Xəyalə Sevil - Yer üzü qadın qapısı...
06.04.15
Artpress.az gənc yazar Xəyalə Sevilin şeirlərini təqdim edir.
Pəncərədən boylanıram
Pəncərədən boylanıram, Ay güzgümdə aylanıram. Yer üzü qadın qapısı, Gecə yarı döymək olmur. Göy üzü yadın qapısı, Dəymək olmur, Dəymək olmur...
Həmin yol, həmin küçədi, Qarayanız bir gecədi. Bu azalan adamların arasında Bir sən yoxsan, Bir mən yoxam. İki oldu bu yoxluq. Böyüdü, boyumdan da Yekə oldu bu yoxluq. Heç kim ilə bölünməyən Tikə oldu bu yoxluq. Ömrümdən sənsiz illərim Meyvə kimi dəyib düşür, Gözlərimi döyüb düşür. Və beləcə... Və beləcə Ölüm məndən duyuq düşür. Torpağın qara canına Mənim boyda oyuq düşür.
İlahi
İlahi, adamların Niyə belə dəyişib? Özün yaratdığını Tanıya bilirsənmi?...
Gözlərimdə bulud yükü, İlahi, bu əynimdəki Üzü bəzək dünyamızı Çıxarmağa gəlirsənmi?
Yer üzü canından bezib, Özünü qara daş kimi Göyə atmaq istəyir. Ağaclar torpağın əlidi, bəlkə, Dua kimi açılıb, Sənə çatmaq istəyir.
İlahi, bir bulud baxir üzümə, İlahi, bir yol yeriyir üstümə. Külək dolur pəncərədən içəri, Yağış yağır, yağış yağır. Ölür bütün arzularım, xəyallarım Təkcə əllərim diri. İlahi, sənə baxır, İlahi, məni çağır.
Bir az sakitləşmişəm
Bir az sakitləşmişəm. Getdiyin yolları Atıblar üstümə, elə bil, Gözlərimin yaşımı səpiblər. Bir az durulmuşam. Nə bilim, bəlkə də yorulmuşam.
Pəncərəsi açıq qalan Ev kimiyəm indi, Səsin gəlir. Küçə - küçə gəzirəm xatirələrini, Böyründən keçirəm, Məni görmürsən, Öləsim gəlir. Əllərim qoynumda. Həsrətin yük kimidir boynumda, Çəkim gərək...
Bir az sakitləşmişəm. Ürəyim köhnə yaradı. Neçə ildi yas yeriyəm , elə bil, Bəlkə də gözlərim onnan qaradı.
|