Borxes - Vurulanlar və sevgisiz keçinməyi bacaranlar xoşbəxtdilər
16.04.15

Yuxusuzluğun iki üzü

 
Yuxusuzluq nədi?
 Ritorik sualdı: cavabını çox yaxşı bilirəm.
Bu, qorxu, bütün gecəni saatların ağır, aramsız zənglərinə qulaq asmaqdı; bu, aciz səylərlə nəfəsini dərmək cəhdidi; bu, bir böyrü üstündən o biri böyrünün üstünə çevrilən bədənin ağırlığıdı; bu, göz qapaqlarını bir-birinə sıxmaqdı, bu, heç də gerçək olmayan sayıqlama vəziyyətidi; bu, çoxdan əzbərlədiyin misraları ucadan oxumaqdı; bu, başqalarının yatdığı bir vaxtda ayıq olmağa görə keçirdiyin günah hissidi; bu, huşa getmək istəyi, bunun mümkünsüzlüyüdü; bu, sağ olduğundan, yaşamağa davam elədiyindən duyduğun qorxudu; bu, yanlış səhərdi.
Bəs qocalıq nədi?
Bu, gündən-günə geri gedən cismdə olmaq qorxusudu; bu, saatların polad əqrəblərilə yox, onilliklərlə ölçülən yuxusuzluqdu; bu, dənizlərin, ehramların, qədim kitabxanaların, sülalələrin, hələ Adəmin gördüyü üfüqlərin yüküdü; bu, öz əllərinə, ayaqlarına, özünün batan səsinə, adamların səsinə, xatirələrin dolaşıqlılığına, heç cür öyrənə bilmədiyin ispan dilinə məhkum olduğunu, heç vaxt bilmədiyin latın dilinə, bütün bunlara birdəfəlik ara vermək istəyinə və mümkünsüzlüyünə, sağ olduğuna, yenə də yaşamaqda davam elədiyinə görə duyduğun nostalgiyadı.
 

Süjet sapı
 
Ariadnanın dolanbaca girib orada öküzbaşlı döyüşçünü, yaxud Dantenin istədiyi kimi, insanbaşlı adamı tapıb öldürmək, sevimlisilə birgə olmaq naminə bütün maneələri dağıdıb geri qayıtmaq üçün Tezeyə verdiyi (o biri əlində qılınc vardı) sap.
Bütün bunlar belə deyildi. Tezey hardasa yaxında Medeyanın onu gözlədiyi başqa bir dolanbacın, zaman dolanbacının olduğundan xəbər tuta bilməzdi. Sap bundan sonra itirilib. Dolanbacın özü də itib. Bizi nəyin – kiminsə qurduğu kosmosun, yaxud təsadüfi xaosun - əhatə elədiyini bilmirik.
Amma vəzifəmiz dolanbacın olduğu, başlıcasısa, əlimizdə sapın olduğu barədə fikirləşməkdi. O, bizdə yoxdu, biz onu təsadüfən tapırıq, etibar eləyib, itaət göstərib, yaxud yuxuya gedib təzədən itiririk. Biz onu fəlsəfi söhbətlərdə unudacaq, bir vaxtlar xoşbəxt olsaq, sapı xatırlamayacağıq.

Arsumentum ornitologium1

Gözlərimi yumub quşları görürəm, onlar bir saniyədən də az görünürlər. Heç vaxt onları saya bilmirəm. Gözlərimi yumub müəyyən sayda quşlar görürəm? Hə, əgər Allah varsa. Çünki O, bunu dəqiq bilir. Həm də yox – əgər Allah yoxdusa. Kim saymadan miqdarı müəyyənləşdirə bilər axı? Qoy belə olsun. Mən quşları görürəm.
Tutaq ki, on dənədən az. Şübhəsiz. Bir dənədən çox. Əgər say müəyyənləşməyibsə – onda bu, on deyil, səkkiz deyil, yeddi deyil, altı deyil, beş də deyil. Həm də iki, üç, dörd də deyil. Amma mən quşları görürəm. Sayı ondan az, daha dəqiq desək, birdən çoxdu. Onlar müəyyən qədər mövcuddular!
Ergo - Allah var.
 

