Rövşən Yerfi - Yiyəsizlik
06.03.15
Neçə vaxt idi mədəniyyət evi hesab edilən kənd klubundan gələn qəribə səs ətrafdan keçən hər kəsin marağına səbəb olmuşdu. Eşidənlər ayaq saxlayıb dinləyir, sonra səsdən heç nə anlamayıb yollarına davam edirdilər. Uşaqlardan bir neçəsi yaxına gedib pəncələrdən içəri baxmaq istəmişdilər. Amma qaranlıqda heç nə görünmədiyindən gələn ciyiltili səsin nə olduğunu ayırd edə bilməmişdilər. Uzun illər idi klubun təkcə adı qalmışdı, mədəniyyət evi olmasından əsər-əlamət qalmamışdı. Axırıncı dəfə orada nə vaxt film göstərilmişdi, ya hansısa tədbir keçirilmişdi kimsənin yadına gəlmirdi. Əvvəllər yüzdən çox yerə malik zalın oturacaqlarının yarıdan çoxu köhnəlib sıradan çıxmışdı. Divarlarına illərlə insan əli, insan nəfəsi dəymədiyindən rəngi solub bozarmış suvağı öz-özünə ovulub tökülürdü. Tavanında üç yerdə iri dəlik açılmışdı. Yağış yağanda damındakı mamır basmış şiferlərindən sızan su dəliklərdən zala damcılayırdı. Ümumiyyətlə burada hansısa kütləvi tədbir keçirmək olduqca təhlükəli idi. Çünki tavanı örtən çürümüş taxtalar hər dəqiqə insanların başına uca bilərdi. Klub sovet yarananda yıxılmış məscidin yerində tikilmişdi. O zamanlar burada azından hər həftə bir tədbir keçirilərdi. Ümumkolxoz iclasları, özfəaliyyət dərnəyinin tamaşaları, ən azından da həftədə iki dəfə kino göstərərdilər. Adamlar axşamlar sağmal heyvanını sağıb yemləyəndən sonra dəstə-dəstə , ailəliklə kinoya, tamaşaya baxmağa gələrdi. Klub həm də evlənmək istəyən cavanların qız bəyəndikləri yer idi. Odur ki, yaşı çatmış qızlar kluba gələndə toya-bayrama gedirmişlər kimi bəzənirdilər. Göstərilən filmlərin ən çoxu ağlamalı hind kinoları olurdu. Film başa çatanda həmişə qız-gəlinləri gözüyaşlı görərdin. Sovetin gur vaxtında buraya kinonu ən çox qonşu kənddən Əzizağa adlı birisi öz “UAZ” maşını ilə gətirərdi. Klubun eyvanında yekə səs ucaldanı hind mahnılarını oxudar, poçtun qabağına da qırmızı hərflərlə yazdığı afişanı vurardı, Cavanlar bir-birinə dəyərdi, yığışardılar klubun qarşısına. Hava qaralanda uşaqdan-böyüyədək hamı kinoya gələrdi. Əzizağa da tezbazar filmi başlayaraq, camaatı yola verib, pulunu yığıb qonşu kənddəki evinə tələsərdi. Əzizağanın həftədə iki dəfə xeyli pul yığıb apardığını görən kəndin cavanlarından Seyran adlı biri qərara gəlir ki, kənddə kinonu özü göstərsin. Gedib rayon mərkəzindən aparat və çoxlu film alıb gətirir. Başlayır hər gün kino göstərməyə. Birinci gün xeyli adam gəlir, ikinci gün bir az adam gəlir, Üçüncü gün gələnlərin sayı yarıbayarı azalır. Dördüncü gün Seyran baxıb görür ki, zalda on-onbeş adam var. Klubun həyətinə isə əvvəlki günlər pulu olan, bu gecə isə pulu olmayan çoxlu uşaq yığılır. Həm adamın azlığından, həm də havaların soyumasından