Fərid Hüseyn: "Mən şeiri ömrün 25-ci saatı hesab edirəm" - MÜSAHİBƏ
04.05.15
Artpress.az şair Fərid Hüseynlə müsahibəni təqdim edir. – Hardasa 8 ay olar ki, Tərcümə Mərkəzində işləyirsən. İşin də çox gərgindir. Kitab sərgiləri, ölkə içində və xaricdə müxtəlif tədbirlər. Bütün bu iş-gücün içində yazmağa vaxtın qalır? – Çalışıram ki, şənbə-bazarımı qoruyum. Ancaq həmin günlərdə yazıram. Tələsik, qaçahaqovda yaza bilmirəm. Gərək asudə, ruhən rahat olam. Kitab isə hər gün oxuyuram. Oxumadığım gün olmur. Bunları nizamlayıram ki, sonra Əli aşından da, Vəli aşından da olmayam. – Sənə elə gəlmir ki, çox tez kostyum-qalstuka sığışdın? Bu yaradıcılıq üçün axsama yaratmayacaq? – Tərcümə Mərkəzi dövlət qurumu olsa da, orda yaradıcı atmosfer var. Tərcümə Mərkəzində özümü ədəbi mühitdən kənar hiss eləmirəm. Buna görə orda ruhən qərib olmuram. Qaldı işləməyimə; deyim ki, işimdən zövq alıram. “Qəstum”umdan da narahat deyiləm, qalstukumdan da asılmamışam. Şükür... – Onda gəl elə tərcümə sahəsindən danışaq. Ölkədə bədii tərcümənin mənzərəsi necədir? – Azərbaycanda yaxşı bədii tərcüməçilər var. Artıq orijinaldan edən tərcüməçilərin sayı artıb. Sadəcə bir çox bədii tərcümə əsərləri çap edən nəşriyyatlarda tərcümələrin orijinalla adekvatlığı yoxlanılmır. Redaktor mətnin dilinin gözəl olmasına fikir verir. Bizim bəzi naşirlərdə belə fikir var ki, tərcümə yaxşı oxunursa, deməli əla tərcümə edilib. Daha baxmırlar ki, bəlkə tərcüməçi əsərdən hansısa hissəni çevirməyib və ya yazıçının üslubunu saxlaya bilməyib? Mərkəzin keçirdiyi “Dəf(i)nə yarpağı” bədii tərcümə müsabiqəsində də birinci şərt tərcümənin orijinalla adekvatlığı idi. Adekvat olmayan tərcümənin dili gözəl olsa da ikinci mərhələyə buraxılmırdı. Tərcümə Mərkəzi tərcümə işinə peşəkar aspektdən yanaşır. Çalışır ki, üslubları bilən tərcüməçilərlə iş birliyi etsin. – Biz tərcümə məsələlərində ruslara istinad edirik. Halbuki onlarda bir çox qüsurlar var. Bu yaxında Lyosanın “Şəhər və itlər” romanını oxuyanda rus və türk tərcümələrini müqayisə elədim. Ruscada nəinki, abzasları səhifələri belə adlayıb çevirməyiblər. – Məni tərcümədə həmişə başqa bir şey də narahat edir. Dünya ədəbiyyatı dilimizə çevrilir, tanıdığımız müəlliflərin sayı artır, ancaq Azərbaycan ədəbiyyatına yeni üslublar gəlmir. Yəni tərcüməçi beş əsər çevirir, baxırsan ki, elə bil bütün müəlliflər bir üslubda yazıb. – Necə ola bilər ki, bir tərcüməçi həm rus ədəbiyyatını çevirsin, həm yapon ədəbiyyatını, həm də XIX əsr ingilis ədəbiyyatını. - Bir çox tərcüməçilər əsərləri tərcümə eləyə-eləyə oxuyurlar. Elə müəllif var ki, tərcüməçi onun yaradıcılığı ilə tərcümə edə-edə tanış olur. Tərcüməçinin isə oxucudan fərqi odur ki, müəllifi hərtərəfli tanısın, onun yaşadığı dövrə bələd olsun. Bizdə şeirdə də belədi. Bizim şairlərin əksəri şeirləri öz poetik sistemlərinə çevirirlər. Ölkədən bu qədər kitab tərcümə olunur, amma yeni üslublar gəlmir. Çalışmaq lazımdır ki, bizim ədəbiyyata imzalar yox, üslublar gəlsin. Bədii tərcümə işinin əsas problemi məncə budur. - “Eşq” seriyasından kitablar çap edirsən, şeir yazırsan, indi də povest üzərində işləyirsən. Fəaliyyətin çoxşaxəlidir. Adətən, qələm adamları enerjini bir istiqamətə yönəltməyə çalışırlar ki, məhsuldar olsunlar. Çoxfəaliyyətliliyə baxmayaraq səndə məhsuldarlıq da var. - Məni daha çox poeziya düşündürür. “Eşq” seriyasından olan kitabların çapına gəlincə. Bir kitabı özüm oxuyub bəyənəndən sonra istəyirəm dostlarım, tanıdıqlarım da bu kitabla tanış olsun, bu məqsədlə də o seriyadan çap olunan əsərləri nəşrə hazırlayıram. Bu kitablar ona görə satışa verilmir, ədəbiyyat adamlarına, dost-tanışlara paylanılır. Amma yenə deyirəm, məni daha çox poeziya düşündürür. Mən şeirə müqəddəs bir nəsnə kimi baxıram. Hər şeyin dəyərdən düşdüyü dövrdə bu, bir qədər fanatiklik kimi görünə bilər, amma hesab edirəm ki, şeir insan ömrünün 25-ci saatına daxil olan bir şeydi. 