Aydın Dadaşov - Rejissorların yetim qızları, yaxud ayaqsız cənnət quşları
27.02.15

UDKİ-ni Mixail Rommun emalatxanasında Andrey Konçalovski, Elem Klomov, Rezo İsadze, Georgi Şengeleya, elə birinci ildə üçüncü kursun əlaçı tələbəsi Faiq Həsənovla (1937-1965) ailə qurduqdan sonra müəllim kimi aktyorluğa üstünlük verən Sergey Gerasimovu seçən Qalina Polskixlə birgə oxuyan Ramiz Əsgərovun: “Altı il Moskvada qalandan sonra o səs-küylü, şən şəhəri tərk etməli oldum. Ayrılığın belə çətin olacağını heç təsəvvürümə də gətirə bilməzdim. Çox darıxıram, o günlərin xiffətini çəkirəm. Qabaqda məni nə gözlədiyini bilmirsən, firavanlığa ümidim qalmayıb. Heç bir şansım da yoxdur. Mənə elə gəlir ki, gələcəkdə ancaq uğursuzluqlarla rastlaşacağam. Lakin taleyin belə gərginliyi ilə barışmayacağam. Gücüm çatdıqca mübarizə aparacağam. Çünki yaxşı yaşamaq istəyirəm! Uğur olsun, cavan oğlan! 01.10. 1964”   cümlələri qısa həyatı müharibə dövrünə düşən, 60-cı illərin ilıqlaşma dövründən yetərincə bəhrələnə bilməyəcəyini duyan gənc rejissorun daxili təlatümlərini canlandırır.

Ramiz Əsgərovun Antonis Voyazosla Nazim Hikmətin (1902-1963) “Romantika” əsəri əsasında quruluş verdikləri “Yaşamaq gözəldir, qardaşım!” filmi  (ssenari müəllifi Leonid Aqranoviç. 1966) insanın azadlığa məhkumluğunu ideyaya çevirməklə siyasi səciyyə daşısa da, mühitin güzəranla bağlı gerçəklikləri ilə yanaşı sevgi münasibətlərini də ekrana gətirir. Əslində film  1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub, vətəninində marksizmi-leninizmi təbliğ edən siyasi fəaliyyətinə görə dəfələrlə düşdüyü həbsxanadan azad olmaqla (1950) ömrünün sonunadək SSRİ-də yaşayan şair, dramaturq, ssenariçi Nazim Hikmətin olduqca kinematoqrafik həyat hekayətini əks etdirir. Və müəllifin sağlığında ərsəyə gələn «Bir məhəlləli iki oğlan» avtobioqrafik filminin (ssenari müəllifləri Nazim Hikmət, A.Begiçeva, quruluşçu rejissorlar Əjdər İbrahimov, İlya Qurin. 1957) uğuru artıq göz qabağında idi...

“Yaşamaq gözəldir, qardaşım!” filminin iki quruluşçu rejissorundan birinin təyyarəçini bıçaqla yaralamaqla Yuqoslaviya ərazisinə keçməyə məcbur etməklə (12.09.1948) qiyabi ölüm cəzasına məhkum edilən gənc yunan kommunistlərindən Antonis Voyazos  olması mövzunun avtobioqrafik çalarını gücləndirirdi. Yeri gəlmişkən ÜDKİ-də Mixail Rommun kursunda birgə oxuyan gənc rejissorlar: Ramiz Əsgərov, Antonis Voyazos, Andrey Smirnov və Boris Yaşinin Anatoli Kuznetsovun “Yurka-dağınıq komanda” hekayəsi əsasında birgə çəkdikləri eyniadlı qısametrajlı debüt filmində baş rolu Vasili Şukşin oynamışdı.

