Azərbaycan Minsk kitab sərgisində iştirak edəcək
09.02.15
Fevralın 11-dən 15-dək Belarusun paytaxtı Minskdə beynəlxalq kitab sərgisi keçiriləcək.
Sərgidə Azərbaycanın, onun zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması məqsədilə mütəxəssislər və yerli nəşriyyat nümayəndələrindən ibarət heyət iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyi artıq doqquzuncu dəfədir ki, Minsk sərgisində təmsil olunur.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, builki sərgidə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və “Hədəf” nəşrləri də iştirak edəcəkdir. Sərgidə 200 adda nəşr məhsulunun, habelə çox sayda turizm materialının nümayişinin təşkili və 2015-ci ildə paytaxtımızda keçiriləcək İlk Avropa Oyunlarının geniş təbliği nəzərdə tutulur.
Sərgi çərçivəsində baş tutacaq “Yazıçı və zaman” mövzusuna həsr olunmuş ədiblərin beynəlxalq simpozumunda ölkəmizi Belarus Respublikasının informasiya nazirinin şəxsi dəvəti ilə əməkdar incəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlu təmsil edəcəkdir.
Qeyd edək ki, Minsk Kitab Sərgisi, xüsusilə MDB ölkələri arasında nüfuzu, iştirakçı və ziyarətçi sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin təmsil olunması baxımından əlamətdardır. Hər il təşkil olunan sərgiyə təqribən 150 min ziyarətçi və 40-dan çox ölkədən iştirakçılar gəlir. /AzərTAc/
|