Seyran Səxavət - Karusel
03.03.15

Artpress.az yazıçı Seyran Səxavətin "Karusel" hekayəsini təqdim edir.

Fatma bircə dəfə ağzından qaçırtmışdı ki, bufetçi Sabir yaman şeydi, həşəridi, adamın şiltiyin atır – doymaq bilmir, adamı öldürür ee, bajı...

Fatmanın sirr verdiyi qadın da bircə dəfə ağzından qaçırtmışdı ki, deyirlər bufetçi Sabir yaman şeydi, doymaq bilmir.

Bu da, bəs eləmişdi ki, bufetçi Sabir bəzi qadınların maraq dairəsində “adlı-sanlı” kişilərdən biri olsun.

Fatma otuz yaşında, suyuşirin, əndamlı, ədalı bir qadın idi; zahirən xanım-xatınlığı da vardı. Onun xanım-xatınlığı işvəsinə qarışanda, ən zəif adamın da kişi olduğu yadına düşürdü. Onun qabarıq, gen sinəsinin cazibəsi kişiləri gözündən vururdu – ovçu quşu gözündən vurduğu kimi. Bu, Fatmanın xoşuna gəlsə də, qəsdən eləmirdi. Onu Allah belə yaratmışdı və Fatmanın da ixtiyarı vardı ki, bu rayon mərkəzinin başqa qadınları kimi dükan-bazara çıxsın. Bir dəfə də onu şəhərin mərkəzi kitabxanasından çıxanda görmüşdülər. Fatma on ilin gəlini olsa da, uşağı yox idi. Əri bu balaca şəhərin qabiliyyətli, hörmətli dəmirçilərindən biri idi, özü isə mərkəzi xəstəxanada tibb bacısı işləyirdi. Fatma dul qalmışdı – əri keçən il dəmir yol vağzalından evə qayıdanda avtomobil qəzasında həlak olmuşdu. İndi tək yaşayırdı.

Bufetçi Sabir isə çay qırağındakı pavilyonda işləyirdi, kabab bişirirdi, iş yerinin səliqə-səhmanına baxırdı, müştərilərə qulluq eləyirdi, samovar qaynadırdı, hamı ilə zarafat eliyə bilirdi, yetənə yetir, yetməyənə bir söz atırdı, adının əvvəlindən də göründüyü kimi bufetçi də özü idi – bir sözlə öz əli, öz başı idi.

Bufetçi Sabir qırx yaşının içindəydi. Bir qızı vardı, onu da keçən il, Fatmanın əri ölməmişdən üç-dörd gün qabaq köçürdüb yerbəyer eləmişdi. Kürəkəni mantyor işləyirdi, onun da adı Sabir idi – mantyor Sabir. Qızının on beş yaşı olanda arvadı qəfil xəstələndi, dərdinə çarə tapılmadı, üç-dörd günün içində əriyib çöpə döndü, son nəfəsində nəsə demək istəsə də, çatdırmadı. Bu gün də şəhər camaatına sirdi ki, buz baltası kimi qadına birdən-birə nooldu...

Bufetçi Sabir dul qalmışdı. İndi tək yaşayırdı. Qızı tez-tez ona dəyirdi, ev-eşiyi silib-süpürürdü, qayıdırdı öz yuvasına.

Fatmanın əri ölmüşdü, bufetçi Sabirin də arvadı. Bu məqamda ancaq Aşıq Ələsgər yada düşə bilərdi, elə düşdü də:

 

Sənin ərin ölsün, mənim arvadım

İkimiz də qalaq yaslı-yaralı...

 

Həyat davam eliyir axı; nə Fatmanın ərinin, nə də bufetçi Sabirin arvadının əziz xatirəsi zamanın gərdişini dayandırıb onu dəyişdirə bilməzdi – olan olmuşdu... Bu mənada sizə elə gəlmir ki, aşıq Ələsgər yuxarıdakı beyti yazanda, məclislərdə meydangirlik eləyib dilinə gətirəndə, elə Fatma ilə bufetçi Sabiri nəzərdə tutub, hə? Şəxsən mənə elə gəlir ki, Dədə Ələsgər bu beyti onlara həsr eləyib. Bunu, Dədə Ələsgərin Fatma ilə bufetçi Sabirə verdiyi xeyir-dua kimi də qəbul eləmək olardı, baxın də...

Bufetçi Sabir o vaxt dəbdə olan, yağın içində təzəcə aldığı, boz rəngli “Moskviç-412” maşınını pavilyonun arxasındakı sıx ağaclığın əhatəsində saxladı, yəni ki, mən burda yoxam, pavilyon bağlıdı. Sonra da pavilyonun girəcəyindəki qapıya ağırlığı bir kiloya qədər olan yekə kilid vurdu, açarını da qoydu cibinə. Pavilyonun dalına hərlənib arxa qapıdan içəri girdi. Saatına baxdı. Gecə saat birə iyirmi dəqiqə qalırdı. Elə Fatmanın gəlməyinə də o qədər qalmışdı. O, hər dəfə Fatmanı gözləyəndə belə qabaqlayıcı tədbirlər görürdü, biabırçılıqdan bərk qorxurdu. Bu gün-sabah, bəlkə də şəhərin ən cavan babası olacaqdı və buna, bəri başdan elə sevinirdi ki...

