Oğuz Ayvaz - Xarabada bir qadın yaşayır
02.04.15
Artpress.az gənc yazar Oğuz Ayvazın şeirlərini təqdim edir.
gözlərimdə azadlıq qışqıran adamları polis dəyənəyi ilə döymürlər…
Sənə gözlərimlə göndərdiyim məktub
Tiflisdə külək əsir, küləyi əlimlə sığalladım, yorğunluqdan əvvəlcə əllərim, sonra ayaqlarım yerini dəyişdi. Mənə bənzəyən biri içimdən çölə çıxıb səkidə dilənən qadınla danışdı. Küçədə tək-tənha qalmış quduz olduğunu düşünən buna görə ona yaxın durmayan sahibsiz küçə iti ilə söhbətləşdi, küləyi əlimlə sığalladım, Tiflisin xaraba qalmış fahişələr bəzəmiş küçəsini, tula payına işləyən fəhlələri, şəhərə yaraşmayan yad, ölü sükutu gözlərimdən oxuyacaqsan. Sənə gözlərimlə göndərdiyim məktubu oxudunmu? qorxma bir az yaxın gəl, gözlərimdə azadlıq qışqıran adamları polis dəyənəyi ilə döymürlər, fahişləri küçə iti kimi təpikləyə-təpikləyə öz cinsi təlabatını ödəyən yekə qarın kişilərin olmadığı dünyanı arzuladım. Sənə gözlərimlə göndərdiyim məktubu oxudunmu? əllərinlə gözlərimi sığa, işğal edilmiş şəhərin döyüşdən sonrakı mənzərəsi üzümdən saat kəfkiri kimi asılıb. əllərini boşluqda tərpət, dağıdılmış bir şəhərin içində gülümsəyən və anasına doğru qaçan uşaq mənəm...
Yaşlı Qadın və Balaca Qız
Əgər 28 mayın çıxışında bir siqaret yandırıb Səməd Vurğun parkına düşsəniz sıra ilə düzülmüş skamyalarda tək-tük adamların oturduğunu görərsiniz, amma bir az irəli getsəniz, köşkün qırağında əlində əsası olan büzüşmüş, saçları pırtlaşıq o yaşlı qadını görərsiniz, sonra köşkdən bir siqaretdə götürüb alışdırarsınız, tüstüyü havaya buraxdıqda qarşınızdakı qadının öz-özünə danışdığını görərsiniz, şaşqın halda gəlib-gedənləri izləyər, bu vecsiz, həyatda ciddi görünməyə çalışan adamlardan bu qadını gizlətməyə çalışarsınız, onun anlaşılmaz, eşidilməyən yalnız səssiz filmlərdəki kimi tərpənən dodaqları, yoxsul və çox uşaqlı evinizi xatırladar, aman, aman o qadına yaxınlaşmayın, hələ də sizi evdə gözləyən qırmızı donlu balaca bir qızınız var...
04 : 00 və Qəhər
Qəddi əyilmiş ağacın qaranlığında bir uşaq ağlayır, göz yaşları çöhrəlmiş yanaqlarından balaca bədəninə süzülür, göy üzünə ana deyə hayqırır, ay işığında kədəri ilə boğulur... Hardasa küçə itinin zingiltisi eşidilir gecənin ucsuz çöllərində, hardasa günəş doğur, xoşbəxliyə bənzəyən işıq saçır yer üzünün cənnət bağlarına, insanlar təbəssümlər ilə yuyunur sərin mehin dəryalarında. evinin tavanı uçmuş xarabada bir qadın yaşayır, yoxsul və ümidsiz, kirli əlləri ilə tozlu saçlarını darayır, yalnızlığı ölümü salamlayır. hardasa saz çalınır, dağ havası kəndin üzərində şeir yaradır, yağış yağır, buludların arasından günəş gülümsünür yoxsul kəndin adamlarına, hardasa bir kişi qüssələnir, qəhər boğazına dolur, vaxtsız itirdiyi övladına, için-için əriyən günlərində oğluna ağlayır, hər gün ölüm arzulayır ancaq hər gün ölür...
Artpress.az
|