Çingiz Hüseynov: “Yazan” çoxdur - “pozan” yoxdur - MÜSAHİBƏ
16.03.15
Artpress.az yazıçı Çingiz Hüseynovla müsahibəni təqdim edir.
– “Üçbucaq” həndəsi fiqurunun həyatınızdakı rolu sözün geniş mənasında nədir?
– Gizli mənası yoxdur: Bakıda doğuldum, uzun müddət Moskvada yaşadım, indi isə məskənim Qüds – Yerusəlimdir. Amma üçbucağın zirvəsi Bakıdır.
– Sonu görünməyən romanınızı tamamladınız?
– Yox, işləyirəm, tələsmirəm. – Deyirsiniz, böyük həqiqətləri yazmaq lazımdır, kiçik yox. Böyük həqiqətlərə gedən yol kiçik həqiqətlərdən keçmirmi? – “Böyük həqiqət” qələm cihadına və yazıçı cəsarətinə bağlı şərti kəlmədir. – Bildiyimə görə, əsərlərinizi tərcümə etmirsiniz: rus dilində yazmısınızsa, bir də Azərbaycan dilində yazırsınız və ya əksinə. Düzdürsə, niyə belə edirsiniz? Amma maraqlıdır əslində. – “Tərcümə” sözü şəxsən mənə, mənim yazılarıma yaddır, çünki hər dəfə yeni, orijinal nəsə yaratmalı olursan, bu da dil hökmünə, oxucu hökmünə bağlıdır. “Rusdilli Azərbaycan yazıçısı” ifadəsi gülməli səslənir – yazıçılıqda milliyət dilə bağlıdır, dil ilə ölçülür. Rus dilində yazılan rus ədəbiyyatıdır (yəhudi olan Mandelştam, Pasternak, Brodski, Qorenşteyn “rusdilli yəhudi yazıçıları” yox, “rus yazıçıları”dır). Başqası tərəfindən tərcümə olunan əsər orijinal sayıla bilməz, orijinal deyil (bu haqda “Rus olmayanların rusluğu” adlı məqaləmdə ətraflı yazmışam, orda bizə aid də mülahizələr var). – “Fətəli fəthi”də Fətəlini sırf tarixdə olduğu kimi canlandırmısınız, yoxsa roman xətrinə nələrsə əlavə etmisiniz? – Roman, təbii ki, tarixi faktlara əsaslanır, amma bütün bu faktlar psixoloji, məişət, ictimai-siyasi münaqişələr baxımından, dediyiniz kimi, janrı “sənədli fantaziya” olan “roman xətrinə” işlənilib. – Niyə Mirzə Fətəlinin M.Ə.Sabir, C.Məmmədquluzadə qədər ədəbiyyatımıza təsiri olmadığını düşünürsünüz? O ki bir çox “ilk”lərin müəllifidir, ən əsas da tənqidin və dramaturgiyanın. Belə bir adamı niyə, əsasən, “faciəvi şəxs” kimi qiymətləndirirsiniz? – Mən heç də Mirzə Fətəlinin ədəbiyyatımıza olan təsirini inkar etmirəm. Amma Sabirin də, Mirzə Cəlilin də, Mirzə Fətəlinin də (siyahı uzundur) həyatı faciəvi olub, millət, cəmiyyət onların qədrini bilməyib, indinin özündə belə “danabaş” ruhlu və çoxlaşan fanatik kütlə onların, ilk növbədə, Sabirin aktuallığını itirməyən “neylərdin, İlahi?!” fəryadını eşitmək istəmirlər. – “Mən də Mirzə Fətəlinin yolunu keçmişəm”, “Səhvimi düzəltdim” deyəndə nəyi nəzərdə tutursunuz? Siz də deist (və ya ateist) olmusunuz? “Fətəli fəthi”dən sonra Məhəmməd peyğəmbər haqqında kitab yazdınız. Yaş artdıqca çox adam dində axtarır rahatlığını. Yoxsa bu, axirət qorxusudur? – Mirzə Fətəli Axundov, bir növ, mənim həyatımı yaşayıb, keçdiyim yolları keçib: iblis-şeytan mahiyyətli və yalan dolu cəmiyyətdə