Firuz Mustafa Gənc ədiblər məktəbinin qonağı olub
13.02.15

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti toplantısı keçirilib. Budəfəki toplantının qonağı yazıçı-dramaturq Firuz Mustafa olub.

Tədbiri giriş sözü ilə açan AYB katibi, GƏM-in rəhbəri Rəşad Məcid əvvəlcə gənc ədibləri qonağa təqdim edib, sonra F.Mustafanın yaradıcılıq yolu, əsərləri barədə danışıb: "Firuz Mustafa çox maraqlı və istedad sahibi olan adamdır. Mən onun hekayələrini, romanlarını həmişə maraqla oxuyuram. Vaxtaşırı "525-ci qəzet"də çap olunur. Yadımdadır, təxminən 15 il əvvəl Firuz müəllimin "Teatr" romanını qəzetimizdə bir neçə nömrədə çap etdik. Oxucular tərəfindən də maraqla qarşılandı. Azərbaycan-Ermənistan münasibətlərindən bəhs edən bir əsər idi, çox böyük zövqlə oxumuşdum. Bundan başqa Firuz Mustafanın fəlsəfi əsərləri, dramları onun yaradıcılığında mühüm yer tutur".

GƏM-in koordinatoru Emin Piri dramaturqun yaradıcılığında diqqəti cəlb edən məqamlardan söz açıb. F.Mustafanın hekayə, dram və məqalələrinin başqa dillərə tərcümə olunduğunu və xaricdə də maraqla qarşılandığını dilə gətirib. Gənc ədiblərin Firuz Mustafadan çox şey əxz edə biləcəklərini vurğulayan koordinator sözü qonağa verib.

GƏM kimi bir qurumun yaradılmasının sevindirici olduğunu bildirən dramaturq deyib: "Gənc Ədiblər Məktəbi sözün həqiqi mənasında ədəbi hadisədir. Hər adamın bir vətəni olur, biz qələm adamlarının da ən böyük vətəni ədəbiyyatdır. Rəşad Məcidin də sizə ən böyük töhfəsi bu vətəndə sizi bir araya gətirməkdir. Gənclərə özlərini ifadə üçün imkan yaradır, onların qayğısına qalır. Bununçün ona böyük təşəkkür düşür. Ədəbiyyatda əsas şərtlərdən biri müstəqil, şəxsi mövqe sahibi olmaqdır. Çalışın ki, öz fikirləriniz, mövqeyiniz, ideya və məqsədiniz olsun. Ədəbiyyat məfhumu altında birləşin, qalan məsələlərdə fikir ayrılığının olması isə rəqabətə və inkişafa aparacaq".

F.Mustafanın fikrincə, "Ədəbiyyat nədir?" sualı çox böyük mübahisələrə yol açıb: "Bu haqda müxtəlif yazıçılar fərqli fikirlər söyləyiblər. Elə buna görə də ədəbiyyatçılar bir araya gələndə həmişə mübahisələr, polemikalar yaranır. Ona görə ki, ədəbiyyatda dəqiqlik yoxdur. Hər şey obrazlı şəkildə inkişaf edir. Amma dəqiq elmlərlə məşğul olan adamlarda bu olmur, çünki hər şey aksiomlar, düsturlarla sübut olunub. Altmışıncı illərdən etibarən isə ədəbiyyatda maraqlı bir tendensiya inkişaf etməyə başladı. Ədəbiyyatda elmilik, dəqiqlik rəvac tapdı. Əlbəttə, həddən artıq rasionallıq, elmilik bədii ədəbiyyata xələl gətirir, amma ölçüləri gözləməklə etdikdə bu, fikrimcə, çox yaxşı tendensiyadır. Xüsusilə, dramaturgiya dəqiq elmlərə, riyaziyyata yaxındır. Sinkretiklik özünü daha çox büruzə verir. Hadisələr bəlli bir zaman və məkan çərçivəsində inkişaf edir. Dramaturq zaman və məkan anlayışını balanslaşdıra bilirsə, deməli, istədiyini edə bilib. Amma nə qədər hər şey yerli-yerində olsa da, bütün qanunauyğunluqlara əməl edilsə də, birinci yerdə mətn dayanır. Mətn güclü olmasa, başqa keyfiyyətlərin mənası qalmayacaq. Ona görə də eqoizmdən tamamilə əl çəkmək, özünü yaradıcılığa bağlamaq lazımdır. Hərdən rast gəlirəm, gənc müəlliflər az qala rejissorla dalaşırlar ki, mən yaxşı yazıram, istedadlıyam. Əgər mətn yaxşıdırsa, dram əsəri güclüdürsə, sizin dalaşmağınıza heç bir ehtiyac qalmayacaq. Sizin əvəzinizə mətniniz, əsəriniz vuruşacaq. İstedadın qarşısını almaq olmaz. Lokallıqdan, məhdudluqdan mümkün qədər qaçın. Bizə elə gəlir ki, bizim ədəbiyyat məkanımız çox genişdir. Qətiyyən elə deyil, Azərbaycan kiçik bir yerdir. Ona görə də mütləq xarici dillərə tərcümə olunmaq, dünya arealında oxucularla təmasa girməliyik. Hər hansı areal üçün yox, dünya üçün, dünya oxucusu üçün yazmaq lazımdır. Nə qədər fərqli ölkələr, dillər olsa da, bütün oxucuların, bütün yaxşı əsərlərin dili eynidir. Ona görə də oxucuya təsir edəcək, onu silkələyəcək tərzdə yazmağa çalışmalıyıq".