İşığın biri yanırdı. Bufetçi Sabir hər dəfə işdən evə qayıdanda bütün işıqları söndürüb təkcə onu yandırırdı. Bu, həm də təhlükəsizlik tədbiri kimi başa düşülürdü. Elektrik lampası pavilyonun alnına bərkidilsə də, yananda içəri xəfif işıq süzülür, içəriyə romantik bir görkəm verirdi. Bu, Fatmanın da xoşuna gəlirdi – rayon romantikası...

Bu cür romantika dünya şöhrətli “Hilton”, “Palas” otellərinin yuxusuna da girməzdi; onlar başqa yuxular görürlər.

Bufetçi Sabir axşamüstü bişirdiyi çoban qovurmasını soyuducudan çıxarıb elektrik peçinin üstünə qoydu. Balaca, iki nəfərlik qatlama stolun üstünə göyərti, pendir-çörək düzdü. İki yonma stəkanı və iki yonma yüz qramlıq badəni də yadından çıxarmadı. Stol da, bufetçi Sabir də hazır idi. Bu vaxt rayonun yüz on minlik camaatı şirin yuxuda olurdu. Hamı yatıb, cırtdan cütlüyü oyaq...

Əlli-altmış metr aralıda görünən qaraltı tələsik, ürkək addımlarla pavilyonun arxa qapısından içəri girib oldu Fatma. Həmişə belə olurdu; əvvəlcə Fatmanın qaraltısı gəlirdi, dalınca da özü.

Bufetçi Sabir qapını arxadan şaqqıltı ilə bağlasa da, bu səsdən heç biri diksinmədi. Çünki bu səs onlar üçün doğmalaşmışdı, bu mərhəm şaqqıltıdan sonra onların həyatı istədikləri axara düşüb çay kimi onları aparırdı – belə səsdən kim diksinər ki?...

Durum yazım ki: “Fatma içəri girən kimi onlar bir-birinə sarıldılar, bufetçi Sabir onun boynunu, boğazını, üz-gözünü, qabarıq sinəsini öpüşlərə qərq etdi” və sair, bu, yalan olardı, sizi bəlkə də inandırardım, ancaq özüm inanmazdım.

Fatma içəri girən kimi keçib öz həmişəki yerində oturdu, bufetçi Sabir də qızdırdığı xörəyi sabılca qarışıq gətirib stolun tən ortasındakı qazanaltının üstünə qoydu.

Əgər mən Fatmanı da, bufetçi Sabiri də həyatda şəxsən tanısaydım, Aşıq Ələsgərin o beytini yazıb konvertə qoyar, sonra da onların ünvanına göndərərdim. Yüz faiz bilirəm ki, onların bu şeirdən xəbəri yoxdu, oxumurlar də zalım uşağı, kitab görəndə elə bil analarının oynaşını görürlər.

– Fatma.

– Hay can...

– Mənnən yüz qram konyak içərsən?

– Sabir, qadan alım, sənnən zəhər də içərəm, ancaq mən heylə şeylərin dadını bilmirəm axı.

– Bilmirsən, bil dana.

– Qorxuram ee, Sabir.

– Nədən qorxursan, aaz?

– Qorxuram, başım gicəllənər... yıxılaram.

– Qorxma, yıxılsan tutaram.

– Sabir, içsəm sonra mənnən zəhlən getməz ki?

– Mən içirəm... neçə dəfə görmüsən elə burda; sənin mənnən zəhlən gedir?

– Yox... Allah eləməsin... ancaq sən ayrı, mən ayrı dana...

– Sən niyə ayrı?

– Axı mən zənən xeylağıyam...

– Noolsun?

– Axı deyillər...

– Nə deyillər?

– Deyillər zənən xeylağı içirsə, pozğundu.

Bu sözdən sonra bufetçi Sabir duruxdu, elə bil pozğun sözünü Fatmaya yaraşdırmadı, ona qıymadı.

– Yaxşı, – dedi, – özüm içərəm... həmişə tək içməmişəm? – Fatmanın üzünə baxmağa ehtiyac duymadı.

– İncimirsən ki? – Fatma işvələndi.

– İçmirsən içmə, nə deyirəm ki...

Bufetçi Sabir qalxıb pavilyonun küncündəki gizlincindən yoğun konyak şüşəsini gətirib stolun üstünə qoydu:

– Görürsən bunun üstünə nə yazılıb?

– “Şirvan” – Fatma şüşənin üstünü tələsik oxudu.

– Ay sağ ol... Bu konyakı böyük adamlar içir, raykomlar, üzü yuxarı... Heç ispalkom da bunun dadını bilmir. Bakıya gedəndə almışdım. Bahalı şeydi... Sənə görə almışdım... Onda sənin stəkanını götürüm də...

– Yoox, buna görə çörəyin üstündən durma, qalıb də, – Fatma nazı ilə etiraz elədi.

Bufetçi Sabir “Şirvan”ın ağzını açıb yüz qramlıq yonma badəsini doldurdu:

– Fatma, Allah səni maa çox görməsin, – dedi, bu dəfə də öz ağzını açıb konyakı ora tökdü.