ədalət arzuları, ümidlərin böhranı, iflas... Bu bir. İkincisi, Mirzə Fətəli heç də ateist olmayıb, bu, Sovet elminin uydurmasıdır, onun “Məktublar”ı dinin – Quranın əleyhinə deyil, Quranı təhrif edənlərin və təhrif nəticəsində dini mövhumat, istismarçılıq, elmə qarşı, indiki dillə desək, terror alətinə çevirənlərin əleyhinə olub! “Səhvimi düzəltdim” – yəni Mirzə Fətəlinin adından primitiv “ateist” ləkəsini sildim. O ki qaldı Qurana, ümumdünya mədəniyyətinə daxil olan bu müqəddəs kitabın mətni, ümumbəşəri ideyaları təsəvvüredilməz, misilsiz dərəcədə hərtərəfli təhrif olunub! İslam dini bu uydurmalar – təhriflər nəticəsində əsl sülhsevər, xeyirxah niyyətli mahiyyətini, “həyat fəlsəfəsi”ni itirib, dünyaya, əqlə, hikmətə, ədalətə qarşı qılınca-silaha, “ölüm fəlsəfəsi”nə çevrilib (bu haqda son aylarda çap olumuş “Quran ayələrinin izi ilə” məqaləmdə yazmışam). – Yazıçı kosmopolit, nihilist olmalıdır, yoxsa, yazıçının vətəni, milləti olmaz? Vətən, millət təəssübkeşliyiniz nə qədərdir? – Şəxsən mən nə kosmopolitəm, nə də nihilist. Mən İlahi bəndəsiyəm, vahid dövlətimiz olan Azərbaycanın içində vahid olmayan millətimin qeyri-formal vətəndaşıyam. Bununla belə, qeyd etməliyəm ki, həqiqətə, yüksək insanpərvər ideyalara bağlı əsl ədəbiyyat, əli qələm tutan hər bir namuslu yazıçı insanlıq, ədalət naminə cəmiyyətə, mühitə, quruluşa (hələ ki, dünya da, insan da ideal deyil), hətta millətinə, xalqına belə müxalif olmalıdır – insan qul olmasın, ləyaqətini itirməsin, gücə-zora yaltaqlanmasın deyə. Əlbəttə, “donkixotluq” mənasızdır, gülüncdür – qovulacaq, döyüləcək, əziləcək və s. Amma yazıçı ümidini itirməməlidir, mən belə düşünürəm.
– Qələm hələ də yuxu görür? – Biz yuxugörən, yuxuyozan, varlığı yuxu bilmək – saymaq istəyən millətik. Qələm yuxularını indi də görür deyə, əcaiblərini qeyd edir ki, unutmasın. – Hansı yuxuları, doğrudan da, görüb? – Əslində, Kontakt, Feysbuk sosial şəbəkələrində kitabça – “dərslik” şəklində yerləşdirilən yuxuların hamısı görülüb – Tolstoyla da, Puşkinlə də, Lenin-Stalinlə də, ingilis kraliçası ilə də – heç biri, vallah-billah uydurma deyil, gündəliklərimdə əks olunub. – Məzmunca sosialist, formaca milli ədəbiyyat nümunəsi yazanlara münasibətiniz necə olub? – Uydurma kəlmədir: bir var həqiqətləri əks edən əsl bədii əsər (“Dəli Kür”), bir də var sosialist ideyasının qurbanı olan, yalana arxalanan saxta əsər (“Gülşən”). – Çağdaş dövr Azərbaycan ədəbiyyatında heçmi həqiqəti deyən yazar yoxdur? Varsa, kimlərdir? – Ad az deyil, dedikcə qurtarmaz, amma əsər azdır. Qafiyə oyunu olsa da, deyim: “yazan” çoxdur – “pozan” yoxdur. Bəlkə də, yanılıram, amma zənnimcə, ədəbiyyatımızda güclü “sandıq əsərləri” yaranmaqdadır! – Çox vaxtınızı almaq istəmirəm, sizi burda sevirlər.
– Minnətdaram! /axar.az/
|