Filip Rot: “Yazdığım bütün əsərlərə sonunu xəyal edərək başlamışam”
17.02.15

“Mən zaman-zaman özündən uzaqlaşıb, sonra yenidən özünə dönən, bəzən isə yaratdığı qəhrəmanlara çevrilərək yaşayan biriyəm” 

Filip Avropadan Amerikaya köç edən ilk yəhudilərdən olan Herman və Bess Rotun ailəsində, 1933-cü ildə, Nyu-Cersidə dünyaya göz açıb. Hələ məktəb illərindən yaşıdlarından güclü yumor hissi ilə seçilən Filip, sonradan təhsilini Çikaqo Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsində davam etdirir. 1955-ci ildə universiteti bitirdikdən sonra həyatda məqsədinin yazmaq olduğunu müəyyənləşdirən həvəskar yazıçı Prinston və İova universitetlərindəki yaradıcı yazarlıq kurslarını bitirir. Çikaqoda oxuduğu illərdə tanış olduğu yazar Saul Bellou ona nə istədiyini müəyyənləşdirməkdə kömək edir. Elə həmin dövrlərdə Filip ilk həyat yoldaşı Marqaret Martinsonla tanış olur. Tanışlıqdan cəmi üç il sonra 1959-cu ildə cütlük evlənir, lakin bu nikahın ömrü cəmi dörd il çəkir. Filip Marqaretlə ayrılmış olsa da, 1968-ci ildə avtomobil qəzasında Marqaretin ölümü onun həyatında böyük sarsıntı yaradır. Onu da qeyd etmək lazımdır ki, müəllifin bir çox qadın qəhrəmanı məhz Marqaretin üzərində qurulub. Məsələn, “Onunla hər şey yaxşı idi” (“When she was good”) əsərində Lüsi Nelson, “Kişi ömrü” (“My life as a man”) əsərində Maurin Tarnpol belə obrazlardandır. 1990-cı ilə kimi yalnız yaşayan Filipi yalnız ingilis aktrisa Kler Blum nikah masasına əyləşməyə razı sala bilir. Lakin bu nikahın da ömrü 4 il olur. Boşandıqdan iki il sonra Blum Rotla tanışlıqlarına, evliliklərinə aid hər şeyi qələmə aldığı “Oyuncaq evini tərk etmək” (“Leaving the doll’s house”) adlı memuarında Filipi qaralayır. Bütün bu yazılanlar qarşısında sükunətini qoruyan müəllif “Bir kommunistlə evləndim” (“I married a communist”) əsərində səhnələrlə Klerə lazımi cavabı verir.

