Əsədulla Qurbanov - “Bir bölüyün manifesti” kitabı haqqında
29.01.15
Fəlsəfə elmləri doktoru, professor
Biblioqrafiya
“Bir bölüyün manifesti”
kitabının oxucularla görüşü
(Kitab
haqqında qənaət və təəssüratlarım)
“Bir bölüyün manifesti” sənədli oçerki, bundan əvvəl “Elm və
Təhsil” nəşriyyatı tərəfindən işıq üzü görmüş, müstəqil Azərbaycan
Respublikasının cinayət-prosessual qanunvericiliyinin
mənbələrinin konseptual şəkildə, elmi-nəzəri və hüquqi, eyni zamanda
fəlsəfi əsaslarla tədqiq olunduğu və bu
sətirlərin müəllifinin fəlsəfi aspektləri üzrə elmi məsləhətçisi və rəyçisi
olduğu “Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və
hüquqi xarakteristikası” adlı monoqrafiyası ilə milli hüquq elmimizə, ələxüsus
onun çox az tədqiq olunmuş cinayət prosessual hüquq sahəsinə qiymətli töhfə
vermiş gənc, perspektivli mütəxəssis Qaya Əliyevin oxucularla növbəti
görüşüdür. Əgər birinci kitab önəmli yaradıcılıq dövrü keçirən Qaya Əliyevin
sırf elmi idrakının və akademik hüquq düşüncəsinin məhsulu idisə, hal-hazırda
dəyərli oxucularımıza təqdim olunan “Bir bölüyün manifesti” sənədli oçerki isə,
ədəbi-bədii yaradıcılıq və xüsusilə nəsr sahəsində, o cümlədən oçerk janrında
qələmini sınayan müəllifin daha çox bədii təxəyyülünün, estetik şüurunun,
emosional idrakının, fəlsəfi dünyagörüşünün və bilavasitə vətəndaş mövqeyinin
inikasıdır.
Kitabda çağdaş dövrümüzün tələbkar oxucularına rəşadətli
ordumuzun bir bölüyünün döyüşçülərinin timsalında doğma vətən naminə,
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın azadlığı uğrunda mərdliklə
vuruşan vətən oğullarının dolğun obrazları təqdim olunmuşdur.
Heç bir qiymətli əsər təsadüfən meydana gəlmir. Hər bir dəyərli
kitabın öz ərsəyə gəlmə, biblioqrafik həyata vəsiqə qazanma tarixçəsi var. Bu
baxımdan, hesab edirəm ki, sözügedən əsərin
yaranma tarixçəsi də hörmətli oxucularımız üçün maraqlı olardı. Tarixi təcrübə onu
deməyə əsas verir ki, mühüm hadisə və proseslər “isti izlərlə”, canlı
şahidlərinin və iştirakçılarının həyatda olduğu dövrdə yazılmayanda, həm tez
unudulur, hafizələrdən silinib gedir, həm də sonrakı dövrlərdə qələmə alınsa
belə, ayrı-ayrı faktlar və onlara subyektiv yanaşmalar kontekstində
bitib-tükənməyən, gərgin mübahisələr predmetinə çevrilir. Qarabağ müharibəsinin
dəhşətlərini öz gözləri ilə görmüş, 4 il ağır döyüşlərdə bilavasitə iştirak
etmiş keçmiş bölük komandiri Şəmsi Hüseynov da, öz növbəsində bu
qanunauyğunluğu aydın şəkildə başa düşərək, Qarabağın azadlığı uğrunda gedən
döyüşlərdə rəhbərlik etdiyi Yasamal taborunun II bölüyünün və həmin bölüyün
ayrı-ayrı hərbçilərinin keçdiyi şərəfli döyüş yolu haqqında kitab yazılması, ən
yeni tariximizə aid olan həmin hadisə və proseslərin vaxtında işıqlandırılması
barədə niyyətini bəndənizə bildirdi. Şəmsi Hüseynovun təşəbbüsünü bəyənərək ona
bu məsuliyyətli işin öhdəsindən layiqincə gələ biləcək, sistemli, analitik və
akademik düşüncə tərzinə, universal biliyə və geniş dünyagörüşə, o cümlədən iti
qələmə malik bir gənc hüquqşünas kimi Qaya Əliyevi tövsiyə etdim. Təklifimə
müsbət yanaşan Şəmsi Hüseynov tezliklə,
komandiri olduğu bölüyün
döyüşçüləri barədə zəruri məlumatlarla Qaya Əliyevi təmin etdi.
Heykəltəraşın sal daşları yonaraq onlardan canlı büstlər, əzəmətli heykəllər
ərsəyə gətirdiyi kimi, Qaya Əliyev də öz növbəsində, bəndənizin ümidlərini və
etimadını layiqincə doğruldaraq, Şəmsi Hüseynovun ona təqdim etdiyi bu
informasiya xammalı əsasında belə bir sanballı tarixi oçerk meydana gətirmiş
oldu.
Kitabın məzmunu ilə yanaşı, onun ad seçimi də mühüm əhəmiyyət
kəsb edir. Bu baxımdan, “Bir bölüyün
manifesti” əsərinin yaranma tarixçəsi ilə yanaşı, onun adının genezisinə də
toxunmağı vacib hesab edirəm. Göründüyü kimi, kitabın adı görkəmli nasir,
ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin məşhur “Bir gəncin manifesti” romanını xatırladır. Bu da təsadüfi
deyildir. Böyük, ustad yazıçı tərəfindən
ədəbi dövriyyəyə buraxılmış
manifest istilahı, daha sonra görkəmli Azərbaycan diplomatı Hafiz
Paşayevin müəllifi olduğu “Bir səfirin
manifesti” əsəri ilə ədəbi məkanda öz mövqeyini daha da möhkəmləndirərək,
idiomatik deyimə çevrilmiş və frazeologiya kimi ədəbi dilimizə vəsiqə
qazanmışdır. “Bir bölüyün manifesti” əsərinin müəllifi də öz növbəsində, bu
ədəbi ənənəni davam etdirərək çoxsaylı ad versiyaları arasından məhz “Bir bölüyün manifesti” adının üzərində
dayanmışdır. Həm sözügedən aspektdən, həm də kitabın məzmununun lakonik
şəkildə, tam, hərtərəfli və obrazlı ifadə edilməsi baxımından müəllifin əsərə
ad seçimini kifayət qədər uğurlu hesab etmək olar.