Buenos – Ayres
 
Buenos-Ayres nədi?
Bu, adamların işlərini görüb yorğun, xoşbəxt qayıtdıqları Plasa de Mayodu.
Bu, təyyarəylə şəhərə yaxınlaşanda işıqların dolanbacları, şəhərin içindəsə küçə, döngə - bu, sonuncu həyat, bu, sakit şeylərdi.
Bu, əcdadlarımın birinin edam olunduğu yerdi.
Bu, Xunin küçəsindəki özü də bilmədən bizə sərinlik, kölgə bəxş eləyən ağacdı.
Bu, qərb küləklərinin sınıb əbədi yox olduqları uzun komalar küçəsidi.
Bu, kosmosun qərar tutduğu cənub körfəzidi.
Bu, kor olmuş atamın əvvəlki ulduzları görüb ağladığı Kintana məhəlləsindəki çəkidi.
Bu, tərpənmədən doqquz gün, doqquz gecəmi keçirdiyim hansı nömrəlisə qapıdı. Bütöv bir əbədiyyət kimi xatırlayıram.
Bu, yerə kölgə salan tunc atlıdı. Kölgə gün ərzində dövrə vura-vura yerlə sürünür.
Bu, yağış altındakı elə həmin heykəldi.
Bu, minində Xulio Kesar Dabovenin “uşaq törətmək, ona bu həyata, qorxunc həyata gəlməyə imkan vermək cinayətdi”, - dediyi Peru küçəsidi.
Bu, ağappaq dəftərdə sözlərlə başlayıb, sonra hər şeyin bir-birinə qarşıdığı sonsuz romanını yazan Elvira de Alvilardı.
Bu, əvvəllər müharibələrə xidmət eləyən, bu günsə qılıncdan çox xatirələrə çevrilmiş qılıncdı.
Bu, bizim qadını atdığımız, həm də qadının bizi atdığı gündü.
Bu, arxasında kitabxana olan Bolivar küçəsindəki tağdı.
Bu, zamanın mülkiyyəti – həm kiflənmiş pullar, həm də solmuş fotokarlardı.
Bu, qonşuluqdakı Poul Qrosasakın öldüyü otaqdı.
Bu, atamın üzünü əks etdirən sonuncu güzgüdü.
Bu, Şəfqət gəmilərinin birində əzilmiş, toz içində gözümə görünən Məsihin üzüdü.
Bu, arvadımla birgə təsiri, (Allah eləsin!) hətta bu səhifədə də duyulan Uitmeni çevirdiyimiz, Cənubdakı hündür evdi.
Bu, kupenin pəncərəsindən əşyaların formalarını necə itirdiklərinə baxan, son səfəri olduğuna görə, daha onları sözlərlə ifadə eləmək lazım gəlmədiyini fikirləşən Luqonessdi.
Bu tənha gecə, Onbirlər küçəsində yaşayan rəhmətlik Makedonio Fernandesin mənə ölümün olmaması barədə danışdığı üstüörtülü kafedi.
Davam etdirmək istəmirəm, bu, həddən artıq mənimdi, şəxsidi. Bu şeylər onlardan şəhər tikmək üçün həddən artıq sərbəstdilər.
Buenos-Ayres – kimsənin getmədiyi başqa küçədi; bu, binaların gizlətdikləri almanın özəyi, həmin ən sonuncu həyətdi, əgər, ümumiyyətlə, düşmənim varsa, düşmənimdi, mən şeirlərimi ona (yeri gəlmişkən, özümə də) həsr eləyirəm; bu, təzədən tapdığım köhnə kitab dükanıdı; bu, yoxa çıxan, həm də peyda olacaq şeydi; bu, orda, irəlidə – naməlumluqdu. Bu, nəzərə çarpmayan, həsrəti çəkilən, heç zaman nə mənim, nə sənin olan mərkəz, əyalət, şəhərətrafıdı.