Dini baxışlarına görə ateist olan Rot: “Bütün dünya Allaha inanmaqdan əl çəkəndə Yer kürəsi xoşbəxtliyə qovuşacaq” – sözləri ilə uzun-uzadı müzakirələrə səbəb olmuşdu.
Filip janrı üzrə eyni yaş sinfindən olan yazıçılar arasında ən çox mükafat alan yazarlardandır. Onun əsərləri dəfələrlə “National Book Award” mükafatına namizəd göstərilib, iki dəfə - 1960-cı ildə “Beş qısa hekayə” (“Five short stories”) kitabı, 1995-ci ildə isə “Sabbatın teatrı” (“Sabbath’s theatre”) əsəri ilə bu mükafatın sahibi olub. O həm də iki dəfə “National Book Critics Circle” mükafatını alaraq tarixə düşüb. Yazar üç müxtəlif əsərlə - “Şilok əməliyyatı” (“Operation Shylock”), “İnsan ləkəsi” (“The human stain”) və “Hər insan” (“Everyman”) - üç dəfə “PENFaulkner” mükafatına, 1977-ci ildə nəşr olunmuş “Pastoral Amerika” (“American pastoral”) əsəri ilə “Pulitzer” mükafatına layiq görülüb. Müəllifin “İnsan ləkəsi” (“The Human Stain”) əsəri 2000-ci ildə “WH Smith Literary Award” fondu tərəfindən ilin ən yaxşı kitabı seçilib. 2001-ci ildə isə yazıçı “Frans Kafka” mükafatının sahibi olub. 2010-cu ildə ABŞ prezidenti Barak Obama tərəfindən “National Humanities Medal” ilə təltif olunan müəllif, 2011-ci “Man Booker İnternational Prize” mükafatını alıb. Filip Rot yaradıcılığı boyu ümumilikdə 44 dəfə beynəlxalq nüfuzlu ədəbi mükafatların sahibi olub. Əsərlərindən beşi ekranlaşdırılıb, hazırda isə növbəti üç əsərinin ekran işləri davam edir.
Müəllifin “The Paris Review” jurnalından Hermion Li ilə olan müsahibəsini təqdim edirik.
Filip Rot ilə tanışlığımız “Metuen Çağdaş Müəlliflər Silsiləsi” üçün onun həyatı və yaradıcılığı haqqında yazdığım kiçikhəcmli kitabın nəşrindən sonra baş tutdu. Filip kitabı oxuduqdan sonra mənə olduqca səmimi və alicənab xarakterini əks etdirən məktub yazmışdı. Elə birinci görüşümüzdən sonra müəllif mənə “Anatomiya dərsi” (“The Anatomy Lesson”) əsərinin əlyazmasının dördüncü nüsxəsini göndərdi. Biz sonra həmin əlyazma üzərində uzun-uzadı müzakirələr apardıq. Mən çox sonralar öyrəndim ki, Filip çapa hazır olan və artıq sonuncu mərhələdə olan əsərlərini müxtəlif insanlarla müzakirə edərək, mümkün olduğu qədər tənqidləri çox dinləyib, bu tənqidlər yolu ilə oxucunun fikrini təxminən təyin etməyə, haradakı yanlışları ümumiyyətlə görmədiyini müəyyənləşdirməyə çalışır. “Anatomiya dərsi” tam hazır olub çapa göndəriləndən dərhal sonra biz də “The Paris Review” üçün planlaşdırdığımız müsahibəyə başladıq. 
1983-cü il, yayın əvvəllərində Pall Molda yerləşən “Royal Automobile Club”da görüşdük. O, İngiltərəyə səfər edəndə həmişə burada qalır, deyir ki, burada işləmək ona çox asan gəlir. Rotun bu dəfəki səfəri bir qədər uzun çəkdiyindən otaq kiçik iş otağı təsiri bağışlayır, burada bir yazıçının yaşadığı hər şeydən hiss olunur – “IBM golf-ball” markalı yazı maşını, əlifba sırası ilə düzülmüş qovluqlar, “Anglepoise” lampalar, lüğətlər, aspirin, surətçıxarma makinası, düzəliş aparmaq üçün xüsusi qələmlər, radio... Təbii ki, kitablarsız yazıçı otağı təsvir etmək olmaz. Rotun kitab rəfində əsasən son çıxan avtobioqrafiyalar yer alıb - İrvinq Hovun “Ümidin sərhədi” (“A Margin of Hope”), Erik Eriksonun “Gənc Lüter: Psixoanaliz və tarix” (“Young Man Luther: A Study in Psychoanalysis and History”), Leonard Vulfun avtobioqrafiyası, Devid Maqarşaekin “Çexov” (“Chekhov”), Con Çiverin “Cənnət kimi görünür” (“Oh What a Paradise It Seems”), Fordisin “Xroniki ağrı və xəstəliklərlə mübarizə üsulları” (“Behavioral Methods for Chronic Pain and Illness”), Kler Blumun “Səhnə işığı və sonrası” (“Limelight and After”) avtobioqrafiyası və “The Paris Review”da yayımlanmış bəzi müsahibələr. Bu biznes strukturlu hücrədə gün yarımımız keçdi, yalnız yemək fasilələrində otaqdan çıxdıq. Düşüncələr, duyğular, rənglər, ideyalar, xatirələrlə doldum. Rotun görünüşünə uyğun davranışları, manevrləri, rahatlığa tabe olan, qeyri-rəsmi paltarı, qızıl suyuna çəkilmiş eynəyi onun Londona gəzməyə gəlmiş əsl amerikalı obrazını tamamlayırdı. Onda əsl akademik insan, hüquqşünas görkəmi var, bir az da ədəbiyyatın qatdığı yüksək nəzakətlilik, mülayimlik, həssaslıq və məsuliyyətlilik kimi keyfiyyətlər. Hər şeyə olduqca diqqətlə qulaq asır, bəzən olduqca cəld və yumşaq zarafatlar edərək, söhbəti yumşaldır. Amma məhz bu mülayim və həssas görüntünün altında vəhşi konsentrasiya və iti zehni təfəkkür yatır. Sanki eşitdiyi, gördüyü hər şey onun beyin dəyirmanında üyüdülməyə hesablanmış taxıldır, düşüncə və fikir ayrılıqlarını əsla kor-koranə qəbul etməz, dərhal müzakirəyə girişər, yararlı olacağına inandığı heç nəyi sorğu-sual etməz, özününküləşdirər, dərhal beyin dəyirmanında üyüdər. Bəzən ayaq üstə danışanda fikirlərini elə oynaq və elə hərəkətli izah edir ki, insan maraqlı bir monoloq izləyirmiş kimi hiss edir. Mümkün olduğu qədər qarışıq və ziddiyyətli cavablar verməkdən uzaq durmağa çalışır. Bu müsahibənin səs yazısı olduqca uzun, amma insanın ruhuna hopan, gülməli, düşündürücü, dağınıq və çox vaxt təkrarlanandır. Müsahibəni dəfələrlə dinləyib yığdıqdan sonra jurnalda çap olunmasını məqbul hesab etdiyim versiyanı əvvəlcə özünə göndərdim. Lakin uzun müddət cavab gözləməli oldum, çünki “Anatomiya dərsi” nəşr olunduğu üçün Filip Amerikaya qayıtmalı olmuşdu. İkinci görüşümüz isə 1984-cü ilin əvvəlində və yenə Londonda baş tutdu. Mənim hazırladığım versiya üzərində danışdıq və onun yekun variantını hazırladıq. Bu proses müsahibə mərhələsindən də maraqlı keçdi. Artıq kitabın nəşrindən altı ay keçməsi və Rotun yeni bir kitaba başlaması onun da, müsahibənin də havasını dəyişmişdi.

