Tağı Nurullayev - Hər bir son bir başlanğıc
11.02.15
Hər bir son bir başlanğıc, hər bir başlanğıc isə bir ümid gizləyir özündə. Əslində elə hər bir başlanğıc da bir son, bir ümidin bitməsini və arzuların, gözləntilərin reallaşmasını, bəlkə də reallaşmadan yoxa çıxmasını, yenilərinin yaranmasını əks etdirir. Yeni bir başlanğıc üçün mütləq nəyəsə son qoymaq, nələrisə bitirmək lazım gəlir. Dahi bir insanın sözü yadıma düşür: “Yeni bir cümlə başlamaq üçün əvvəl nöqtə qoymaq lazımdır”. Bu da böyük bir işdir: nöqtə qoymaq, qoya bilmək, nəyinsə sona çatdığının, artıq bitməli olduğunun qərarını vermək, elan etmək, yenisi üçün ilk addımlar atmaq, yeni səhifələr açmaq. Bu da bir cəsarətdir... Ən böyük hakimiyyətin özünə, nəfsinə sahib olmaq, öz həyatını idarə edə bilmək olduğu kimi.
İnsana su içmək kimi asan bilinən “boş ver” kəlməsini demək bəzən elə çətinliklər törədir, dərin düşüncələrə, aşılması güc görünən maneələrə salır ki insanı. Sırf sənə aid olan şəxsi həyatında belə səndən asılı olmayan, istəsən də təkbaşına idarə edə bilmədiyin, təslim olmağa məcbur olacağın hallar baş verir. Ürəyin, beynin və bədəninin hər bir üzvü ayrı-ayrı insanlar kimi görünür sənə. Sanki hansısa bir təşkilatın üzvləri. Vahid bir məqsədə xidmət edən, yeganə bir məram ətrafında birləşən üzvlər. Amma bəzən də fikirləri, məqsədləri üst-üstə düşməyən, aralarında mübarizə aparıb səni yoldan çıxartmağa çalışan rəqiblər. Necə də çətindir, hər kəsə nəsib olmayan bir üstünlükdür özünü idarə edə bilmək, yalnız istədiklərini edib, sənə pis görünən hər bir şeydən uzaq qaçmaq, qarışmamaq, qarışdırmamaq həyatına... Təmiz tutmaq həyatını, yaşamını. Ləkə salmamaq...
Məncə, insanın həyatı da kiçik bölmələr şəklində olan “həyatlar”dan ibarətdir. Bu “həyat”ların hər birinin başlanğıcında insan yenidən doğulur, yeni bir başlanğıcla üzləşir. Sonda isə imtahan verib növbəti həyata keçir. Etdikləri, etmədikləri, edə bilmədikləri, əslində etməməli olub, amma bilərək və yaxud bilməyərəkdən etdikləri müzakirə olunur, sorğuya çəkilir, sonda isə qiymətləndirilir. Məktəb həyatı, uşaqlıq dostları, tələbəlik illəri, iş həyatı, yaşadığı müxtəlif ünvanlar, qonşuluqlar... Hər bir yeni ünvan, iş, münasibət qurulan insanlar bir imtahandır sanki insana. Uzunmüddətli, həm də çətin və şəxsi bir imtahan. Gedişini, nəticəsini heç kimin bilmədiyi, yalnız sənə aşkar olan şifahi imtahan... Hər insan bir cür, başqa bir sifətlə çıxır bu imtahanlardan. Bəziləri nəticədən razı qalır, bəziləri isə tamamilə narazı. Kimisi etdiklərinə görə fəxarət hissi keçirir, kimisi isə rəzalət duyğuları, bəziləri isə tamamən qarışdırıb rəzalətlə fəxr etməyi üstünlük bilir özünə, peşmançılıqdan uzaq olmaq bəhanəsiylə...
|