“Orta məktəbi bitirdikdən sonra elə həmin il Bakı studiyasına işləməyə gələn Ramiz Əsgərovla tanış oldum. O, kinonun dəlisi idi. Biz birlikdə ÜDKİ-na daxil olmaq üçün Moskvaya getdik. Mən operatorluğu seçdim. Ramiz isə rejissorluq fakültəsinə, Mixail Rommun emalatxanasına daxil oldu. Sonralar böyük Ustad Ramiz haqqında deyəcəkdi: “Ramiz mənim ən istedadlı tələbələrimdən biridir. Mən ondan çox şey gözləyirəm”. Ən nüfuzlu ustad sayılan Mixail Rommun emalatxanasında təhsil almaq heç də asan iş deyildi. Romm tələbəni elə-belə seçmirdi. O, yalnız gələcəyinə inandığı istedadlı gəncləri öz emalatxanasına götürürdü. Onun emalatxanasından mahir kinematoqrafiya ustaları çıxırdı” yazan Rasim İsmayılovun: “Film üzərində işləməyə başlayanda ilk növbədə Nazim Hikmətin vaxtilə Peredelkinoda yaşadığı evdə onun dul qadını ilə görüşdük. Ramiz Nazim Hikmətin əyləşdiyi kürsüdə oturdu, onun əlyazmalarını vərəqləməyə  və şəkilləri seçməyə başladı. Bütün bunlar ona böyük təsir göstərirdi. O, Nazim Hikməti çox sevirdi. Tez-tez Nazim Hikmətin tərcüməçisi və katibi olan Əkbər Babayevlə görüşürdü. Çəkilişlər çox mürəkkəb idi. Moskvaya, Kiyevə, Şuşaya qış ekspedisiyaları təşkil olundu. Təbii ki, filmin Türkiyəyə aid olan hissələrini biz Bakıda və onun ətraf kəndlərində – Fatmayidə, Qobustanda çəkdik”  xatirəsi Sovetlərin siyasətində aparıcı yer tutan kommunist ideyaların bütün dünyaya, o cümlədən Şərq ölkələrinə idxalı məqsədini də səciyyələndirən  filmin quruluşçu rejissorunun ilkin ədəbi mənbəyə münasibətdə məsuliyyətini, işgüzarlığını, həyat eşqini əks etdirir. Yeri gəlmişkən, bu filmin quruluşçu operatoru Rasim İsmayılov şərqin məişətini inqilabi mübarizəyə qoşulanların portretlərini, məhrumiyyətlərlə dolu Rusiya həyatının bayram əhvalını ekranda göstərə bilir.

14 aprel 1966-cı ildə Bakı qəzetinin müxbiri Mülatif Adurova film barədə: ““Romantika” mənim və həmkarım Antonis Voyazosun tammetrajlı film çəkmək sahəsində ilk işimizdir, - deyən Ramiz Əsgərovun: “Buna görə də işimizə məsuliyyətlə yanaşırıq. Filmdə çəkilən gənclərin aktyorluq məharəti, kollektivin bütün üzvlərinin işə belə ciddi yanaşması – belə ümid verir ki, film tamaşaçılar tərəfindən bəyəniləcək”  cümlələrində, ölümə məhkum edilən dostu ilə, həbsxaanada yazılan əsəri ekranlaşdırmaqla, yaxın gələcəkdə teatrda Mirzə Cəlilin “Ölülər”inə quruluş vermək, kinoda  ölkəsini azad görmək istəyən xalq qəhrəmanı “Babək” haqqında film yaratmaq istəyən gənc rejissorun optimizmini duymamaq mümkünsüzdür. Yeri gəlmişkən Ramiz Əsgərov Az TV-də kinolentində istehsal olunan filmlər şöbəsinin baş redaktoru, “Aygün” fiminin ərsəyə gəlməsində müstəsna əməyi olan Elxan İbrahimovun bacısı Gülya ilə evlənmişdi, Lalə adlı qızı böyüyürdü...

Sosial ədalətsizliyə barışmaz münasibəti ilə çoxluğun ideya daşıyıcısına çevrilən, marksizm-leninizm ideyalarını geniş kütlə arasında yaymaq naminə ağır mətbəə şriftlərini çantasında daşıyan Əhməd bəyin dayısı Şükrü bəyin mənzilinə gələrək iş istəməsinin uğursuzluqla nəticələnməsi, üstəlik məsciddə belə davamlı olaraq izlənilməsi vəziyyətin çıxılmazlığını təsvirdə göstərə bilir. Sulu qəlyan çəkib qəhvə içə - içə marksizm-leninizm nəzəri əsaslarını dərindən öyrənmək naminə dostu Kərimlə üz tutduğu, marş sədaları altındakı şüarlarla nümayişə çıxanlarla, xorla internasional oxuyanlarla dolu Moskvada qalan  sevgilisi Annuşkanı yada salan Əhmədin xatirələrinin film boyu davamlı olaraq ekrana gəlişi paralel montaj metodunu peşəkar üslub göstəricisinə çevirir.  Ağır çantayla daim təşviş içində gəzən Əhməd bəyin arxasınca gələnin artıq arada dilənçiyə də çevrilən xəfiyyə deyil, çadralı  qadın olduğunu müəyyənləşdirməsi təsvirdıki gərginliyi artırır. Nəhayət ki, körpünün altına gəlib çıxan İsmayılın əlindən ağır çantasını aldığı Əhmədlə əldən-ayaqdan uzaq qayalıqların arasındakı kimsəsiz köhnə daxmaya apması hadisələrin cərəyan edəcəyi əsas məkanı göstərir.  Hüsnüyə baş çəkməyin vacib olduğunu bildirən İsmayılın Rusiyada Əhməd bəylə birgə oxumuş Kərimin çap maşını göndərməsi üçün Ziyanın onun özü ilə əlaqə saxlamasının əhəmiyyətini qeyd etməsi siyasi motivi canlandırır. Ziyanın boş çarpayısına uzanan Əhməd bəyin yaddaşında yenidən  Moskvadakı günlərin: yoldaşları, rektorun katibəsi olsa da, dərnəyin fəaliyyətində iştirak edən sevgilisi Annuşka ilə bərabər kartof təmizləməsini xatırlaması şəxsi-psixoloji motivi önə çəkir. Qaldıqları daxmaya gətiriləcək çap dəzgahını yerləşdirmək üçün davamlı olaraq İsmayılla növbə ilə döşəmədə iri bir çala qazan, arada qapının arasındakı deşikdən ətrafı izləyən Əhməd bəyin qarlı qış gecəsi, qızıl əsgər geyimində Moskvada azyaşlı ac oğlana qarovulunu çəkdiyi konteynerdən hisə verilmiş balıq və siqaret verməsini, balda rəqs edən Annuşkanın atasının mühəndis olduğunu, Kolçak tərəfindən güllələndiyini, anasının tifdən öldüyünü, özündən daha yaxşı geyinən çinli tələbə Si-Ya-Udan öyrəndiyini yada salması strukturu zənginləşdirir.

