Tərcümə Mərkəzi London Kitab Sərgisində
15.04.15
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi 14-16 aprel tarixlərində Böyük Britaniya Krallığında keçirilən London Kitab Sərgisində iştirak edir.
Mərkəzin sərgidə Azərbaycan dilinə tərcümə edilən kataloqları, “Tərcümə Mərkəzinin Kitabları” seriyasından nəşrləri, “Xəzər” dünya ədəbiyyatı jurnalının son nömrələri, eləcə də ingilis dilində nəşr edilən “Candles” (Müasir Azərbaycan şeir antalogiyası) kitabı və s. maraqlı nəşrlər nümayiş etdirilir. Mərkəz Böyük Britaniya Krallığının “English Pen” Free Word Centre (Azad Söz Mərkəzi), habelə digər tərcümə qurumları ilə qarşılıqlı əməkdaşlıq görüşləri keçirəcək.
Sərginin açılışında Azərbaycanın Böyük Britaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə də iştirak edib. Mərkəzin direktoru A.Məsud cənab səfir T.Tağızadə ilə Azərbaycan mədəniyyətinə və ədəbiyyatına aid nəşrlərin Böyük Britaniyada yayılması və nəşri, ölkəmizin təbliğatı istiqamətində fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığıyla qurulan Azərbaycan stendində dövlətçilik, Qarabağ həqiqətləri, Azərbaycan mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına dair kitablar sərgilənir.
Sərgidə ölkəmizi Tərcümə Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası nəşriyyatlarının nümayəndə heyəti təmsil edir.
Artpress.az
|