Anar Yaşar Kamaldan yazdı
05.03.15

TV kanalları acı bir xəbər yaydı: böyük türk yazıçısı Yaşar Kamal uzun sürən ağır xəstəlikdən sonra  vəfat etmişdir.

Bu böyük yazarla  bir neçə dəfə şəxsən görüşmək mənə də nəsib olmuşdu.

Yaxın günlərdə işıq üzü görəcək "Kərəm kimi" kitabımın bir bölümü "Nazımın çağdaşları" adlanır. Bu bölümdən Yaşar Kamala aid olan hissəni sonluğuna kiçik əlavəylə oxuculara təqdim edərək Uca Tanrıdan Yaşar bəyə rəhmətlər diləyirəm.

Nazım Hikmətin ölümündən sonra SSRİ-yə gələn və Bakıda gördüyüm ilk türk yazarları Əziz Nesin, Yaşar Kamal və Məlik Cevdət Anday  idi. Atam o vaxt Moskvadaydı, türk yazarlarla Moskvada görüşmüşdü. Bakıda Yazıçılar İttifaqının  Natəvan klubunda onlarla görüşə anamla bir yerdə mən də getmişdim. Salon ağzınacan doluydu.

Qonaqlara çoxlu suallar verirdilər, doğrusu bu sualların bir çoxuna görə xəcalət çəkiləsiydi. Belə cahil sualların birindən sonra Əziz Nesin: Kendimi Ankarada bazi Universite hocalarının arasındayım  kimi gördüm-dedi.

İddialı bir professorumuz: nədən müasir türk şeiri belə pis günə qalıb? - deyə soruşanda daha Yaşar Kamal dözmədi: - Nazım Hikməti, Orxan Vəlisi, Məlik Cevdəti olan çağdaş türk şeirinə nasıl da  kötü söyləmək olur? - dedi.

Bitəndən sonra Əkbər Babayevin vasitəsiylə türk yazarları evimizə dəvət etdik. Əziz Nesinin nə isə ayrı görüşü vardı. Yaşar Kamal, Məlik Cevdət Əkbərlə atamgilə gəldilər. Mən  dostlarımdan Emin Sabitoğlunu, Vaqif Səmədoğlunu, gənc şairlərdən İsa İsmayılzadəni, Ələkbər Salahzadəni də dəvət etmişdim. İstəyirdim ki, Natəvan klubunda rastlaşdıqları mühafizəkar  çıxışlardan başqa şeirimizdə yeni, çağdaş təmayüllərlə də tanış olsunlar. Çox gənc olan, həm də kənddə böyümüş İsayla Ələkbər bu məclisdə bir az  sıxılırdılar, şeirlərini oxumaqdan çəkinirdilər, kitablarını götürmüşdüm, hərəsindən bir şeir oxudum. Şeirləri açıq rəğbətlə qarşıladılar. Bayaq Natəvan klubundakı çıxışları xatırlayaraq Məlik Cevdət "belə dönəmdən biz də keçdik - dedi - amma sonda  biz yendik".

Vaqif Səmədoğlunun iki misralıq şeiri  var:

Dayandırın yer kürrəsini,
düşmək istəyirəm,
Bir ağac əkin, kölgəsində öpüşmək
istəyirəm.

Sonra məlum oldu ki, birinci misrada ifadə olunmuş fikir hansısa bir qərb şairində  də var. Bu obraz  Vaqifin sırf müstəqil tapıntısı olsa da, bundan sonra o, həmin misraları heç bir yerdə çap etmədi. Bizdəki görüş zamanı bu misraları türk qonaqlara oxudum. Əvvəl tam qavramadılar, axı "düşmək" Türkiyə türkcəsində "yıxılmaq" deməkdir. Sonra izah edəndə, özləri demiş bayıldılar.

Məlik Cevdətin yerindəcə çevirisi yadımda qalıb:  

Durdurun kürreyi-ərzi inmek istiyorum

- sonra gülüb  dedi : bu benim azeri şiirindən ilk çevirim olsun.

Emin pianoda Azərbaycan xalq mahnılarını  çalırdı. Qonaqları heç cür buraxmaq istəmirdik, onlar da bu şeir, musiqi məclisindən ayrılmaq istəmirdilər.