Ziyanın həbs olunduğu barədə xəbərin yazıldığı qəzeti gətirən İsmayılın axtarılanlar siyahısında Əhməd bəyin də olduğinu göstərməsi ilə onu Şükrü bəyin ələ verdiyinin güman edilməsi ən yaxın qohumlara belə etibar olunmayan mühiti təqdim edir. Kommunistlərin hər yerdə yaxalanması, həbsxanaların ağzına qədər dolması, siyasi dustaqların asılacağına hərbi tribunalın qərar verməsi barədə söhbət dramatizmi artırır. İsmayılın paytaxta getmək fikrindən daşındırdığı Əhməd bəyin bayırdan otağa düşən işıq zolağına nəzər salmaqla təkadamlıq kamera barədə fikirləşməklə güzgüyə yaxınlaşaraq bığını qırxması, üzünü qaralayaraq daxmadan uzaqlaşması onun daxili gərginliyini yarada bilir. Təpənin yamacındakı çeşməyə enərək su içəndə, Əhmədin ayağını avara bir itin dişləməsi, yarasına basmaq üçün tənbəki atan təpədən kişilərin tanımadıqları bu yad adamın kimliyini öz aralarında müzakirə etmələri təklif olunan vəziyyəti dəyişir. Belə ki, daxmada İsmayılın iş yerində bir gəncin qazdan zəhərləndiyini və son zamanlar bir çoxlarını itin qapdığını xəbər verməsi artıq siyasi mövzunu arxa plana atır. Xüsusən itin quduzluğu ehtimalı, xüsusi müalicənin isə yalnız paytaxtda olması vəziyyətin çıxılmazlığını göstərir.

Daşyonanlar iti avtobusun vurduğunu söyləmələri ilə  ehtimalları nəzərdən keçirən Əhmədin: “Birincisi, it quduzdur, mən getməliyəm. Ya yolda tuturlar, ya da həkim polisə xəbər verir. İkincisi, it quduzdur, mən gedirəm. Həkim mərdlik edir, iynə vurur, sağ – salamat qayıdıram. Üçüncüsü, it quduz deyil, paytaxta gedərkən yolda tutuluram, ya da həkim polisə xəbər verir. Heç bir şeyin üstündə tribunala düşürəm. Bir ehtimal da var. İt quduzdur, mən heç yana getmirəm, iynə vurdurmuram, burada qalıb qudururam” mülahizələri gərginliyi artırır. Quduzluğun qırx gün ərzindəki təzahürünü gözləyən dostların qapının içəridən üzərinə hər gün bir cızıq çəkməklə vaxtı saymaları, İsmayılın gətirdiyi quduzluğa dair tibbi kitabın vərəqlənməsi sosial mövzunun tərkibindəki sağlamlıq problemini önə çəkir. Ona kömək edə biləcək həkimin həbsdə olduğuna görə paytaxta getməməyə qərar verən Əhmədin quduzluğun əlamətlərini söyləməklə sonuncu gün quduracağı təqdirdə onu verdiyi tapança ilə öldürüb qazdığı çalada basdırmasını istəməsi psixoloji gərginliyi qabardır. Xışla yer şumlayan kəndlinin dərdli nəğməsi, çadralı qadınların kirkilədə buğdanı una çevirmələri, uşağın kor babasını arxasınca aparması kasıb güzəranla bağlı kadrları göz önünə gətirməklə vətən dərdindən ölkəsinə qayıtdığını bildirən Əhməd Nazim Hikmətin prototipi olduğunu bəyan edir. 

