Mehman Qaraxanoğlu - “İlığ”ı və ya bir “cümləlik” kənd
17.04.15

Artpress.az tənqidçi Mehman Qaraxanoğlunun “Mübariz Örənin “İlığ”ı və ya bir “cümləlik” kənd” məqaləsini təqdim edir
 
 
Bir Damla Yağış-da gülümsəyən Səmanı və “ağlar” Buludu görmək istəyirsinizmi?! Hal-əhvalımız, kef-damağımız, gün-güzəranımız, bir sözlə, ağlı-qaralı Dünyamız haman damlanı simvolizə etmirmi?! Bir üzü gülüb, bir üzü “ağlamırmı” dünyanın?!
 
Yaxşı bax, dünyanın “ağlar” üzünü də “gic gülmək” tutmayıbmı?! Gözlərinizdən oxuyuram: Yox! – deyirsiniz...
Onda Sözün isti-soyuğundan keçib “İlıq” Qat-ına enin! Görəcəksiniz ki, Mübariz Örən “gic gülməyi”ni soyudub artıq o Qat-dan qayıdır...
 
Az qala kiçik bir hekayədə bütün Kənd iştirak edir. Obrazlar xəsis boyalarla öz avtoportretlərini “özləri” cızırlar: Hekayənin sonunda “anqırajam!” deyən Əbil, onun iti “qeyrətli” Bayan, itə ürcah olan “günahsız” Gülgəz, “ilıq”lığı sonda bilinən Ağəli,  onun “sağ əli” Afaq, başqasının oduna yanıb evdən qovulan Qətibə, hadisələrin qızğın vaxtında köhnə moskviçi ilə qızı Qətibənin evinə bayramlaşmağa gələn Abdül dayı, həyat yoldaşı Bafta xala, kətilin ortasını kəsib unitaz eyləyən və “Qağa” çağrılan Fərzalı baba, Abdül dayının gətirdiyi Süpürgə, “hazır “material ola-ola dağda-dərədə dişi eşşək gəzən” Qara, (Adamı necə gic gülmək tutmasın!) gəncliyində Qırçın xalanın üstünə iti qısqırdaraq ağzını mayıf edən Kar Sahib... “Kül təpələrinə indikilərin. Ağına, bozuna baxırlar ki. Ad olsun ki, kişinin qızı ərə getdi” deyən dünyagörmüş ağbirçək Nənə. Və bir də Təhkiyəçi...
 
Heyrətamiz deyilmi? Üç-dörd səhifəlik bir hekayədə nə az, nə çox, düz on beş, on altı obraz... Hərənin də öz xarakterik cizgiləri... Hələ Araz qırağında Allahın verdiyi ömür payını əski ritmləri ilə yaşayaraq Təhkiyəçinin də yaddaşını əsir edib nostoloji “reseptorlarını” oyadan o qədim kənd... Çox maraqlıdır!
 
Kənd büsbütün Bir Cümlə-dədir: “Hər şey ondan başladı ki, Əbil dayımın iti Bayan günün günorta çağı zəncirindən açılıb Ağəlinin arvadı Gülgəzi tutdu, - yazığın ağzını cırıb düz qulağının dibində qoydu. - Və bu hadisədən bir həftə sonra it durduğu yerdə gəbərib öldü...”
                                                 
Bütün müqayisə və paralellərdən “qaçaraq” qəti bir əminliklə deyirik: Mübariz Örən çoxəsrlik zəngin ədəbi gələnəklərimizə “toxunub” heç bir dekonstruksiya aparmadan, ədəbi düzəni pozmadan Dünya Sözündən gələn əsintiləri də özümüzünkülərə ustalıqla qatır və mətndən-mətnə “artaraq” (Pillədən-pilləyə - yazarın boyartımını göstərən real ədəbi-bədii-psixoloji nərdivanla) daha qabarıq görünməkdədir...
 
 
“İlıq” sözünü ehtiyatlı işlədin...
 
