Həmid Herisçi - Şəms Təbrizinin şeiri
30.04.15
Ağlamağa gəlincə…
Ağlamağa gəlincə… birinci həmişə insan ağlayır,
sonra yağışlar, bulaqlar….
ağlamağa gəlincə, birinci həmişə insan ağlayır,
sonra bütün yerdə qalanlar…..
Sonra, ancaq sonra bütün yağışlar İldırım xətkeşiylə göylərin ölçüsünü hesablayar…
yediyimiz çörəklər necə də dadsızdı… onların dadını ancaq zindana göndərilən çörəklərin içindəki gizli məktublar artırar….
orda şikəstə xəttiylə mənim hikmətlərim yazılar…
göy üzü də yer üzüdü, ancaq orda torpaq yoxdu, bu cahanda nə varsa o həm var, həm də yoxdu… bütün sevgilər bitir, ancaq sevgilərin sonunda nöqtə yoxdu,
uşaqlar ağlarsa, ağlasın onların gözündə su var, göz yaşı hələ ki yoxdu….
Ölüm, bizim sözləri tələffüz etsə, onların tərkibindən bir sait, samit səs düşəcək,
İnsan da bax belə öləcək, fəqət, uşaqların göyə buraxdığı çərpələng öz ipini qırmasa, gerçək çərpələng ola bilməyəcək…
Cəlaləddin, bu işi görən külək qəm tərəzisinin çəki daşlarını da yerindən tərpədəcək.
Hər nə var idi, o sənə yar idi,
qapı da divar idi, Xaneyi – hikmətə Şəmsin nuru gəlməyincə…. Cəlaləddin, mən sevgilimi yox, sevgini sevirəm,
siz gedirsiz, mən yol gedirəm, Pəncərələri eynək tək taxmış evlərdə cahanın kor olduğunu sezirəm….
Mən, Mən, Mən….
|