“Qızıl Kəlmə” Ədəbi Mükafatı elan edilib
12.02.15
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 2014-2015-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədiilə "Qızıl Kəlmə" Ədəbi Mükafatını elan edir.
Mükafata aşağıda göstərilən ədəbi janrlarda yaradılmış, son 2 ildə kitab və ya jurnalda çap edilmiş əsərlər təqdim olunur:
- nəsr əsərləri (roman, povest, hekayə və hekayələr silsiləsi); - poeziya əsərləri (poema, şeirlər və mahnı mətnləri); - tənqid, ədəbiyyatşünaslıq və publisistika əsərləri; - orijinaldan bədii tərcümə əsərləri. - uşaqlar üçün yazılmış bədii əsərlər. Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur. Mükafat iki ildən bir may ayının ilk ongünlüyündə verilir. Mükafat rəmzi simvol (döş nişanı), diplom və pul mükafatından ibarətdir. Namizədlərin irəli sürülməsinə dair elan mətbuatda dərc edildikdən sonar yaradıcılıq təşkilatları, nəşriyyat, redaksiyalar və əvvəllər Mükafata layiq görülmüş şəxslər namizəd irəli sürə bilərlər.
Bir təşkilat, şəxs Mükafata hər nominasiya üzrə yalnız bir namizəd təqdim edə bilər. Təqdimat aşağıdakı sənədlərdən ibarətdir: Əsəri təqdim edən təşkilatın, şəxsin Mükafat Komissiyasına ünvanlanmış məktubu; Çap edilən əsər (5 nüsxə); Namizədin tərcümeyi-halı və 1 ədəd fotoşəkli; Şəxsiyyət vəsiqəsinin surəti; Müəllifin digər işlərinin siyahısı (əgər varsa); Əsər barədə rəylər və nəşr edilən yazılar (əgər varsa).
İşlər 2015-ci il fevral ayının 16-dan -2015-ci il aprel ayının 20-si son təqdimat günü olmaqla bu ünvana təqdim edilməlidir: AZ 1000, Bakı şəh., Hökumət Evi, 3-cü mərtəbə, 319-cu otaq. Tel: 493 06 80
Artpress.az
|