Ölkəmizin
ərazisinin 20 faizinin erməni silahlı qüvvələrinin işğalı altında olmasını, 1
milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını nəzərə
aldıqda, hesab edirəm ki, bu fundamental əsərin aktuallığı barədə geniş
danışmağa ehtiyac yoxdur. Bu baxımdan, Ümummilli Liderimiz Heydər Əliyevin 22
sentyabr 1993-cü ildə gənclərin nümayəndələri ilə görüşdə səsləndirdiyi bu
dərin məzmunlu, geniş mündəricəli fikirlərini qeyd etmək yerinə düşərdi: ...Əsas vəzifələrdən biri də gənclərimiz
arasında vətənpərvərlik hissini
geniş təbliğ etməkdir. Bu, təkcə
ona görə deyil ki, biz indi müharibə aparırıq. Hər bir vətəndaş vətənpərvər
olmalıdır. Əgər öz vətənini,
torpağını, xalqını sevməsən,
öz xalqının mənəvi dəyərlərinə sadiq olmasan, şübhəsiz
ki, dünyada başqa şeyləri də qiymətləndirə
bilməzsən. İndiki dövrümüzdə vətənpərvərlik ən aktual
məsələdir.” (Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər,
bəyanatlar, məktublar, müsahibələr. Birinci kitab: iyun, 1993 – may, 1994 /
bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 1997. səh. 113)
Elə buna
görə də, Ulu Öndərimizin hələ illər öncə qarşımıza qoyduğu vəzifənin yerinə yetirilməsinə
- gənclərimiz arasında vətənpərvərlik hissinin geniş təbliğinə, ələxüsus gənc
nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən, indiki dövrümüzün
ən aktual məsələsi olan vətənpərvərlik
mövzusunda qələmə alınmış “Bir bölüyün
manifesti” əsəri son dərəcə mühüm ictimai-siyasi və didaktik əhəmiyyət kəsb
edir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu sanballı əsərin
əhəmiyyətini şərtləndirən xüsusiyyətlərindən biri də onun çoxfunksiyalı səciyyə
daşımasıdır. Başqa sözlə desək, bu əsər;
- ən yeni
tariximizin Qarabağ müharibəsi səhifələrinin, həm də milli hərb tariximizin ən
yeni dövrünün öyrənilməsi istiqamətində müasir tarixşünaslığımız üçün mühüm bir
məxəzdir.
- eyni zamanda hüquq ictimaiyyəti üçün,
Transmilli cinayət hüququ sahəsi üzrə bir gənc ixtisaslı mütəxəssis kimi
müəllif tərəfindən XX əsrin sonlarında xalqımızın məruz qaldığı 20 Yanvar
faciəsi, Xocalı soyqırımı, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü kimi
cinayətlərin beynəlxalq hüquqi tövsifinin verildiyi və Qarabağ konfliktinin
hüquqi aspektlərinin şərh olunduğu konseptual mənbədir.
- habelə jurnalistika, politologiya və
beynəlxalq münasibətlər üzrə mütəxəssislər üçün ölkənin istər daxilindəki,
istərsə də xaricindəki bir sıra ictimai, siyasi, ideoloji hadisə və proseslərin
konfliktoloji, politoloji, sosioloji, geopolitik və s. aspektlərdən, eləcə də
beynəlxalq münasibətlər nəzəriyyəsi və tarixi, xarici siyasət və milli
təhlükəsizlik, diplomatiya prizmasından ətraflı,
hərtərəfli, müfəssəl, analitik şərhinin verildiyi, siyasi publisistika
elementləri ilə zəngin yaradıcılıq məhsuludur.
- həmçinin, filosoflar, kulturoloqlar, dinşünaslar, pedaqoqlar,
etika və estetika sahələri üzrə mütəxəssislər üçün, qədim Roma filosofu
Senekadan, böyük Şərq mütəfəkkiri Əbu Turxana, klassik alman fəlsəfəsinin
nümayəndələrinə, Kant, Hegel, Fixteyə, milli fəlsəfi fikir tariximizin görkəmli
nümayəndələrindən - Akademik H.Hüseynovdan, Akademik R.Mehdiyevə kimi böyük
filosofların və mütəfəkkirlərin mövzu üzrə fikirlərinin, mülahizələrinin, eləcə
də müqəddəs Qurani-Kərimdən ayrı-ayrı ayələrin, habelə İslam dünyasının
görkəmli mütəfəkkiri və dövlət xadimi Həzrəti Əlinin kəlamlarının əks olunduğu,
mənəvi borc anlayışının, fəlsəfənin həyat, ölüm, ölməzlik problemlərinin,
dialektikanın kateqoriyaları və qanunları, vətənpərvərlik hisslərinin, şəhidlik
məktəbinin və bu kimi digər ayrı-ayrı anlayış və məfhumların fonunda müxtəlif
qəhrəmanlıq nümunələrinin fəlsəfi aksioloji, etik və estetik, sosioloji və
kulturoloji, mədəniyyətşünaslıq və pedaqoji və s. aspektlərdən təhlil və təbliğ
edildiyi, müasir vətənpərvərlik tərbiyəsi metodikasına dair mühüm elmi
mülahizələrin əks olunduğu tərbiyəvi-didaktik əhəmiyyətli əvəzsiz fəlsəfi,
ideoloji, estetik, kulturoloji vəsaitdir.
- həm də filoloqlar
üçün, böyük türk şairi və ədəbi tənqidçisi O.Ş.Gökyaydan, XIX əsr Fransız
yazıçısı və filosofu E.Renana, Misir yazıçısı A.M.Akkaddan, Amerikalı yazıçı
J.Fletçerə, Cek Londona, dahi şairimiz Məhəmməd Füzulidən, mühacir şairimiz
Almas İldırıma, böyük alman şair-dramaturqu, mütəfəkkiri İ.V.Höteyə, XX əsr
Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər
göstərmiş Mir Cəlal Paşayevdən, ustad şairlərimiz Səməd Vurğun, Məmməd Araz,
Bəxtiyar Vahabzadə və Cabir Novruza, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
klassiki Hüseyn Caviddən, ölməz sənətkarımız, nakam şairimiz Mikayıl Müşfiqə,
Böyük türk şairi Mithat Camal Kuntaydan, korifey dramaturqumuz Cəfər Cabbarlıya
kimi dünya və milli ədəbiyyatımızın onlarca digər klassikinin yaradıcılığından
və ədəbi irsindən, eləcə də dünya xalqlarının mədəni irsindən – alban, yapon,
türk və digər xalqların atalar sözlərindən, zərbi məsəllərindən, klassik latın
deyimlərindən, milli folklorumuzun dəyərli nümunələrindən vətənpərvərlik
mövzusu üzrə dərin məzmunlu, ibrətamiz, didaktik xarakterli, tutarlı və yerində
iqtibasların gətirildiyi dəyərli müntəxəbatdır.