Sosializmin təməl prinsiplərindən sayılan “xalqlar dostluğu” motivini də struktura gətirən xatirələrdə  Əhmədin sevdiyi  Annuşkanın fil sümüyündən büstünü düzəldən Si-Ya-Uyla da görüşməsi melodrama üçbucağı yaradır.  Annanın ondan qabaq kimləsə öpüşdüyünü soruşmaqla, özünün mentalitetə bağlı təfəkkürünü ortaya qoyan Əhməd Qərb-Şərq qarşıdurmasını üz-üzə qoyur. Əhmədin sənədi ilə maraqlanmaqla varlı ailədən olduğunu bilən Annuşkanın: “Varlı babanızdan imtina etmək xatirinə kobud olmayın” cümləsi mühitin qəbul etmədiyi sosial zümrə fərqini gündəmə gətirir... İsmayıl dəzgahın  hissələri ilə dolu kisəni qapıya çəkdiyi cizgilərə hər gün yenisini əlavə edən Əhmədə verməklə digərlərini gətirəcək Kərimin tutulduğunun yazıldığı  qəzeti göstərməsi, Ismayılın hərbi gəmiyə aparılıb güllələnməsi xəbəri təhlükənin yaxınlaşdığını sezdirir. Bununla belə “Şərqin şəfəqi” qəzetinin “Bütün ölkələrin proletarları birləşsin" devizi ilə əhali arasında yayılması siyasi qələbəni səciyyələndirir...

 Xatirələrə baş vuran Əhmədin  “kommunizmdə məhəbbəti” mövzusunu müzakirəsindən sonra  xərçəngdən əziyyət çəkən  Petrosyanın yüksəklikdən özünü  pillələrin arasındakı meydançaya atmaqla intihar etməsi, mücərrəd gələcəyə hazır olmayan insan faktoru önə çəkilir. Universitetdə Əhmədlə birlikdə oxuyan çinlilərin ölkəyə qayıtdıqda öldürüldüklərini dilə gətirməsi ilə ekrana gələn təsvirdə Əhmədlə birlikdə oxuyan Si–Ya-Uy ilə yatdığını çarpayıda oturan Annannın dilə gətirməsi əslində “rədd olsun abır-həya” şüarını önə çəkən sosializmin ilkin mərhələsində insani dəyərləri arxa plana atdığını təsdiqləyir...

Quduzluğa tutulacağı təqdirdə yuxu həblərini içib intihar etməyi düşünən Əhmədin kibriti alışdırıb alova baxa bilməklə hələ ki, sağlam olduğunu yəqinləşdirsə də, yuxusunda doğma yurdundakı yaralıları, xəstələri, can verənləri görməsi nekrofiliya yaradır.  Oyanan Əhmədin çəkiclə taxtaya mismar vuran İsmayılı tabut düzəltdiyini soruşmaqla hiddətləndirməsi və dostların birlikdə isti şorba yemələri güzəranın detallarını göstərir... Təsvirdən göründüyü kimi Si-Ya-U ilə olan fizioloji əlaqəsini yəqinləşdirdməklə Annuşka ilə iki həftə görüşmədiyini, nəhayət Malı teatra iki biletlə onun yanına gələn qızın xalasının bağına Kərimlə Marusyanı da götürmələrini İsmayıla danışan  Əhmədin şərqli kimi bəzi mətləbləri anlamadığını söyləməsi qlobal ziddiyyəti canlandırır. Və Şərqdə (Türkiyədə) canın, Qərbdə (Rusiyada) isə namusun əldən getməsi kimi qlobal gerçəklik ekrana gətirilir.   Həmin epizodda süd almaq üçün kəndə çıxan Əhmədin çinliləri çəpgöz adlandıran, ümumiyyətlə, gəlmələrə dözümsüzlük göstərən qatı millətçi qoca Pyotrun qəzəbinə tuş gəlməsi milli münaqişə zəminində yaranacaq problemin sosializmdə də həllini tapmadığına diqqət çəkilir. Dostlarının çağırışı ilə  oxuduğu Kərimlə birlikdə vətənə qayıdacağını Əhmədin qayıqda üzə-üzə sevgilisinə giləmeyvə yedizdirən Annaya bildirməsi xatirələri sona çatdırır. 

Yatmayıb qəzet oxuyan İsmayılın  yuxu dərmanını gizlətməsi, halsızlığa dözə bilməyib intihar etməyi düşünən Əhmədin qızdırmasının aşağı düşdüyünü görüb sevincdən cizgilərin üzərindən xətt çəkməsi, dostunu qucaqlaması quduzluq ehtimalının aradan qalxdığını göstərir. Nəhayət ki, bağlı qapını açaraq işqlığa çıxmaqla: “Həyat gözəldir qardaşım!” hayqıran  Əhmədin İsmayılla vidalaşıb qatarla yola çıxması, kupedə şübhəli şəxsi görüb hələ həbs edilməyəcəyini düşünməklə Annuşkaya sevgi vədini xatırlayıb: “Qoy güdsün. Gələn stansiyada elə düşüm ki, heç xəbəri olmasın” niyyətini səsləndirməsi məhrumiyyətlərə məhəl qoymayan həyatın davamı vurğulanır.