Fatma hər görüşündə ondan bu cümləni üç, ya da dörd dəfə eşidirdi. Bufetçi Sabir uzun-uzadı tost deməyi xoşlamırdı. Bu təkrar Fatmanı yorub bezdirmirdi, çünki o əzbər bildiyi bu cümləni səbirsizliklə gözləyir və elə bil birinci dəfə eşidirdi. Bufetçi Sabir isə hər dəfə bu cümlənin üstünə yüz qram araq tökürdü – konyak ilk dəfə idi.

– Böyüklər ağzının dadını bilirmiş, yağ kimi getdi. Deyillər ki, bu, – başı ilə konyak şüşəsini göstərdi, – bir başa qana işdiyir. Özü də, atan kimi gedib yerinə çatır... – əlini yüngülvari qarnına çəkdi.

Fatma midilənirdi, bufetçi Sabir isə elə bil aclıqdan çıxmışdı və yeməkdən kam alırdı. Onun belə yeməyi Fatmaya ləzzət eliyirdi; ona elə gəlirdi ki, bufetçi Sabirə halaldı, çünki o nə təhər yeyirdisə, heylə də kişi idi...

Bufetçi Sabir müştərilərlə əlli-əlli vuranlardan deyildi. Əvvəllər ona belə təkliflər olanda deyirdi:

– Sən harda işləyirsən?

– Bilmirsən ki, bankda...

– İşdə içirsən?

– Yoox...

– Niyə?

– Olmaz axı, işdə...

– Mənə də olmaz, mən işdə dəyiləm, bəs hardayam?..

Yaxın adamların toy-düyünündə ürəyi açılırdı, yaxşı yeyib-içirdi, sonra da zümzümə eliyə-eliyə çıxıb gedirdi evinə-eşiyinə, vəssalam.

Həftədə üç dəfə, cüt günlərdə, o, adət elədiyi rejimdən çıxıb Fatmanın rejimi ilə hərəkət eləyirdi. Bu, günün günorta çağı mümkün deyildi, adamın pişiyini ağaca dırmaşdırardılar – yalnız gecənin qırt yarısı. Və indi də o gecələrdən biri idi.

Əlinin arxası ilə yağlı dodaqlarını siləndə gördü ki, bu, Fatmanın nəzərindən yayınmadı. Özünü o yerə qoymadı, kağız dəsmalla əlinin üstünü silib gülə-gülə Fatmaya dedi:

– Nəə baxırsan?

– Bura sənə baxmağa gəlmişəm də... – Fatma əriyə-əriyə elə gülümsədi ki, bufetçi Sabir də əridi və qeyri-adi ərimə prosesi onların əllərinin bir-birinin üstünə minməsi ilə yekunlaşdı.

Bufetçi Sabir təkəlli qalmışdı və onun təkəlli qalmağının İkinci Dünya müharibəsinə dəxli yox idi ha... O, Fatmanın üzünə gülümsəyən kimi dərhal da cavabını aldı, haqqında həbs-qətiimkan tədbiri seçilmiş əli ilə bir topa bulaq qıjısını ağzına basıb xarta-xurtla elə yeyirdi ki, elə bil silos doğrayan maşındı. Sol əli hələ amnistiyaya düşmədiyinə görə sağ əli ilə özünə konyak süzdü. Rəngi güclə seziləcək dərəcədə qızarmışdı və bu, onu bir az da şirinləşdirirdi. O, badəni götürüb bir az da qızarmaq və şirinləşmək istəyirmiş kimi dedi:

– Fatma, Allah səni maa çox görməsin.

Fatmanın ağzında dili yox idi, onun ancaq gözləri danışırdı, gözləri dil açmışdı...

Bufetçi Sabirin qidalanma prosesinin ikinci seriyası titrsiz-filansız necə qəfil başladısa, adama elə gəldi ki, beş-altı dəqiqədən sonra sapılcanın dibini də sivirib onu güzgü kimi parıldadacaq. Ümumiyyətlə, onun yemək-içmək prosesi seriallara oxşayırdı və bu serialın ən tələbkar, istedadlı və yeganə tamaşaçısı Fatma idi. Dünyanın işini bilmək olmur də, nə zamansa ikinci bir tamaşaçı – istedadından və gözəlliyindən asılı olmayaraq peyda olsaydı, Fatma ortasından çatdıyardı, çünki bu serial da, onun baş qəhrəmanı da bir nəfərlikdi – Fatmanındı.

Bufetçi Sabir deyəsən Fatmanın bayaqkı oğrun baxışından nəticə çıxardıb parıldayan dodaqlarını kağız dəsmalla silib dedi:

– Fatma.

– Haycan.

Fatma haycan deməsəydi o, elə birbaşa mətləbə keçərdi. Ancaq hərə öz işini görürdü də.

– Fatma, ağzınnan bir söz-zad qaçırtmamısan ki?

Görüşdükləri uzun müddətdə ilk dəfə verilən bu sualın gözlənilməzliyi Fatmanı gözlənilməz hala salsa da, o, bacarıqla, işvəkarlıqla bu vəziyyətdən çıxıb dedi:

– Sən nə danışırsan Sabir, heç heylə şey olar... bir daş altda, bir daş üstdə...

– Sənə inanıram haa, Fatma. Yoxsa...

– Yoxsa nə?

