Şamaxı “Ədəbiyyat Paytaxtı” elan edilib
26.02.15
Şamaxı şəhəri 2015-ci il üçün “Azərbaycanın Ədəbiyyat Paytaxtı”, Qax şəhəri isə “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilib. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən həyata keçirilən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramının bölgələrə verdiyi müsbət töhfələri nəzərə alaraq görülən işlərin yeni formada davam etdirilməsi məqsədilə yeni "Xalq Yaradıcılığı Paytaxtları" proqramı təsdiq olunub. Martın 4-də Azərbaycan Xalça Muzeyində 2015-ci il üçün “Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları”nın təqdimat mərasimi keçiriləcək. Şamaxı və Qax rayonlarında il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə tutulub. /APA/
|