                                                    
Mübariz Örən elə bir mövzuya toxunub ki, bugünəcən hamının gözündən “yayınıb” Altı-yeddi arvad alanın bəlkə elə bir “dərdi” vardır ki, deyiləsi deyil. Yazıçı deyilməyən dərdi açıqlayıb qoyur ortaya, necə deyərlər, qaşınmayan yerdən qan çıxarır. Burada psixoanalitik eksperimentlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır...
 
Ağəlinin bir “missiyası” vardır: Arvad “alb boşamaq” Və nə yazıq ki, nə alan, nə də boşayan özüdür. Əlqərəz, ad Ağəlinin, dad Kar Sahibin... Oxucu istər-istəməz barmağını dişləyib donur: Ay dadi-bidad, gör dünyada nələr varmış?
 
Ağəli öz əməlinin bəlasına düşüb: Onu kənd inkvizitorları – “qartımış” qızlar cəzalandırıb, tənasül alətini burub xədim ediblər. “İlıqdı sənin Ağəlin, bildin? Nə istidi, nə soyuq! İlıq”.
 
Hekayə maraqlı bir struktura malikdir; sanki hər şey çevrəboyu hərəkət edir, çevrənin xəyali xətti ilk cümlə ilə cızılır, sonuncu cümlə ilə qapanır. Yazıçı oxucusunu da çevrəyə “darta” bilir. Çevrə səyahətindən sonra oxucunu “gic gülmək tutur” və o, dışa “sıçrayır” Lakin yaddaşından asıldığı acı çevrəciklərdən qurtula bilmir. Bu, lal sulara atılan daş effektinə bənzəyir, fiziki qanunla ifadə etsək, dalğanın düz xətt boyunca yayımlanmasına – interferensiyaya...
 
Həqiqətənmi bu kənddə Əbil dayının və başqalarının görə bilmədiyini – yəni bir “oğraşı” yerində oturtmağa, ən azından, ona “gözün üstə qaşın var” deməyə cürəti çata bilməyənlərin işini “qeyrətli” bir it görür?!
 
İnsanların qanında dövr eyləyən laqeydlik pası nə vaxtacan öz işini görəcək? Nə vaxtacan gözümüzün qarşısında insanlığa yaraşmayan hadisələr baş verəcək, biz isə heç nə olmamış kimi və ya dilimizin ucunda bir “mənə nə var?” ritorik sualı ilə ötüşəcəyik?! Sualları tezcənə cavablandırmaq olar, amma həqiqətin ən “qəddar” üzünü özümüz öz əllərimizlə qapamış olarıq. Nədir üzünü qapatmağı istəməyən Əlahəzrət Həqiqət? “Fikirləş ki, hamı haqlıdı. Yaxud haqlı olacaqlar. Əgər belə deyilsə, burda sənin günahın yoxdu” (Borxes)
 
Həqiqətənmi Ağəlinin evinə “çal-çağırla” gələn sütül qız-gəlinlərin reallıqdan – bu kişinin “ilıql”ığından xəbərləri yoxdu? Bəlkə bu gəlişlər könüllüdür?! Yazıçı bu sualların üstündən ustalıqla keçir, bəli məhz “üstündən”, sual isə şüuraltımızı didib dağıdır. Sualları “xəbərləri vardır!”la da cavablandırmaq olar, “yoxdur!”la da... İş ondadır ki, ata evində qarımaqdansa, bəlkə bir “bədən səyahəti” eləmək daha yaxşıdı?! Kar Sahibin sağ əli Afaqın işləklərindən həqiqətənmi heç kəsin xəbəri yoxdu?! Bəlkə heç belə deyil? Bəlkə bir başqa oxucu bu suallara cavablar tapa bildi...
 
“Bir əhvalat haqqnda çox danışanda sual işarələrinin sayı da çoxalır” (Maks Friş)
 
 Bədii əsərlər cavabsız sualları ilə daha çəkicidir... “Hər pərdədə yüz əsrarıyla...” Mübariz Örən də sirləri faş eləmir. Qoy hər bir oxucu öz “payı”nı götürsün...
 
 
“Süpürgə” məqamı...
 
