Kənan Hacı - Almanı dişləyənlər
18.03.15

Mən rəsm çəkməyə başlayanda hələ dünyanın rənglərindən, bu rənglərin məna çalarlarından xəbərsiz idim. Anam danışırdı ki, ilk dəfə almanın rəsmini çəkmişəm; Adəmin cənnətdən qovulmağına səbəb olan, ilk günahın mənbəyi olan almanın! Niyə tutalım, armudun, narın yox, məhz almanın? Yəqin ki, heç vaxt bunun izahını tapa bilməyəcəyəm.

Bu yaxınlarda türk yazıçısı Enis Baturun “hörgü texnikası əsasında bir roman təcrübəsi” adlandırdığı “Alma” əsərini oxudum. Əsərdə XIX əsr fransız rəssamı Qustav Kurbenin məşhur “Dünyanın başladığı yer” tablosu müxtəlif aspektlərdən çözülür, hadisələrin episentrində alma dayanır. Əsərin hərəkətverici qüvvəsi masanın üstündəki almadır. Qadağan zonasına daxil olan yazıçı bu ilk günahın ardınca düşüb gedir və bu qənaətə gəlir ki, yazmaq o almanı dişləməkdir. Enis Baturun “alma nəzəriyyəsi”ndə mənim ilk “ovum” olan qırmızıyanaq almadan da nəsə vardı. Bəlkə də mən o rəsmi çəkərkən öz uşaq ağlımla özüm də bilmədən, qeyri-şüuri olaraq almanı “dişləmişəm”.

Bədii yaradıcılıqla məşğul olanlar nə vaxtsa bu günah meyvəsini dişləyənlərdir. Yazmaq elə almanı dişləməkdir. Məlumdur ki, islamda heykəltəraşlıq, əllə çəkilən rəsm haramdır və rəssamları qiyamətdə şiddətli əzab gözləyir. Onlara “çəkdiyin rəsmə can ver” deyəcəklər. Çox güman ki, bu qadağanın kökündə bütpərəstliyin əsaslarını kökündən sarsıtmaq dayanırdı. İslamın yenicə yarandığı dövrdə müsəlmanlar bir gecədə bütün bütləri qırıb dağıtmışdılar. Amma Tanrı insana yaradıcı ruh verib və bu yaradıcı ruh olmasaydı, dünya nə qədər sönük görünərdi. Borxes müsahibələrindən birində deyirdi ki, dünya bizim üçün bir rəsm, obrazdır. Dünya işığından məhrum olan Borxes dünyanın rənglərini sözə necə köçürə bilirdi?! Bu suala cavab tapmaq üçün Borxesin mətnlərində gizlənən, zərif tül arxasındaymış kimi görünən incə mətləblərə vaqif olmamız gərəkdir. Atasının çox zəngin kitabxanası olub və Borxes hələ uşaq ikən bu kitabxanadan qədərincə faydalanıb. Gözlərinin nurunu itirəndən sonra zəngin yaddaşı, fəhmi, duyumu və iti zəkası onu bizim gördüyümüz Borxes zirvəsinə qaldırıb. Onun bir rəssam haqqında hekayəsi var; bu rəssam böyük rəsm əsəri çəkməyə başlayır, həmin rəsmdə meşələr, dağlar, çaylar, qüllələr, bir sözlə, təbiət bütün əzəmətilə təsvir olunur. Günlərin bir günündə rəssam qəfildən anlayır ki, o, əslində öz rəsmini çəkirmiş. Bu hal yazıçılarda da baş verir. Fərqli şeylər haqqında yazdığımızı düşünürük, amma əlahəzrət oxucu yazdıqlarımızda bizim özümüzün obrazını görür. Surətimiz yazdıqlarımızdan boylanır. Bu mənada doğrudan da özündən qaçmaq mümkünsüzdür.

Biz əvvəlcə yazdıqlarımızın şəklini, sonra özünü görürük, bu görüntülər zaman-zaman içimizə yığılır və içimizdə başqa şəkil alır. Biz bu görüntülərə öz duyumumuzu, öz rənglərimizi əlavə edirik. Sonra bu görüntülərin rəsmlə, sözlə ifadə formalarını axtarıb tapırıq. Şirin də Xosrovun rəsmini görüb ona aşiq olmuşdu. Orxan Pamuk “Mənim adım Qırmızı” romanında gözəl deyib: “Rəsm ağlın gördüyünü gözün sevinci üçün canlandırmaqdır”. Elə bu əsərdə yazıçı padşahların əmrinə tabe olmayıb onların istəyini yerinə yetirməmək və şərəflərini qorumaq üçün öz gözlərini kor etmiş nəqqaşların acı taleyindən bəhs edir. Tuğ iynəsilə gözlərini deşmiş Ustad Osman barmaqlarıyla “görürdü”. Əslində görən barmaqları yox, ruhuydu, sadəcə, bütün hissləri barmaqlarına yığılmışdı. Nəqqaşlar öz əməllərində dinə zidd heç bir şey olmadığını düşünürdülər. Onlar həyatda tapa bilmədikləri xoşbəxtliyin rəsmini çəkənlərdir. Orxan Pamuk onları belə anladır.