İkinci dəfə  Yaşar Kamalla İstanbulda görüşdük. Simonovun rəhbərliyi ilə Türkiyəyə səfərimiz zamanı İstanbulda Sovet konsulluğuna dəvət olunanlar sırasında Yaşar Kamal da vardı. Məni görəndə qınadı: babanla annen İstanbula gelerkən ilk beni ararlar, sen neden aramadın?

Proqramımızın əsasən İstanbul dışında olduğunu bəhanə gətirdim.

Konsulluqda qəbul zamanı "Cümhuriyyət" qəzetinin iki lap cavan müxbiri mənə yanaşdı, nə üzərində işlədiyimlə maraqlandılar. - Dədə Qorqud ssenarisi yazıram - dedim. Gözləri bərəldi: - Nasıl? Bir Sovet yazarı Dede Korkud konusunda (mövzusunda) əsər yazarmı? İndi də mən təəccübləndim: - Nədir ki? --Dede Korkud faşistlərin ilgiləndiyi bir əsər-dedilər.

Bunu Yaşar Kamala danışanda: - Bok yeyirlər - dedi.

Yaşar Kamalın "babanla annen İstanbula gəldikdə ilk benimlə görüşərlər" sözlərinin təsdiqini Nigar Rəfibəylinin Türkiyə  səfəri haqqında yazdığı "Sağlıqla qal, yaxın qonşu"  yol qeydlərində gördüm:                  

"Səhər yazıçı dostumuz Yaşar Kamal yaşadığımız "Kavak" otelinə bizimlə görüşə gəldi. Həmişəki kimi səs-küylü idi. Bakı səfərini xatırlayır, Qubaya getdiklərini yada salır, deyir, gülür, şaqqıldayırdı. Nəşr etdiyi "Ant" jurnalında keçən il Nazımın ölümünün beşinci ildönümü münasibətiylə xeyli material çap eləmişdi. Jurnalı mənə təqdim edib: -Al, şeirini oxu - dedi. Nazımın ölümünə yazdığım "Bəşər oğlu" şeirini jurnalın səhifələrində görüb çox sevindim. Şeiri olduğu kimi azərbaycanca nəşr etmişdilər. Səhifənin sonuna bir çox Azərbaycan sözünün lüğəti mənasını vermişdilər. Jurnalın səhifələrini vərəqləyib gözucu öz şeirimi də oxumağa başladım. Rəsul Yaşar Kamal ilə şirin söhbətə girişmişdi. Rəsul Ankarada "Ho" teatrında onun "Tənəkə" əsərinə baxdığımızı söylədi, Yaşar: fəna, fəna-deyirdi - məndən dramaturq çıxmadı. Sonra söhbət "İncə Məməd"  romanına keçdi, Rəsul xəbər aldı:

- "İncə Məmədin" gerisini yazdınmı?

- Yazdım, əvət, ikinci, üçüncü kitab da basıldı.

Başımı qaldırıb xəbər aldım:

- Onlar da birinci kitab kimi gözəldirmi?

- Birincidən də gözəldilər - dedi.

-Müəllifin öz əsərindən razı olması yaxşı iş deyil ha! - deyə Rəsul zarafat etdi.

Hər üçümüz bərkdən güldük".

Nazımın son  qadını Vera Tulyakovanın xatirələri də yadıma düşür. Nazım ona "İstanbula gedəndə Yaşar Kamalla tanış olarsan - deyirmiş - çox mərd adamdır, Parisdə mənimlə görüşməkdən qorxmadı".

