Zakir Fəxri - Çiynimdə tabut gəzirəm
03.04.15
Bu gün tanınmış şair Zakir Fəxrinin ad günüdür. Artpress.az şairə can sağlığı arzulayaraq onun şeirlərini təqdim edir.
O ağlayan kimdi elə? Ağlaya-ağlaya gülür... Sinəsini qan aparır, Yarasının düyməsini, Bağlaya-bağlaya gülür...
ÇİYNİMDƏ TABUT GƏZİRƏM
Alışdım tək daşımağa Çiynimdə yük daşımağa Yer yox bir tük daşımağa Çiynimdə tabut gəzirəm.
Dolaşıram dağı-daşı, Nə zər, nə yaqut gəzirəm Düyün-düyün yollarımı Aça-aça oxuyan, bir Kökdən düşmüş ud gəzirəm Çiynimdə tabut gəzirəm.
Gəzirəm dörd bir tərəfi Bilmirəm, yolum haradı? Çəkir məni sirr tərəfi… Ölümü gördüm deyəsən Görəsən ölüm haradı?
Suyuna dodaq dəyməmiş Köksünə ayaq dəyməmiş Sinəsinə ox dəyməmiş Gözdən uzaq yurd gəzirəm Çiynimdə tabut gəzirəm.
Dörd yana meydan sulayan Səsi ruhumu dalayan Axirət deyib ulayan Yalqız qalmış Qurd gəzirəm Çiynimdə tabut gəzirəm.
Balalar çiçək doğulur Gül doğulur balalar. Balalar göyçək doğulur. … qul doğulur balalar. Torpaqdan altun doğulur Daşlardan yaqut doğulur Nədənsə, şair doğulan Çiynimdə tabut doğulur.
Çox göynətdi ürək məni, Dərdsiz ürəyə qurd düşər… Silkələmə fələk məni Çiynimdəki tabut düşər..!
*** Payız gəlir, əzizim, əsil payız. Bir azdan saralmış yarpaqlar töküləcək torpağa - bir-bir qopub payızdan.
Üşüyəcək barmaqlarımız soyuqdan, ayazdan. Küləklərin havada uçurtduğu qızılı yarpaqlara bürünəcək payız.
Bir qızıl ilan kimi tindən-tinə burulub, döngədən-döngəyə sürünəcək payız.
Öz qızılı rəngiylə hardan baxsan görünəcək payız. Və yavaş-yavaş yarpaq-yarpaq qışın dümağ divarına hörüləcək payız…
*** Dostum! Sevgisiz günlərdə düz yol da adama yoxuş gəlir, Giley-güzardan, qeybətdən Tanış üzdən, tanış səsdən yorulur adam söz-söhbətdən… Üzündəki kədər mənə tanış gəlir! Gözlərindən daman qəm çəkdiyim qəmlər sayaq! Hər çəkilən isti qəmin arxasında yağış gəlir… Yağış gəlir, yığış gedək, qayıdaq ötən günün altına!..
BİR AZ DA GƏLDİM YAXINA…
Qopdum odumdan, közümdən, Əllərim qopdu dizimdən Bir az da qopdum özümdən Bir az da gəldim yaxına…
Keçdim ilanlı yolları Daşlı, tikanlı yolları Bazar-dükanlı yolları… Bir az da gəldim yaxına…
Bir az da qaçdım tamahdan Nəfslə çəkdiyim ahdan… Qurtuldum bir az günahdan Bir az da gəldim yaxına…
Aldandım dilə, dilçəyə Qoca nəfsə – ağ birçəyə! Üz çevirdim gül-çiçəyə Bir az da gəldim yaxına…
Dünya şirə, şirələndim, Hər pətəkdən girələndim Qəm xəlbirində ələndim Bir az da gəldim yaxına…
Çiynimdən yükləri atdım Hey üzdüm üzü axına… Addım-addım gəlib çatdım Bir az da gəldim yaxına…
Doğmalarım döndü yada, Evim oldu qərib ada… Dolaşıb payi-piyada Bir az da gəldim yaxına…
İçim yalan, çölüm yalan, Bu daş dərddən ölüm yalan. Çat verdi tikdiyin qalan, Bir az da gəldim yaxına…
Gözlərimi bağla, Tanrım Adəm olan bağlamasın… Ağla məni, ağla, Tanrım Məni bəndə ağlamasın…
AXİRƏT
Bir səhər yuxudan durarsan, qardaş Bilməzsən səhərdi, ya axşam çağı… Axar suların da yolu dəyişib, Görərsən əriyib Himalay dağı… Yolların da sağı, solu dəyişib, Suların altında qalıb qəbirlər, Sular da qəbrinin üstündən axır… Ruhun də göylərdən qəbrinə baxır… Baxarsan, elə hey gözün axtarar… Amma görərsən ki, Nə bir inni-cinni, nə bir can qalıb. Nə bəla, nə xəta, nə də qan… qalıb Sularda ovulub, əriyib hər şey Nə səs, nə bir səda, … kiriyib hər şey Daşlar ağac olub, ağaclar da daş… Sən özün-özündə batmısan, qardaş! Nə nar ağacları, nə əncir, üzüm… Nə alma, nə püstə, nə badam qalıb. Dünyanı su basıb, dünya bir ada… Bu kiçik adada tək Adəm qalıb… Adanın köksündə sevgi çatları… Nə Həvva görünür, nə övladları…
BİR AZ DA SEVDİM SƏNİ...
Dağ çayının önündə Axar sulara baxdım. Qoşulub göy sulara Sular axdıqca, axdım… Yenə yadıma düşdün. Xatirə-xatirə sən Gözlərimdən ötüşdün Pıçıldayıb adını Axar sulara tutdum. Bir az da sevdim səni Amma bir az unutdum…
Kirələrdə dolaşdım Küçə-küçə… səhəri. Yuxusuz gözlə açdım Neçə-neçə səhəri… Kimsəm, arxam olmadı, Başım üstə bir sınıq, Bir uçuq dam olmadı… Tək pencəkdə keçirtdim Qarlı, şaxtalı qışı. Sərt şaxtada, soyuqda, Ayazda sevdim səni Bir az da sevdim səni… Tanıtdım mən sevgimi. Yola-rizə tanıtdım Qısıldım tək sevgimə Çölə, düzə tanıtdım Bir az da sevdim səni Amma, bir az unutdum…
Egey sahillərində, Tənha ruhun dolaşır Bir-birinə qaynaşır. Göm-göy ləpələr coşur Bir vaxtsız ayrılığa Qərib türkülər qoşur. Göynər ruhuna hopur … xatırlaya, xatırlaya Sahildə dolaşıram… İçimdən bir ah qopur. Dərindən nəfəs alıb Bir udum hava uddum Bir az da sevdim səni Amma, bir az unutdum…
Aramla yağış yağır Üstüm, başım islanıb Sinə daşın islanıb Daş heykəldən boylanıb Baxırsan fağır-fağır… Arxamca su atardın Kövrək gözlərin o an Doluxsunub dolardı Bəlkə də yağış deyil Yağan həmən sulardı… Başım üştə dolaşan Kövrək, qərib buluddun… Bir az da sevdim səni Amma bir az unutdum…
Köçəri quşlar da yox, Göy üzü bomboş qalıb Payız, bahar, yay köçüb Yuvamda tək qış qalıb Dərdimi boşaltdım Ayrılıq quyusuna Xatirə bir daş atdım… Aylar, illər ötsə də, Hər an səni gözlədim.
Dönmədin… nə gizlədim Sevginə çox umuddum Bir az da sevdim səni Amma, bir az unutdum…
|