Qulu Ağsəs - İşdi-qəzadı səndən əvvəl ölsəm...
20.04.15
İşdi-qəzadı səndən əvvəl ölsəm, məni son mənzilə aparırlar görsən, vəsiyyətimə əməl elə: Arxamca su at, uğur dilə. Saçını yolma, köksünü ötürmə. Allahın yanına gedirəm ürəyinə ayrı şey gətirmə, Borclunun qapısın döyərlər: Yeganə borclu qaldığım əvəzini vermədən aldığım son nəfəsdən özgə kimsəni qapıma yaxın qoyma. Bir də ta uşaq deyilsən burnunun suyunu gözündən axıdan bu faniyə uyma…
Nə olar, bir səhər durub görəsən...
Nə olar, bir səhər durub görəsən, Divarlar üstünə Allah yazdırıb. Qış günü soyuqdan ölən ağacın Yasına mart ayı yarpaq yazdırıb…
Başını yelləsən, odu közərir, İşıq vermir, amma işıq söz verir. Bircə eybi var ki, dünya gözəlin Məni qucağına qonaq yazdırıb…
Şükür o göydəki ismin halına, Şükür yağışına, şükür qarına. Şükür adımızı öz jurnalına Əcəl adqoydudan qabaq yazdırıb...
|