- hətta demək olar
ki, hərbçilər, hərbi kəşfiyyat və əks-kəşfiyyat, hərbi strategiya, hərbi rabitə
və s. bu qəbildən olan sahələr üzrə mütəxəssislər üçün, Yasamal taborunun II
bölüyünün keçdiyi döyüş yolu təhlil olunarkən müəllif tərəfindən məşhur
Prussiya generalı Helmut fon Moltkedən, hərb sənətinin dühası Napoleon
Bonaparta, böyük Çin hərbi strateq Sun Tszıdan, Türk dünyasının böyük oğlu,
əfsanəvi komandan M.K.Atatürkə, “Qafqaz qartalı” Şeyx Şamildən, Rusiya hərb
tarixinə öz dərin izlərini qoymuş general Baryatinskiyə və general Belyayevskiyə,
Alman hərb sənətinin görkəmli xadimləri general Falkenheymdən, marşal Liman fon
Sandersə, II Dünya müharibəsində Leninqrad, Volxovsk və 2-ci Belarus cəbhəsində atıcı diviziyasının rabitə rəisi
kimi faşizmə qarşı həlledici döyüşlərdə fəallığı və cəsarəti ilə seçilmiş
təcrübəli çekist D.G.Bıstrovdan, İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq
görülmüş, cəmi 34 yaşında ikən tank qoşunları qvardiya general-mayoru olmuş
Azərbaycan xalqının əfsanəvi oğlu Həzi Aslanova
kimi dünya hərb tarixinə adını qızıl hərflərlə yazmış görkəmli
sərkərdələrin hərbi taktika və strategiya, hərbi idarəetmə, hərbi kadr
siyasəti, hərbi rabitə, hərbi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti üzrə
dəyərli fikirlərinə və təcrübələrinə, hərb elminə aid bu kimi digər fundamental
müddəalara və mülahizələrə, eləcə də XIX əsr Şimali Qafqaz müharibəsi, I Dünya
müharibəsində məşhur Çanaqqala döyüşü, Hələbin müdafiəsi, II Dünya müharibəsi
kimi dünya hərb tarixi üzrə mühüm nümunələrə müraciət edildiyi, eyni zamanda
dünya hərb tarixinin görkəmli simalarından– Amerikanın istiqlaliyyət müharibəsində
ingilislər tərəfindən yaxalanaraq edam edilmiş 21 yaşlı Amerikan kəşfiyyatçısı
N.Heydən, XX əsrin əvvəllərində İtaliyan faşizminə qarşı mətanətlə döyüşmüş
Liviya xalqının əfsanəvi lideri Ömər Muxtara, Kokand xanlığının özbək əsilli
sərkərdəsi, bütün mənalı ömrünü Şərqi Türküstanın azadlığı uğrunda mübarizəyə
həsr etmiş Yaqub bəyə kimi, Milli hərb tariximizin parlaq simalarından -
generallar Hüseyn Məmmədov, Tərlan Əliyarbəyov və Monqolustanın Xalq Qəhrəmanı
Söhbət Quliyevdən, Böyük Vətən müharibəsində rabitə sahəsində böyük rəşadətlər
göstərmiş Ələkbər Xəlilov, Məhər Süleymanov və Pirəli Pirəliyev kimi milli
rabitəçi kadrlarımıza, Azərbaycan tarixinə bütün vətən torpaqlarını ilk dəfə vahid
dövlət hüdudlarında birləşdirən hökmdar, görkəmli sərkərdə və islamın müqəddəs
yerləri uğrunda şəhid olmuş döyüşçü kimi daxil olan Saci hökmdarı Yusif ibn Əbu
Sac Divdaddan, doğma torpaqlarımızın yadelli işğalından müdafiəsi uğrunda gedən
qanlı döyüşlərdə son damla qanınadək vuruşub qəhrəmancasına həlak olmuş Gəncə
xanı Cavad xana qədər xatırlandığı hərbi tarixi-nəzəri-konseptual materialdır.
- o cümlədən, dünya
xalqlarının və Azərbaycan xalqının mədəniyyətindən, söz xəzinəsindən,
kulturoloji irsindən, elmi, fəlsəfi, dini, mifoloji dünyagörüşü nümunələrindən ibarət, rəngarəng söz
çələngidir.
- Ən əsası isə bu
kitab müasir oxucularımızın mütaliəsinə təqdim olunmuş, Qarabağ müharibəsində Yasamal
taborunun II bölüyünün tərkibində vuruşmuş igid oğullarımızın keçdiyi şərəfli
ömür və şanlı döyüş yolunun bədii boyalarla işıqlandırıldığı oxunaqlı bir bədii
nəsr nümunəsidir.
Əlbəttə, əsər barədə bu qəbildən olan mülahizələrin sayını
artırmaq da olardı. Bütün bunlarla yanaşı hər şeydən əvvəl qeyd etmək istərdik ki,
bu dəyərli əsər mənəvi-ideoloji mahiyyəti etibarilə, Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin və ərazi
bütövlüyünün müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizə ithaf olunmuş
əbədiyyət simfoniyası, Qarabağ müharibəsində böyük şücaət və misilsiz
qəhrəmanlıqlar göstərmiş Yasamal taborunun II bölüyünün igid döyüşçülərinə
sözdən qoyulmuş abidədir.
Yasamal taborunun II bölüyünün keçdiyi döyüş yolu haqqında tarixi
həqiqətləri əks etdirən ilk, bir qədər romantik tərzdə və bədii üslubda
yazılmış bu əsərdə, bəlkə də hələ tariximizə bəlli olmayan məlumatlar, tarixi
faktlar və hadisələr öz əksini tapıb. Bu əsərin ürək qanı ilə yazılmış
səhifələrində 46 nəfər mərd, şücaətli, cəsur, ölümün gözünə dik baxan, vətən
naminə tərəddüd etmədən sinəsini düşmən gülləsinin qabağına verən igid
oğullarımızın, I Qarabağ müharibəsində şərəfli döyüş yolu keçən Yasamal
taborunun II bölüyünün döyüşçülərinin ürəyi çırpınır.
Kitabda bütün döyüşçülərin bir ali məram uğrunda mübarizəsi
qırmızı bir xətt kimi göz önündən keçib gedir. Vətənə sonsuz məhəbbət, düşmənə
qarşı barışmaz kin, nifrət hissi. Zəngin, rəngarəng boyalarla gərgin hadisələrin
fonunda hər bir döyüşçünün xarakterik real obrazı ustalıqla əks etdirilir.
Onların keçdiyi şərəfli döyüş yolu haqqında sətirləri oxuduqca sanki, tankların
vahiməli nəriltisini, ağır hərbi texnikanın, artilleriyanın tükürpədici
uğultusunu, güllə səslərini eşitmək olur. «Bir
bölüyün manifesti» əsərində bir məqam xüsusi ilə diqqət çəkir. Müəllif hadisələri
təsvir etməklə yanaşı, bədii-publisistlik formada hər bir döyüşçünün həyat və
döyüş yolunu izləyir və bütövlükdə onların mənəvi dünyasının vəhdətini yaradır.
