Mətanət Vahid -  Sevinc Çılğının hekayələri haqqında
05.03.15


Çağdaş ədəbi prosesi analiz edərkən diqqətə alınması gərəkən istiqamətlərdən biri də qadın nəsridir. Ümumiyyətlə, bu barədə söhbət açılarkən "bədii yaradıcılıqda kişi və qadın bölgüsü aparılmalıdırmı?” sualı meydana çıxır. Bu məsələ artıq uzun illərdir – təxminən ötən əsrin 60-cı illərindən etibarən dünya ədəbiyyatşünaslığının diqqət mərkəzindədir və bir çoxları bu fikirdədir ki, söz sənətini milli mənsubiyyətə, yaşa görə ayırmaq olmadığı kimi, cinsə görə ayırmaq da doğru deyil. Amma bu arqumentlə sona kimi razılaşmaq olmur. Çünki reseptiv tənqidin aparıcı olduğu müasir ədəbiyyatda yazarın və oxucunun nəinki cinsi, milliyyəti və yaşı, hətta savad göstəriciləri və dünyagörüşü də nəzərə alınır. Odur ki, qadın yaradıcılığı, xüsusilə,  qadın nəsri üçün xarakterik xüsusiyyətlərin mövcudluğu onu ayrıca müzakirə obyektinə çevirmək zərurətini meydana gətirir.

Dünya ölkələrinin təcrübələrinə nəzər salsaq, görərik ki,  ABŞ, Qərbi Avropa ölkələri və Rusiyada bu mövzu olduqca geniş müzakirə obyektidir. Hətta bu ölkələrin bir çoxlarının ali məktəblərində mütləq qadın yaradıcılığı və ədəbi yaradıcılıqda gender problemləri üzrə kurslar keçirilir. Artıq uzun illərdir ki,  dünya ədəbiyyatşünaslığında bizə ilk baxışda, bəlkə də, absurd təsiri bağışlayan "qadın yazısı”, "qadın oxusu”, "qadın tənqidi” kimi terminlər meydana gəlmişdir.  Maraqlıdır ki, bizdə qadın yaradıcılığını ayrıca bir sahə kimi qəbul etməyənlər də "qadın yazar”, "ədəbiyyatşünas xanım”, "qadın tənqidçi” kimi adlarla müəliffin cinsini xüsusi vurğulamağı lazım bilirlər.

Ötən əsrin ikinci yarısından, xüsusilə, 80-90-cı illərindən daha çox nəzərə çarpmağa başlayan qadın nəsri müstəqillik dövrü Azərbaycan ədəbiyyatında aktiv fəaliyyət dövrünə qədəm qoydu, çağdaş nəsrimizdə qadın yazarların sayı xeyli artdı. Lakin keyfiyyət heç də hər zaman kəmiyyətə mütənasib deyil. Bununla belə, qadın yazarlarımız var, çoxluq təşkil edir və haqqında danışılacaq qədər yaxşı mətnlər də yazılır. Ancaq istər mətn analizləri, istərsə də ədəbi proses bütövlükdə dəyərləndirildiyi zaman qadın nəsri nədənsə ikinci planda qalır.

Qadın yaradıcılığının əsas özəlliyi mövzu seçimidir: onların ən çox özlərini  yazdığı söylənilir – qadının ailədə, cəmiyyətdə yeri, valideyn-övlad, ər-arvad münasibətləri, sevgi, tənhalıq və s. – dolayısı ilə yenə də qadın. Müsahibələrindən birində Zaxar Prilepin deyir ki, qadın nəsri antologiyasını tərtib edərkən yaxşı yaza bilən 14 qadın müəllifin əsərində kişi qəhrəmanın olmadığının fərqinə vardım, belə qənaətə gəldim ki, qadınların həyatından kişilər yoxa çıxıb. Maraqlıdır, eyni fikri bizim qadın yazarların yaradıcılığı ilə bağlı da demək olarmı?

Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında qadın yaradıcılığından bəhs edərkən daha çox şeir və hekayə yazan müəlliflər ağla gəlir. Roman və povest müəllifləri tək-tək nəzərə çarpırsa da, dramaturgiya sahəsində qadın imzası yox dərəcəsindədir. Qadınlar daha çox kiçik formalara üstünlük verir, nəsrdə yaradıcı eksperimentlər üçün hekayəni ən uyğun janr hesab edirlər.

Gənc yazar Sevinc Çılğın oxucularına daha çox şeirlərilə tanınsa da, hekayələr də yazır. Sevinc də digər qadın müəlliflər kimi daha çox qadını yazır: onun qəhrəmanları, əsasən, gah  illərlə həyat yoldaşı, ana olsa da, qadınlığı sezilməyən və birdən-birə "kəşf edilən”, gah  ailədə mətbəx robotu funksiyasını yerinə yetirən və ən böyük dərdi gözləntiləri doğruldub ana olmaq olan, gah da sevdiyi adamın varlığından hüzur və xoşbəxtlik duyan qadındır.

Bəlkə də, cəmiyyətin basqısından, reallıqda gender problemlərinin önəmli yer tutduğundandır ki, qadın nəsrində "qadının yeri” məsələsi daim qabardılır, başqa sözlə, buna cinsi təəssübkeşlik də deyə bilərik. Çağdaş nəsrdə bu sosial planda olduğu qədər həm də psixoloji planda əksini tapır. Sevin Çılğının "Mələfə” hekayəsi bədii cəhətdən kifayət qədər uğurlu alınmasa da, burada da mental dəyərlərin qurbanı olan qadın obrazı qabardılır. Qadına öz eqosunu təmin vasitəsi kimi baxan "namus keşikçiləri” nəinki onun hislərini, psixoloji durumunu, hətta fiziki vəziyyətni belə, nəzərə almırlar. Kor-koranə bu adət-ənənələrə tabe olan qadınsa nəinki etiraz etmək iqtidarında deyil, etiraz etməyi hətta ağlına da gətrimir. Ö.F.Nemanzadənin təbirincə desək, "məzlum ən böyük zalımdır” və bu qadınların bədbəxtliyi susmasında, bəlkə də, öz bədbəxtliklərini anlamamasındadır. Sevinc hadisələrə, obrazlara münasibətini bildirmir, hadisə nəql olunur, yaşanılır və bitir – hər şey oxucunun ixtiyarına buraxılır: oxu, düşün və nəticə çıxar.

Onun nəsrində uzun-uzadı mətnlər, demək olar ki, yoxdur, əsasən, qısa hekayələr yazır – az sözlə, çox şey deməyə niyyətlidir. Lakin bəzi hekayələrində lakoniklik yeganə məziyyətə çevrilir. Sevdiyi adamla ailə qurmaq arzusu ürəyində hələ də arzu olaraq qalan gənc qız şəhərin az qala bütün mağazalarında gəlinlik paltarlarını geyinib-soyunur, lakin  "Nə vaxtdır toy?” sualı veriləndə  utanır, köks ötürür, çünki "bilmirəm”dən başqa cavabı yoxdur ("O sualı verməsəydilər”). Bu hekayə kimi, "Boş ev”, "Mələfə”, "Dəli” və s. bir neçə mətnin yazılma tarixinə görə müəyyən etmək olur ki, bunlar Sevincin ilk hekayələrindəndir və burada təcrübəsizlik özünü göstərir.