– Bilirsən ki, səni çox istəyirəm. Ancaq qulağım bir şey çalsa, – üzünə xoş ifadə verməyə cəhd elədi, – dilini dartıb xirtdəyindən çıxardaram.

Fatma dilini çıxardıb ona göstərdi. Bufetçi Sabir çiynindən tutub onu özünə sıxdı, üzünü də üzünə; əllər öz işini görüb qurtarmış, bir-birinin üstündən düşmüşdü.

Fatma sevinirdi ki, onun dilini dartıb xirtdəyindən çıxara biləcək bir kişi var yanında – bu sözlər onun ürəyinə sarı yağ kimi yayılıb ömürlük bir arxayınçılıq yaratdı.

– Fatma...

– Haycan... – Fatma yenə Sabirin birbaşa mətləbə keçməsinə mane oldu.

– Fatma, o bodulqanı götür, – konyak şüşəsinə işarə elədi, – ay sağ ol... indi mənə konyak tök...

Fatma yoğun, hamar konyak şüşəsini iki əlinin arasında bərk-bərk sıxıb konyak süzdü. O, o qədər gülməli görünürdü ki, Sabirin də dodaqları qaçdı. Sizə zarafat gəlməsin, bu, Fatmanın ilk “işi” idi. Sabir bu yaxınlarda bir filmdə görmüşdü ki, fransız qadını restoranda birlikdə şam elədiyi kişinin xahişi ilə onun badəsinə necə viski süzür; qəfildən o yadına düşmüşdü. Bu da sənə, hələ Sovetin vaxtında Avropaya inteqrasiya – buyur.

– O bodulqanı niyə heylə iki əlli tutmuşdun, aaz?

– Çox yoğundu dana, ona görə.

– Yoğun yaxşıdı dana...

Fatma gülümsəyib onun enli sifətinə yaraşan yekə burnunun ucundan tutub sıxdı:

– Eeey... Şəhadət barmağı ilə onu hədələdi.

Bu hədəni hansı kişi görsəydi ağzının suyu axardı, arzulayardı ki, kaş onu da, heç olmasa ildə üç-dörd dəfə belə hədələyən olaydı. Sözə, təsvirə gəlməyən bu işvəli, mərhəm, şirin qadın hədəsini görsəydiniz, ondan sonra bilərdiniz ki, bu, nə olan şeydi – ancaq görək Sabir buna razı olardımı? Heç vaxt...

– Bir söz demək istəyirəm Sabir... ancaq utanıram...

– Sənin başın xarabdı?

– Yoox... niyə ki? – Elə bil bir az da incidi.

– Bəs onda mənnən niyə utanırsan? Bizim bir-birimizdən utanan vaxtımız keçib, yadındadı? Mənim heç vaxt yadımdan çıxmaz... – Sabir gözüynən onu yeyirdi.

Fatma onun nəyə işarə elədiyini başa düşüb dedi:

– Yaxşı-yaxşı... başına söz qəhətdi?.. – Güldü, əridi...

Burda hər kəs – Fatma da, Sabir də, “Şirvan” konyakı da öz işini görürdü və belə demək mümkündürsə, bu üçlüyün işi hələ qurtarmamışdı. Hələlik “Şirvan” Sabirdən də, Fatmadan da fəal görünürdü; belə ki, birinci yerdə “Şirvan”, ikinci yerdə Sabir, üçüncü yerdə isə Fatma qərarlaşmışdı. Bu, hələlik beləydi, vəziyyət hər dəqiqə dəyişə bilərdi.

– Yaxşı, de görüm nə məsələdi? – Sabir soruşdu.

– İkimizin aramızda qalacaq? – Fatma onun üzünə baxdı.

– Yoox... qəzetə verəjəm.

– Sabir, mən də onnan istiyirəm.

– Konyak?

– Hə...

– Bıy saa ürəyim qurban, elə bunu saa almışdım dana... – Deyəsən “Şirvan” bir az da fəallaşmışdı.

– Çox acıdı?

– Saa deyim dana. Ağızda bir az acılığı olur, ancaq içəri ki, getdi şirinləşə-şirinləşə bala dönür.

– Həə? – Fatma inandı.

– Hə... indi özün görəzsən dana, uzaqda dəyil ha.

– Sabir yadındadı?

– Nə?

– Keçən il bu vaxt, mən sənin sağlığına demək istəyəndə qoymadın...

– Niyə?

– Dedin ki, içməyənin sağlıq deməyə ixtiyarı yoxdu. İndi ixtiyarım var?

– Var... döşə gəlsin.

Fatma balaca yonma stəkanı ovcunun içində tutub nəsə demək istəyəndə Sabir qoymadı:

– Müstərsən aaz, stəkanın belindən tut də... bax, belə, mənim kimi...

– Qorxuram yerə tökülər ee...

– Yerə tökülər təzədən dolduraram, qurbandı saa... Çay içəndə stəkanı nə təhər tutursan? Elə bil çaydı dana, rəngi də oxşayır.