zalda da soyuqluq hiss olunurmuş. Vəziyyətdən çıxış üçün Seyran həyətdəki uşaqlara bildirir ki, kim pul əvəzinə dörd təzək qurusu gətirsə filmə baxmağa zala buraxacağam. Himə bənd imiş kimi uşaqlar zala girməkdən ötrü ətrafdakı qonşuların divarlarına düzülmüş təzəkləri daşıyıb gətirirlər. Səhəri günü həmin qonşular kənd sovetinə Seyranın bu sayaq tamaşaçı yığmasından şıkayətlənirlər. Az keçmiş xəbər yayılır ki, Seyran kino göstərən aparat qarışıq yıxılıb, aparat sınıb. Biri dedi ayağı ilişib yıxılıb, bir başqası dedi ki, içkili olub səndirləyib… İşinin xeyirsiz alındığını görən Seyran sınmış aparatı rayona təhvil verib, fəaliyyətini bitirir. Kənd yenidən qalır Əzizağanın ümidinə. Əzizağanın fərasəti ondaydı ki, maşını vardı, kəndləri gəzirdi, bilirdi bir filmi hansı kənddə neçə dəfə nümayiş etdirmək olar. Sovet dağılandan sonra kolxoz da dağıldı, daha Əzizağa da kəndə gəlmədi. Hərə özünə peyk antennası alıb nəinki yerli, gecə-gündüz xarici televiziya kanallarına baxmağa başladılar. Beləcə klub unuduldu, yaddan çıxdı. İl-ildən kənddə əhali azaldı. Qocalar rəhmətə getdi, cavanlar iş dalınca şəhərlərə, yaxın xarici ölkələrə axışdı. Kənd tamam boşaldı. İndi kənddə nə bir ictimai tədbir keçirməyə, nə də tamaşasına beş-on gənc tapa bilməzdin. İstər kəndin, istərsə də klubun acınacaqlı halından rayondakı cavabdeh şəxslərin hamısının xəbəri vardı. Klubun təmirinə pul ayırmırdılarsa, klubu bağlamaq da istəmirdilər. Hər hal klubun müdiri və onun iki-üç qohumu oradan az da olsa maaş alırdı. Klub müdirinin yaşı qırxı haqlamışdı. Dörd uşağı vardı. Cavanlıqda əlinə düşəni yeyib-içmiş, vaxtında özünə bir gün ağlamamışdı. İndi uşaqlar böyümüşdü. Həyətyanı sahəsindən götürdüyü az mənfəət, üstəlik klubdan aldığı maaş xərcini-borcunu ödəmirdi. Odur ki, məcbur olub bəzən aylarla şəhərə gedib ev təmiri işlərində çalışırdı ki, evi birtəhər dolandırsın. Bu səbəbdən sonuncu dəfə kluba getdiyi günü unutmuşdu. Qonşu kəndlərdə sifarişlə təsərrüfat işləri yerinə yetirib dolanan, həm də bədii rəhbər maaşı alan qohumuna bərk-bərk tapşırmışdı ki, arabir kənardan da olsa kluba göz qoysun, yıxılan yeri olanda xəbəri olsun. Soyuqlar düşəndən aydan artıq idi klub müdiri kənddən iş dalınca çıxmışdı. Müdirin iki günlüyə evinə gəldiyini eşidən bədii rəhbər tez onun yanına gedib bir həftədir klubdan gələn qəribə ciyiltili səs barəsiində danışdı. Klub müdirini fikir apardı ki, görəsən nə olar, o ciyiltili səs? Bədii rəhbərdən soruşdu: -Bəlkə quş balasıdır? Haradansa içəri girib, indi də yol tapıb çıxa bilmir. -Yox, mən diqqətlə qulaq asmışam, quş ciyiltisinə oxşamır, – bədii rəhbər cavab verdi. -Gedək görək nə olan şeydi, – müdir klubun qapısının açarını evdə bir qədər axtarıb tapandan sonra bədii rəhbərlə