Çağdaş nəsrimizdə ayrı-ayrı müəlliflərin yaradıcılığında feminizm əks olunsa da, onu bütövlükdə Azərbaycan qadın nəsri üçün xarakterik hesab etmək olmaz. Sevinc Çılğının nəsri radikal feminizmdən uzaqdır, bununla belə, qadının taleyi, qisməti, payına düşən acılar onu hər zaman düşündürür. Sevincin qəhrəmanları mentalitetin, kişi və qadın ayrı-seçkiliyinin qurbanlarına çevrilir, ölməsə də, mənəvi yaralar alır, zərbələrə dözməli olur – sadəcə qadın olduğu səbəbindən. Bununla belə, Sevincin hekayələrində həmişə kişi obrazı da var – o, əsərdə olmasa belə, təsəvvür olunan, arzu olunan kişi ilə qadın obrazını bir-birini tamamlayan tərəflər kimi görür və belə  də təsvir edir. Onun nəsrində daim arxalanılacaq, sevəcək, özündən bir boy üstün görüləcək bir kişiyə ehtiyac duyan qadın obrazları ilə qarşılaşırıq. Bu qadın özlüyündə güclü, ağıllı, özünə güvənən olanda belə, sevdiyi kişinin fiziki və daha çox mənəvi gücü ilə hüzur tapmaq arzusundadır. Bu baxımdan Sevincin qadınlarını tipik Azərbaycan qadını adlandırmazdıq, çünki milliyyətindən, irqindən asılı olmadan ümumiyyətlə qadının təbiətində sevdiyinə arxalanmaq, güvənmək arzusu var. Bu, yalnız radikal feminizmdə fərqlidir.

Qadın ədəbiyyatının məziyyətləri və çatışmazlıqlarından bəhs edərkən etalon olaraq kişi yaradıcılığı götürülür, bədii gerçəyə qadın baxışını kişi nöqteyi-nəzəri ilə müqayisə edirlər. Lakin diqqətçəkən bir məqamdır ki, qadını bütün müəmması, sirri, arzusu, xəyalı ilə əsasən, məhz qadın nasirlər yaza, çözə bilir. 

Sevinc Çılğın təkcə qadını deyil, həm də Bakını yazır, paytaxt şəhərin kəndlərini, köhnə məhəllələrini, yeni dövrün köhnə zamanda qalmış adamlarını, bir sözlə, bakılıları ("Şağ”, "Çərənçinin məktubları”, "Yumurta”)  və dolayısı ilə yenə həm də özünü yazır. 

"Şağ” hekayəsində heç bir hadisə nəql olunmur, biz sadəcə Kübranın ara verməyən söhbətlərindən, Fatma xalanın rəhmətlik oğlu Salehin divardakı şəklinə zillənərək gözlərinin dolmasından bu balaca kəndin sakinlərinin nə cür həyat sürüb, necə başa vurduğunu öyrənirik. Qadın nəsri üçün qlobal kataklizmləri, bəşəri problemləri əks etdirən sosial motiv aparıcı deyil, onların cəmiyyətə, mühitə, zamana... münasibəti daha çox özünün fonunda meydana çıxır. Bu hekayədə böyük bir sosial bəla – "ağ ölüm”ün insanların həyatındakı faciəvi rolunun əksini görürük. Bu qısaca dialoq hər şeyi deyir:

" – Haçan çıxmısan?
– Bir-iki saat olar.
Əlini çiynimə qoydu:
– Özün necəsən e?
– ... – çiyinlərimi çəkdim.
– Arvad neynirdi?
– Salehin...
– Hə, o daha gülmez...
– ...
– Eşşi, həyatdu da... Hammızın axırı odu da... Danış görey içəridə nə var-nə yox e...” (S.Çılğın "Yumurta” 2015 s. 37)

Bu kəndin sakinlərinin kişi qismi əksərən narkotik aludəçisi, avara, boş-bekar adamlardır, məqsədsiz, məramsız yaşayır və sanki bunu alın yazısı kimi qəbul edirlər. Bütün yaşadıqları bədbəxtliklərə rəğmən, bu bəla nəsildən-nəslə ötürülür və onlar heç nəyi dəyişməyə cəhd göstərmirlər.