Eyni zamanda, əsərdə hər bir döyüşçünün keçdiyi ömür və döyüş yolunun
timsalında bütövlükdə bölüyün hərbi-psixoloji panoraması yaradılır, bütövlükdə
bölüyün hərbi-psixoloji mozaikası fonunda isə, hər bir döyüşçünün psixoloji
portreti canlandırılır.
Yeri gəlmişkən qeyd edək ki, əsərin hər səhifəsində müəllifin
zəngin mütaliəyə, müxtəlif elmlərə, fəlsəfəyə, o cümlədən teologiyaya dair
ensiklopedik biliyə, geniş
dünyagörüşə malik olması, həmçinin Ümummilli liderimiz Heydər
Əliyevin, xalqımızın böyük oğlu Nəriman Nərimanovun, Türkiyə Respublikasının
qurucusu və əvəzsiz lideri M.K.Atatürkün, eləcə də Bosniya xalqının lideri və
Bosniya-Herseqovinanın ilk prezidenti Aliya İzzətbəyoviçin, XIX
əsr Almaniyanın görkəmli diplomatı
və kansleri Otto fon Bismarkın,
görkəmli fransız sərkərdəsi və dövlət xadimi N.Bonapartın, Türkiyə
Respublikasının 2-ci prezidenti, briqada generalı İsmət İnönünün və dünya
tarixinə parlaq izlərini qoymuş onlarca digər siyasi xadimlərin irsinə dərindən
bələd olması və başqa müsbət keyfiyyətləri özünü büruzə verir. Əsərdən iqtibas
gətirdiyimiz təkcə elə bu sətirlər müəllifin Azərbaycan mədəniyyətinə, elminə
və incəsənətinə dair nə dərəcədə zəngin və hərtərəfli biliyə malik olduğunu
göstərməyə kifayət edir:
“Xızı rayonu. Cənnət Azərbaycanımızın
dilbər guşəsi. Korifey dramaturqumuz Cəfər Cabbarlını, istedadlı şairimiz
Mikayıl Müşfiqi, görkəmli bəstəkarımız Müslüm
Maqomayevin «Şah İsmayıl» operasının
liberettosunun müəllifi, şair və müəllim Mirzə Əbdülqədir Vüsaqini (M.Müşfiqin
atası), müasir Azərbaycan nəsrinin və dramaturgiyasının, eləcə də kino və teatr sənətinin inkişafında böyük xidmətlər
göstərmiş görkəmli nasir və
dramaturqumuz Seyfəddin Dağlını, Xalq şairimiz Cabir Novruzu, XX əsr Azərbaycan ədəbiyyatşünaslığının və
ədəbi tənqidinin formalaşdırılması və inkişafında müstəsna rol oynamış, milli
ədəbiyyatşünaslığımızın klassiki, akademik Məmməd Arif Dadaşzadəni, ilk dəfə
milli folklorumuzun qədim nümunəsi olan meyxananı televiziya ekranlarına
çıxaran, musiqili meyxana janrının banisi, ustad meyxanaçı Nizami Rəmzini
yetirən diyar.”
Məhz, bu şəxsi intellektual imkanlarından məharətlə istifadə edən
müəllif sovet tarixşünaslığından miras qalmış rəvayətçilik, primitiv
salnaməçilik, arxiv materiallarının bir-birinin ardınca düzülərək təhlil
edilmədən təqdim edilməsi, çoxsaylı statistika,
quru sxematiklik kimi hallarla oxucunu yormadan, usandırmadan və mövzudan
bezdirmədən onun diqqətini tarixi hadisə və proseslərə cəlb edir. Məsələn,
oxucu Qarabağ şəhidi M.Səmədovun ömür yolu barədə sətirləri mütaliə edərkən yorulmur,
çünki burada o, təkcə şəhid haqqında orta statistik tərcümeyi-hal göstəriciləri
ilə yox, eyni zamanda bu kontekstdə onun üçün mühüm tapıntı olan N.Nərimanovun
hələ XX əsrin əvvəllərində, Azərbaycanda sovet hakimiyyətinin yenicə qurulmağa başlandığı,
dövlət səviyyəsində ateizmin geniş
təbliğ olunduğu, İslam dininin və milli-mənəvi dəyərlərimizin təqib olunduğu
bir dövrdə İmam Hüseyni tənqid edən həmkarına “Ucqarlarda inqilabımızın tarixi” əsərində verdiyi ibrətamiz
cavabla, habelə onun üçün maraq doğuracaq elmi məsələlərlə – şəxsiyyət və onun
formalaşmasının sosial-psixoloji aspektləri, o cümlədən dahi mütəfəkkir Con Lokkun «ağ
lövhə» nəzəriyyəsi ilə və digər
bu kimi rəngarəng məlumatlarla tanış
olur. Müəllif mövzu
daxilində müqayisəli analizlər,
maraqlı paralellər, müxtəlif analogiyalar və s. məntiqi idrak metodları ilə
zəngin haşiyələrlə oxucunu dərindən düşünməyə vadar edir. Məsələn:
“Çox maraqlıdır ki,
doğma Azərbaycanımızla yanaşı, Mirhabil Rzayevin vaxtilə döyüşdüyü Əfqanıstanda
da, Kabil şəhərinin yaxınlığında və Baqram aviabazasının 20 km cənub şərqində
Qarabağ adlı bölgə mövcuddur.”
Və yaxud:
“Misir yazıçısı Abbas
Mahmud Akkad yazırıdı ki, məhz, Kərbəla hadisəsindən sonra, Əməvilər xanədanlığının
ömrü orta statistik bir insan ömrü qədər belə davam edə bilmədi. İmam Hüseynin
şəhadəti ilə bu səltənətin çöküşü
arasında cəmi 60 il vaxt
intervalı oldu. İnanırıq ki, İmam Hüseyn şəhidlik məktəbinin yetirmələri olan Məmmədağa kimi vətən
oğullarının da qanları yerdə qalmayacaq və onların şəhadət tarixi ilə erməni
işğalçılarının arabağımızdakı işğal rejiminin ömrü arasındakı vaxt intervalı
bundan da qısa çəkəcək.”