"Ən böyük şairimiz" adlı məqaləsində Yaşar Kamal yazır:

"Çağımızın böyük şairlərindən Nazım Hikmət, bütün çağların da ən böyük ustalarından biridir. Modern türk ədəbiyyatının da atası, qaynağıdır. Nazım Hikmət dilimizi zənginləşdirmiş, dilimizə yeni dadlar gətirmişdir. 17 il xalqımızın içində yaşaması onu xalqla bütünləşdirmişdi, böyük xalq  qaynağıyla aşılamışdır. Bu aşılanma onu bir Yunis İmrə, bir Pir Sultan Abdal, bir Qaracaoğlan, bir Dadaloğlu yapmışdır. Nazım Hikmət böyük xalq ozanlarının son halqası olmuşdur... Bizim şeirimizdə olduğu qələr hekayəmizdə, romanımızda da Nazım Hikmətin böyük təsiri vardır. Əgər bizim ədəbiyyatımızda Nazım Hikmət çapında bir yol göstəricisi gəlməsə idi, ədəbiyyatımız bu səviyyəyə çıxmazdı. Bir ölkənin ən böyük şairini, bir ölkənin dilinin yaradıcılarından ən böyüyünü kim vətəndaşlıqdan məhrum edə bilər? Gələcək nəsillər bir tək Nazım Hikmət hadisəsinə görə bizi bağışlamayacaqdır... Bir ölkənin ən böyük şairini sən 17 il həbslərdə çürüt, ondan sonra da onu öldürməyə qalx, onu qaçmaq məcburiyyətində burax, ardından get onu vətəndaşlıqdan at, o da getsin qürbət ellərdə vətən həsrəti, dilinin həsrəti içində ölsün. Bir insana, özü də ən böyük şairinə bizim ölkəmizin siyasətçilərinin etdiyini bütün çağların ən azğın, ən dəliqanlı diktatorları belə etməmişdir..."

Yaşar Kamalın "İncə Məməd" də, başqa romanları da çağdaş Türkiyə ədəbiyyatının ən dəyərli örnəklərindəndir şübhəsiz, həm də dünyaca tanınan əsərlərdir. "İncə Məməd"də bir saf  dağ havası duyulur, dağ  övladlarının  azad, sərbəst, müstəqil davranışları çox incə boyalarla əks olunub. Yaşar Kamalın özü   də  müstəqil düşüncəli, hərəkətlərində sərbəst adamdır. Onun nə qədər kürd mənşəli olduğunu bilmirəm, bilərəkdən, qəsdən özünü bəzən kürd adlandırması məncə ancaq bir növ  etiraz idi. Çağdaş türk nasirləri arasında Yaşar Kamal qədər türk dilinin bütün incəliklərinə bələd olan, türk folklorunu onun qədər sevən, hətta toplayıb nəşr edən ikinci bir yazar tanımıram. Doğrudur bəziləri Yaşar Kamalın kürd təəsübkeşliyini Nobel mükafatı almaq iddiasıyla bağlayırdılar, amma Yaşar Kamal bu bəyanatlarsız da həmin mükafata çoxdan layiq olan sənətçidir. Elə Nazım Hikmətin özü kimi. Təəssüf ki, bu mötəbər mükafat bəzən bədii dəyərlərə görə deyil, siyasi konyukturaya əsaslanaraq verilir. Yaşar Kamal yalnız Türkiyədə baş verən hər hansı  ədalətsizliyə qarşı çıxmır, dünyanın hansı yerində olur olsun hər haqsızlığa  biganə qala bilmir.

O vaxt Türkiyə  Yazarlar Sindikatının Başqanıydı. Sindikatı ziyarət etdiyim zaman Yaşar Kamal, o vaxtkı  müavini Bəkir Yıldız və başqa bir neçə yazıçı bir məsələni  ciddi şəkildə müzakirə edirdilər. Diktatura rejimi hökm sürən hansısa ölkədə (yadımda qalmayıb ya Latın Amerikası, ya ərəb ölkəsiydi) öz əsərlərinin çapına izn verməmək barədə danışırdılar. Yazarlardan biri o dövlətin siyasətinə protest olaraq öz əsərini nəşrinə qadağa qoymaq istəyirdi, Yaşar Kamalın da əsərinin çəkilməsini ( məhz "çəkilmək" istilahını işlədirdilər) təklif edəndə o razılaşmadı. Əksinə, qoy bizim əsərlər bu ölkələrə də yol tapsın ki, oranın  da xalqını  oyatsın, əsərlərimizi geri çəkməklə nə qazanırıq? Guya o diktatorlar bundan  üzüləcəklər?