Fatma Sabirin dediyini canla-başla elədi, pis də alınmadı:

– Sabir, – dedi, – Allah sənə dəyməsin... gözü doldu, – sən olmasan özümü gölə ataram, – dedi və bir anın içində, sol əli ilə burnunu sıxıb, acı dərman içən xəstələr kimi, stəkandakı konyakı qorxusundan necə “peşəkarcasına” atdısa, Sabirin gözü kəlləsinə çıxdı, sonra da uğunub getdi, qızarmış sifəti qıpqırmızı olana qədər güldü.

– Niyə heylə elədin ki? – Sabir soruşdu.

– Birinci dəfədi dana... qorxumdan heylə elədim ki, canım tez qurtarsın.

– Yaxşı, götür bir loxma çörək ye... Acı dəyildi ki?

– Yox ee... heç dilimə dəymədi ha... elə, boğazımdan getdi içəri. Ancaq boğazım bir az göynəyir.

– Götür limonad iç... keçdi?

– Hə...

Sabir saysız-hesabsız lətifə bilirdi və onları lətifə stilində də dilinə gətirməyi bacarırdı, çünki özü duzlu adam idi – elə bir ixtiyarım olsaydı, duzsuz adamların lətifə danışmasını qadağan eliyərdim, çünki içinə aftafa alırlar. Bu, doğrudan da belədi; mənim uşaqlıq dostum var, akademikdi, dünyanın ən güclü alimlərindəndi. Yüz dəfə eşitdiyi lətifəni bircə dəfə danışsın, adamın nə tükü tərpənir, nə də heç harası. Ancaq Sabir ağzını açan kimi uğunub gedirsən. İndi o, yenə əsgərlikdə olanda öyrəndiyi lətifələrdən birini danışdı, Fatma gülməkdən dayana bilmirdi. Ancaq o lətifəni sizə danışa bilmərəm, çünki bu onların vəziyyətində, yalnız onlara aid idi – iki nəfərlik...

Fatmanın yanaqlarında bir cüt çiyələk qızarırdı, qırıb yeyən lazım idi. Ancaq nə sizin, nə də yazıçının buna nə ixtiyarı, nə də hünəri çatardı, lap könlümüz istəsə də – çünki Sabir kələ kimi oturmuşdu yanında, ürəyi istəyəndə dərəcəkdi – əli ilə yox, dodaqları ilə... əzilərdi axı...

– Sabir.

– Can Sabir. – Bu dəfə də Sabir Fatmanın birbaşa mətləbə keçməsinə mane oldu, məqamı gəlmişdi.

– Sabir...

– Can Sabir. – O, yenə mane oldu.

– Yaxşı, qoy sözümü deyim də... – Fatmanın özü o qədər olmasa da, işvəsi incidi. İncik işvə də başqa bir aləmdi, bütün kişilərə qismət olsun.

– Sən evlənəzsən?

– Heç vaxt! – Sabir bu sualı yarımnormal qəbul elədi.

– Niyə?

– Ay Fatma, saa ürəyim qurban, qırx yaşım var, bundan sonra nə evlənmək? Qırxında evlənən, gorunda xoşbaxt olar... bəlkə də olmaz.

– Sənin tayların hələ indi-indi evlənir, eləsi var heç evlənməyib də...

– Fatma.

– Haycan.

– Qulaq as. Bax, günü sabah evləndim. Bu gün-sabah nəvəm olacaq. Bir ildən-zaddan sonra arvadım getdi roddoma, bir oğlu oldu. Nəvəm oğlumdan böyükdü. Ancaq oğlum nəvəmin dayısıdı. Mənim nəvəm yekələndə, özünnən çıqqılı olan adama nə təhər dayı desin, aaz. Biabırçılıqdı – mən belə şey eləmərəm. Bir də ki, Allah səni maa çox görməsin, bəsimdi. Sənin kimisin hardan tapajam.

– Tapıbsan dana...

– Yox ee, dedim axı saa, balabanda qandırdım axı, səni.

– Bəs evlənsən kimi alarsan?

– Heç kəsi.

– Çıxılmaz vəziyyətə düşsən nə təhər?

– Pis vəziyyətə niyə düşürəm ki, ağlım başımda, özüm də ki...

– Sabir...

– Can Sabir.

– Sabir, qurban olum saa, məni al dana, noolar?

– Yaxşı, sarsaxlama, bayaq dedim axı, saa... Bu söhbəti bağladıq...

Elə bil Sabirin qəfil ağlına gəldi:

– Bəri bax, – dedi, bəs sən niyə ərə getmirsən, hə?

– Sənnən başqa heç kim ürəyimə yatmır, gözüm səni nə təhər tutubsa... Sən niyə heylə deyirsən? İstəyirsən ərə gedim? – Kövrəldi, – bezmisən mənnən? – Fatma elə pis oldu ki...

– Sarsax-sarsax danışma aaz, səni kim alsa onu doğruyaram... balaca tikəsini qulağı boyda eliyərəm.

Fatma bu sözlərdən ürəkləndi, elə yaxşı oldu ki...

...Yaman şey, həşəri, adamın şiltiyini atan, doymaq bilməyən, adamı öldürən Sabir, o gecə, Fatmanın bircə dəfə ağzından qaçırtdıqlarının hamısını eləyib qurtarandan sonra, gecə saat beşin yarısında Moskviçinə minib Fatmanı da yanında oturtdu, parkın yanından keçəndə dedi:

– İstəyirsən parkda bir az gəzək?