Nazim Hikmətin “Yaşamaq gözəldir, qardaşım” əsərinin hadisəlilik prinsipi  ssenariyə, filmə gətirilsə də  romanı səciyyələndirən müəllif mülahizələrinin kadr arxasında qalması nəzərdən qaçmır. Belə ki, müəllifin Əhmədin dilindən səsləndirdiyi: “Sən nəyini verə bilərsən? Azadlığını? Bəli! Bu yol uğrunda həbsxanada neçə il yata bilərsən? Lazım olsa, bütün ömrüm boyu!..Yaxşı, kommunist olsam, bu yolda asılmaq da var, öldürülmək də, Sübhi ilə yoldaşları kimi boğulmaq da var. Kor olmağa da razıyam... Nə kitablar, nə təbliğat vasitəsiylə, nə də ictimai vəziyyətimizdən gəldim gəldiyim yerə... Məni gəldiyim yerə Anadolu gətirdi. Ürəyim gətirdi məni gəldiyim yerə...”  kimi daxili monoloqu ekranda teatrallıq yaradardı. Romandakı: “Quduz it adamı alçaqcasına dişləyir. Arxanızdan səssizcə yanaşır, sol baldırınızı birdən dişləyir...” (s.34) qənaəti əslində köpəyin deyil, siyasi əqidəsinə görə kimlərisə təqib edənlərin nəzərdə tutulmasını çatdıra bilmir. Əhmədin daxili monoloqundakı: “Bütün insanlardan səbəbli – səbəbsiz şübhələnmək kimi bir məsləyin varlığından o vaxta qədər xəbərim yox idi” (s. 53) cümləsi də əslində alicənablığın, zədəganlığın qəbul etmədiyi və yəqin ki, Nazim Hikmətin üz tutduğu Sovetlər ölkəsində də rastlaşdığı demokratik mühitə yad bir peşənin varlığından xəbər verir. Ərzurumlu şairin dilindən səslənən: “Ankara yıxılan Osmanlı imperatorluğunun tufanında üzən Nuhun gəmisidir. Əlbəttə, bu gəmi sahilə sağ – salamat çatacaq. İçində yan – yana yaşayan göyərçinləri, ilanları, aslanları, pələngləri, qurdları, quzularıyla sağ – salamat sahilə çatacaq və orada ilanlar göyərçinləri yeyəcək, qurdlar quzuları. Aslanlarla pələnglər də bir – biriylə boğuşacaq” (s.64) fikri əslində təkcə kommunist ideyalarını yayan Sovetlər birliyinin deyil, demokratiyanın ixracı  adı altında iqtisadi mənafelərini güdən Qərbin də öç üzünü açır. Əhmədlə eyni zamanda  Si–Ya–Uyla da əlaqəsini üzməyən Annuşkadan fərqli olaraq  həbsdə olan İsmayılın həyat yoldaşı Nərimanın: “Kommunistlərdə ailə namusu yoxdur, sənin arvadın, mənim arvadım eynidir. Nəriman xanım, sizin də əriniz kommunistdir. Onun da əqidəsi belədir?” (s. 124- 125) söyləyən müəllim həmkarına sərt münasibətini bəlkə də senzor müqavimətindən qaçan ssenari müəllifi, yaxud rejissorlar tərəfindən “unudulur”.

1967-ci ilin martında Tbilisidə keçirilən Zaqafqaziya və Ukrayna filmlərinin kinofestivalında ən yaxşı rejissor debütünə görə xüsusi mükafat qazanan ”Həyat gözəldir, qardaşım” filmi rejissor Ramiz Əsgərovun, lal kino dövrünün peşəkarı, pioner düşərgəsindəki uşaqların sərgüzəştlərindən bəhs edən “Sirr” adlı diplom işindən sonra Odessa kinostudiyasında ilk debütü üzərində çalışarkən, iki ayağının üstündən tramvayın keçməsi ilə iki il əvvəl, 28 yaşında dünyasını dəyişəndən sonra Qalina Polskixin, atası “Mosfilm”in direktoru olan rejissor Aleksanr Surinlə ikinci ailəsində İradə adlı qızı böyüyən dostu Faiq Həsənovun  atası Ağarza Quliyevlə birgə Bayram Bayramovun «Mən ki, gözəl deyildim» povesti əsasındakı (ssenari müəllifləri Bayram Bayramov,  İqor Strekov, Ağarza Quliyev) eyniadlı filmə quruluş verməyə başlamasına zəmin yaratdı.

