Lalə Həsənova - Postmodernizm, özünütənqid və müasir Azərbaycan cəmiyyəti
27.02.15
Postmodernizm illərdən bəri ədəbi ictimaiyyətdə mübahisə doğuran, hətta Azərbaycan cəmiyyətində birmənalı rədd olunan problemdir. Hamını narahat edən isə ilk növbədə milli mənəvi dəyərlərimizə, tarixi şəxsiyyətlərimizə olan fərqli münasibətdir. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanının nəşr olunduğu ilk vaxtlarda doğurduğu rezonans, narazılıq bu gün də gündəmdədir. Problemlə bağlı bir cox əsərlər yazılıb, əsər müxtəlif dillərə tərcümə edilib, lakin nədənsə biz yenə də postmodernizmi öyrənib qəbul etməkdənsə, inkar etməyi labüd sayırıq.
Elmi müddəaları bir kənara qoyub bu anlayışa ümumi nəzər salsaq, postmodernizm bəşəriyyətin öz tarixinə dönərək bugünkü təcrübəsi, nailiyyətləri baxımından yenidən nəzər salmasıdır. Axı insan kamilləşdikcə, keçmişinə, bu gününə olan münasibəti də dəyişir. Bəs nədən bizim cəmiyyət belə addımı atmağa hazır deyil? Allahın ömür verdiyi hər bir insan yaşa dolur, qocalır. Lakin müdrikləşmək, kamilləşmək hər insana nəsib olmur. Y.Qarayev Cavid yaradıcılığının gücünün onun Şərqə xas idealist “həqiqətlərə”, fəlsəfə, firqə və təriqət axtarışlarına verdiyi tənqidi qiymətdə olduğunu, birdəfəlik, əbədi tapılmış ehkam və doqmaları inkar və rədd etməsi olduğunu qeyd edirdi. “Qoy şübhə, düşüncə əzablı və səhv olsun, büdrəyiş olsun, təki ehkam olmasın!... Min batil etiqadın, min bir təriqətin gündə min bir dəfə çeynəndiyi mumiya və doqma olmasın!” Bu yanaşmanı yeni həqiqət, yeni fəlsəfə axtarışları üçün zəruri tarixi və psixoloji mərhələ olaraq qiymətləndirirdi.
İnkişafın müəyyən mərhələsində özünə tənqidi baxış zəruridir. Özümüzü əzizləyə-əzizləyə “Koroğlu” qəhrəmanlığını da, Nigar ismətini də itirdik. Bəlkə tariximizə yeni baxış bizi bu idilliyadan oyadacaq və biz özümüzü istədiyimiz kimi deyil, olduğumuz kimi görə və qiymətləndirə biləcəyik. Sadəcə inkar deyil düşünülmüş yanaşma daha vacib deyilmi? Bu halda bizi qorxudan görəsən nədir?
Müasir ədəbiyyatımızda bununla bağlı ifrata varan gənclərin də bəlası postmoderni səthi, üzdən qavramalarıdır. Demək həm tərəfdarı olanlar, həm də inkar edənlər öz məlumatsızlıqlarına əsaslanırlar. Postmodernizmin bizdən tələb etdiyi yüksək intellektdir (ən yaxşı postmodernist yazarları yada salaq: M. Paviç, U.Eko, Borxes, Pelevin, bizim Kamal Abdulla). Yerimizdə sayıb inkar etməkdənsə, inkişaf edib öyrənmək daha doğru deyilmi?!. Bu əsnada qeyd etməliyik ki, postmodernizmə münasibət cəmiyyətimizin mənəvi durumunun göstəricisidir. Təəssüf ki, biz hələ də problemə xurafata inanıb, yenilikdən qaçan xələflərimizin layiqli sələfləri kimi yaşamağa üstünlük veririk. Dünyanın artıq keçdiyini qəbul etdiyi bir mərhələni öyrənmədən müasir sənəti qavramaq mümkün deyil. Bu səbəbdən də Azərbaycan ədəbiyyatında postmodernizm mövzusunun hələ də aktual olduğunu görməli və qəbul etməliyik.
|