-Yeni kitaba necə başlayırsınız? Proses necə start götürür?
-Kitab yazmağa başlamaq xoşagəlməz hissdir. Obrazlar, onların üzləşəcəkləri çətinliklər, hadisələr – bir kitabda yazıla biləcək hər şey başdan-başa müəmma olur, heç nədən əmin olmuram, amma əsər qəhrəmanın düşdüyü çətin vəziyyətlə başlayır, yəni başlamaq üçün bu çətin vəziyyətin nə olacağı, harada baş verəcəyi dəqiqləşdirilməlidir. Yazıçı üçün haqqında yazacağın mövzunu dəqiqləşdirə bilməməkdən daha pis bir şey varsa, o da hekayə ilə necə davranacağını, onu haraya aparacağını bilməməkdir, çünki nəticədə əsərin canı hekayədədir. Adətən girişləri, yəni nə ilə, necə başlayacağımı müəyyənləşdirirəm, bu da adətən qorxunc alınır, çünki nədənsə əvvəlki əsərin qeyri-şüurlu parodiyası kimi görünür, halbuki sırf o əsərdən qopmaq, o süjetdən təmizlənmək üçün xeyli ara verirəm. Odur ki, başlamaq üçün mənə kitabın ortasına kimi sürükləyən bir şey lazımdır, maqnit kimi beynimdəki, yaddaşımdakı hər şeyi özünə çəkən bir şey – bir sözlə, yeni kitab yazmağa başlayanda bir ayım bu adı qoya bilmədiyim şeyi axtarmaqla keçir. Bəzən başlamağa lazım olan canlı paraqraf üçün yüzlərlə səhifə şey yazıram və nəhayət, o paraqraf alınır və mən əminliklə öz-özümə deyirəm ki, bəli, budur, giriş buradır, sən buradan başlayacaqsan. Bəzən elə olur ki, ilk altı ay ərzində altından qırmızı çəkilməyən heç nə olmur, bəzən o qədər vaxta bircə paraqraf, içində həyat olan, yaşadığını hiss etdirən bircə abzasdan çox heç nə yaza bilmirəm. O könlümcə olan hiss də adətən birinci səhifə olmur, əgər bəxtim gətiribsə, o, giriş üçün uğurludursa, işlər asan gedir. Bundan sonra sərbəst oyun hissəsi gəlir, bir neçə ay bu mərhələ davam edir. Sonra bu oyunu böhran mərhələsi davam etdirir, yazdıqlarınıza müxalif mövqedən baxır və kitabınıza az qala nifrət edirsiniz.
-Yazmağa başlamazdan əsərin təxminən nə qədəri beyninizdə şəkillənmiş olur?
-Lazım olan şeylərin çoxu əsərlə bağlı beynimdə olanlar arasında olmur. Lazım olan şeylər deyəndə problemlərdən çıxış yollarını yox, davamlılığı təmin edən problem və hadisələri nəzərdə tuturam. Yazmağa başlayan kimi hər yazarın axtardığı, yaratmağa çalışdığı şey məhz budur, davamlılığı təmin edən, eyni zamanda yazarın dirənişini gücləndirən detallar. Əzab, kədər axtarırsınız. Bəzən əsərin əvvəllərində yazıçını qəribə bir naməlumluq hissi bürüyür, bunun səbəbi yazmağın çətin olması deyil, əsərin hələ kifayət qədər dərinləşməməsi, çətinləşməməsidir. Sürət, hadisələrin bir-birini gözləmədən əvəzləməsi heç nə baş vermədiyinə işarədir, axıcılıq, sürətli gediş mənim üçün “dayan” işarəsidir. Cümlədən cümləyə keçərkən yaşadığım natamamlıq hissi, təsvirlərdən narazılıq, fikirlərin dərinləşdiyini və ifadə seçiminin çətinləşdiyini görmək məni həvəsləndirir, işə daha möhkəm kökləyir, çünki prosesin çətinləşməsi orada nəsə baş verdiyini, nəsə alındığını göstərir.

