Mahir N. Qarayev - Mən səni qadıntək sevmirdim...
05.03.15
Artpress.az şair Mahir N. Qarayevin "At sevgisi" şeirini təqdim edir.
AT SEVGİSİ
Mən səni ot kimi sevirdim onda, Sən də vurulmuşdun mənə at kimi; Qaranlıq otağın şam işığında Sevişə bilmirdik ər-arvad kimi.
Mən sənə baxırdım yaşıl çəməntək- Ürəyim axırdı otlamaq üçün; Əlimiz qalxmadı şamı söndürək, Qalxdıq sönən şamı odlamaq üçün.
Mən səni qadıntək sevmirdim axı, Yamyaşıl yamactək tapırdım səni; Ağzım sulanırdı... at kimi baxıb Ot kimi gözümə təpirdim səni.
Maşından, uçaqdan bab olmaz bizə, Qanımız yaramır mühərrik üçün; Hələ çox cavandıq onda deyəsən- Sən arvadlıq üçün, mən ərlik üçün.
Atıl min belimə, min atlan bir az- Səninlə dünyanı hərlənim, dedim. Sən mənim üstümdə arvadlan bir az, Mən sənin altında ərlənim, dedim.
…Şamı sönmüş evin girəcəyində Səni ürkütməsin bu yanıq iyi; Bir ovuc külümü at pəncərədən, Unut bir bədənlik o sür-sümüyü…
Mən səni qadıntək sevmirdim onda- Mən sənə baxırdım gözəllik kimi; Şam kimi yanmadım, sənin yolunda Yandırdım özümü üzərrik kimi...
|