Həmçinin, dünya xalqlarının tarixinə, o cümlədən Azərbaycan
tarixinə, eləcə də beynəlxalq münasibətlər tarixinə dərindən bələd olan müəllif
ayrı-ayrı hadisə və prosesləri komporativ əsaslarla təhlil edib. Dünya
xalqlarının tarixi təcrübəsinə müraciət edərək, ən yaxın keçmişimizdə baş verən
hadisə və prosesləri bu spektrdə, müqayisəli analiz metodu ilə işıqlandıran
müəllif uğurlu tarixi paralellər aparıb. Məsələn, müəllifin
Bosniya-Herseqovinanın ilk prezidenti A.İzzətbəyoviçin 1995-ci ildə Bosniyada
müharibəni başa çatdıran Deyton müqaviləsi haqqında ibrətamiz düşüncələri ilə,
Ümummilli Liderimiz Heydər Əliyevin 1994-cü ildə imzalanmış, Qarabağ müharibəsində
cəbhə boyu atəşkəsi nəzərdə tutan Bişkek protokolu barədə müdrik fikirləri
arasında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konflikti ilə, tarixi Fransa-Almaniya,
Elzas münaqişəsi arasında, qardaş Türkiyə xalqının tarixinin 1920-ci il Sevr
müqaviləsindən 1923-cü il Lozanna sazişinə qədər olan tarixi revanş dövrü ilə,
Azərbaycanın Qarabağ münaqişəsinin fəal müharibə fazasının başa çatdığı 1994-cü ildən sonrakı
revanş imkanları arasında apardığı tarixi paralellər və komporativ təhlillər
xüsusi maraq doğurur.
Bir sözlə, əsər oxucunun bədii-estetik zövqü ilə yanaşı, məntiqi
idrakına və elmi, fəlsəfi dünyagörüşünə də xitab edir.
Eyni zamanda, müəllifin özünəməxsus metodikası və spesifik
yaradıcılıq üslubu da xüsusi maraq doğurur. Əsərin strukturuna diqqətlə nəzər
yetirdikdə aydın olur ki, oçerkin tərkib hissəsini təşkil edən hər bir bölmənin
sərlövhəsi həmin bölmənin həsr olunduğu qəhrəmanın ömür yolundan ana xətt kimi
keçən mühüm nüansı ehtiva edir. Daha sonra, müəllif tərəfindən məzmun etibarilə
həmin sərlövhə ilə sinxronlaşan müvafiq aforizm verilir. Məsələn, əsərin
Qarabağda döyüşmüş Əfqanıstan müharibəsi veteranı Mirhabil Rzayevdən bəhs edən
bölməsi “Əfqanıstan müharibəsindən
Qarabağın müdafiəsinə (Beynəlmiləl missiyadan vətən borcuna)” sərlövhəsi
ilə başlayır və Ümummilli liderimiz Heydərin Əliyevin 4 noyabr 1993-cü ildə
beynəlmiləlçi döyüşçülərlə
çıxışından verilmiş müvafiq
iqtibasla davam edir. Yaxud, əsərin ağır döyüşlərin birində
yaralanmasına baxmayaraq yenidən vətənin müdafiəsi uğrunda döyüşlərə atılan
Nurbala Əliyevdən bəhs edən bölməsi qəhrəmanın döyüş yolundan qırmızı xətt kimi
keçən bu mühüm nüansa müvafiq olaraq məşhur atalar sözü əsasında, “İgid odur, atdan düşə atlana”
sərlövhəsi ilə təqdim olunmuşdur.
Həmçinin, müəllif ayrı-ayrı hərbçilərin ömür və döyüş yolundan
bəhs edərkən, qəhrəmanın canlı portretini yaratmaq və onun barəsində oxucuda
tam, dolğun və real təsəvvür formalaşdırmaq üçün birbaşa mənbəyə - cəbhə
yoldaşlarının xatirələrinə, səngər dostlarının döyüş təəssüratlarına müraciət
edir. Lakin, bununla belə, müəllif bu xatirələri və təəssüratları kənardan,
passiv şəkildə izləmir, yeri gələndə “müdaxilə edərək” onları şərh edir, bəzən
ilk baxışda adi görünən məqamlarda belə qeyri-adi nüanslar aşkar edir və
oxucunun diqqətini həmin nüanslara cəlb edir:
«...Döyüş uğurla başa
çatdıqdan sonra bölük dincəlməli idi. Ancaq, Cəlal nədənsə narahat idi. Mənə
yaxınlaşıb bildirdi ki, komandir, yaxınlıqda UAZ maşınını vurublar. İçərisində
xeyli hərbi sursat var. Mən gedib o maşını gətirəcəyəm. Bunu deyib maşına tərəf
gedir. O, maşını işə salıb, geri qayıdanda düşmən snayperi onu atəşə tutur.
Cəlal ayağından və döş nahiyəsindən ölümcül yaralanır. Həmin maşında qalan 2
yaralı əsgərə son sözü bu olur ki, siz
gedin, köməklə gəlin. Mən tək qala da bilərəm. Yaralı əsgərlərdən eşitdiyim bu
kəlmələri, hələ də unuda bilmirəm.» (Komandirin xatirələrindən göründüyü
kimi, adicə həmin UAZ
markalı avtomobildəki hərbi
sursatı belə Vətənin müdafiəsi üçün qənimət bilən Cəlal, bu yolda öz
şirin canını isə heçə saymışdı. – Q.Ə)
Azərbaycan poeziyasına və xalqımızın zəngin söz xəzinəsinə
dərindən bələd olan müəllif bu “xəzinənin” “qiymətli daşlarından”, “ləl və
cavahiratlarından” məharətlə istifadə edərək əsərin qəhrəmanlarının ömür
yolunun və döyüş salnaməsinin müxtəlif epizodlarını ayrı-ayrı böyük
şairlərimizin, söz bahadırlarımızın ölməz misralarının fonunda işıqlandırır.
Bəzən bu və paralellər o dərəcədə dəqiq və adekvat olur ki, bir oxucu kimi
heyrətini gizlətməyə bilmirsən. Məsələn:
“...Məhz, bu nailiyyətlərə
görə döyüş xidmətləri yüksək qiymətləndirilmiş, «Azərbaycan Bayrağı» ordeninə layiq
görülmüşdür. Təltif olunduğu Fəxri Fərmanlar, təşəkkürnamələr Hüseynin rəşadətli
və qorxmaz bir kəşfiyyatçı kimi döyüşlərdə göstərdiyi qəhrəmanlıqların rəsmi
sənədlərdəki inikasıdır. Xalq Şairimiz Məmməd Arazın bu ölməz misralarında
deyildiyi kimi:
Heç bir mükafatın yetmədi mənə,
Bircə “sağ olun” da bəsimdi, vətən!
Bəsimdir, hər səhər təltif yerinə
Qapımda küləyin əsibdi, vətən!”
Bəzən isə, müəllif əsərin ayrı-ayrı qəhrəmanlarının keçdiyi ömür
və döyüş yolu ilə yanaşı, həmin dövrün ictimai-siyasi proseslərini də ustad
şairlərimizin əsərlərindən ayrı-ayrı fraqmentlərin işığında, müxtəlif ibrətamiz
misraların fonunda təqdim edir. Məsələn:
“Böyük mütəfəkkir,
istedadlı şair və görkəmli dramaturqumuz Hüseyn Cavidin 1922-ci ildə qələmə
aldığı “Peyğəmbər” tarixi dramında Baş kahin obrazının dilindən səsləndirilmiş
bu məşhur sual, çox təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində də
Respublikamızın düşdüyü ağır ictimai-siyasi vəziyyətin fonunda və erməni təcavüzü
kontekstində öz aktuallığını qoruyub saxlayırdı:
Ah, şu müqəddəs
yurdumuz Düşmanlara oyuncaqmı?”