-Yeni bir əsər üçün mütləq başlanğıcınız olmalıdır? Haçansa ancaq sonunu xəyal etdiyiniz hekayə işləmisinizmi?
-Xatırladığım qədəri ilə yazdığım bütün əsərlərə sonunu xəyal edərək başlamışam. Ola bilər ki, birinci səhifə, giriş kimi nəzərdə tutduğum hansısa təsvir bir müddət sonra əsərin iki yüzüncü səhifəsi olsun, amma planlaşdırdığım sonluq nadir hallarda, o da nisbətən dəyişir.

-Günün hansı vaxtını yaradıcılıq üçün, işləmək üçün xüsusilə məhsuldar hesab edirsiniz?
-Elə bir fərqi yoxdur, səhər, günorta, bütün gün boyu nə zaman olsa, işləyirəm. Yalnız hər gün işləmək şərti ilə. Bu sistemlə, hər gün belə burada oturub işləsəm, 2-3 ildən sonra əlimdə ciddi düzəlişə ehtiyac qalmayan tamamlanmış kitab olur.

-Sizcə, başqa yazıçılar da belə - saatlarla, dayanmadan işləyir?
-Həmkarlarıma iş, yazı vərdişləri ilə bağlı sual vermirəm, yəni bu mənim üçün maraqlı deyil. Həqiqətən də məni maraqlandırmır, kim haçan işləyir, neçə saat işləyir. Bir dəfə Coys Karol Oats müsahibələrindən birində belə bir açıqlama vermişdi ki, əgər hansısa yazıçı həmkarlarından gündə neçə saat işlədiyini, işə nə zaman başladığını, nahara, qəlyanaltıya nə qədər zaman ayırdığını, günlük iş rejimini nə zaman yekunlaşdırdığını öyrənməyə çalışırsa, “Görəsən, o da mənim kimi “xəstədir”?” sualına cavab tapmaq istəyir. Mənim isə bu suala cavab tapmağa ehtiyacım yoxdur.