28 dekabr 2012-ci ilin “Ekspres” qəzetində Natalya Murqanın “Qalina Polskixin sevgilisi: O, özünün günahını duyurdu” məqaləsində hazırda İsraildə yaşayan Stanislav Çaplinlə müsahibəsində Faiq Həsənovun ölümünə hazır olmasının psixoloji amilləri açıqlanır. Belə ki, “Lenfilm” kinostudiyasının “Vəhşi it Dinqo” adlı melodramasında (1962) 13 yaşlı məktəblini oynayan ÜDKİ-nun 22 yaşlı tələbəsi, yaş yarımlıq qızı böyüyən Qalina Polskixin filmin ikinci rejissoru Stanislav Çaplinlə işdə müvəqqəti məhəbbət macərasının Faiq Həsənovda yaratdığı sarsıntı məqalədə öz əksini tapır. “Mənim arvadım vardı, Qalyanın əri. Münasibətimiz barədə kimdənsə xəbər tutan Faiq çəkiliş meydançasına gəldi.  O, Qalyanı çox sevidi. Bütün gecəni araq içib, ziyalıcasına söyüşsək də, əlbəyaxa olmadıq” deyən Stanislav Çaplinin: “Mən onda Qalyaya zəng eləmədim, düşündüm ki, o öz günahını duyur. Qalya axı ehtiraslarının qurbanıdır. Əbəs yerə demirdi ki: “Aktrisa olmasaydım, hamının hərisliklə baxdığı yeməkxana xidmətçisi - ofisiantka olardım”  cümlələri sevdiyi qadından ayrıldıqdan sonra təxminən üç il özünə gələ bilməyib dünyadan bezən, üz tutduğu Bakıda da sərsəri kimi qarşılanan  rejissorun ailəsinin dağılma səbəblərinin pərdəarxası mətləblərini, ö cümlədən qarşılıqsız məhəbbətin öldürücü təsirini və sevgisiz öpüşənlərin mənəviyyatsızlığını da göstərə bilir. 

 1 avqust 1967-ci ildə «Mən ki, gözəl deyildim» filminin çəkiliş dövrünün on üçüncü günündə ehtiyatsızlıq ucbatından baş verən partlayış dostu Faiq Həsənov kimi Ramiz Əsgərovun da romantik arzularla lentə alacaqları filmlərin üzərindən qara xətt çəkdi... “Romantika”  filminin quruluşçu operatoru Rasim İsmayılovun: “Biz Ramizlə studiyanın həyətində xudahafizləşdik. Həmin o müsibətli ekspedisiyaya gedirdi. Mənsə bir başqasına yollandım. Şərtləşdik ki, qayıdan kimi hökmən görüşək və gələcəkdəki birgə filmimiz barədə söhbət edək. O, “Babək” kinoromanı barədə düşünürdü. Bir neçə ildən sonra mənə “Babək”i çəkmək xoşbəxtliyi nəsib oldu, ancaq başqa rejissorla. Ramizsə, öz arzusunu özüylə apardı. Kinoda ondan yalnız bircə debütü qaldı o da ki, belə acı, rişxəndli bir adla: ”Həyat gözəldir, qardaşım”. Hə, qardaş, həm də elə ədalətsizdir ki! Gör Azərbaycan kinosu necə rejissoru itirdi!”  xatirəsindəki son cümlə acı bir reallığı təsdiqləyir.

“Mən ki, gözəl deyildim” filminin quruluşçu operatoru Rasim Ocaqovun: “Hadisələr müharibə dövründə baş verirdi. Materialın bir hissəsini-dəniz desantlarının təhlükəli reydini Lənkəranda çəkməliydi. Birinci çəkiliş ərəfəsində biz pirotexniklərlə döyüşün təfsilatını, qamışlar arasından keçib gedəcək desant qayıqları arasındakı altı partlayışın hündürlüyünü, ölçülərini götür-qoy etdik. Sonra studiya adətiylə ilk günü şampanla “yumaq” üçün ziyafət verməyi də nəzərə aldıq. Partlayışa da ziyafətə də tam hazır idik. Budur, Port-İliç körfəzi, 21 iyul 1967-ci il. Səhər indi açılıb. Çəkiliş qrupu xüsusi hərbi sal üzərində öz yerini tutur. Aktyorların mindiyi qayıqlar görünür. Pirotexnikərə işarə verilir. “Çəkiliş başladı. Birinci kadr. Birinci dubl.” Birinci, üçüncü...beşinci partlayış-hər şey əladır. Altıncı! Ayaqlarımızın altında nəsə gupbuldayır və tam sakitlik çökür. Özümə gələndə dəhşətli mənzərə gördüm. Gənc fotoqrafın gözləri hədəqən çıxmışdı, içalatı əllərinə tökülmüşdü. Solda qıçı üzülmüş pirotexnik uzanmışdı. Hər şey tüstü içindəydi. Qana bulaşmış Ramiz yanımda idi. O, əlini mənə uzadıb dedi: “Rasim, bax barmağımın üçü yoxdu”. Ayağa durmağa çalışdı, ancaq qalxa bilmədi. Qıçlarının ikisi də üzülmüşdü, lakin bunu dərk etmirdi, ağlına yerləşdirə bilmirdi. Mən də qıçımdan yaralanmışdım, qanaxmanı saxlamaqçün yaramı dəsmalla bağlamaq istəyirdim. Birdən sükutu vahiməli bağırtılar pozdu. Xaos. Çaxnaşma. Kimsə kömək etməyə çalışır. “Desantlar” qayıqda avar çəkirlər. Onlara, deyəsən, heç nə olmayıb, təkcə aktyor Ələddin Abbasovun əlindən qan axırdı. Bizi vertolyotlarda apardılar. Dörd nəfər həlak oldu (üçü elə yerindəcə, Ramizsə ertəsi gün hospitalda). Dörd nəfər yaralandı. Sonra bizə dedilər, bədbəxt yoldaşlarımızın cənazələrini dəfnə studiyadan götürüblər. Çoxlu adam varmış, hamı da şok vəziyyətində. Sonralar məlum oldu ki, pirotexnik partlayıcı qurğunu səhv salıb, qamışlıqdakıları partlatmaq əvəzinə, üstünə mindiyimiz saldakı qurğunu partladıb. Bax belə...kino təkcə güllərdən, ziyafətlərdən və alqışlardan ibarət deyil ki...”   xatirəsi dəhşətli faktın bərpasını natural təsvir dəqiqliyi ilə canlandıra bilir.

