“Oda” Teatrının ilk qastrolu necə keçdi?
06.03.15
İki ildir ki fəaliyyət göstərən müstəqil “Oda” Teatrının Biləsuvar rayonuna olan qastrol səfəri uğurla başa çatıb. Bu barədə teatrın təsisçi və bədii rəhbəri Elmin Bədəlov məlumat verib.
Teatr rəhbərinin sölərinə görə 10 nəfərdən ibarət olan aktyor və rejissor heyəti Biləsuvar rayonunun Bəydilli və Nərimankənd kəndlərində olublar: “Kənd camaatı “Bəyaz Şedevr” (Al qırmızı səmalar) tamaşasını böyük həvəslə qarşıladı. Xüsusən də Nərimankənd Klubundakı nümayişimizdə insanlar tamaşanı ayaq üstə alqışladılar və onlar bizim yenidən həmin kəndə qastrola getməyimizi xahiş edirlər. Bu səfər teatrımızın ilk qastrolu idi. Çox uğurlu oldu və insanların bizi mehriban və qonaqpərvər qarşılamağı bizi daha da sevindirdi. Nərimankənd bələdiyyəsinin nümayəndəsi, kəndin klubunun rəhbəri tamaşadan öncə çıxış edərək bizə təşəkkürünü bildirdi”.
E.Bədəlovun sözlərinə görə üz tutduqları kənddə 20 ildir ki, heç bir tamaşa nümayiş olunmurmuş: “Əslində sırf hansısa ucqar bir kənddə tamaşa oynamaq bizə daha maraqlı idi. Çünki həmin kəndin insanlarının əksəriyyəti tamaşa izləməmişdi və belə insanların reaksiyası bizim üçün çox maraqlı idi. Həmin insanlara, bizə tamaşa göstərmək üçün kömək edənlərə, Biləsuvarlılara öz təşəkkürümüzü bildiririk”.
Aktyorların rayonda polis tərəfindən saxlanılmasına isə teatr rəhbəri belə münasibət bildirib: “Bu xırda bir anlaşılmazlıq idi. Təbii ki, bizim imicimiz fərqli olduğundan polislərdə müəyyən diqqət yaratmışdı. Onlar da bizim kimliyimizi araşdırıb sərbəst buraxdılar. Bizim aktyor olduğumuzu biləndən sonra hətta bölmədə bizə çay da verdilər. Bütün narazılıqlar da həmin vaxt aradan qalxdı”.
Biləsuvar qastrolundan sonra “Oda” Teatrına artıq beşdən çox rayondan qastrol təklifi gəlib. Teatr yaxın zamanlarda bir neçə rayona qastrol səfəri edəcək.
Onu da qeyd edək ki, teatr Bakıya qayıtdıqdan sonra ilk tədbirini martın 8-də edəcək. Belə ki, martın 8-i saat 18:00-da mərhum fotoqraf Dadaş Adnanın fotolarından ibarət teatrda sərgi keçiriləcək. Sərginin ardınca, saat 19:00-da isə teatrın “Apokalipsis” (...nömrəli kameradan olan tanrı) tamaşası nümayiş olunacaq.
Artpress.az
|