Elnarə Akimova - ANAR nəsrinin yeni uğuru
16.03.15

Gerçək dünya bizim təxəyyülümüzün sınırlarından o yandakı dünyadır, sənət  bəlkə də yaradılışdan o sınırları aşmaq, Sirrə yetmək və onu faş edə bilmək nədənindən doğan ehtiyacdır. Gerçək dünyaya qarşı dünya qoyandır, ona öz dilinin semiosferasında qərarlaşan qanunları ilə müqavimət göstərən,  Həqiqəti gücü çatdığı qədər “təqlid” edəndir: “Sənət bizə ona görə verilib ki, Həqiqət bizi öldürməsin” (Fridrix Nitsşe). Anarın “Göz muncuğu”nu oxuyanda Həqiqətin sənət dili ilə faş edilməsindən rahatlanırsan, qaldırılan böyük mətləblərin ardınca düşüb getmək səni qorxutmur, əksinə, düşündükcə, arama, axtarma çabaların böyüyür, hər şey bu dünyada qalır, “sən eynəklərin arxasında” (Qismət) ...

Anar demək olar ki, bütün əsərlərində bu kontekstdən çıxış eləyib, varlığın bəşəriyyəti daim diqqət çəkməyə vadar etmiş suallarını qabardıb. Yeni əsərdə fərqli olan, əvvəlkilərdən ayrılan nədir? Burada müəllif cavabı özünə belə tapılmaz olan sualları oxucu ixtiyarına buraxmaqla şüur axını prosesini gücləndirir. Hərçənd  böyük-böyük sirrlərə, mətləblərə yetməyə min il əvvəlin dühalarının, fikir aydınlarının gücü, filosofların, elm və ürfan sahiblərinin idrakı yetməyibsə, eyni çabalar acı, fəlakət, təlatümlər dalğasını yatırda bilməyə müvəffəq olmayıbsa, hansı sualın cavabı verilib sayıla bilər ki?!...   Bəlkə bu dünyada yalnız Sirr var, cavab tapmaq absurd şeydir?! Sualla hər şeyin izinə düşmək, yaradılışın mətləblərinə varmaq daha doğru yoldur insan övladı üçün... Müəllif bütün mətn boyu oxucunu özünə duyğu ortağı etməyə çalışır və bu amil gerçəyi qavramamızı intensivləşdirən nəsnə olaraq çıxış edir. Espen Hovardsholm yazır ki, “sənətkarın müəllim, fikir hakimi olduğu dövr çoxdan keçmişdə qalıb. Yazıçı sanki gözüyumulu irəli gedir, o, başqaları kimi, heç nə bilmir, deməyə sözü olduqda da, burada çoxlu sual işarəsi qoymalı olur”. Anarın yeni əsərində qoyulan sual işarələri və ümumiyyətlə, işarələr(!) çözülməz məsələlərin yenidən çözülmə cəhdi kimi mənalanır və insana və zamana sürreal baxışı ehtiva edir.

Müəllif əsəri fəlsəfi ideyalarla yönləndirməyə çalışır, xeyir və şər, həyat və ölüm kimi mövzulara fərqli yanaşma sərgiləmək istəyir: “Qələbə nifrət yaradır. Məğlub öc almaq ehtirasıyla yaşayır.... Huzura qovuşmaq qələbədən də, məğlubiyyətdən də imtina etməkdi”;  “ ....Nədi ölüm – həmişəlik Son ya başqa bir həyatın başlanğıcı...”.