-Oxuduqlarınız yazdıqlarınıza necəsə təsir edirmi?
-Həmişə oxuyuram, qiraət hər zaman dəyişməz məşğuliyyətdir, əsər üzərində işləyəndə belə, gecə də olsa, oxuyuram. Qiraət düşüncəni və zehni açıq saxlamağın ən yaxşı yoludur, insan mütəmadi düşünür, düşündükcə yaradır. Bu, həm də yazdıqlarımı düşünmək imkanı da verir, əllərim işini dayandıranda, zehnim onun nəticəsi haqqında düşünür. Bu vərdiş halını almış məşğuliyyət həm də yaradıcı baza ilə təmin edir.

-Hələ tamamlamadığınız, üzərində işlədiyiniz yazılarınızı kiməsə göstərirsinizmi?
-Bu, səhvlərimin zamanında sezilib, dərin izlər qoymadan düzəldilməsi baxımından olduqca faydalıdır. Yazı prosesində ehtiyacım olan və işimin keyfiyyətini artırdığına inandığım bütün müxalif situasiyalarda dayanır və düzəldilməli yerlər üzərində işləyirəm, çünki bitmədiyini bildiyim, natamam olduğunu düşündüyüm bir şeyin təriflənməsi mənim üçün çox mənasız hərəkətdir. Mən hazır olduğuna, ən azından düzəlişlər üçün hazır olduğuna inanana, yazdığımdan əmin olana kimi nə yazdığımı, nə işlədiyimi kimsə görmür.

-Dediniz ki, yazının son mərhələsi əsl “böhran” olur, yəni özünüz bu mərhələni əsl böhrana çevirirsiniz, yazdıqlarınızdan nifrət edəcək həddə çatırsınız. Hər kitabda bunu yaşayırsınız?
-Həmişə. Əlyazmalara baxıb: “Bu yanlışdır – amma yanlış nədədir?” – dediyim aylar. Öz-özümə sual verirəm ki, əgər bu əsər bir xəyal olsaydı, bu nəyin, necə bir hekayənin xəyalı olardı. Amma sorğulamağıma baxmayaraq, heç vaxt yazdıqlarımdan şübhə etmirəm, hər zaman hekayəmə inanıram, onun yazı olduğunu və “Bu öz yerini tutacaq” fikrini unutmuram, hətta nəsə tam ürəyimcə olmasa belə. Sizin kəşfinizi, beyninizin məhsulunu mənimsəyən, ondan ibarət olan bir ideya xəyalın gerçəkləşməsi kimi bir şeydir. İdeya ədəbi qəhrəmanları yaradan ət-qandır.

-Geriyə baxanda sizə əzab verən duyğularınız çoxmu incidir?
-Geriyə baxanda yaşadığım hər şeyi möhtəşəm ömür illərinin tərkibi kimi görürəm. Əlli yaşında adam üçün macəra dolu illəri xatırlamaq asan deyil. Onda daha aqressiv idim, bəzi insanlar üzərimdən iş gördülər, maşa kimi istifadə olundum, bəzən hədəf seçildim, çünki onda çoxları kimi asan hədəf idim. Əgər kimsə sizdə nə zamansa açılacaq o buğa gözünü görürsə, dərhal ən asan hədəf ola biləcəyiniz yaşda sizi devirməyə çalışır.