Müəllif əsərin Qarabağ döyüşçüsü İ.Piriyevdən bəhs edən bölməsini
isə, bütövlükdə görkəmli ədibimiz Mir
Cəlal Paşayev tərəfindən Böyük Vətən müharibəsi dövründə (1942-ci ildə) hərbi-vətənpərvərlik mövzusunda
qələmə alınmış məşhur
“Vətən yaraları” hekayəsinin
akkordları üzərində kökləyib. Belə ki, əsərin həmin bölməsini Mir Cəlal
Paşayevin sözügedən hekayəsinin sərlövhəsi ilə
adlandıran müəllif, böyük məharətlə Qarabağ döyüşlərinin ayrı-ayrı
fraqmentləri ilə həmin hekayədə bədii boyalarla təsvir olunmuş müxtəlif döyüş
epizodları arasında uğurlu paralellər
aparır. Yeri gəlmişkən, müəllif böyük ustalıqla Mir Cəlal Paşayevin “Vətən
yaraları” hekayəsinin məntiqi sonluğunu təşkil edən məşhur çağırışının bu
günümüzlə də bədii əlaqəsini və məntiqi rabitəsini quraraq onun aktuallığına
diqqəti cəlb edir:
“İbrahimin həmin qanlı
döyüşdə başından aldığı fiziki yara tibbi müalicə nəticəsində sağalsa da, çox
təəssüflər olsun ki, vətən torpaqlarının işğalı nəticəsində qəlbindəki qaysaq
bağlamaq bilməyən vətən yarası hələ də sağalmayıb. Bu ürək yarasının
“müalicəsi” üçün isə yalnız bir “resept” var. Bu “resept”-in məzmunu isə,
eynilə böyük ədibimiz Mir Cəlal Paşayevin haqqında bəhs etdiyimiz “Vətən yaraları” hekayəsinin son sətirlərindəki kimidir: “Sağ
olaq, torpağımıza soxulan təcavüzkarları məhv edək! Analarımız sevinsin, arxayın
yaşasınlar. Ana Vətən bizdən razı qalsın.”
Müəllifin orijinal yaradıcılıq üslubunu səciyyələndirən məziyyətlərdən
biri də əsərin qəhrəmanlarının keçdiyi ömür və döyüş yolunun bilavasitə
ayrı-ayrı söz ustadlarımızın dillərə əzbər olan məşhur şeirlərinin ölməz
misralarındakı spesifik obrazlar, orijinal ifadələr və bədii qəliblər vasitəsilə
oxucuya təqdim edilməsidir. Məsələn, müəllif aşağıdakı sətirlərdə Qarabağ
şəhidi Cəlal Qurbanovu sanki, ölməz sənətkarımız M.Müşfiqin məşhur “Həyat sevgisi” şeirinin dillər əzbəri
olan misralarının baş qəhrəmanına çevirir.
“Bir anlıq belə
tərəddüd etmədən, gözünü qırpmadan cəmi 25 yaşında, ölməz sənətkarımız Mikayıl Müşfiqin təbirincə
desək, ömrünün «könlün – həyat, həyat! - deyə çırpınan» çağlarında «gündən-günə
bu gözəlləşən işıqlı dünyadan» doymadan, «həyat dedikləri bu keşməkeşdən»,
«qəlbində, qanında yanan atəşdən» usanmadan,
«bu yerlə çarpışan, göylə əlləşən dostdan, aşinadan» ayrılaraq, «gecədən,
gündüzdən, aydan günəşdən», «bu əngin fəzadan» «əl çəkib» doğma torpaqlarımızın
müdafiəsi uğrunda gedən qanlı döyüşlərə atılan və bu döyüşlərin birində düşmən
gülləsinə qurban gedərək şəhid olan
Cəlal, xalqımızın iftixar mənbəyi və qürur yeri olmaqla yanaşı, Məleykə xalanın övlad həsrəti ilə alışıb-yanan
kövrək ana ürəyində illər keçməsinə baxmayaraq hələ də qaysaq bağlamamış
yaradır.”
Yaxud, müəllif Qarabağ şəhidi Asəf Xalıqovun keçdiyi şanlı döyüş
yolunu böyük türk şairi O.Ş.Gökyayın məşhur “Bu Vətən kimin?” şeirinin
misraları fonunda elə məharətlə işıqlandırmışdır ki, əsərin həmin bölməsini
mütaliə edərkən, bir anlıq insanda elə təəssürat yaranır ki, sanki şair həmin
misraları ilə elə, məhz Qarabağ şəhidi Asəf Xalıqovu tərənnüm edib:
“Ustad şair O.Ş.Gökyayın təbirincə desək,
“torpağın qara bağrında sıra dağlar kimi duran”, “hüdudlarda qəza bayraqlarından
alnına işıq vuran”, “ardına baxmadan yollara düşən”, “hüduddan hüduda yol bulub
qoşan”,
“cəbhədən cəbhəni soran” və Respublikamızın ərazi
bütövlüyünün müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə mənfur düşmən üzərinə
sellər kimi atılarkən ərcəsinə köksündən vurularaq “bir gül bağçasına girərcəsinə”
qara torpağa girərək şəhidlik zirvəsinə
yüksələn igid oğullarımızdan biri də Asəf Xalıqov idi.”
Müəllif, təkcə əsərin qəhrəmanlarının keçdiyi ömür yolu ilə ustad
şairlərimizin və böyük sənətkarlarımızın ayrı-ayrı yaradıcılıq
nümunələrinin motivləri arasında müdhiş analogiyalar,
dəqiq paralellər aparmaqla kifayətlənmir.