– Gəzək... – Elə bil Fatma onun bu təklifini çoxdan gözləyirdi, – ancaq işıqlanmamış gedərik... evə...

Onlar parkın darvazasının ağzında maşını saxlayıb içəri keçəndə şəhər yuxusundan bal çəkirdi...

Bu şəhər yüz illərdi Kiçik Qafqaz sıra dağlarının ətəyindən yapışmışdı – əl mənim, ətək sənin. Sıx meşələri çiyninə salmış dağlar bir-birinə arxalanırdı, söykənirdi. Günəş hər axşam o dağların arxasında gecələyirdi; qışda dağların kürəyini qızdırır, yayda isə qovururdu. Can dərmanı yetirən qara torpaq adamların üzünü ağ eləyirdi, bolluq-bostanlıq idi. Gözəllik, xeyir-bərəkət, zəhmət, adamları cilaladıqca onlar bir-birinə qarşı daha da mehriban olur, şad-xürrəm yaşayırdılar. İlin bütün fəsillərinin gözəlliyi adamları diri saxlayırdı – dörd gözəl... Allah bu yerlərdən heç nə əsirgəməmişdi – nəyi vardısa tökmüşdü bura...

Onlar parkın yarımqaranlığına girən kimi Sabir dedi:

– Gir qoluma.

Fatma Sabirin qoluna girib uşaq kimi sevindi:

– Elə bil Bakıdayıq...

– Bir dəfə səni aparajam Bakıya.

Fatma bu xəbərə də sevindi:

– Görəsən niyə bizimkilər parkda gəzəndə Bakıdakı kimi bir-birinin qolundan tutmur, hə?...

– Bura Bakıdı? – Sabir dedi, – burda olmaz, rayon yeridi, adamı hoydu-hoyduya götürəllər.

Onlar qucağında uşaq tutmuş ana abidəsinin yanında dayandılar, Sabir başını qaldırıb bu qadının sifətinə diqqətlə baxandan sonra dedi:

– Bu arvad niyə bikefdi?

– ...

– Sən bilərsən ee.... ikiniz də arvad xeylağısınız...

– Yəqin oğlunu müharibədə öldürüblər, onçun bikefdi.

– Qucağındakı kimdi bəs, öz uşağıdı?

– Yox... yəqin nəvəsidi, görmürsən qoca arvaddı...

– Düz deyirsən, – Sabir təsdiqlədi.

Onlar bu heykəltəraşlıq nümunəsini rayon yerində yaşayan bir cüt “sənətşünas” kimi mükəmməl təhlil eliyəndən sonra üç-dörd ay bundan əvvəl qurulmuş karuselə tərəf getdilər. Fatma dedi:

– Deyirəm ay Sabir, biz nə qədər oğurluq gəzəcəyik ee, buralarda?

– Başına söz qəhətdi? Buna da şükür.

Karuselin yanında ayaq saxlayan kimi Sabir dedi:

– İstəyirsən səni karuselə mindirim.

– İstəyirəm. – Bu gün Fatmanın sevinc günü idi.

– Di, gəl görüm.

Fatma karuselə baxıb dedi:

– Tək qorxuram ee.

– Yaxşı ikimiz də minək.

Onlar qalxıb əyləşdilər. Sabir onu qucaqlayıb gen sinəsinə sıxdı və bir an dayanıb üzünün key ifadəsi ilə dedi:

– Bəs qnopkanı kim basacaq?

– Doğrudan ee...

– Bu saat, – Sabir bu işin əlacını tapmış adam kimi dedi, – sən otur, mən bu saat gəlləm.

O, karuseldən düşüb xeyli aralıdakı, uzun, hamar qarğu ilə qayıtdı.

– Yəqin burda oynayan uşaqlardan kiminsə qarğu “atı”dı, yadından çıxıb qalıb, – dedi və Fatmanın yanında yerini rahatladı.

– İndi nağayrazsan? – Fatma maraqla soruşdu.

– Görərsən, – Sabir dedi və əlindəki uzun, hamar qarğunu karuselin düyməsinə tərəf uzatdı. Bir-iki dəfə cəhd eliyəndən sonra düyməni basa bildi.

Karusel hərəkətə gəldi. Fatma Sabirin bu “tapıntısı” ilə öyündü. Karuselin sürəti artdıqca Fatmanın qəşəng saçları dingildəyib bir-birinə qarışırdı; bu da, ona yaraşırdı və bu yaraşıq Sabirin gözündən yayınmamışdı, tez-tez çönüb ona baxırdı. Fatma başını Sabirin çiyninə qoydu. Onun saçları ara-sıra Sabirin üzünə toxunanda o, özündən asılı olmayaraq gözlərini               yumurdu, bu toxunuşda ilahi bir rahatlıq hiss eləyirdi və bu cür rahatlıq ilk idi – ilkin...

Karusel xeyli fırlanandan sonra Fatma dedi:

– Sabir, vaxtdı, gedək.

– Düz deyirsən...