 “Mən ki, gözəl deyildim” filmi tələfatla başlasa belə, sosializmin planlı təsərüfat sistemində istehsal prosesinin durdurulmasına yol verilmədiyindən, iki aylıq fasilədən sonra, həyatında ikinci dəfə ağır sarsıntı keçirən Ağarza Quliyev şah rejimindən qaçan, qoyub gəldiyi doğma Rəştdə atasız böyüyən qızı üçün darıxa-darıxa ÜDKİ-nun rejissorluq fakültəsini bitirib “Mollanın sərgüzəşti” (1960), “Su ərizəsi” (1964) qısametrajlı filmlərindən sonra işsiz qalan Həsən Sasanpur fəaliyətə başladı. Ramiz Əsgərovun yerində başqa birisini görmək istəməyən ətrafdakıların acı zarafatlarına, tənələrinə duruş gətirə bilməyən Həsən Sasanpur ahıl çağında istər-istəməz qarlı-şaxtalı Moskvaya qayıdıb İran filmlərinin dublyajı ilə təskinlik tapmaqla, orada ailə qursa da, bir qızı doğulsa da, ayaqlarının tutulması xəbəri kinostudiyaya sonradan çatdı. “Mən ki, gözəl deyildim” filminin yeni rejissor ssenarisinin hazırlanması üçün  Ağarza Quliyevə  qurulucu sorejissor  seçimi cəbhələrdən keçmiş əqidəli kommunist, hələ tələbəçiliyində ÜDKİ-nun partiya təşkilatı katibi kimi Sergey Eyzenşteyinin üzünə  töhmət oxumuş Tofiq Tağızadənin üzərində dayandı.

9 sentyabr 1967-ci ilin “Ədəbiyyat və İncəsənət” qəzetindəki adsız məqaləsində: ““Həyat gözəldir, qardaşım” adlanan həmin film bu günlərdə ekranlara çıxacaqdır. İnanırıq ki, tamaşaçılar ona həvəslə baxacaq. Əfsus ki, sənsiz Ramiz! Həyat şairidir, qardaşımız! Lakin bu şirinlik sənə qismət olmadı” yazan kinomuzun ilk peşəkar aktyoru Gündüz Abbasovun: “Sən indi yoxsan. Lakin biz səni heç bir zaman unutmuruq. Biz səni hər gün, hər saat, hər dəqiqə görürük. Çünki, sən dost qəlbinə həkk olunmuş xoş arzu, şirin xatirəsən!”   xitabı yoxluğunun qörxıncı günü yetişən Ramiz Əsgərov ağrısını hiss etdirir.

    10.10.1967-ci ildə kinostudiyanın Bədii Şurasının iclasında istehsalı davam etdirilən  "Mən ki gözəl deyildim " filmi barədə Film fəlakətlə başlanıb deyə  indiki rejissorlar işi asanlıqla davam etdirə bilmirlər... Filmin əsas intonasiyası lirika tərəfidir” deyən Həsən Seyidbəylinin: “Əsərin əsas  qəhramanı Səidədir, onu ön tərəfə çəkmək lazımdır. Tofiq, mənə elə gəlir ki, müharibə səhnələrini çıxartsan yaxşıdır... Təm-təraqsız, bu qız onsuz da təbiidir, əsər daha da qüvvətlənər”, qənaəti,  baş rolda əminə Yusif qızını əvəzləyən Xuraman Qasımova barədə Zeynal Xəlilin: “Qız gələcəyi olan aktrisadır. Film yaxşı əsərlərdən biri olacaq” kəlmələri,  pul məsrəfləri xərclənən filmin durdurulmasının yolverilməzliyi barədə xəbərdarlıq etsə də təqdim olunan yeni rejissor ssenarisinin zəifliyini bildirən Adil İsgəndərovun: “Yaxşı olardı ki, əsərin adı dəyişsin. Çünki əsərin adı hadisələrdən qoyduğu fikirlərdən doğur. Burada o qədər dəyişiklik vardır, bilavasitə əsərin adını dəyişmək istəyirsiniz, madam ki, məsələ belə qoyulur, gərək əsərin adı tamamilə dəyişsin. Bu hadisə rejissor ssenarisində gedir. Bu ad özünü doğrultmur. Burada, qızın gözəl olub-olması haqqında söhbət getmir” cümlələrindən çaşqınlığın sezilməsi, və nəhayət  Bayram Bayramovun: “Yoldaşlar çox sağolsunlar ki, əsəri oxumuşlar. Mən redaksiya  heyətinin rəyi ilə çox razılaşıram. Rəyləri oxumuşam. Çox obyektivdir.  İmkan qədər bu qeydləri düzəltmək olar. Ağarza müəllim bir az əsəbi danışdı...”   kəlmələri əslində dövrün tələbinə müqavimət göstərmək iqtidarında olmayan çıxışçıların gərginliklərinin, daxili müqavimətlərinin göstəricisinə çevrilir.