Hətta o, bəzən sözün müsbət mənasında, bir qədər də irəli gedərək,
yaradıcılıq irsinə müraciət etdiyi ayrı-ayrı ustad sənətkarlarımızın həyat
yolunun qırmızı cizgiləri ilə əsərin qəhrəmanlarının ömür salnaməsinin mühüm
nüansları arasında ilk baxışdan diqqəti
cəlb etməyən, lakin yüksək analitik təfəkkürə və yaradıcılıq qabiliyyətinə
malik müəllifin diqqətindən yayınmayan oxşar məqamlar aşkar edərək oxucuya
təqdim edir:
“Şeir-sənət ocağı olan
bu diyarın yetirməsi Müşfiqimiz hələ XX əsrin 30-cu illərində Sovet
imperiyasının amansız qırmızı terror maşını qarşısında «oxu tar» deyə hayqıraraq
xalqımızın «acısı-şərbəti», «alovlu sənəti» olan tarımızı susmağa qoymamış və
bu yolda, gənc ömrünü fəda edərək, cəmi 29 yaşında repressiya qurbanı olmuşdur. Təxminən yarım
əsr sonra, XX əsrin sonlarında bu diyarın digər yetirməsi olan Namiq Əliyev isə,
«Qafqazın konservatoriyası» və muğamın beşiyi olan Qarabağımızda tarımızın,
kamanımızın susmaması üçün silaha sarılmış və bu yolda, təxminən Müşfiqlə eyni
yaşda - 28 yaşında
şəhid olmuşdur. Əziz oxucum, bu sətirləri diqqətlə
oxu. Diqqətlə oxu ki,
biz bir daha
tarımızın, kamanımızın Azərbaycanımızda,
əbədi və əzəli dədə-baba torpaqlarımızda, Qarabağımızda susmaması üçün
istedadlı övladlarımızı, igid oğullarımızı qurban verməyə məcbur qalmayaq.”
Müəllif Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin
əsərlərindən təkcə oçerkin qəhrəmanlarının ömür salnaməsini və döyüş yolunu
işıqlandırmaq üçün bədii fon və “ədəbi xammal” kimi istifadə etməklə
kifayətlənmir. O, sözügedən sənətkarlıq nümunələrinin məzmununu oçerkin ayrı-ayrı fraqmentlərində müxtəlif aspektlərdən şərh edir.
Məsələn, müəllif oçerkin bir bölməsində M.Müşfiqin “Torpaq” şeirinin misralarının məzmununun elmi, fəlsəfi, dini,
mifoloji, filoloji, didaktik yozumunu verir, bu ibrətamiz misraların məzmunun
açılmasında müqəddəs “Qurani-Kərim”-in Taha və Əl-Muminun surələrinin müvafiq
ayələrinə, eləcə də tibb elminin müddəalarına, həmçinin qədim yunan
mifologiyasının Herakl və Antey personajlarına, habelə vətənpərvərlik
fəlsəfəsinə müraciət edir və həmin misraların kompleks təfsirindən sonra
oçerkin müvafiq bölməsinin qəhrəmanının həyat yoluna məharətlə keçid edir:
“Məhz elə buna görə də,
şair «Gözəl torpaq, sənə çox borcluyam, çox» deyə insanın ana torpağa olan
övladlıq borcunu xatırladırdı. Bu borcu bütün varlığı ilə, dərindən dərk edən, qəlbi
vətən eşqi ilə döyünən Namiq doğma yurdundan uzaqlarda, yad ellərdə özünü
Herakl tərəfindən ana torpaqla rabitəsi kəsilmiş Antey kimi hiss edirdi.”
Əsər dərin elmi, fəlsəfi, bədii, siyasi, hüquqi, tarixi, kulturoloji,
didaktik və teoloji məzmunu ilə yanaşı, üslub zənginliyi və forma müxtəlifliyi
ilə də seçilir. Azərbaycan dilini mükəmməl bilən, onun leksik və terminoloji imkanlarına
dərindən bələd olan müəllif oçerkdə öz dəst xəttini, fərdi üslubunu yaradıb.
Mahiyyət etibarilə, Azərbaycan ədəbi dilinin müxtəlif funksional üslublarının
qovşağı olan bu üslub, bədii, publisistik, elmi, rəsmi-işgüzar və s. üslubların
sintezinə əsaslanır. Belə ki, oçerkdə həm bədii təsvir və ifadə vasitələri,
frazeoloji birləşmələr və mətnaltı mənalarla zəngin, obrazlı, emosional fraqmentlərə
əsaslanan bədii üsluba aid cümlələrə, həm milli elmi təfəkkürümüzün
məhsulu olan, məntiqiliyə, ardıcıllığa,
dəqiqliyə, konkretliyə və mürəkkəb sahəvi terminologiyaya söykənən elmi üsluba
aid mətnlərə, həm də milli ictimai təfəkkürün ifadəsi olan, geniş oxucu kütləsi
üçün nəzərdə tutulmuş aydın, anlaşıqlı, təsirli cümlələrdən ibarət, ümumxalq
danışıq dilində və yaxud “KİV dilində” qələmə alınmış publisistik üsluba aid
hissələrə, eləcə də məişət üslubunun nümunələri olan sərbəst, sadə və yığcam
dialoqlara, habelə trafaret mətnləri, mürəkkəb sintaktik konstruksiyaları və
hazır qəlibləri ehtiva edən rəsmi-işgüzar
üslub nümunələrinə, eyni zamanda sözügedən funksional üslubların
elmi-publisistik üslub və bədii-publisistik üslub kimi altüslublarına məxsus
parçalara da rast gəlmək olar. Kitabın bu spesifik üslub zənginliyi onu
gündəlik həyatı və peşə fəaliyyəti ilə əlaqədar Azərbaycan dilinin müxtəlif üslublarına
müraciət edən demək olar ki, bütün sənət, ixtisas və peşə sahibləri, həmçinin
istər orta, istər orta-ixtisas, istər ali, istər magistratura və doktorantura
pillələri üzrə təhsilə, müxtəlif dünyagörüşə və intellektual səviyyəyə malik
bütün təbəqələrdən olan oxucular üçün dil və forma baxımından əlçatan əsərə
çevirir. Bütün bunlarla yanaşı, qeyd etməliyik ki, əsər dilinin maksimum mükəmməlliyi,
fikrin tam aydınlığı və elmi, fəlsəfi, məntiqi, bədii və s. cəhətlərdən
əsaslılığı, sözlərin və ifadələrin birmənalılığı, dil yığcamlığı və digər
üslubi keyfiyyətlərlə yadda qalır. Eyni zamanda, Azərbaycan dilinin leksik resurslarından,
sözün poetik, terminoloji funksiyalarından və digər imkanlarından maksimum
istifadə edən müəllif Yasamal taborunun II bölüyünün döyüşçüləri
ilə bağlı həyat həqiqətlərini böyük uğurla sənət həqiqətinə çevirə bilmişdir.
Müəllifin dili forma etibarilə, Azərbaycan dilinin müxtəlif funksional
üslublarının sintezi səciyyəsi daşısa da, mənsub olduğu ədəbi janr (sənədli
oçerk) etibarilə, əsərdə daha çox bədii
üslub elementləri ön plana çıxır. Belə ki, Qarabağ müharibəsinin ayrı-ayrı
qəhrəmanları haqqında orta statistik tərcümeyi-hal səciyyəli məlumatları
məharətlə işləmiş müəllif, maraqlı təşbehlər, simvollar, bənzətmələr, metaforalar, metonimiyalar və s.
bədii təsvir və ifadə vasitələrindən ustalıqla istifadə edərək bu statistik
məlumatlara ədəbi-bədii həyat vermişdir. Məsələn, Qarabağ müharibəsi
iştirakçısı, peşəkar hərbçi Zəfər Kərimovun uğurlu döyüş yolundan bəhs edən
bölməni “Zəfərin zəfər yolu”
adlandıran müəllif maraqlı poetik kombinasiya – uğurlu alliterasiya yaratmışdır.