Markes özünün “Anlatmaq üçün yaşamaq” avtobioqrafik əsərində yazır:

“Bir gün babam qalın cildli kitabı qucağıma qoydu və dedi:

- Bu kitab hər şeyi doğru bilir.

Üz qabığında dünyanı çiyinlərinə almış Atlant, içi şəkillərlə dolu bir kitab idi. Onda nə oxumağı bilirdim, nə də yazmağı. Kilsədə gördüyüm dua kitablarından da böyük bir kitab idi. Amma bu kitabın böyüklüyü məni heyrətləndirmişdi. Bu kitaba baxanda mənə elə gəlmişdi ki, ilk dəfə bütün dünyaya baxıram.

- Kitabın içində nə qədər söz var?

- Bütün sözlər var,- babam dedi.

O zamanlar mənə təsir edən hər şeyi rəsmlərlə ifadə edə bildiyimdən yazılı lüğətə ehtiyacım yox idi. Dörd yaşında Olimpiada oyunlarında arvadının başını kəsib yenidən yerinə yapışdıran sehrbaz Rikardo kimi bir sehrbazın şəklini çəkmişdim. Həmin şəkillərdə öncə mişarla arvadının başının kəsilməsini, sonra da yerinə yapışdırılmasını təsvir etmişdim. Bu şəkillər böyüklər tərəfindən alqışlara layiq görüldü. Beləliklə, sözlərsiz nağıllar uydurmağa başladım. Babam mənə o lüğəti hədiyyə verəndə kitabla elə dərindən maraqlanmışdım ki, tezliklə bütün sözləri əlifba sırasıyla oxumağa başladım. Yazıçılığımda böyük rol oynayan kitabların birincisi ilə belə tanış oldum”.

Bu da rəsmlə sözün izdivacından yaranan daha bir cığır. O cığır Markesi Nobel kürsüsünə gətirib çıxardı. Bu məqam da sübut edir ki, təkamülün və həm də təxəyyülün arxasında duran “xammal” məhz görüntülərdən ibarətdir. Bu görüntülər sanki çeşidli yeməklər kimidi, hərəsinin öz dadı-tamı var; çəmənin qoxusu, küləyin ətri, yağışın dodağımızdakı tamı... Bütün bu görüntülər naməlum, sirli bir varlığın aşkar yuxusu kimi xəyallarımızı və həm də təxəyyülümüzü qidalandırır. Məsələn, mənim üçün çayın özünü yox, səsini çəkə bilən rəssam daha maraqlıdır O. Henrinin “Son yarpaq” hekayəsini xatırlayırsınız? Xəstə yatağında ölümünü gözləyən qızcığazı xilas edən o son yarpaq budaqdan “qopmur” və qız sağalıb ayağa qalxır. Mənim yaddaşım çox zəifdir, qeydlər aparmasam, oxuduqlarımı tez unuduram. Amma bu hekayəni uzun illər bundan öncə oxusam da o son yarpaq yaddaşımda hələ də budağından qopmayıb. Bir yarpaq bir insanın həyatını xilas edir.

Sənət təkcə estetik zövq üçün deyil, həm də xilasedicidir. Rəssamlar, şairlər, yazıçılar həm də xilasedicilərdir, özlərinin məhv olması bahasına olsa belə, başqalarını xilas edənlərdir. Onlar alternativ dünya yaratmaqla bizi maddi dünyanın sıxıntılarından ayırırlar, bizim yaşadığımız dünyaya sığmayan narahat qəlbimiz bu sənət əsərlərində dinclik tapır. Həyata optimistcəsinə yanaşan insanlar heç vaxt yaradıcı ola bilməzlər, çünki yaradıcılıq həm də dərin pessimizmin məhsuludur. Yaradıcı adamlar gördüklərini yox, görmək istədiklərini yaradırlar. Dostoyevski “Gözəllik dünyanı xilas edəcək” deyəndə bu aforizmi bədii mətnin həqiqəti göstərirdi, biz də bu cür qəbul edirik. Amma görün, o, insanlıq üçün nə böyük bir təsəlli qoyub gedib! Bizim hər birimiz zaman-zaman bu sual ətrafında baş sındırmışıq: Doğrudanmı gözəllik dünyanı xilas edəcək?.. /Aydın yol qəzeti/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.