10 mart Milli Teatr Günüdür
10.03.15
Zamanın sınaqlarından üzü ağ çıxmış Azərbaycan teatrının 142 illik inkişaf yolu bir daha sübut edir ki, ölkəmizdə bu sənətin qədim və zəngin tarixi vardır.
İnsanların əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, mövsüm bayramları, aşıq sənəti, dini ayinlərlə əlaqədar meydan mərasimləri, “Qaravəlli” tipli müxtəlif tamaşa növləri xalq teatrının əsasını müəyyən edib, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.
XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına güclü təkan verib. Ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində köklü forma və məzmun dəyişiklikləri yaranıb. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olub. Dahi mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynayıb.
Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsləri əsasında 1873-cü ilin mart və aprel aylarında Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının səhnələşdirilməsi ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməli qoyulub.
Son illərdə uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında yeni mərhələ başlanıb. Bu inkişaf ilk növbədə özünü teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.
Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Azərbaycan Prezidentinin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.
2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan olunub. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlətimizin başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.
Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və günün tələblərinə uyğun repertuarın formalaşması məqsədlərinə xidmət edir.
Dövlət Proqramı çərçivəsində Bakı Beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. 2012-ci ildə başlayaraq artıq üç dəfə keçirilən bu ənənəvi konfranslara dünyanın müxtəlif ölkələrindən 500-dən çox teatr tənqidçisi, teatrın tarix və nəzəriyyəsini araşdıran tədqiqatçılar, rejissorlar, aktyorlar, rəssamlar və menecerlər qatılıblar. Bu tədbirin nəticəsi olaraq Azərbaycanın müxtəlif teatr institutları ilə əməkdaşlığı daha da genişlənib. Bütün bunlar qabaqcıl təcrübələrdən səmərəli istifadə etmək üçün böyük zəmin yaradıb. Məhz bu istiqamətdə işlərin davamı olaraq ölkəmizdə müxtəlif festivallar təşkil olunub.
Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılmışdır. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrı binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilmişdir.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrının uzun illərdən bəri binasızlıq şəraitində davam edən qaçqınlıq həyatına son qoyulub və teatr gözəl bina ilə təmin edilib. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının isə yaxın vaxtlarda təmirə dayandırılması nəzərdə tutulub.
Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidməti olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.
Beynəlxalq təcrübə ilə davamlı tanışlıq mexanizmi, genişmiqyaslı qastrol fəaliyyəti, canlı ünsiyyət, yaradıcılıq mübadiləsi olmadan müasir mərhələdə teatrların inkişafından danışmaq əbəsdir. Son illərdə bu istiqamətdə də xeyli canlanma özünü göstərməkdədir.
Ötən illər ərzində Azərbaycan teatrları dünyanın 20-dən artıq ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, İsveçrə, Moldova, Serbiya, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil ediblər. Ötən dövr ərzində Azərbaycana xarici ölkələrdən 10-dan çox teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunub.
Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Bu baxımdan yeni teatr formalarının ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən “ÜNS” Yaradıcılıq Səhnəsinin fəaliyyətini qeyd etmək olar.
Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, bu gün yaranmasının 142-cı ildönümünü qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə biri-birindən maraqlı səhnə əsərləri ilə daha böyük tamaşaçı alqışı qazanacaq və mədəniyyətimizin inkişafına, tərəqqisinə böyük töhfələr verəcəkdir./AzərTAc/
|