“Oda” Teatrı qastrola gedir
26.02.15
Müstəqil “Oda” Teatrı Biləsuvar rayonuna qastrol səfəri edəcək. Bu barədə teatrın təsisçi və bədii rəhbəri Elmin Bədəlov məlumat verib. Onun sözlərinə görə teatr kollektivi 3 gün rayon əhalisi üçün tamaşa göstərəcək: “28 fevral və 1 mart tarixlərində rayon insanlarına tamaşalar göstərməyi planlayırıq. Məqsədimiz regionda yaşayan insanlara teatrımız haqda məlumat vermək və onlara hazırladığımız tamaşaları göstərməkdir. İstəyirik ki, nəinki Bakıda, hətta regionlarda da “Oda” Teatrını tanısınlar”.
Teatr rəhbərinin sözlərinə görə, bu mövsümdə qastrol səfəri təkcə Biləsuvar rayonu ilə yekunlaşmayacaq: “Biz bir neçə rayona səfər etmək istəyirik. Onlar arasında Şəki və Göyçay da olacaq. Bu rayonlarda yaşayan insanlardan da bizə təkliflər gəlib və onlar istəyirlər ki, həmin rayonlardakı insanlarla görüşək, onlar üçün də tamaşalar göstərək. Bölgələrdəki insanlara bizə müraciət edə bilərlər”.
“Oda” teatrı Biləsuvarda narkomaniya əleyhinə olan tamaşalarla çıxış edəcəklər: “Biləsuvarda “Bəyaz Şedevr” tamaşası ilə çıxış edəcəyik. Tamaşa vasitəsilə narkomaniyanın yaydığı bəlalar göstəriləcək. Dövlət də bu problemin həlli üçün bir çox proqramlar həyata keçirib. Biz də istəyirik ki, rayon insanına, xüsusən də məktəblilərə bu probleml haqda bilgi çatdıraq”.
“Oda” Teatrının tamaşaçılarına daha bir yeni xəbər də var. Belə ki, teatr qastroldan qayıtdıqdan sonra yeni tamaşanın premyerasını edəcək.
Artpress.az
|