Yaşar Kamal Bakıya Nəsimi yubileyinə  də  gəlmişdi və yubiley gecəsində  öz çıxışından başqa bütün məruzələrin, nitqlərin rus dilində olmasından çox rəncidə olmuşdu.

Sonuncu dəfə Yaşar Kamalı  1993-cü ildə, İstanbulda Memar Sinan Universitetində  işlədiyim zaman gördüm - Türkiyə Yazarlar Sindikatının mart ayının   20 və 21-də keçirilən VIII qururultayında... Qurultaya məni o zaman Sindikatın Yaşar Kamaldan sonra Başqanı seçilmiş Oqtay Akbal dəvət etmişdi. Yaşar Kamalla, Əziz Nesinlə  səmimi görüşdük.

Qurultayı Oqtay Akbal açdı, qurultaylar arasında Sindikatın fəaliyyəti haqda hesabatda Sindikatın Azərbaycanla bağlı keçirdiyi üç tədbir xüsusi qeyd olundu: 1992-ci il martın 5-də Azərbaycan Yazıçılar Birliyinin Türkiyədə təmsilçisi Tofiq Məliklinin təşəbbüsüylə Qarabağ faciəsinə həsr olunmuş toplantı, 1992-ci il  mayın 4-də Anarın, Nəbi Xəzrinin və Tofiq Məliklinin iştirakıyla keçirilmiş,  Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin genişləndirilməsinə aid toplantı və "Qaraca" teatrında  Azərbaycanla bağlı tədbir... Məruzədən sonra qonaqlardan üç nəfər çıxış etdi: Türkiyənin Kultur bakanı Fikri Sağlar, Cümhururiyyət Xalq partiyasının başqanı Dəniz Baykal və mən.

Çıxışımda  qurultay iştirakçılarını Azərbaycan Yazıçılar Birliyi adından təbrik etdim. Qarabağ dərdimizdən danışıb, işğal  edilmiş torpaqlarımızın tezliklə azad olacağına ümid bəslədiyimizi dedim:

"Bu ümid bu gün ağır, soyuq qışdan sonra qan və göz yaşları çilənmiş Azərbaycan çöllərində qarların altından baş qaldıran fidanlar kimidir,  novruzgülü, nərgiz, bənövşə kimidir. O bənövşə ki ona XVI əsrin böyük azəri aşığı Qurbani ölümsüz misralar həsr edib.              

Qurbanı der: könlüm bundan sayrudur
nə etmişəm, yarım məndən ayrıdır
ayrılıqmı çəkib boynu əyridir
heç yerdə görmədim düz mənekşeni.

Mən bu bəndi yalnız iki hərfi dəyişərək oxudum:   Siz "mənekşə" deyirsiniz, biz "bənövşə". Eyni kökdən, eyni qaynaqdan olan dillərimiz arasında XVI əsrdə də, ondan əvvəl və sonra da çox az fərq olub".

Çıxışımdan sonra Yaşar Kamal məni bağrına basaraq təbrik etdi və Qurbaninin misralarını bir daha təkrar etməyimi xahiş etdi.

Canlı Yaşar Kamalla bir daha görüşmək mənə müyəssər olmadı, amma hər dəfə İstanbulun Atatürk hava alanından şəhərin mərkəzinə tərəf gələrkən Yaşar Kamalın Boğaz sahilində  ucaldılmış abidəsinin önündən keçir və  bir daha onu xatırlayıram. Bu heykəl Yaşar bəyin sağlığında ucaldılmışdı  və  sahilin başqa  səmtində, Bəbəkdə  bir yamacda əyləşmiş  daş Orxan  Vəli kimi,  indi heykəlləşmiş Yaşar Kamal da İstanbulu  dinləyir. Əbədi ünvandan... Səssiz-səmirsiz...     

Türkiyə türkləri  yazı İlk bahar adlandırırlar.İlk bahar dünyaya qədəm qoyduğu çağda, qış yuxusundan oyanmış torpaqda zərif bənövşələr - mənekşeler baş qaldırdığı günlərdə qardaş dillərimizin böyük söz ustasını itirdik. Ölməz əsərləri, parlaq surəti, işıqlı xatirəsi daima qəlblərimizdə yaşayacaqdır.

