Aqşin Yenisey - Qadın kərgə(r)danlğının (g)özəlliyi
18.03.15
İndi bir-birinin ətini yeyən xaxol və rus xalqının gələcək arzularını öz həyat və yaradıcılığında birləşdirən pedaqoq Uşinskinin didaktikasının əsas ideyası bu idi: “öyrənməyi öyrətmək”. O, bu fikirə o vaxt Amerikada nəşr olunan təhsil jurnallarını oxuyandan sonra gəlmiş və Rusiyada da okeanın o tayında olduğu kimi, xalq təhsilinə üstünlük verilməsi işinə girişmişdi. İllər keçdikcə Qərb universitetləri, elmi-tədqiqat mərkəzləri bu cür müxtəlif elmi-pedaqoji, psixoloji təcrübələri cəmiyyətin ümumi həyatına tətbiq etməyə başladılar. İş o yerə çatdı ki, mənəvi gözəlliyini mentalitet çadrasına bürüyüb eybəcərləşdirən, yaxud eybəcərliyini mənəvi gözəlliyin məhrəmliyi adı altında gizlədib ört-basdır edən ölkələrdən fərqli olaraq, Almaniya, Fransa, İtalya kimi ölkələrin universitetləri araşdırmalarının ağzını artıq məişət hadisəsi olmaqdan çıxıb, ictimai, hətta cinayət hadisəsinə çevirilən ər-arvad münasibətlərinə döndərdi və kişilərə evdəki məişət əzrayıllarına deyilməsi məsləhət olmayan mətləblərin siyahısını tərtib etdi. Yəni ər-arvad qırğınlarını məişətin yox, elmin probleminə çevirdi. Məsələn, bünövrəsi səkkiz əsr bundan əvvəl kasıb övladlarının oxuması üçün qoyulmuş Sarbonna universitetinin alimlərinin kişilərə verdiyi nəsihətlərdən biri belədir: “Əgər qulağınızın dinc olmasını istəyirsinizsə, arvadınıza deməyin ki, iş yoldaşınız hamilədir”. Nəsihətin təfsirində yazılır ki, bu kəlməni deyən kimi arvad evdə təkbaşına istintaq komissiyası yaradacaq. Ərindən şübhələndiyini büruzə vermədən əsl xəfiyyə soyuqqanlılığı ilə sorğu-suala başlayacaq. Kimdən hamilədir, axı o, ərindən ayrı yaşayır? Uşaq neçə aylıqdır? Oğlandır, ya qız, UZİ-yə nə vaxt baxdırıb? Neçənci uşaqdır? Sən nə üçün işdə özgə arvadlarının qarnına baxırsan? Baxmırsansa, hardan bilirsən hamilədir? Özü deyibsə, nə üçün məhz sənə deyib? Hamilədirsə, cəhənnəmə hamilədir, sənə nə isti-soyuğu var? Bəyəm sən mamaçasan, ya dayəsən? Öz uşaqlarına atalıq etdin, qaldı xalxın uşağı? İndi mən sənə desəm qonşu kişinin filan yeri belədir, xoşuna gələr?
Sonu apokaliptik nəticəyə aparan belənçik suallarla dalbadal zərbələr alan kişi özünü itirir. Məcbur olur ki, çaşqın halda uşağın ondan yox, iş yoldaşının öz ərindən olmasını etiraf etsin... Sözsüz ki, heç bir arvad belə yersiz etirafa inanmaz. O, indi peyğəmbər Lutun arvadının ərinin dininə inanmayanlara qoşulub Əshabi-kəhf mağarasına qaçmasından tutmuş, madam Bovarinin quşbeyinliyinə kimi o qədər fakt sadalayacaq ki, axırda kişi arvadı yola gətirməkdən ötrü olmayan həqiqəti boynuna alacaq, yəni doğulacaq uşağın iş yoldaşının ərindən yox, özündən olmasını təzyiq altında etiraf edəcək. Əsl mərəkə - uçan boşqablar, boşanma ultimatumları, xəyanət hədələri də bundan sonra başlayacaq, bura qədərki söz-söhbət, sadəcə, dava-dalaş üçün kiçik bir ayaqyeri idi.