“Göz muncuğu” müxtəlif dini, ədəbi-tarixi və mədəni mətnlərin kollajıdır. Burada əsas olan mühiyyətdir ki, ona vardıqda oxucu üçün əsərdəki müxtəlif mətn əlaqələri arasındakı zaman və məkan fərqi, kolorit rəngləri silinmiş olur. Fərqi qalmır ki, bunlar haqda kim nə vaxt, necə düşünmüşdür, əsas olan sadəcə düşüncənin olması, özünə yer etməsidir, əsrlərdən adlayaraq şüuru yenidən oyanışa sürükləməsidir. Əsərdə müxtəlif mətnlərdən istifadə olunması mətnin çoxqatlılığını şərtləndirmiş olur: sitat, reminsensiya, dejavu, paralel zaman müstəviləri, arxetiplər vasitəsilə virtual əlaqə qurulur. Müəllif hər fəslin əvvəlinə yaydığı epiqraflarla həm də oxucuya işarə verərək böyük mətləblərin dərin qatlardan süzülüb gəldiyini ehtiva edir. Əslində, hər bir mətn intermətndir, ona qədər mövcud olmuş ədəbiyyat mətnləri əsərin daxilində bu və ya digər şəkildə, vizual, yaxud örtülü formada iştirak edir. Bununla da keçmiş, indi və gələcəyin intertekstuallığı baş verir. Bütün verilən sitatlar, dekonstruksiyaya uğrayan əfsanə və rəvayətlər, fəlsəfi və dini-ezoterik fikirlər mətnə hopur, bədii strukturdakı tamlıq əsərdə yer almış ideyaların mətn daxilində bütövləşməsinə yol açır. Əsərdəki mətnlərarası münasibətlər özünü həm eksplisit (sitatlardan tutmuş personajların adlarının bənzərliyinə qədər), həm də impilisit şəkildə göstərir, hər şey gözlə görünən olsa da dərin mətləblərə işləməklə oxucunu həmin intermətni yaradan digər mətnləri də təsəvvüründə canlandırmağa təhrik edir.

“Bütün aləmə çökmüş qaranlıq... Heç yerdən iynə ucu boyda işıq gəlmir. Elə qatı qaranlıq idi ki, göz heç vaxt buna alışıb nəyisə seçə bilməyəcək”... Povest iki dünyanın – həm bu, həm o dünyanın arasında qalan insanın ağrılarının təsviri ilə başlayır. İkiləşmə əsərə bəri başdan daxil olur və vəziyyət zolağı sonacan dəyişmir: bir-birini əvəzləyən zaman və məkan paralelləri, yuxu- ayıqlıq, xəyal-fantaziya, işıq və qaranlıq, gecə və gündüz, şübhə və inam, yerin altı və üstü, qəhrəmanın doğum və ölüm məqamlarının təsviri, real və mistik dünya antitazaları və nəhayət, Xeyir və Şər... bəşərin ədəbi axtarışlarının baclanğıc götürdüyü, nicat aradığı və ... hər dəfəsində məğlub olduğu iki zidd başlanğıc. Bu ziddiyyət əsərdə öz motivasiyasını dünənlə bu günün, keçmişlə indinin qovğasında tapır: “... qarşına çox sınaqlar çıxıb və çıxacaq. Əhriman hər zaman səni öz tərəfinə çəkməyə çalışacaq. Ta uşaqlıqdan ömrün boyu rastlaşdığın ədalətsizlikləri, təhqirləri, incikliklərini bir-bir yadına salacaq, bunların qisasını almağa təhrik edəcək səni. Amma bilməlisən ki, Şərə qarşı Şər üsullarıyla savaşmaq Şəri artırmaqdır.”  Əsərdə Xeyirlə Şərin mübarizəsi, ona verilən bədii yozum oxucunu müxtəlif – fəlsəfi, mifoloji, dini və tarixi kontekstlərdə düşündürür. Zərdüştlükdə xeyirlə şərin mübarizəsi, nəfslə mücadilə, çin fəlsəfəsində orta yol olaraq qəlbin səsinə hakim olmaq, hind mətnlərindəki görülmüş hər işin gələcəyi kodlaşdırması fikri, Şərq və Qərb folosoflarının yaşam və ölümlə bağlı dünyagörüşləri müxtəlif fərqli məstəvilərdə öz əksini tapır.  