Sabir əlindəki uzun, hamar qarğunu karuselin düyməsinə tərəf tuşladı ki, onun yanından keçəndə basıb dayandırsın, ancaq yaxına düşə bilmirdi. Sabir on-on beş dəfə cəhd eləsə də, heç nə alınmadı, əlindəki uzun, hamar qarğunu, bir uşağın sevinə-sevinə mindiyi “atını” sınıq-sınıq eləyib tulladı. Sabiri tər basdı, onlar fırlana-fırlana qalmışdılar. Karuseldən özlərini atsaydılar, çilik-çilik olardılar. Sabir fikirləşdi ki, qız rüsvay olacaq... özüm cəhənnəm...

Fatma, onun qapqara nəm sifətinə ani nəzər salıb özünü itirmiş vəziyyətdə dedi:

– Rusvay oldum... – Ancaq özünü nəzərdə tutdu.

Fatma düz deyirdi. Bizdə qadınla kişinin belə müştərək rüsvayçılığından qadına daha çox pay düşür, kişiyə nə var ki... Fatmanın haqqında isə bütün qadınlar belə deyəcəkdi:

– Qızıxıb...

Bayaq Sabir uzun, hamar qarğu ilə karuseli hərəkə gətirəndə Fatma onun bu tapıntısı ilə öyünmüşdü. İndi isə o, öz varlığını hiss eliyə bilmirdi. Bədəni cumculuq olmuşdu – qan-tər içindəydi.

Sabir, Sabirin yadından çıxmışdı və ancaq keyləşmiş başı ilə Fatmanı fikirləşirdi: “Yazıq biabır olajax...”

Sən demə bu, Sabirin bir dəfə Bakıda, dəniz kənarında mindiyi karuseldən deyilmiş; onun düyməsini basırdılar işə düşürdü və on dəqiqədən sonra özü dayanırdı – rele onun işini tənzimləyirdi – o, bunu nəzərə almamışdı.

Fırlana-fırlana qalmışdılar, onların işi Allaha qalmışdı, bir də işıq idarəsinə – işıq sönsəydi yaxalarını bu biabırçılığın əlindən qurtara bilərdilər; bu da dəryada balıq sevdasına oxşayırdı.

Üzüm yığımının qızgın vaxtı idi. Camaatı məhsul yığımına səfərbər eləyən ştab bu parkda yerləşirdi. Bir azdan Rayon Partiya Komitəsinin birinci katibi Mahmud Mahmudzadə başda olmaqla bütün partiya və təsərrüfat fəalları, prokuror, milis rəisi, hamısı bura axışacaqdı. Şəhərin işıqları Fatma ilə Sabirin xilas ümidi kimi yavaş-yavaş öləziyirdi.

Fatmanın ara vermədən axan göz yaşları şəhərin işıqlarının üstünə bir-bir damcılayıb onları söndürdükcə rüsvayçılıq da yaxınlaşırdı.

Saat yeddiyə beş-on dəqiqə işləmiş yoldaş Mahmudzadənin “Qaz–24” markalı xidmət maşını parkın girəcəyində dayandı. Onunla daban-dabana gələn partiya təsərrüfat fəalları birinci katibi qarğa-quzğun kimi dövrəyə aldılar. Heç kəs ona yaxınlaşıb əl vermirdi, hamısı bükülü vəziyyətdə gendən salam verirdi, o da, bu salamları ağızucu yox ee, gözucu alırdı – özü də hamısınınkını bir dəfəyə. Onlar bu vəziyyətdə parka daxil oldular.

Cütlük hələ fırlana-fırlana qalmışdı...

Səfərbərlik ştabının rəhbəri başqa adam olsa da, son sözü Mahmudzadə yoldaş deyirdi:

– Maşınlar hazırdı? – Birinci katib soruşdu.

– Bəli, yoldaş Mahmudzadə. – Avtobazanın rəisi bir addım irəli çıxıb təzədən yerinə qayıtdı.

– Bu axşam raport verməliyik ha, plan bu gün dolmalıdı.

– Bilirik, yoldaş Mahmudzadə.

– “Ukrayna” kolxozunda vəziyyət nə yerdədi?

Cütlük fırlana-fırlana qalmışdı...

– Şəkərin dərəcəsini qaldırdınız?

Cütlük fırlana-fırlana qalmışdı...

– Zavodu işə saldılar?

Cütlük hələ də fırlanırdı və onlar partiya-təsərrüfat fəallarına fırlana-fırlana baxırdılar. Partiya-təsərrüfat fəalları isə ancaq Mahmudzadə yoldaşa baxırdılar – elə hər cəhətdən.

Mahmudzadə bura yığışanların içində ən boylu-buxunlu, gövdəli adam idi. Birdən o, sağ əlini karusel tərəfə uzadıb dedi:

– O nədi heylə?

– Karuseldi, yoldaş Mahmudzadə.

– O niyə səhərin gözü açılmamış fırlanır ki? Özü də deyəsən iki nəfər də orda...

– Düzdü, yoldaş Mahmudzadə.

– Get onları gətir bura. – Milis rəisinə dedi.

Bir suiçim saatda onların ikisi də suyu süzülə-süzülə birinci katibin hüzurunda dayanıb başlarını aşağı salmışdılar. Hər ikisi girməyə siçan deşiyi axtarırdı.

– Bunlar kimdi belə? – Mahmudzadə camaatın topasından soruşdu.

Polis rəisi bir addım irəli çıxıb dedi:

– Yoldaş Mahmudzadə, Sabirdi də, bufetçi Sabir.

