Rəşad Məcid “Roman”ından danışdı
19.03.15
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin yeni – “Roman” adlı şeirlər kitabı çap olunub. Bu il ərzində onun daha iki kitabı “Bir də gəlməyəcək...” və “Cığıraçan” kitabları işıq üzü görüb.
Rəşad Məcid açıqlamasında kitabları 50 illik yubileyi çərçivəsində çap etdirdiyini deyib:
“Mən 50 yaşım ərəfəsində “Dəlicəsinə” kitabını nəşr etdirmişdim. Sonradan “AybKitab” layihəsi çərçivəsində “Çiyələk qadın” kitabım işıq üzü gördü. Daha sonra mənim haqda dostlarımın yazdığı “Cığıraçan” kitabını və “Bir də gəlməyəcək...” şeirlər kitabını çap etdirdim. “Roman” kitabımda isə 1996-cı ildə yazdığım şeirlər toplanıb. Bu kitabın ideyasını “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu verdi”.
Rəşad Məcid kitabların satışı barəsində də məlumat verib: “Mən, adətən, yubileyim ərəfəsində kitab çıxardıram. Əslində, bu kitabları çoxcildlik kimi də çap etdirmək olardı. Ancaq düşünürəm ki, oxucuların əlçatımlılığı baxımından kitabların bu cür çapı daha məqsədəuyğundur. Cildlikdə kitab daha qalın olur və onu oxumaq çətinləşir. “Dəlicəsinə” kitabıma Mətbuat Şurasında təqdimat mərasimi keçirdim. Maraq çox böyük oldu. Daha sonra “Çiyələk qadın” kitabımın təqdimatı oldu. Bildiyimə görə, təkcə təqdimatda 120 kitab satıldı. İndi “Qanun” nəşriyyatının təşkilatçılığı ilə “Roman” kitabıma təqdimat mərasimi keçirəcəyəm”. /axar.az/
|