1 mart 2015
/525.az/

Yenililklər
29.11.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu iki mədəniyyət paytaxtını bir araya gətirir
29.11.22
"II Sumqayıt Kitab Sərgisi keçiriləcək"
23.11.22
Günay Əfəndiyeva Daşkənddə Maqsud Şeyxzadənin heykəlini ziyarət edib
22.11.22
İntiqam Yaşar Tunisdə Beynəlxalq Poeziya Festivalında ölkəmizi təmsil edəcək
22.11.22
“Hayrettin Hoca” monoqrafiyası  nəşr edilib.
18.11.22
Kürdəmirdə Aşıq Şakirin 100 illik yubileyi keçirildi
17.11.22
Ədəbiyyat İnstitutunda “525-ci qəzet”in 30 illik yubileyinə həsr olunmuştədbir keçirilib
15.11.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Səmərqənd Zirvəsi çərçivəsində beynəlxalq simpozium keçirib
14.11.22
Günay Əfəndiyeva: “Gələcək genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün həvəslə və böyük səylə fəaliyyətimizi davam etdirməkdəyik”.
13.11.22
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
10.11.22
“II ANAİB Gəncə Kitab Sərgisi” keçiriləcək
10.11.22
Tıxaclarda qalıbdı şad xəbərlər… - YENİ İMZA - Səbuhidən şeirlər
03.11.22
“Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” kitabı çap olunub
03.11.22
Azad Qaradərəli - Xalq şairinin ölümü
31.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Litva Karaimləri” adlı konfrans keçirilib
27.10.22
“Hüseyn Cavid romantizmi rənglərin işığında” adlı kitab çap olunub.
25.10.22
Tanınmış nəşriyyatların redaktorları bir arada
25.10.22
Vüqar Əhməd Türkiyədə konfransda iştirak edib
25.10.22
Azad Qaradərəli - Zori Balayanın azərbaycanlı vəkilləri yaxud ayı kimin əmisi oğludur?
21.10.22
Görkəmli ədəbiyyatşünas alimlərin anım günü qeyd olunub
19.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu fəaliyyətini Avropada genişləndirməyə davam edir
17.10.22
“Ustad” dərgisinin 39-cu sayı Hüseyn Cavidə həsr edildi
12.10.22
Türk Dünyası Naşrilər Birliyi yaradıldı
09.10.22
Azad Qaradərəli - Yoxdan var və vardan yox olmağın poetik izləri
07.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində yeni nəşrini təqdim edib
06.10.22
Ədəbiyyat İnstitutunda dərsliklərin müzakirəsi keçirilib
04.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Nizami Gəncəvinin yeni kitabını nəşr edib
28.09.22
Bölgələrdə kitab sərgisi təşkil olunacaq
28.09.22
Macar şairi Mikloş Radnotinin yaradıcılığına həsr olunmuş musiqili gecə keçirilib
26.09.22
Günay Əfəndiyeva Polşada bir sıra görüşlər keçirib
26.09.22
Şəmsəddin Şəmsinin “Dəh Mürğ” poemasının əlyazma nüsxələri əldə olunub
26.09.22
Azərbaycan Yazıçılar Birliyinin qurultayı təxirə salınıb
26.09.22
Günəş topla mənim üçün... - Etimad Başkeçidin yeni hekayəsi
23.09.22
“Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin təqdimat mərasimi keçirilib
23.09.22
Polşada keçirilən VI Beynəlxalq Türkologiya Konqresində Azərbaycan təmsilçiləri fəal iştirak edib
22.09.22
Polşada Beynalxalq Türkologiya Kongresi çərçivəsində Azərbaycan musiqi gecəsi keçirilib
22.09.22
ANAİB-dən Ermənistanın son təxribatı ilə bağlı bəyanat
21.09.22
Ədəbiyyat İnstitutunda Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabını təqdim edilib
21.09.22
Polşada VI Beynəlxalq Türkologiya Konqresi başlayıb
14.09.22
“Metafizika” jurnalının növbəti sayı (2022/3) işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.