 
Apoqrifik Tövrat fraqmentləri

Ruhən kasıb olanlar bədbəxtdilər, çünki yerin altında da yerin üstündəki kimi olacaqlar.
Ağlayanlar bədbəxtdilər, çünki ağlamaq bacarığı miskinlikdi.
Əzabın şöhrət çələngi olmadığını bilənlər zövq alırlar.
Heç olmasa, bircə dəfə birinci olmaq üçün sonuncu olmaq yetərlidi.
Düzgünlüyə həris olmayanlar zövq alırlar, çünki o ya hamıda var, ya da kimsədə yoxdu.
Hamını və özlərini bağışlayanlar həzz alırlar.
Çəkingən adamlar zövq alırlar, çünki çəkişmə səviyyəsinə enmirlər.
Həqiqət hərisi olmayanlar zövq alırlar, çünki taleyin kədərli və sevincli olduğunu bilirlər, bizim taleyimiz dəyişməzdi.
Mərhəmətli adamlar zövq alırlar, çünki onların mükafatı mərhəmətdədi, başqa mükafat gözləmirlər.
Həqiqətə görə qovulanlar zövq alırlar, çünki o, taledən vacibdi.
Kimsə torpağın duzu deyil, kimsə heç vaxt torpağın duzu olmayıb.
Hətta adamlardan heç biri onu görməsə də, qoy işıq nur saçsın. Allah görər.
Pozulmayacaq qanun yoxdu. Mənim qanunum, peyğəmbərlər qoyan qanunlar belədi.
Qəlbi təmiz olanlar zövq alırlar, çünki Allahı görüblər.
Kim ədalətlə, yaxud ədalətli olduğunu düşünə-düşünə öldürübsə, o, günahkar deyil.
İnsanlar öz işlərinə görə nə cəhənnəm oduna, nə göylərin nemətinə layiqdilər.
Düşməninə nifrət eləmə, çünki onun quluna çevrilərsən. Sənin qəzəbin sevgindən güclü deyil.
Əgər sağ əlin səni yoldan çıxarırsa – onu bağışla. Sən öz-özünün həm cismi, həm ruhusan, onları ayırmaq olmaz.
Həqiqəti bütə çevirmə, çünki dəfələrlə qəsdən yalan danışmayan adam yoxdu.
And içmə, çünki and sözdən başqa bir şey deyil.
Şərə müqavimət göstər. Amma hiddətsiz və qəzəbsiz. Əgər qəlbində qorxu yoxdusa, sağ üzünə şillə vurana sol üzünü də çevir.
Mən sizi nə qisasa, nə tövbəyə öyrətmək istəyirəm, çünki yalnız unutmaq qisasdı, yalnız o bağışlamaqdı.
Düşməninə xeyirxahlıq göstər, çünki bu, çətin deyil, həm də ədalətlidi. Ona nifrət eləmək mələklərin işidi.
Düşməninə xeyirxahlıq göstər – bu qürurunu qorumaq üçün ən yaxşı yoldu.
Bu dünyada qızıl toplama, çünki qızıl kef, kefsə qüssə, boşluq doğurur.
Fikirləş ki, hamı haqlıdı. Yaxud haqlı olacaqlar. Əgər belə deyilsə, bunda sənin günahın yoxdu.
Allah insanlardan daha kamildi. O, bizi Allah ölçüsüylə ölçəcək.
Qəlbini itlərə ver, muncuğunu donuzlara ver, başlıcası – ver.
Tapmaq üçün yox, axtarmaq xoşbəxtliyi üçün axtar.
İçəri girəni qapı özü seçə bilər. İnsan – yox.
Ağacı barına görə, adamı əməyinə görə mühakimə eləmə. Onlar yaxşı da ola bilərlər, pis də.
Daşların üstündə duran heç bir şey yoxdu, hər şey qumun üstündə durur. Amma bizim borcumuz qumların üstündə də daşların üstündəki kimi durmaqdı.
Dərdsiz kasıb, bir də qürursuz varlı xoşbəxtdi.
Cəsarətli adamlar xoşbəxtdilər, onlar qələbəni də, məğlubiyyəti də qəbul eləyirlər.
Vurulanlar və sevgisiz keçinməyi bacaranlar xoşbəxtdilər.
Xoşbəxt olanlar xoşbəxtdilər.

1 Kenterberi Anselmin Allahın mövcudluğunu sübut eləmək üçün ontoloji sübutuna işarə

 
Çevirəni N.ƏBDÜLRƏHMANLI,
"Aydın yol" qəzeti

Yenililklər
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.