"Kitabevim.az" kitab marketində şair, əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlinin “Belə yaxşıdır” kitabının imza günü keçirilib. Kitab Azərbaycan Yazıçılar Birliyinin "AYBkitab" layihəsi çərçivəsində işıq üzü görüb.
Tədbirdə çıxış edən Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid layihənin oxucular, ədəbiyyatsevərlər üçün əhəmiyyətindən söz açıb.
Layihənin rəhbəri Xəyal Rza hər bir şair üçün imza gününün əlamətdar hadisə olduğunu vurğulayıb: “Vaqif Bəhmənli öz üslubu, ədəbiyyatımızda məxsusi yeri olan şairlərdəndir. Onun fəlsəfi-intellektual şeirləri oxucular tərəfindən hər zaman böyük rəğbətlə qarşılanıb”.
Şair Çingiz Əlioğlu, professor Nizaməddin Şəmsizadə və digər çıxış edənlər Vaqif Bəhmənlinin yaradıcılığının məziyyətlərindən, şeirlərindəki poetik məzmunun dərinliyindən söz açıblar. /APA/