         SSRİ Kinematoqrafiya komitəsi ilə yazışmalardan, kinostudiyanın Bədii Şuranın çoxsaylı müzakirələrindən sonra yenidən istehsalata buraxılan film bir il sonra hazır olur, Və həmin filmin titrlərində üçüncü quruluşçu rejissor gedən Ramiz Əsgərovun adı, soyadı qara çərçivədə verildi...

Yenililklər
29.11.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu iki mədəniyyət paytaxtını bir araya gətirir
29.11.22
"II Sumqayıt Kitab Sərgisi keçiriləcək"
23.11.22
Günay Əfəndiyeva Daşkənddə Maqsud Şeyxzadənin heykəlini ziyarət edib
22.11.22
İntiqam Yaşar Tunisdə Beynəlxalq Poeziya Festivalında ölkəmizi təmsil edəcək
22.11.22
“Hayrettin Hoca” monoqrafiyası  nəşr edilib.
18.11.22
Kürdəmirdə Aşıq Şakirin 100 illik yubileyi keçirildi
17.11.22
Ədəbiyyat İnstitutunda “525-ci qəzet”in 30 illik yubileyinə həsr olunmuştədbir keçirilib
15.11.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Səmərqənd Zirvəsi çərçivəsində beynəlxalq simpozium keçirib
14.11.22
Günay Əfəndiyeva: “Gələcək genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün həvəslə və böyük səylə fəaliyyətimizi davam etdirməkdəyik”.
13.11.22
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
10.11.22
“II ANAİB Gəncə Kitab Sərgisi” keçiriləcək
10.11.22
Tıxaclarda qalıbdı şad xəbərlər… - YENİ İMZA - Səbuhidən şeirlər
03.11.22
“Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” kitabı çap olunub
03.11.22
Azad Qaradərəli - Xalq şairinin ölümü
31.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Litva Karaimləri” adlı konfrans keçirilib
27.10.22
“Hüseyn Cavid romantizmi rənglərin işığında” adlı kitab çap olunub.
25.10.22
Tanınmış nəşriyyatların redaktorları bir arada
25.10.22
Vüqar Əhməd Türkiyədə konfransda iştirak edib
25.10.22
Azad Qaradərəli - Zori Balayanın azərbaycanlı vəkilləri yaxud ayı kimin əmisi oğludur?
21.10.22
Görkəmli ədəbiyyatşünas alimlərin anım günü qeyd olunub
19.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu fəaliyyətini Avropada genişləndirməyə davam edir
17.10.22
“Ustad” dərgisinin 39-cu sayı Hüseyn Cavidə həsr edildi
12.10.22
Türk Dünyası Naşrilər Birliyi yaradıldı
09.10.22
Azad Qaradərəli - Yoxdan var və vardan yox olmağın poetik izləri
07.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində yeni nəşrini təqdim edib
06.10.22
Ədəbiyyat İnstitutunda dərsliklərin müzakirəsi keçirilib
04.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Nizami Gəncəvinin yeni kitabını nəşr edib
28.09.22
Bölgələrdə kitab sərgisi təşkil olunacaq
28.09.22
Macar şairi Mikloş Radnotinin yaradıcılığına həsr olunmuş musiqili gecə keçirilib
26.09.22
Günay Əfəndiyeva Polşada bir sıra görüşlər keçirib
26.09.22
Şəmsəddin Şəmsinin “Dəh Mürğ” poemasının əlyazma nüsxələri əldə olunub
26.09.22
Azərbaycan Yazıçılar Birliyinin qurultayı təxirə salınıb
26.09.22
Günəş topla mənim üçün... - Etimad Başkeçidin yeni hekayəsi
23.09.22
“Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin təqdimat mərasimi keçirilib
23.09.22
Polşada keçirilən VI Beynəlxalq Türkologiya Konqresində Azərbaycan təmsilçiləri fəal iştirak edib
22.09.22
Polşada Beynalxalq Türkologiya Kongresi çərçivəsində Azərbaycan musiqi gecəsi keçirilib
22.09.22
ANAİB-dən Ermənistanın son təxribatı ilə bağlı bəyanat
21.09.22
Ədəbiyyat İnstitutunda Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabını təqdim edilib
21.09.22
Polşada VI Beynəlxalq Türkologiya Konqresi başlayıb
14.09.22
“Metafizika” jurnalının növbəti sayı (2022/3) işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.