Əsərdə retrospektiv yanaşma güclüdür, qəhrəmanı daim müşayiət edir, onun şüuraltına yığılan hər hadisə sonrakı yaşamını, gerçək durumunu şərtləndirmiş olur. Əhlimanın uşaqlıq yaddaşını qanadan hadisələr, atasından aldığı mənəvi travmalar, qonşusu Nəsibin başına soyuq su tökərək onunla məzələnməsi, anasının bütün olanlar qarşısında mütiliyi, tələbəlik vaxtı qadınlarla ilişkiləri, yoldaşlarının həyata barmaqarası münasibəti, daha sonra alimlərin səsvermə zamanı etdikləri vicdansızlıqlar, elmi rəhbəri olduğu Zakirin onun xoşlandığı qadın Rübabəbəylə ilişkisi... Bu hadisələr insan yaddaşında keçmişlə bu günün qarşıdurmasına səbəb olması aspektindən önəmlidir. Əhlimanın indisini, gerşək durumunu açmağa retroskeptik təzahür forması olan dünənin canlandırması yardımçı olur və əsas səbəb kimi çıxış edir. Qəhrəmanın şüurunda keçmişə yönəlik xatirələrin canlandırılması, xəyalların qurulması, təhtəl-şüurda yuxuların real aləmlə qarışdırılması heç bir zaman ardıcıllığına riayət etmədən mövcud olur. Çünki bu günə qarışan, funksionallığını saxlayan keçmiş artıq keçmiş sayılmır. Deməli, Zaman amili öz mahiyyətni itirir, retrospektiv yanaşma güclənir. Əsərdə retrospektiv düşüncənin şüuraltı xarakter daşımasını sərgiləyən amillərdən biri Əhlimanın kürəyindəki qırmanc zolaqlarının tez-tez yada salınması, keçmişin xatirələrinin onda boğulma, üşümə əalməti ilə müşayiət olunmasıdır. Bu, bədii mətnin Freydin təhtəlşüur nəzəriyyəsindən dayaqlanan əlamətidir. Keçmiş keçilmiş və dərk edilmiş təcrübələr məxəzi olduğu üçün insan şüurunun altqatında daima ona bağlıdır. Berqson yazır ki, “keçmişimiz sürəkli arxamızdadır, izlədiyi yol boyunca topladığı indiylə qabarır (böyüyür). Şüur demək yaddaş deməkdir”. Əsərin başlanğıcında Əhliman dirilən kimi qeyri-ixtiyari şüuru – yaddaşı işə düşür və həmin anda da onun fiziki  ağrısı mənəvi ağrı ilə əvəzlənir:  “İndi ağrıdan ağrı deyildi, ağrının təsəvvürü idi. Haçansa duyulmuş ağrının yaddaşda həkk olunmuş xatirəsi...”

“Göz muncuğu”nda adi əhvalatlar sakrallaşıb ilahi məna variasiyaları yaradır. Burada arxetiplərə qayıdışı - şamın oduna tutunub yanan kəpənəyin sufi sevgisinin təzahürü, Təpəgözün alnındakı gözün bəsirət gözü kimi rəmzləndirilməsi - əslində, insanın özünün şüuru, düşüncəsi diktə edir. Əsərdə qəhrəmanın yadına Daniil Andreyevin üç yüz il bundan əvvəl ölüb-dilrilməsi ilə bağlı fikirləri düşür. Üç yüz il əvvələ dönüşdüyünə inanan şüur ordan və daha öncəki zamandan nələrisə - mifik obrazları, arxetipləri, tarixi hadisələri bu günə daşıyır və çağdaş insanın düşüncə dövriyyəsinə daxil edir. Amma elə-belə, fors-major olaraq yox, zamanlar arasındakı haçalanmanı yox etmək, əbədiyyəti tarixi –estetik özünüdərkin faktına çevirmək üçün. Qəhrəmanın Diri Baba, Əshabi-Kəflə bağlı şizofrenik-aqustik konstuksiyaları keçmişin müxtəlif müstəvilərində nəql olunur. Bu hadisələr baş veribmi, yoxsa qəhrəmanın psixi pozunluğunun nəticəsidir? Hər halda yuxugörmələr zamanın elastikliyi üçün kara gələn amildir. Bu zaman nəyəsə toxunmaq, qadağaları dəf edib sirli maneləri açmaq həm asanlaşır, həm də fərqli zamanlara – həm geri, həm də irəli mənasında adlamaq mümkün olur .