-“Portnoyun şikayəti” (“Portnoy’s complaint”) nəşr olunandan sonra, Nyu-Yorkdan köçdünüz, kənddə yaşamağa başladınız. Kənd həyatı necədir? Açığı deyim mənə elə gəlir ki, oradakı həyatınız “Kabus yazar” (“The Ghost Writer”) əsərində geniş əks olunub.
-Heç vaxt nələrisə beynimdə xüsusi bir istiqamət olmadan sırf ətrafda material var deyə yazmamışam. Yəqin ki, heç vaxt da belə bir şey olmayacaq. Mən kənd həyatını, orada yaşamağı sevirəm. Amma əsla bu sevginin içində oranın mənə yazılarım üçün nəsə verməsi məsələsi yoxdur. Ümumiyyətlə, mən həyatımda yaşamaq istədiyim yerləri işim üçün rahat yer olsun, mənə nəsə versin deyə seçməmişəm.

-Yaratdığınız qəhrəman nədənsə hər zaman şikayətçidir, əzab və mənəvi sarsıntı içərisindədir. 
-Çünki mənim qəhrəmanım hər zaman canlı transformasiyalar, radikal yerdəyişmələr içindədir, yəni yaşayır, yaşayan hər şey o saydığınız vəziyyətlərdən mütləq keçir. “Mən əslində olduğum kimi deyiləm, əgər mümkündürsə, mən olmadığım kimiyəm” – bu sizin yazı dediyiniz ədəbi ayin təxminən bunun kimi bir şeydir.

-Nəqletmədə üçüncü şəxsdən birinci şəxsə keçidlər baş verir, yazıda müəllif, yoxsa birinci şəxs olmağınız nə qədər şüurlu prosesdir? 
-Bu, şüurlu və ya qeyri-şüurlu məsələ deyil – hekayədə hərəkət vacibdir, hərəkət, keçidlər spontandır.

-Sizcə, yazıçı kimi mədəni irsə, ətraf mühitə nə dərəcədə təsir edə bilirsiniz?
-Heç nə qədər. Bəlkə universitet illərindəki planlarımı izləyib hüquqşünas olsaydım, bu suala necəsə cavab verə bilərdim, amma indi heç nə ilə təsirli deyiləm.

-Amerikada yazıçı kimi özünüzü gücsüz hiss etdiyiniz olurmu?
-Əsər yazmaq gücə aparan yol deyil. Bu fikrə inandığım qədər yaşadığım cəmiyyətdə insanların əsərdən, ədəbiyyatdan necəsə təsirləndiklərinə, yəni nələrisə dəyişəcək qədər təsirləndiklərinə də inanmıram. Ədəbi əsərlər ən yaxşı halda başqa yazarlar üçün nümunələrdir, yalnız yazıçılar bu əsərlərdən necəsə təsirlənə bilər, üslub, mövzu, təsvir üsulu, janr baxımından. Adi oxucular, gündəlik qayğıları bizimkilərdən çox-çox fərqli olan insanlar üzərində belə bir təsirimiz olduğunu, ən azından arzuladığımız kimi təsir etdiyimizi görmürəm.

-Bəs romanlar nə edir, nəyə təsir edir?
-Adi oxuculara? Romanlar oxucuların qiraət ehtiyaclarını ödəyir. Ən yaxşı halda yazıçı oxucunun oxuma vərdişlərini, sürətini dəyişə bilər, zövqünü formalaşdıra bilər. Mənə romanların gördükləri iş haqqında ancaq belə şeylər real görünür. Eyni zamanda, məncə, bu qədər iş görə bilirlərsə, kafidir. Roman oxumaq dərin və fərdi yaşanan istirahət üsuludur. Seks xaricində başqa heç bir məşğuliyyət insanı mənəvi və ruhi cəhətdən roman oxumaq kimi sakitləşdirə bilməz.

-Sonuncu sualı da səsləndirim. Özünüzü necə təsvir edərsiniz? Sizcə, siz kimsiniz, bayaq qeyd etdiyiniz əsərlərdə canlılığını təmin etməyə çalışdığınız o qəhrəmanlardan hansısınız?
-Mən zaman-zaman özündən uzaqlaşıb, sonra yenidən özünə dönən, bəzən isə yaratdığı qəhrəmanlara çevrilərək yaşayan biriyəm. Daha çox bütün gününü yazmaqla keçirən bir adama oxşayıram. /kaspi.az/

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.