24 saat biz sırf həyatla məşğul oluruq, o 25-ci saatdakı vaxt, zaman gözə görünmür. Mən şeiri ömrün 25-ci saatı hesab edirəm. O, ayda bir dəfə də yazıla bilər, hər gün də. O mənada mən daha çox poeziyanın imkanlarını müəyyənləşdirməyə çalışıram. Nəyi yazmalıyam, nə mövzuda yazmalıyam, bax bunları düşünürəm. Yaşımın indisində çalışıram ki, az yazım. Belə bir söz var; çox qazanc haramsız, çox söz yalansız olmaz. Mənə elə gəlir çox şeir, şeir deyil. Yəni dördbucaq nəsə yaza bilərsən, amma onlar şeir olmayacaq. Bir şeiri yazırsan, üstündən müəyyən müddət keçəndən sonra görürsən ki, bəzi misralar yaşıl qalıb, bəziləri solub. Sonuncu kitabımdan sonra 25 şeir yazmışdım. Bu yaxında onları təzədən işləyəndə xeyli şeiri ixtisar elədim. Bəlkə də qəribə səslənəcək, amma mən sözlərin solmağını hiss edirəm. Ona görə şeiri yazandan sonra müəyyən vaxt gözləyirəm ki, qoy mənim ədəbiyyat iqlimimə dözməyən misralar çıxdaş olsun, saf, həmişəyaşıl misralar qalsın. - Deyirsən poeziya haqqında düşünürəm, nə düşünürsən? Bax bizdən əvvəlki dövrlə indikinin fərqi nədir? - Şükür ki, bugünkü şeir sanki heç kim üçün yazılır. Mən buna sevinirəm. Vaxt vardı şeirin konkret ünvanı olurdu, kimləri isə tərifləmək üçün yazılırdı. İndi isə şeirdən belə gözləntilər yoxdu. İnanmıram ki, bu gün böyük bir vəzifədə olan adam kiminsə ona şeir həsr etməsini istəsin, arzulasın. Ədəbiyyatın yaltaqlığına qarşı biganəliyin formalaşması yaxşıdır. Söz artıq yaltaqlanmaq, hörmət qazanmaq vasitəsi deyil. Behcat Necatigilin “Şeir bürcləri” adlı bir məqaləsi var. Yazır ki, şeir üç bürcdə yazılır, qürbət, həsrət və hikmət. Qürbət bürcündə başqalarının fikir ərazisində, təsirində olursan. Həsrət bürcündə öz üslubun formalaşır, şeirlə dünyanı dəyişəcəyinə inanırsan. Hikmət bürcündə böyük şair olursan və başa düşürsən ki, şeirlə dünya düzəlmir, bu sadəcə bilənlər üçün yazılmış sözlərdir. Mən bu üç mərhələni ağıllı-başlı keçmək istəyirəm, bax bunu düşünürəm. - Belə çıxır söz də urvatdan düşüb? - Deməzdim. İndi söz ən layiqli qiymətini alıb. Bilirsən niyə görə saxta vətənpərvərlik şeirləri yazılırdı? Bəyəm həmin adamlar vətənpərvər idilər? Yaxşı ki, bizdən əvvəlki nəsillər insanları saxta şeylərdən doydurdular. “Qabusnamədə” “Şeir yazmaq haqqında” hissədə belə bir fikir var: “Heç vaxt eşşəyə minməmiş adamın atını Şəbdizə bənzətmə”. Bizdə eşşəyə minməmiş adamların ya atını Şəbdizə bənzədirdilər, ya da bəzi şairlər özlərini Şəbdiz kimi qələmə verirdilər. - Həmyaşıdlarının, gənclərin arasında sevdiyin şairlər hansılardır? - Bununla bağlı bir fikir deyim. Belə suallardan qaçmaq üçün bəzi qələm adamları özlərindən cavablar uydururlar; “Mən şairləri yox, şeirləri sevirəm”, və yaxud “Mənim şairim deyil”. Tutuquşu kimi özümüzdən əvvəlki ədəbi nəslin ağzından götürüb belə fikirlər səsləndirmək lazım deyil. Çünki biz elə yaşdayıq ki, sevgimiz də nifrətimiz də dərhal hiss olunur, hələ o qədər ağıllı deyilik. Ona görə qətiyyətli olmaq lazımdır. - Buyur o zaman, göstər qətiyyətini. -Qismət, Aqşin Evrən, Ramil Əhməd Günel Şamilqızı və s. Şəhriyarın şeirlərinin bir qismini həddən artıq bəyənirəm. Yəni biri var kiminsə şeirini bəyənirəm, biri də var həddən çox bəyənirəm. - İranda həbsxanada bir yerdə yatmısız deyə tərəfgördülük edirsən, həddən artıq bəyənirəm nədi? Bir azdan siz ikiniz türmə qanunlarını da ədəbiyyata gətirərsiz. - Ədəbiyyat da “türmədi,” özü də burdan azad olmaq da olmur, pisi də odur ki, hamımız heçnədən düşmüşük... - Bəs nəsrdə? - Bizim gənc xanım yazarların əksərinin yazı dilləri bərbaddır. Elə cümlələr yazırlar ki, oxuyandan sonra bu ölkənin zəlzələdən dağılmadığına təəccüb eləyirsən. Nə vaxta qədər ki, redaktə işinə üçüncü növ un kimi baxacağıq, o vaxta qədər salamat kitablara ac qalacağıq.
Kulis
|