonaq, sonra siz, eşitdin?»
İki dost tam sürətlə sevincək yuxarı götürüldük. İki gün idi qonaq otağına ayaq basmırdım. Ona görə  içəri girən saat məni vuran kifsimiş iydən duruxan kimi oldum. O an ağlıma nə də gəlsəydi, bircə qarpıza nəsə  ola biləcəyi gəlməzdi. Sakit və sərin yerdə, ikinci mərtəbənin taxta döşəməsində nə olası idi ki?... Həm də o cür qarpıza… Beynimdə onun olandan bir ayrı şəkli də vardı.
Rauf məndən diribaş və fərasətli çıxdı. Əyilib qarpızı özünə tərəf diyirlətmək istəyi:
- Aaa, evinizdən su çıxır ki!-nidası ilə bitdi.
Küncə qoyulmuş uca stolun altından astanaya qədər uzanan ensiz su şırımını görən dəqiqə ikimiz də  vaxt itirmədən bayıra cumduq.  
- Ata, evimizdən su çıxır.
Xəbəri elə təlaşla çatdırdım ki,  oyunu yarımçıq qoyub dik qalxan atam hər hansı sual verməyə belə ehtiyac  duymadı. Üç kişi bir-birinin ardınca güllə kimi yuxarı, qonaq otağına yüyürdü. Həyəcandan elə bil damarlarımdan axan qanın şırıltısı da eşidilirdi.
Kişilər özlərini  hövllənmiş halda içəri saldılar. Biz də dallarınca.
Son illər çayqırağı evlərin bir çoxunun zirzəmisini su basdığından bu xofun  səbəbini başa düşmək o qədər də çətin deyildi.  Kiminsə evinin uçmaq təhlükəsi yaranan kimi  anamın da canını qorxu alardı. Deyirdi, birdən bizim də evimiz su altında qalar. İki il əvvəl köhnə evimizdən köçməyimiz də elə bu qorxunun ucbatından olmuşdu. Amma bu həyəcanlı dəqiqələrdə kimsə onun hayında deyildi ki, su çıxsaydı, evin zirzəmisindən çıxardı,  daha  ikinci mərtəbədən, özü də qonaq  otağından yox…
Atam işığı yandırıb döşəməyə göz gəzdirdi və üstünə  təzə sırınmış yorğan-döşək yığılan stolun altından  axan qırmızımtıl suyu görəndə gözləri dörd oldu. Bu hal stolun iyi hələ də çəkilməyən təzə və uzun müşəmbəsini  qaldırıb baxanacan çəkdi. İşin nə yerdə olduğu üzə çıxanda isə sifətinə xoş bir təbəssüm yayıldı.  
Yanı üstə düşən  qarpız təkcə öz əzəmət və gözəlliyini itirməmiş, sanki həm də xırdalıb bapbalaca olmuşdu. Mən bunu  ilk baxışdaca sezdim.
- Aax, nə deyim anana?-gileylənə-gileylənə  atam qarpızı qucağına alıb kənara çəkdi. Qənimətlərinin əlindən alınmasına sanki etiraz əlaməti olaraq hardansa stolun altına doluşmuş balaca hünülər  dərhal havaya hücum çəkdilər.  İydən otağın havası bir az da ağırlaşdı.  
- Əşi, olmasın bir qarpız,-Seyfəl əmi təzə bir siqaret yandırıb dilləndi,-çayımızın canı sağ olsun. Filan qədər əziyyət çəkib, samovar qaynatmışam.  Qarpıza bax haa…
Atamın:
- Sonra da deyirlər, Aqil  uduzdu. Qoyurlar ki, fikrin bir yerdə ola?-deyib özünə bəraət qazandırmaq istəyi hamımızın gülüşünə səbəb oldu.     
- Bəhanə-zad eləmə, o yan-bu yanı yoxdu, partiyanın fatihəsi oxunub,-Fərman əmi açıq-aşkar atama meydan oxudu.  
Amma mənimçün ən maraqlısı kişilər pilləkəndən üzüaşağı düşəndə,  atamın qonaqlar eşitməsin deyə azca ləngiyib zirzəminin  qapısı ağzında hər şeydən xəbərsiz can-dildən toyuq pörşələyən anama pıçıltı ilə dediyi sözlər oldu:
- Daşa dönəsən səni, onu Bakıdan qollarım qırıla-qırıla, nə zülmlə gətirmişdim…
Ondan da maraqlısı qonaqlarımız və ürəyi günlərdən bəri qarpız eşqi ilə döyünən Rauf gedəndən sonra oldu. Məğlubiyyət acısı hələ də canından çıxmayan   atam    tapşırdı ki, qarpızı aparıb eşşəyə atım.
- Bizə qismət olmadı,-o, təəssüflə başını buladı,-barı qoy heyvan  ağzının dadını dəyişsin.  
Ətim çimçəşə-çimçəşə turşumuş iydən burnumu tutub birtəhər məcmeyiyə qoyduğum  sevimli qarpızı bir azdan eşşəyin hüzuri-şərifinə yetirdim. Heyvan qarşısındakı təama sox həvəslə yaxınlaşsa da, onu iki-üç dəfə   qoxulayıb kənara çəkildi. Hirs kəlləmə vursa da, boynuma alım ki,  bu hərəkətinə görə həmişə alçaq nəzərlərlə baxdığım eşşəyimizə  əməlli-başlı hörmətim artdı. Xeyli müddət çiynimi məhəccərin qırağında söykəyib  onu süzməli oldum və sanki ilk dəfə gördüm ki,  tövləmizin həyətindəki  iki inəyin, beş qoyunun, üç keçinin, bəlkə də,   ən yaraşıqlısı  və qəşəngi odur. Eşşək olanda nə olar?  Nə baş verdiyini  sanki o da anlamışdı. Ayaqlarını əsgərtək cütləyib tiftiyəoxşar içiağ,  uzun   qulaqlarını şəkləyərək  iri gözlərini  məğrur halda mənə zilləmişdi.  Ona baxa-baxa özümə söz verdim ki, ta bundan sonra    ona «eşşək» deməyim,  bir şey ki, adam kimi dil qanır,  daha «eşşək» nədi,  uzaqbaşı  «ulaq» demək olar. Qoy o da bilsin ki, xətir-hörmət başqa şeydi.    
                                                                      
"Avanqard" ədəbiyyat və mədəniyyət jurnalı

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.