Bu ilin ilk "Azərbaycan"ı işıq üzü görüb
29.01.15
"Azərbaycan" jurnalının bu ildəki birinci sayı nəşr olunub. Dərgi 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Şəhidlik...Qəhrəmanlıq..." yazısı ilə açılır.
Jurnalın ənənəvi "Poeziya" bölməsində Vaqif Bəhmənli, Barat Vüsal, Zirəddin Qafarlı və Balayar Sadiqin şeirləri verilib.
Məmməd Orucun "Qısa qapanma" romanının əvvəli jurnalın "Nəsr" rubrikasında yer alıb.
"Dramaturgiya" bölümündə Mehman Musabəylinin "Yük vaqonu" əsəri təqdim edilib.
Zümrüd Dadaşzadənin "Nəhəng olan uzaqdan daha aydın görünər..." yazısında akademik Məmməd Arif haqqında düşüncələr qələmə alınıb.
Hədiyyə Şəfaqətin şeirləri jurnalın "Debüt" rubrikasında dərc edilib.
Professor Vaqif Yusiflinin "Təzədən doğulur şair ölən gün" məqaləsi Adil Babayevin 90 illik yubileyinə həsr olunub.
Məmməd Kazımoğlunun təqdimatında, Siyavuş Məmmədzadənin və Qoçaq Knyazın tərcüməsində Yuqra yazarları İvan Şelokov, İrina Riyabi, Dmitrii Mizqulin və Pavel Serkaşinin şeirləri "Yeni tərcümələr" rubrikasında öz əksini tapıb.
Qəşəm Nəcəfzadə "Şəkillər" yazısında şair Əli Kərimdən söz açıb.
Nərgiz Cabbarlı "Yeni yaradıcılıq təmayülləri, ədəbi qruplar və avanqard poeziya" məqaləsində sözügedən mövzularla bağlı fikirlərini bölüşüb.
"Kitablar, rəylər" bölümündə Zaman Əsgərlinin "Cənubi Azərbaycan ədəbiyyatı", Aynur Xəlilovanın "On ilin ədəbi-tənqidi düşüncələri" yazıları dərc olunub.
Günay Qarayeva "Hörmüz-Əhriman və yaxud Xeyir və Şər modelinin transformasiyası" yazısında Xalq yazıçısı Anarın "Göz muncuğu" əsəri haqqında düşüncələrini qələmə alıb.
Paşa Əlioğlunun təqdimatında XVII əsr Azərbaycan şairi Mirzə Saleh Təbrizinin həyat və yaradıcılığı haqqında məlumatlar, eləcə də şairin qəzəlləri dərginin "Naməlum abidələrimizdən soraqlar" rubrikasında oxucuların ixtiyarına verilib. /525.az/
|