Əhlimanın Diri Baba ilə görüş səhnəsi  yuxuya bənzər irreal məkanda baş verir,  Yaxud onun Əshabi-Kəfə qalxması, orda yuxuya getməsi, beş il sonra ayılması reallıqla irreallıq arasında sərhədin itdiyi zamanı ehtiva edir. Əshabi-Kəfdən geri qayıdan qəhrəman pilləkənlə rastlaşır, necə olub ki, bura çıxdıqda onu görmədiyinə təəccüb edir. Burada pilləkən zamanlar arasında körpü rolunu oynayır. Diri Babanın olduğu yer, Əshabi-Kəf əsərdə sakral məkanlar olaraq seçilir və qəhrəmanın həyat yolu, daxili təmizlənmə, mənəvi huzura qovuşma axtarışını simvolizə edir. Ordan dönəndən sonra Əhlimanın varlığın sirrlərinə yetmək, kainat, dünyanı və insanı dərkə yollar arama çabaları artır: “Bəzən mənə elə gəlir ki,  fəlsəfəylə və Şərq inanclariyla da elə Naxçıvana (Əshabi Kəfə - E.A) gedib-gələndən sonra dərindən maraqlanmağa başlamışdım.”; “Buna qədər yaşadığım, bildiyim, ağlımla dərk etdiyim, gözlərimlə gördüyüm Dünyadan tamam fərqli, Başqa aləmin varlığına inandım. Demə bu paralel Dünyada alışdığımız məntiq işləmirmiş, burada Zaman və Məkan ölçüləri də ayrıymış. Bu Aləmdə nə Keçmiş, nə Gələcək, nə İndi varmış. Ümumən Vaxt yox imiş... Vaxtın fövqündə duran Əbədiyyət varmış.”

Povestin bütün məqamlarında göz ifadəsi xüsusi ayrıntıyla yazılır. Bununla müəllif əsas mahiyyəti göz önündə saxlamağa diqqət çəkməklə bahəm, həm də “qəlbin aynası” olaraq onu xislət daşıyıcısı kimi düşüncənin obyektinə fokuslayır. Qəhrəmanın göz sehri demonik səciyyə daşıyır, ondan insanlara təsir edən fövqəltəbii qüvvə olaraq bəhs edilir. Maraqlıdır ki, onun rəsmini çəkən rəssam yalnız gözlərinin ifadəsini təsvir etməkdə çətinlik çəkir. Bunu rəsmə diqqətlə baxan Rübabə hiss eləyir:  “ Gözəl portretdir, - dedi, - amma Rərviz gözlərinizin ifadəsini dəqiq verə bilməyib..... çox qorxunc gözləriniz var, - dedi, - Bir az sirli, bir az məşum, bir az təhlükəli...”. Diri Baba isə onun gözlərindəki işığı sezir.  “Sənin gözündə Hörmüzd işığını gördüm”, - bu, müqəddəs evdən ona ötürülən işarə - Xeyirə səsləniş kimi səciyyələnir. Ümumən  bu iki təzad Əhlimanın gözlərinin də, içinin də səciyyəsini, dəyişkənliyini dəqiq ifadə edir. Bu artıq onun daxilindən gələn informativ kodların üzə çıxan təzahürüdür ki, onu da stimullaşdıran qəhrəmanı saran cəmiyyətdir, mühitdir. Əhlimanın göz dəyməsi (yamanlığı) daha çox nə zaman baş tutur? O zaman ki, ətraf insanlar onun içindəki Şəri oyadırlar! Həmin insanları Əhlimanın gözü yox, etdikləri naqisliklər məhv eləyir, ölümləri əməllərinin bədəli olaraq yaşayırlar. Burada Göz Xeyirlə Şərin arasında mediumluq edir, qəhrəmanın daxilindəki mənfi başlanğıc güclənəndə Şər (göz dəyməsi), müsbət başlanğıc güclənəndə Xeyir rəmzinə çevrilir. Əsərdəki Karma anlayışı da bu və ya digər dərəcədə eyni anlam daşıyır. İnsanın dünən etdikləri onun gələcək həyatını kodlaşdırmış olur (özünə qayıdır, hər şey özünə - R.Rövşən),  deməli keçmiş bütün hallarda insan həyatında funksionallığını davam etdirməkdədir. Həm də onun Xeyir, yaxud Şər başlanğıclı İnsan olaraq formalaşdırmaqdadır.  Burada maraqlı olan fərdi tale deyil, dünyanı idarə edən insan xislətidir. “İnsan özünü yaradır, istəsə, özünü Hörmüzd kimi, istəsə, Əhriman kimi yetişdirə bilər. İnsanın içində hər ikisi var – Hörmüzd də, Əhriman da... ” Əsərdə müəllif qəhrəmanını iki seçim qarşısında qoymaqla ondakı güclü başlanğıcı üzə çıxarmağa çalışır. Şərə qulluq edən, yaxud Xeyrə tapınan Əhliman. Sonda onun qarşısında qoyulan şərt - özündə çox qədim sirrləri daşıyan xalçanın sahibi olan alimin aradan götürülməsi tələbi onun şəxsiyyətinin ikiləşməsi, içindəki xeyirlə şərin mübarizəsi baxımından uğurlu düşünülmüş məqamdı.

