Musiqili Teatra kollektiv sifarişlər gəlir
04.03.15
Azərbaycan Dövlət Musiqili Teatrına tamaşaçı marağı gündən-günə artmaqdadır. Teatrın hazırladığı bir-birindən maraqlı tamaşalar böyük tamaşaçı kütləsinin rəğbətini qazanıb. Məhz bunun nəticəsidir ki, son vaxtlar teatrın tamaşalarına kollektiv sifarişlər verilir. Həmin kollektivlərdən biri də Bakı Ali Neft məktəbidir. Ü. Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası növbəti dəfə bu ail təhsil müəssisəsinin kollektivi üçün nümayiş olunub.
Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoglu Artpress.az-a bildirib ki, başda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov olmaqla Neft Məktəbinin müəllim və tələbə heyyəti uğurla keçən tamaşanı izləyib. Azərbaycan Dövlət Musiqili Teatrının Baş inzibatçısı Sücəddin Sadıyev “Müxtəlif kollektivlərin Musiqili Teatra böyük marağı var və bu maraq gündən-günə artır. Yəqin ki, bu oynanılan tamaşalarla, teatrımızın uğurlu repertuar siyasəti ilə bağlıdır. Demək olar ki, hər həftə bizə müxtəlif idarə və müəssisələrdən sifarişlər daxil olur. Bir sıra nazirliklər, təhsil, səhiyyə ocaqları kollektiv şəkildə gəlib tamaşalarımızı izləyirlər” deyə bildirib.
Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli, Cənnət Səlimovadır. Tamaşada Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Elvin Əliyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış etmişlər.
Artpress.az
|