Sevinc gerçəkləri bütün çılpaqlığıyla, qəddarca yazır. "Əhmədin oğlu ölü doğulmuşdu” – "Yumurta” hekayəsinin sonunda damarda qanı donduran bu gerçəklə qarşılaşmağa doğru yol alan oxucu toyuğun altına qoyulmaq üçün yığılmış yumurtaları sındırıb başına çəkən, "Boş veer... Sabah yenə yumurtlayar” deyən Əhmədin böyük bir faciə ilə üzləşəcəyini gözləyir və budur: "Həyətin bir küncünə atılmış qoyun başları Allaha, Mədinənin soyuq və ifadəsiz baxışları isə tavana ilişib qalmışdı.” Əhməd yumurtaları bir-bir sındırıb içəndə səhər yuxudan durub hinə baş çəkən arvadı xoruzun kədərli-kədərli ona baxdığını görmüş, əvvəlcə heç nə anlamamışdı. Sonda isə eyni kədəri, qat-qat betərini Əhməd yaşayır.

"Adamlığın son gecəsi” hekayəsində qəddar kişi obrazı ilə qarşılaşırıq: bədbəxtliyə uğramış övladının yanında olmaq, onu dəstəkləmək əvəzinə, ondan, demək olar ki, imtina edən və böyük bir yanlışın girdabına yuvarlanmasına səbəb olan ata. Yeniyetmə oğlu Mahmud tərəfindən təcavüzə uğradığı üçün atası ondan üz döndərir, "öləndə qəbrimin üstünə də gəlməsin” deyir. Mahmudun bir dəfə məhv etdiyi övladına öldürücü zərbəni də atası vurur. Bədbəxtlik ondadır ki, ata mentalitet qayğısına düşüb valideynlik borcunu unudur, övladı üçün dedi-qodulara, söz-söhbətlərə sinə gərmək, cavab vermək, onu müdafiə etmək əvəzinə, ən doğru addımı ondan üz döndərməkdə görür – "kişilik” borcunu yerinə yetirmək uğuruna, atalıq hissini qurban verir. Yenə bir acı gerçək: toplum olaraq dəstəklənən mental dəyərlərin, adət-ənənələrin əksər hallarda insan həyatına, psixologiyasına təcavüz etdiyinin, yüzlərlə, minlərlə insanı mənəvi cəhətdən məhv etdiyinin şahidi oluruq.

Sevinc Çılğının bir qərblinin dilindən yazılan "Şərq dəftəri” hekayəsi daim əcnəbi qonaqlar tərəfindən öyülməyə öyrəşdiyimizin əksinə olaraq, şəhərimizi, yeməklərimizi, musiqimizi sevə bilməyən italyan xanımın gündəliyidir. İşi gərəyincə illərlə Bakıda yaşayan Henrinin dalınca buraya gələn qadın sevdiyi adamın tipik Azərbaycan kişisinə çevrilməyinə dözə bilmir, "Roma üçün Henri daha başqasıdır” deyə, onun öz vətəninə dönməsini belə, arzu etmədən geriyə qayıdır.

Bütövlükdə müstəqillik dövrü Azərbaycan ədəbiyyatında yazarların, xüsusilə də, gənc müəlliflərin mövzu, təhkiyə etibarilə kompleksləri qırdığının şahidi oluruq, bu xüsusiyyət, eyni zamanda, qadın nəsrinə də şamil oluna bilər. Sevinc Çılğının da hekayələrində bəzən yerində olan, bəzən isə olmayan epatajlı təsvir və ifadələrə rast gəlinir. Yəqin ki, bu, gənc müəllifin cürətli yazar təəssüratı yaratmaq istəyi ilə bağlıdır. Lakin müəllifin cürəti onun gerçəklərə münasibətdə tutduğu mövqeyində daha çox əks olunmalıdır, nəinki "çılpaq” sözlərində.

Yekun olaraq deyək ki, qadın nəsrinə hətta ümumi nəzər saldığımız, bir müəllifin nümunəsi əsasında yanaşdığımız zaman belə, ümidverici bir mənzərə yaranır. Belə görünür ki, Sevinc Çılğının simasında yaxşı bir nasir yetişir. Ümid edək ki, Dubravka Uqreşiç, Elis Munro, Anna Qavald, Ameli Notomb, Lyudmila Ulitskaya, Elif Şafak və s. onlarla digər dünya şöhrətli yazar kimi, bizim də qadın yazarlarımızın sorağı nə vaxtsa ölkəmizin hüdudlarını aşa biləcək.