  “Göz muncuğu” povestində bəşəriyyəti ağuşuna alan bəlaların lokal təzahürləri açılır, amma  o lokal təzahürlər ki, ondan qlobal bəlalar nəşət edir. Bir insanın yaşadığı ağrılar onun bütün həyatında iz salır, o, özünü bu ağrılarla, ona bunu yaşadanlara qarşı mübarizəyə, qisas almağa həsr edir və nəhayətində, yer üzündə pislik, şərin miqyası artır, zəncirvari gedən bu prosesdə uduzan, böyük zərbələri alan isə bəşəriyyət olur. “İnsan kiməsə pislik edirsə, özünə və deməli, bütün bəşəriyyətə yamanlıq edir”. Bəlkə də Xilas qəhrəmanın Tanrıya bağlanışı da ola bilərdi, fəqət onun Tanrı ilə bağlı təsəvvürlərinin dağınıqlığı (şübhəsi!) və  suallar üstə köklənməsi mütləq inamdan bəhs etməyə əsas vermir. O necə sevgidi ki, sual qoyur və inanmaq üçün möcüzə tələb eləyir? Ümid  Ay qızı – Somnambulaya qalır: “Uzun ömrün sonunda qəfil gəldi bu sevinc”.

Ay qızı Şərdən, çirkinlikdən, dünyanın murdarlıqlarından xilasın yolu kimi düşünülmüş obrazdır. Bu obraz qəhrəmana meditasiya üçün lazım olur, o ətraf aləmdən təcrid olunaraq, özünə qapanır, özüylə tək qalır. Bu onun üzərində işlədiyi okkultizmin təzahürüü olaraq da əsaslı görünür. Okkultizmlə mübarizənin əsas cəhətlərindən biri də budur ki, insan kənar informasiyalardan, ideyalardan azad olaraq fikrini yalnız bir nöqtəyə cəmləşdirsin. Bu ideyalar müxtəlif ola bilər. Əsərdə bu ideya sevgidir. Əhliman yadırğadığı və bəlkə də heç yaşamadığı təmiz duyğuların üst qatına qaldıqca, Şərdən xilas olacağına inanır. Oskar Uayldın “Dorian Qreyin portreti” əsərində olduğu kimi, ürəyə sevgi dolduqca Şər yavaş-yavaş itələnməyə başlayır. Ay qızına məftunluq qəhrəmanın xilası kimi düşünülmuş olsa da, ehtimal olunan ehtiyatsızlıq baş verir və qəhrəmanın qurtuluşuna ümidini fiaskoya uğradır. Çünki nə cahanda kamal qalib gəlir, nə də məhəbbət dünyanı xilas eləyir.

Əsər çoxqatlıdır: mif, folklor və xalq inancları, əfsanə və rəvayətlər, arxetip təzahürləri, nəzmlə nəsrin qarışığı, yuxu və gerçəklik, xəyal və reallıq biri digərinin içinə elə yerləşdirilir ki, həm vahid tamın – strukturun ümumu haləsini əmələ gətirir, həm də gizli, virtual nizamsızlıq yaradırlar. “Bu əsər fərqli estetika üzərində dayandığından obraz və detalların semantik yükü də fərqlidir – onlar peyda olur və dağılır, mərkəzə yığılır və pərən düşür, bir an içində külə dönür. Bu məkanda heç nəyə “toxunmaq” olmur, hər şey dağınıqlığa, xaosa meyillidir.” (Cavanşir Yusifli). Süjet xətti şaxələnərək üst və alt qatlara ayrılır, daxili dinamizm daha güclü təsir bağışlayır. Əsərin ən böyük uğuru həm də təhkiyə mədəniyyətindədir. İkiləşmə konteksti müəllifin nəqlinə, təhkiyəsinə qədər dərinə işləyir. Qəhrəmanın Rübabəyə olan hisslərinin təsviri nə qədər qatı, sərt boyalar, epotaj səciyyədə sərgilənirsə, Ay qızı ilə bağlı səhnələrdə təhkiyə tamam fərqli məcraya adlayır, bir o qədər zərif, titrək, saf duyğuların təsiri ilə təqdim olunur.

