Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzali.az-da şeir, hekayə müsabiqəsi başlandı.
“Ədəbi Azadlıq-2015” müsabiqəsinə hər kəs qatıla bilər.
Amma müsabiqəyə indiyəcən İnternet məkanında çap edilməmiş əsərlər qəbul edilir (sosial şəbəkələr və şəxsi bloqlar istisna olmaqla).
Hekayə və şeirlər üçün heç bir mövzu məhdudiyyəti yoxdur.
Hər bir kəs həm hekayə, həm də şeir müsabiqəsinə qatıla bilər.
Şeir müsabiqəsinin maksimum 2 şeir göndərmək olar.
Hekayə müsabiqəsinə isə yalnız 1 hekayə yollamaq olar (həcmi 12 min kompüter işarəsini keçməməlidir).
Müsabiqələrdə təxəllüslə iştirak etmək olmaz.
O ki qaldı hədiyyələrə, 8 notebook sahibini gözləyir.
Həm hekayə, həm də şeir nominasiyasında bütün mükafat sahiblərinə (1 dənə 1-ci, 1 dənə 2-ci və 2 dənə 3-cü mükafat) notebook hədiyyə ediləcək.
Əsərlərinizi
[email protected] ünvanına göndərə bilərsiniz.
Əsər qəbulu aprelin 8-dən mayın 4-cən (həmin gün də daxil olmaqla) davam edəcək.
Xahiş olunur e-maildə əsərinizi müsabiqəyə göndərdiyinizi qeyd edin ki, OxuZalına çap üçün göndərilənlərlə səhv salınmasın.
ŞƏRTLƏR HAQDA ƏTRAFLI
Müsabiqə 4 mərhələdə keçiriləcək. Şeir və hekayələr münsiflərə imzasız təqdim ediləcək.
İlk mərhələdə münsiflərin hər biri şeir və hekayələrin içindən ən yaxşı hesab etdiyi 20 əsəri seçib 1-dən 20-cən balla qiymətləndirəcək.
Münsiflərin ilk mərhələdə verdikləri ballar əsasında müsabiqənin şeir və hekayə 20-likləri müəyyən ediləcək.
İkinci mərhələdə artıq imzası bilinən əsərlər arasından 10-luq müəyyən ediləcək, üçüncü mərhələdə isə 10-luq “Oxu zalı”nda on-line səsverməyə çıxarılacaq.
Bu dəfə - oxucular öz seçimini edəcək.
Və dördüncü mərhələdə münsiflər 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini müəyyən etmək üçün 10-luqdakı hekayələrə əlavə ballar verəcəklər.
Onlar oxucuların səsverməsinin nəticəsini nəzərə almaya da bilərlər.
Beləliklə, müsabiqənin bütün mərhələlərində verilən balların cəmi ilə qaliblər müəyyən ediləcək.
Qeyd edək ki, münsiflərin hər biri müsabiqəyə təqdim olunan əsərlərin hamısını oxuyacaq.
Bu isə həm müsabiqəyə mümkün kənar təsirlərin minimuma endirilməsinə, həm də yekun seçimin daha obyektiv olmasına xidmət edəcək.
Əvvəlki illərdə münsiflərimiz Azərbaycandan olurdusa, bu dəfə münsiflər heyəti beynəlxalq olacaq. (Əvvəlki illərin münsiflərindən yalnız biri ictimai əsaslarla bu il də əsərlərin qiymətləndirilməsində iştirak edəcək).
Münsiflərimiz haqda bundan artıq məlumat verilməyəcək və onların adları əvvəlki illərdə olduğu kimi müsabiqənin sonunda açıqlanacaq.
Bu SİZİN müsabiqənizdir. Qoşulun, yarışın, yaşadın!
Artpress.az