"Ədəbiyyat qəzeti”

Yenililklər
27.01.22
"Ulduz"un 2022-ci ildə ilk sayı çap olunub
27.01.22
Ramin Allahverdi - Elm nədir? Elmin əsas meyarları hansılardır?
24.01.22
Anar Məcidzadə -  Gecələri göz yaşı, qaranlıq olur səhər
24.01.22
“Yevgeni Onegin” romanı bir milyon rubla satılıb
24.01.22
Fərid Hüseyn - Şeirə bürünmüş İstanbul - REPORTAJ
24.01.22
Azad Qaradərəli - Alpan kömürçüləri
24.01.22
Təbrizdə Qarabağı tərənnüm edən "Xarıbülbüllər" almanaxı çap olunub
18.01.22
Qurban Bayramov - Növbəti erməni məkrinə – erməniləşdirmə faktına münasibət
18.01.22
Rövşən Yerfi - Həyasızlıq kabusu bizi məhv edəcək!..
17.01.22
İlhamə Dağlı - Tobıktıda günəş doğdu
17.01.22
Azad Qaradərəli: "AYB-dan uzaqda qalmaq, təbii çətinliklər yaradıb mənə"
15.01.22
Mübariz Örən Yaradıcılıq Fakültəsinə rəhbər təyin olunub
11.01.22
Gülnar Yunusova -  Fenomen Haruki Murakami 73 yaşında
11.01.22
Kənan Hacı - Vaxt pəncərəsi
11.01.22
Azad Qaradərəlinin hekayəsi Türkiyə saytında yayımlanıb
10.01.22
Nadir Əzhəri - “İsanın qadını” və qadın ifadəsinin keyfiyyəti
06.01.22
Kənan Hacının yeni kitabı çap olundu
30.12.21
Günel Natiq - Ayı dərisi 
29.12.21
“Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi olub
29.12.21
“Ulduz”dan oxuculara endirim
29.12.21
Hacı Zeynalabdin Tağıyevlə bağlı film çəkiləcək
28.12.21
Habil Yaşar - SMS
28.12.21
Eşqin Məmmədov - Bu il başqa arzum var, hədiyyə istəmirəm
27.12.21
Ramil Əhməd Türkiyədə qalib oldu
27.12.21
Yazıçı Varisin kitabı İranda nəşr edilib
27.12.21
Nemət Mətin - İsanın qadını və ya Səxavət Sahilin "Məhəbbət" obrazı
24.12.21
Azad Qaradərəlinin yeni kitabı çap olunub
23.12.21
İlin son "Ulduz"u nəşr olundu
23.12.21
Fərid Hüseynin İstanbulda imza günü oldu - Foto
23.12.21
Cavanşir Atəşi - Xalqının taleyinə günəştək doğulmusan!
20.12.21
“Leyli və Məcnun” dastan-tamaşası təqdim olundu
20.12.21
“Qobustan” sənət toplusunun qış nömrəsi işıq üzü görüb
20.12.21
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib
20.12.21
“Uşaq Avroviziyası - 2021” müsabiqəsinin qalibi bəlli olub
20.12.21
Minsk şəhərində Nizami Gəncəvinin heykəli ucaldılıb
16.12.21
Küyülü Nəccari Səid - Atam
16.12.21
Üfüqdə hansı cərəyan görünür? - SORĞU
13.12.21
Səxavət Sahil - Əkrəm Əylisli, Axundov, Mirzə Cəlil, Sabir və Türk ədəbiyyatı
13.12.21
Mərahim Nəsib - Əllərim göy üzündə, dodağımda dualar
13.12.21
Bakıda 15-21 dekabrda Milli Kitab Sərgisi keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.