iş yerinə yollandılar. Paslı qıfılı dəfələrlə irəli-geri tərpədəndən sonra qıfıl açıldı, amma qapı açılmadı. Nə qədər güc verdilər ki, açılsın faydası olmadı. Bəlkə də bir il olardı ki, taxta qapı heç açılmadığından nəmdən şişib bərkimişdi. -Deyəsən dəmir lom lazım gələcək, belə aça bilməyəcəyik. -Gözlə, bu dəqiqə gətirərəm. – Bədii rəhbər tez qaçıb yaxınlıqdakı evindən lom gətirib gəldi. Bu arada keçmiş qonşusunun kənddə tək qalan, Cenifer çağırılan dişi iti yanlarından ötüb bir az aralıdakı pəcərələrdən birinin sınıq şüşəsindən içəri – qaranlıq zala atıldı. İti görən müdir heyrətləndi: -O hara getdi? Pəncərənin şüşəsi nə vaxt qırılıb? -Yaydan bəri qırılıb, – bədii rəhbər narahatlıq keçirmədən cavab verdi, – yerinə karton vurmuşdum. Yəqin ki, külək qoparıb, Cenifer də bundan istifadə edib soyuq olanda gəlib burada qızınır… -Şüşə ilə ya da nazik diklə, taxta ilə təcili bağlamaq lazımdır. Belə olmaz, – müdir onun etinasızlığına narazılığını bildirdi. Uzun əziyyətdən sonra lomun köməyi ilə qapını açıb içəriyə – zala daxil oldular. Onların zala daxil olması ilə ciyiltili səs yenidən eşidilməyə başladı: -Görən bu nəyin səsidir? – Müdir irəli addımlamaq istəsə də bunu etməyə qaranlıqda cürəti çatmadı. Bədii rəhbərə tərəf döndü: -Get işığı yandır. Birdən bizə xətər törədəsi şey olar… Bədii rəhbər işığı qoşdu. Müdir cəsarətləndi. Hər yana diqqətlə baxa-baxa sınıq-salxaq oturacaqların arası ilə səs gələn tərəfə – səhnəyə doğru addımladı. Səhnəyə yaxınlaşanda suflyor üçün nəzərdə tutulan arakəsmədə Ceniferin mərhəmət diləyən baxışlarla onu süzdüyünü görüb ayaq saxladı: -Bıy… bu burada neyləyir? Ciyilti səsi kəsilmişdi. Yeddi gözləri təzə açılmış bala küçük hərəsi bir tərəfdən Ceniferin məmələrini sortuqlayırdı… -Demək ciyildəyən bunlar imiş, – müdir gördüyündən özünə gələnədək ondan bir addım geridə dayanmış bədii rəhbər dilləndi. Tez də arxasınca əlavə etdi: -Deyirəm axı, qancığın klubda nə başı qalıb ki, özünü sınıq pəcərədən içəri atır. Yəqin ki, balalarını soyuqdan daldalamaq üçün yığıb bura… Həyəcandan azad olub bu xoş “qarşılaşmadan” özünə gələn müdir tozlu oturacaqlardan birinə oturub dərindən nəfəs aldı: - Xidmətçini get çağır, gəlsin başqa yerdə bir daldalanacaq tapıb köməkləşib bunları burdan təmizləyin. Hə, hər işimiz düzəlmişdi, bircə Ceniferimiz çatışmırdı, – sonra qəhqəhə çəkdi, – belə səhnənin belə də “pop-star Cenifer”i olmalıdır… -Bilirsiz, müdir, zavallının yiyəsi üç aydı Xırdalana köçdüyündən yazıq it yiyəsiz qalıb. Pis şeydir yiyəsizlik, – deyərək bədii rəhbər itin halına yandı. Düz deyirdi bədii rəhbər, həqiqətən yiyəsizlik pis şeymiş. Klubdan ayrılmaq istəməyən Cenifer köçürülməsinə etiraz edirmiş kimi quyruğunu qısıb acı-acı zingildəyirdi...
02.2015
|