Ədibin qənaətinə görə, xüsusən dramaturgiya daha da əhatəli olmağı tələb edir: "Bu, həm riyaziyyat, həm musiqi, həm heykəltəraşlıqdır, çünki sən bəlli zaman və məkan çərçivəsində hadisələri, surətləri oxucuya, tamaşaçıya göstərməlisən, əsəri görən, oxuyan adam surətlərin nəfəs aldığını, canlı olduğunu hiss etməlidir. Nasir olmaq istəyirsinizsə, ədəbiyyatın əlifbasını yaradanları tanımalı, onları diqqətlə mütaliə etməlisiniz.

Mən ədəbi dərgiləri diqqətlə izləyirəm, xüsusən gəncləri oxumağa çalışıram. Təbii ki, istedadlılar çoxdur, amma çox təəssüflə qeyd etməliyəm ki, fenomenlər yoxdur. Çünki mütaliə zəifdir, gənc yazarların çoxu özünü əziyyətə salmaq istəmir. Yazanların çoxu məşhur olmaq, tanınmaq üçün yazır. Yazıçı, şair, yaxud dramaturq tanınmaq üçün yox, ədəbiyyat üçün yazmalıdır. Məsələn, məşhur amerikalı yazıçı Uilyam Folkner 1949-cu ildə "Nobel" mükafatı alanda onu çox adam tanımırdı. Demək olar ki, Amerikanın özündə də belə bir yazıçının varlığından əksəriyyətin xəbəri yox idi. Amma Folkner öz əzmi, istedadı ilə nəyə qadir olduğunu dünyaya göstərdi.

Dramaturq olmaq istəyən kəs mütləq poeziyanı da bilməlidir. Çünki hissləri, həyəcanı qabartmaq üçün poeziya çox gözəl vasitədir. Dramaturgiyada mütləq poetik parçalar, rəqslər, səslər olmalıdır. Ona görə də yazıçı özünü püxtələşdirmək üçün dramaturgiya ilə də məşğul olmalıdır. Ədəbiyyata hobbi kimi yanaşanlar da var. Amma ədəbiyyat çox ciddi məsələdir. Bütün həyatını, enerjini, bacarığını ortaya qoymalısan. Eyni zamanda insan öz istedadının sərhədlərini təxmini də olsa dərk etməlidir. Ədəbiyyat tarixində kifayət qədər misallar var: bütün həyatını, enerjisini bu yolda qoyan adamlar gəncliyini əldən verdikdən, ömrünü puç etdikdən sonra görüb ki, nə enerji var, nə də ortaya qoyduğu sanballı iş. Bunların hamısını sizə açıq şəkildə deyirəm, çünki bütün bunları gözə almaq lazım gəlir. Hər üç-beş yazısı çıxan adam ədəbiyyatçı olmur. Böyük ədəbiyyata böyük də nəfəs lazımdır. Eybi yox, ortaya çıxardığınız iş az olsun, amma tutarlı olması vacibdir. Bu dediklərimi sizi ruhdan salmaq üçün yox, ədəbiyyatın, yazmağın necə çətin və məsuliyyətli bir iş olduğunu anlatmaq üçün deyirəm".

Firuz Mustafa hesab edir ki, ədəbiyyat təkcə yazmaq, yaratmaq deyil, həm də nəhəng bir elm sahəsidir: "Ona görə də yalnız yazmaqla deyil, ədəbiyyatşünaslıqla, ədəbi tədqiqatla məşğul olun. Çünki öyrəndikcə, araşdırdıqca daha çox zövq alacaq, daha tutarlı əsərlər ortaya qoyacaqsız. Bəzən olur, ədəbiyyata qətiyyən dəxli olmayan adamlar gündəm yaratmaq istəyir, kütləyə hesablanmış yazılar tirajlamaqla ədəbiyyatla alver etməyə çalışır. Əlbəttə, belələri müəyyən zaman keçəndən sonra iz qoymadan yox olur. Ona görə də çalışın ki, yazdığınız sözün, əsərin çəkisi olsun. Ədəbiyyatdan, sözdən məşhur olmaq, pul qazanmaq üçün istifadə etməyin".

Dünya dramaturgiyasının tarixinə nəzər salan, onun qədimliyindən söz açan F.Mustafa deyib: "Bəs bizdə dramaturgiya nə vaxt yaranıb? 150 il əvvəl. Eyni zamanda bizim necə gözəl dram nümunələrimiz, dramaturqlarımız var, Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Cəfər Cabbarlı. Dramaturgiya ədəbiyyatda bir növ minatəmizləyən rolunu oynayır. Onun açdığı yolla poeziya və nəsr irəliləyir. Bu baxımdan, mənim fikrimcə, dramaturgiya nəsr və ya poeziyadan bir addım öndədir".

Sonra F.Mustafa gənc ədiblərin suallarını cavablandırıb, onların yaradıcılığından nümunələr dinləyərək, fikirlərini bölüşüb. /525.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.