Rasim Qaraca - Bu gün Seymurun ad günü
22.04.15
Bu gün Seymur Baycanın doğum günüdə onun haqqında bir neçə kəlmə yazmağı özümə borc bilirəm. Seymur tərifdən xoşlanan deyil və bundan dəhşətli xəcalət hissi keçirir, mən də onu tərifləmək istəmirəm, sadəcə onun haqqında həqiqətləri bir daha yada salmaq istəyirəm. Hal-hazırda yazıçılıq adıyla meydana atılan, yazıb-yaradan, tanınan, gerçəkdən istedadı olan çox sayda insan var. 2000-ci illərdə başlayan ədəbiyytda canlanma dalğası yüksələn xətlə davam edir. Ədəbiyyatda 60-cılar dalğasının monopoliyasına son qoyulub, mənəvi cəhətdən tamamilə iflas ediblər, fiziki cəhətdən də yavaş-yavaş məhv olmaqdadırlar. Ədəbiyyatımızı bu dəhşətli 60-cılar monstrının əlindən xilas etməkdə, onları ardıcıl şəkildə ifşa etməkdə, istər yaradıcılıq prinsiplərinin, istərsə yazıçı kimliyinin yenilənməsi və azad yazıçı anlayışının yeni gələn gənc yazarlara aşılanmasında Seymurun xidməti hər kəsdən daha çoxdur. Seymur yaltaqlanmadan (nə itidara nə müxalifətə) yazıçı olmanın mümkün olduğunu öz şəxsi nümunəsində sübuta yetirdi. Əsərlərini yazdı, hər kəsdən çox yazdı, hər kəsdən də daha artıq başarılı oldu. Azad və bağımsız olmaq son dərəcə çətin yoldur, bu cür olmağı bacarmayanlar sənə düşmən kəsilirlər, lakin bu şərəfli bir yoldur.
Lakin, Seymuru hər kəsdən fərqləndirən və üstün edən onun təkcə azad yazar olması deyil, başqa bir cəhətidir. Seymurun davası ictimai davadır! Nə deməkdir bu? Seymur yazdıqlarını və etdiklərini öz şəxsi mənafeyi üçün etmir. Onu, həqiqətən ölkəmizin taleyi narahat edir, bizi fəlakətə gətirən səbəbləri axtarır, üzə çıxardır, tənqid edir, həqiqətən yanır və bunun əzabını çəkir. Karyera naminə yırtınanlardan, reytinq üçün qapı-qapı sülənənlərdən, pula getməkdən ötrü hər şeyini verməyə hazır olanlardan deyil Seymur Baycan. Şəxsi mənafe Seymurun umurunda deyil. Kitablarının satışından gələn gəlir onu maraqlandırmır. Seymurun pula münasibəti bir uşağın pula münasibətindən fərqli deyil. Seymur şöhrətə, parlaq ad san qazanmağa da barmaqarası baxır, onun indiki tanınmışlığı təbii olaraq yaranıb və əminəm ki bundan artığını da istəməz. Şöhrət qazanmaq istəsə belə, bunu öz şəxsi çıxarları üçün istəməyəcəyindən əminəm.
Seymuru üstün edən ən başlıca cəhət isə onun səmimiyyətidir. Öz sevgisini və nifrətini açıq şəkildə dilə gətirməyi və yazmağı bacarır. Əsərlərində özünüideallaşdırmanın izlərinə rast gəlməzsiniz, əksinə öz şəxsi personasına qarşı həddən artıq amansızdır, yalançı elitarlıq ona yaddır, özü üçün qondarma əsil-nəcabət hekayəsi uydurmayıb. Çox yüksəklərdə uçması üçün onun təmənnasızlıq və səmimiyyət adlı iki qanadı var. /literaz.com/
|