Cenevrədə dahi şair Nizami Gəncəviyə həsr olunan simpozium keçirilib
13.03.15
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə İsveçrənin Cenevrə şəhərində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunan elmi konfrans keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Nizami Gəncəvi Etik Simpoziumunda dahi şairin irsini araşdıran tədqiqatçılar iştirak ediblər.
Oksford, Kembric, Kəşmir, Orizona, Leyden, Merilend və Amsterdam universitetlərinin alimləri Nizami Gəncəvinin dünya mədəniyyətinin inkişafında rolu, şairin yaradıcılığının fəlsəfi əsasları ilə bağlı müzakirələr aparıblar. Çıxış edənlər Nizami Gəncəvi yaradıcılığını yüksək qiymətləndirib və dahi şairin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırıblar. Nizami Gəncəvinin Şərq İntibahının formalaşmasında əvəzolunmaz yeri, xalqlar arasında mədəni körpü rolu oynaması xüsusi vurğulanıb.
Nizami Gəncəvi irsinin daim aktual olduğunu qeyd edən alimlər onun əsərlərindəki bəşəri ideyaların daha dərindən öyrənilməsi və daha geniş təbliğinin əhəmiyyətini vurğulayıblar. Tədqiqatçılar Nizami Gəncəvi irsinin bəşəriyyət üçün rolunun araşdırılması, xüsusilə də şairin yaradıcılığında etik prinsiplərin yenidən öyrənilməsinin vacib olduğunu qeyd ediblər.
Simpozium iştirakçıları Azərbaycan elminin və mədəniyyətinin parlaq nümayəndəsi olan Nizami Gəncəvinin irsinin təbliğ olunması istiqamətində dahi şairin adını daşıyan Beynəlxalq Mərkəzin fəaliyyətini də yüksək qiymətləndiriblər. /Azərtac/
|