Ədəbiyyatı bu cür başa düşənlər də vardır: “Verilmiş sözlərdən söz birləşmələri və cümlələr düzəldib yazın” Dərsliklərimizdəki tapşırıqlara bənzər... Təəssüf ki, çoxdu belələri! Və ya özünün gələnəksəl kəsif mahiyyətində batıb sözü “İlıq” gününə - Ağəlinin gününə salanlar... Qartımış düşüncə modelləri onların dilini də xədim eləyib... Sözləri bu qədər “burmaq”  olmaz axı...
 
Mübariz Örən “az” yazır... Özgə bir qələmdaşı “çox”... Nədir “az” və “çox” Və ya məhsuldar və qeyri-məhsuldarlıq? Belə absurd bölgünü kim sırıyıb ədəbiyyata?! Həqiqətənmi ədəbiyyatın bu qədər “məhsul” bolluğu içərisində kiminsə mənasız məhsuldarlığına ehtiyacı vardır?!
 
Gülüncdü!
 
Bu yerdə adamı gic gülmək tutur...
 
Necə də tutmasın?!
 
“İlıq”da bir simvolik Süpürgə obrazı vardır. O, həm də nəsillər arasındakı yaddaş ayrıntılarını bir yerə toplayıb bütövləşdirir. Axı süpürgə təkcə süpürmür, həm də bir yerə yığmağa, toplamağa xidmət edir. Qızının evinə bayramlaşmağa gələn Abdül dayı maşının baqajından “iki tay kəpək, bir-iki kisə kömür”lə yanaşı, həm də “üç-dörd qapı süpürgəsi” çıxarır. “Əlimdə süpürgə qapıdan içəri girəndə Qağam taxtından dik atıldı” Hadisələrin sonrakı gedişatı Fərzalı babanın yerindən dik atılmasının səbəbini göstərir. Məlum olur ki, Farzalı baba da az aşın duzu deyilmiş. Daha doğrusu, onun sirrinin üstünü Qara açır: “Fərzalı dayının köhnə oylağıdı bu kənd, süpürgə yığmaq adıynan o qədər gəlib gedib bu kəndə. Harda dul arvad varıydı...”
 
Kəpək, kömür, süpürgə... Süpürgə Abdül dayının qızı Qətibənin evində də öz “işi”ni görür. Haman gün yeznəsi Əbil Qətibəni “süpürüb” atır bayıra...
 
Bu kiçik hekayədə sanki cümlələr ot bağlaması kimi “preslənib” – açılarkən hərəsi böyük bir “şələ” olur. Və həmin “şələ”ni təkrarən ilk cümlənin ipinə yığmaq olur. Başqa cür desək, mətndəki cümlələr siqaretini bir-birinin odunda yandıran insanlar kimidi – bir-birinə od ötürür onlar və ilk cümlənin odu son cümləni də işıqlandırır. Nəsrdə bu, çox vacib üslubi keyfiyyətdir. Hətta şeirdə də...
Mübariz Örən çoxqatlı, dərin prozaik düşüncəyə malikdir. Onu yaşıdlarından, (Hərçənd ki, yazıçının yaşıdı olmur, çünki onu yaşı “oynayır” – ya yaşından qoca, ya da cavandır) fərqləndirən başlıca keyfiyyət hadisələrə harmonik baxa bilməsidir.  Mətndən-mətnə “artan” bu yazıçının əvvəlki hekayələri, xüsusən, “Qar Tanrı” dediklərimizə əyani subutdu... “İlıq” kombinasiyaların bolluğu baxımından sözügedən hekayədən fərqlənir.
Dilə aşırı dərəcədə həssas münasibətin nəticəsidir ki, qələmə aldığı mətnlərdə səliqə-sahman göz oxşayır... . Adına “yazar” deyilən Tanrı bəndəsi özünə qarşı sərt və amansız olmasa, uğur qazana bilməz. O, bu cəhətdən də çoxuna nümunədi...
 
Elə bil Mübarizin öz əlində də simvolik bir Süpürgə vardır – yerinə düşməyən söz və ifadələri “uf” demədən süpürüb “tullayır” bayıra... Zənnimizcə, bu üzücü iş günlərin bir günü Fərzalı babanın səsini öz ruhunda eşidilincəyə qədər davam edəcək: “Nəhlət saa, kor şeytan! A bala, o süpürgəni neynirsən?”

Kulis

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.