Avropa universitetlərini bəyənməyən kənddəki əmim isə kişi-qadın münasibətləri mövzusunda qatqısız türk-müsəlman kişisi kimi düşünür. Deyir ki, arvad erməni kimi bir şeydi; zülm etməsən, layiq olmadığı azadlığı tələb edəcək, azadlıq versən, nankor çıxıb zülm etməyə başlayacaq. Odur ki, hər il avqustun 24-də Andronikin qulağı kəsilən gün arvadını döyür. Həmin gün evdə əsl erməni-müsəlman qırğını düşür. Otuz ildir beləcə şad-xürrəm ailə həyatı sürürlər. Arvad bilir ki, evdə deyindi-deyinmədi avqustun 24-ü onun beynəlxalq döyülmək günüdür, Əmim də vərdiş edib ki, işi oldu-olmadı, harda olsa evə gəlib avqustun 24-də arvadı əzişdirməlidir. Odur ki hər il avqustun 23-ünü “8 mart” Beynəlxalq Qadınlar günü kimi keçirib, ər-arvad səhəri gün üçün hazırlaşırlar; arvad kötəklənməyə, kişi kötəkləməyə. Və maşallah, ilin qalan günlərindəki mehribanlıqlarına, oğul-uşağa verdikləri tərbiyəyə görə bütün kənddə başlarına and içirlər. Əmimin özəl ailə fəlsəfəsi var; o bütün il boyu arvadının deyingənliyinə, dır-dırına kişi kimi mərdi-mərdanə dözür, cırtqozluq edib hər gün evə qanqaraçılıq salmır. Bütün hirsini-hikkəsini çinədanına doldururub arın-arxayın avqust ayını gözləyir. Elə ki avqustun 24-ü oldu kişi səssiz-küysüz, əsəbiləşib eləmədən arvadı eşşək sudan gələnəcən əzişdirir. İnsafən yoldaşı da başadüşən zənəndir, bir dəfə başını qaldırıb, etiraz eləmir, çığır-bağır salıb qonşuları həyətə yığmır. Çünki bilir ki, ildə bir gün – 24 avqust - kişinin günüdür, qoy nə qədər istəyir, kötəkləsin. Sabahdan, onsuz da, yenə hökmranlıq onun əlinə keçəcək. Bir də görürsən, avqustun 24-də əmim yas çadırında qəfildən ayağa qalxıb mollaya deyir: “Molla, bir fatihə ver, mən gedim”. O dəqiqə hamı bilir ki, kişi məclisi niyə tərk edir. Beləcə, otuz ildir bu ər-arvad özlərinin yazılmamış külfət qanunları ilə firavan yaşayırlar. Nə universitet araşdırmasına ehtiyacları var, nə psixoloq müalicəsinə.
İndi yenə baxaq görək Qərb alimləri nə deyir: “Heç vaxt həyat yoldaşınıza deməyin ki, əzizim, deyəsən, bir az kökəlmisən”. Bax bu əla kəşfdir. Arvada belə söz demək olar? Cəhənnəmə ki, qoy lap kərgədan boyda olsun, nə işinə qalıb? Arvadın işi elə yeyib enə verməkdir. Arvad ki nərmə-nazik oldu, min cürə xərci, xəsarəti çıxacaq. Bunun pedikürü var, manikürü var, masajı, gözəllik salonlarını gəzməyi var, hamısı da bir ətək pul tələb edir. Nərmə-nazik arvada ayda bir dəfə yemək bişirtdirə bilmək, bizim universitetlərdə rüşvətsiz və tapşırıqsız “kafi” almaq qədər işgəncəlidir.
Kökəlmiş arvad, inkişaf etmiş ölkə kimidir, bütün günü seriala baxıb, ət qaynadacaq, kələm doğrayacaq. Nə pedikür, nə manikür? Masaj lazım olanda da evin ortasına uzanıb uşaqlardan birinə belini tapdalatdıracaq. Hamısı da havayı. Nə qədər çoxyeyən olsa da, bişirdiyi kəllə-paçadan sənə də bir boşqab çatacaq, yəqin.
Əmim olduğuna görə demirəm, ancaq mən də Qərb alimlərinin nəzəri proqnozlarının yox, o kişinin təcrübi nəticələrinin tərəfindəyəm; qadını elmin, fəlsəfənin, ədəbiyyatın probleminə çevirdikcə, həyat ağırlşır və bu lazımsız ağırlığı daşımaq üçün onlara kişi yox, yumşaq desək, eşşək lazımdır. /citytv.az/
|