“Göz muncuğu” əsəri Anar nəsrinin yeni uğurudur. Burada zaman və insan amili ümumən, bütün - ictimai-siyasi, mədəni-tarixi, fəlsəfi-psixoloji səviyyələrdə özünün Varlıq məqamına tabedir və elə bu məzmun, məziyyətlə də ciddi ədəbiyyat faktı kimi həmişə düşündürəcək... //ayb.az/

Yenililklər
29.11.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu iki mədəniyyət paytaxtını bir araya gətirir
29.11.22
"II Sumqayıt Kitab Sərgisi keçiriləcək"
23.11.22
Günay Əfəndiyeva Daşkənddə Maqsud Şeyxzadənin heykəlini ziyarət edib
22.11.22
İntiqam Yaşar Tunisdə Beynəlxalq Poeziya Festivalında ölkəmizi təmsil edəcək
22.11.22
“Hayrettin Hoca” monoqrafiyası  nəşr edilib.
18.11.22
Kürdəmirdə Aşıq Şakirin 100 illik yubileyi keçirildi
17.11.22
Ədəbiyyat İnstitutunda “525-ci qəzet”in 30 illik yubileyinə həsr olunmuştədbir keçirilib
15.11.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Səmərqənd Zirvəsi çərçivəsində beynəlxalq simpozium keçirib
14.11.22
Günay Əfəndiyeva: “Gələcək genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün həvəslə və böyük səylə fəaliyyətimizi davam etdirməkdəyik”.
13.11.22
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
10.11.22
“II ANAİB Gəncə Kitab Sərgisi” keçiriləcək
10.11.22
Tıxaclarda qalıbdı şad xəbərlər… - YENİ İMZA - Səbuhidən şeirlər
03.11.22
“Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” kitabı çap olunub
03.11.22
Azad Qaradərəli - Xalq şairinin ölümü
31.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Litva Karaimləri” adlı konfrans keçirilib
27.10.22
“Hüseyn Cavid romantizmi rənglərin işığında” adlı kitab çap olunub.
25.10.22
Tanınmış nəşriyyatların redaktorları bir arada
25.10.22
Vüqar Əhməd Türkiyədə konfransda iştirak edib
25.10.22
Azad Qaradərəli - Zori Balayanın azərbaycanlı vəkilləri yaxud ayı kimin əmisi oğludur?
21.10.22
Görkəmli ədəbiyyatşünas alimlərin anım günü qeyd olunub
19.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu fəaliyyətini Avropada genişləndirməyə davam edir
17.10.22
“Ustad” dərgisinin 39-cu sayı Hüseyn Cavidə həsr edildi
12.10.22
Türk Dünyası Naşrilər Birliyi yaradıldı
09.10.22
Azad Qaradərəli - Yoxdan var və vardan yox olmağın poetik izləri
07.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində yeni nəşrini təqdim edib
06.10.22
Ədəbiyyat İnstitutunda dərsliklərin müzakirəsi keçirilib
04.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Nizami Gəncəvinin yeni kitabını nəşr edib
28.09.22
Bölgələrdə kitab sərgisi təşkil olunacaq
28.09.22
Macar şairi Mikloş Radnotinin yaradıcılığına həsr olunmuş musiqili gecə keçirilib
26.09.22
Günay Əfəndiyeva Polşada bir sıra görüşlər keçirib
26.09.22
Şəmsəddin Şəmsinin “Dəh Mürğ” poemasının əlyazma nüsxələri əldə olunub
26.09.22
Azərbaycan Yazıçılar Birliyinin qurultayı təxirə salınıb
26.09.22
Günəş topla mənim üçün... - Etimad Başkeçidin yeni hekayəsi
23.09.22
“Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin təqdimat mərasimi keçirilib
23.09.22
Polşada keçirilən VI Beynəlxalq Türkologiya Konqresində Azərbaycan təmsilçiləri fəal iştirak edib
22.09.22
Polşada Beynalxalq Türkologiya Kongresi çərçivəsində Azərbaycan musiqi gecəsi keçirilib
22.09.22
ANAİB-dən Ermənistanın son təxribatı ilə bağlı bəyanat
21.09.22
Ədəbiyyat İnstitutunda Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabını təqdim edilib
21.09.22
Polşada VI Beynəlxalq Türkologiya Konqresi başlayıb
14.09.22
“Metafizika” jurnalının növbəti sayı (2022/3) işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.