– O dilli-dilavər deyilən oğlan budu?

– Bəli, yoldaş Mahmudzadə.

– Oboxeisi göndərərsən getsin bunun pavilyonunu möhürləsin.

– Baş üstə, yoldaş Mahmudzadə.

– Özünü də basın getsin üzüm yığsın.

– Baş üstə, yoldaş Mahmudzadə.

– Bu nə vaxtın karuseldə farlanmadığı əə, belə... türküdurmazdan...

Sabir Fatmanı bu rüsvayçılıqdan xilas eləməli idi, başını azca qaldırıb dedi:

– Yoldaş Mahmudzadə... biz əhd eləmişdik ki, evlənməmişdən bir gün qabaq gecənin yarısı gələk bura... heç kim görməsin dana... minək karuselə, səhər gedək ZAQS–a.... Mindik, heç kim yox idi. Uzun qarğu vardı, onnan qnopkanı basdım, karusel yerindən tərpəndi, sonra saxlaya bilmədim, iki saatdır fırlanırıq...

Birinci katibi gülmək tutsa da, özünü boğdu, təbəssümlə kifayətləndi. Əlinin altında işləyən bir belə adamın içində gülmək olmazdı, yoxsa onun ciddilik imici zədələnərdi...

Birinci katib polis rəisinə dedi:

– Bunnan işiniz olmasın, – gülümsədi, – qoyun işiynən məşğul olsun.

– Baş üstə, yoldaş Mahmudzadə.

– Bəs bu xanım kimdi belə?

– Bunu alajam dana, yoldaş Mahmudzadə.

– Bəs niyə belə gec evlənirsən?

– Rayonda hamıdan tez mən evlənmişdim... sonra... arvadım öldü.

– Allah rəhmət eləsin...

– Sağ olun, yoldaş Mahmudzadə.

– Bəs, bu xanım niyə belə gec ərə gedir?

– O da, mənim kimi hamıdan tez ərə getmişdi, sonra əri avariya düşdü, öldü.

Elə bil Mahmudzadə bu rayonda işlədiyi illərdə ilk dəfə idi ki, birinci katib olduğunu unutmuşdu.

– Gedin o ZAQS-ın müdirin çağırın bura.

– Mən burdayam, yoldaş Mahmudzadə, – əlli yaşlı çeçunça kostyum geymiş kişi bir addım irəli çıxdı.

– Bunların kəbinini kəs, özü də burda.

– Baş üstə, yoldaş Mahmudzadə.

Çeçunça kəstyum geymiş kişinin getməyi ilə qoltuğunda qovluq geri qayıtması bir oldu. Ştabın qırmızı pərdə salınmış stolunun üstündə kəbin kəsildi.

Mahmudzadə qırmızı stola yaxınlaşdı, Sabirin əlini sıxıb “təbrik eliyirəm” deyən kimi, bütün partiya-təsərrüfat fəalları bir ağızdan dedilər:

– Təbrik eliyirik.

Sabir Fatmanı bu biabırçılıqdan xilas etmişdi, qalan heç nə haqqında fikirləşmirdi. İndi kim nə deyə bilərdi ki? Kişinin oğlu öz halal-hümbət arvadıynan karuselə minib də, burda nə var ki...

Maşına minən kimi Fatma, içində baş vermiş dağıdıcı zəlzələdən sonra özündə güc tapdı, nəm gözlərini silə-silə pıçıldadı:

– Sabir...

– Haycan...

– Sabir, sənə qurban olum...

– Yaxşı, yaxşı... indi vaxtım yoxdu, sonra qurban olarsan.

– Sabir...

– Yaxşı də... gedirik bizə, bu gün işə mənim evimdən gedəzsən... ölənə qədər.

– Bəs camaat...

– Camaatınan bayaq qurtardıq də... parkda... indi sən mənim arvadımsan, əlimdə kağızım da var, orda ikimizin də adı yazılıb...

– Nə yazılıb?

– Orda yazılıb ki, camaat otursun yerində, Fatma Sabirin arvadıdı.

...Sabirin dedikləri çin çıxdı. Vaxt-vədə ötəndən sonra bir oğlu oldu Fatmadan. Dayı, bacısı oğlundan iki yaş yarım kiçik idi – Sabirin ağzı fal imiş...

İndi tez-tez bu parka gəlib üçlükdə karuselə minirdilər, heç nədən, heç kimdən də çəkinmirdilər. Bu parka gəlib gəzən qadınlar karuseli görən kimi bic-bic gülümsəyib deyirdilər:

– Fatma karuseli...

Kişilər də deyirdilər:

– Sabir karuseli.

Sizə zarafat gəlməsin, Azərbaycan boyda məmləkətin heç bir klassikinə, dahisinə sağlığında qismət olmayan şey Fatma ilə Sabirə qismət olmuşdu: Onlar balaca bir şəhər parkında olsa da, adlarını beləcə əbədiləşdirmişdilər...

İndi isə... Özünüz bilirsiniz də, göydən üç alma düşdü, biri Fatmanın, biri bufetçi Sabirin, biri də Rayon partiya komitəsinin birinci katibi yoldaş Mahmudzadənin...

Mən alma istəmirəm...

15–16 yanvar, 2015-ci il

/525.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.