Və yaxud, aşağıdakı sətirlərdə müəllif tərəfindən məharətlə istifadə edilmiş
bədii təzada diqqət yetirək:
“Uşaqlıq illərinin
Qarabağla bağlı həzin xatirələri, gənclik illərinin Qarabağla bağlı odlu-alovlu müharibə təəssüratları ilə
əvəz olundu, Oqtay üçün. Uşaqlıq illərində
quşların cəhcəhini, çayların şırıltısını eşitdiyi yerlərdən, indi tankların nəriltisini,
hərbi texnikanın uğultusunu, silah səsləri eşdirdi.”
Yaxud, çoxmənalı “yol” sözünün bu leksik xassəsindən ustalıqla
istifadə edən müəllif yazır:
“Bu gün Qurban, bir
igid döyüşçü kimi Qarabağ müharibəsində keçdiyi şanlı döyüş yolu ilə qürur
duymaqla yanaşı, eyni zamanda, bir peşəkar mühəndis və ixtisaslı mütəxəssis kimi
tikintisində iştirak etdiyi, Respublikamızın nəqliyyat infrastrukturunun
əsasını təşkil edən, hər gün minlərlə
insanın öz arzularına doğru tələsdiyi yollara baxıb iftixar hissi keçirir.”
Bu sətirlərdə isə müəllif ayrı-ayrı bitkilərin və çiçək
növlərinin təbii xassələri ilə dövrün
ictimai-siyasi proseslərinin xarakteri arasındakı müəyyən bədii bənzərlik aşkar
edərək, maraqlı təşbeh yaradır:
“Təzəcə qarı əriməyə
başlayan dağ yamaclarında, qarın altından doğma
xalqının müstəqillik, suverenlik və dövlətçilik arzuları kimi yenicə baş
qaldıran novruzgülünü qoxladı, yurd-yuvasından didərgin düşmüş, ata-baba
torpaqları işğal olunmuş, sərvətləri talanmış el-obası kimi boynubükük
bənövşənin ətrini duydu.”
Həmçinin, müəllifin yaratdığı bədii analogiya nümunələri də
təqdirəlayiqdir:
“Gəncənin sonuncu xanı Cavad xan, 1804-cü ilin
yanvarın 2-dən 3-ə keçən gecə, yadellilərə qarşı qeyri-bərabər döyüşdə
qəhrəmancasına həlak olarkən 56 yaşında idi.
Haqqında söhbət açacağımız Dilavər İbrahimov da, vətənin dar günündə dövlət
başçısının çağırışına səs verərək Qarabağ müharibəsinə yollanarkən Cavad xanla eyni yaşda – 56
yaşında idi.”
Kitabı oxunaqlı edən cəhətlərdən biri də müəllifin ilk baxışda
adi görünən həyat hadisələrini belə qeyri-adi, orijinal formada qələmə
almasıdır. Məsələn:
“Anasından ayrılıb Ana
Vətəninin harayına gedirdi Cəlal. Nə biləydi ki, bu gün sadəcə bir evin, bir
ailənin oğlu kimi doğulub boya-başa çatdığı həyətlərinin qapısından çıxıb ilk
addımını atdığı bu müqəddəs yol, bir gün onu bütövlükdə bir vətənin, bir xalqın
şəhid övladı kimi yenə həmin qapıdan içəri keçirib, bu həyətə geri qaytaracaqdı.”
Aşağıda iqtibas gətirdiyimiz elə təkcə bu fraqment əsərin dilinin
nə qədər zəngin və dolğun olduğunun, ictimai-siyasi hadisə və proseslərin bədii
təsvir və ifadə vasitələrinin imkanları ilə ədəbi-bədii aspektdən necə
ustalıqla oxucuya çatdırıldığının bariz nümunəsidir:
“Bildiyimiz kimi, 1991-ci
ildə ölkəmiz XX əsrdə ikinci dəfə dövlət müstəqilliyinə qovuşdu. Beləliklə,
min-bir qurbanlar, itkilər, məhrumiyyətlər bahasına da olsa, beynəlxalq
münasibətlər sistemində, imzalar içində xalqımızın da imzası qoyuldu, BMT-də
dövlət bayraqları sırasında dövlətimizin də üçrəngli bayrağı dalğalandı, dünyanın
siyasi xəritəsində ölkəmizin qartalabənzər xəritəsi də öz əksini tapdı. Lakin,
çox keçmədi ki, bu “qartal” bir tərəfdən başında (Respublikamızın paytaxtı Bakı
şəhəri coğrafi xəritədə nəhəng bir qartalın başının təsvirini yaradır)
Brutların xəncərinin, qanadlarında “sapı özümüzdən olan baltaların” zərbələrinin,
digər tərəfdən isə, gövdəsində amansız ovçu (mənfur düşmən) güllələrinin açdığı
yaraların sancılarını hiss etməyə başladı. Əfsuslar olsun ki, vətənə vurulmuş
bu yaralara, başda bir qismi qəflət, digər qismi dəlalət, başqa bir qismi
isə, xəyanət içində olan o dövrkü
“idrakı sönük başçılarımız” olmaqla bir çoxları “məndən ötdü” təfəkkürü ilə
etinasız yanaşdı.”
Bütün bu misallar əsərin sənətkarlıq dəyərini səciyyələndirir.
Əsərin bədii-tədqiqat obyekti – qəhrəmanlar, hadisələr, ümumi
cizgilər, xətlər, psixoloji portretlər və s.-dır. Müəllifin ayrı-ayrı
qəhrəmanları bədii cəhətdən təqdim etməklə kifayətlənməyib onların necə
qəhrəman kimi formalaşması sualına cavab axtarması, hər bir fərdi qəhrəmanlığın
sosial-psixoloji genezisinə varması, ilk
baxışda o qədər də cəlbedici görünməyən, lakin son dərəcə mühüm əhəmiyyət kəsb edən və qəhrəmanın xarakterini açan detallara
oxucunun diqqətini cəlb etməsi, yeri gələndə hadisə və prosesləri müxtəlif
aspektlərdən geniş, ətraflı və müfəssəl şəkildə şərh etdiyi halda, müəyyən
hallarda isə, oxucunu düşündürmək üçün mətləbləri simvollar vasitəsilə
ustalıqla kodlaşdırması əsərin orijinallığını şərtləndirən spesifik xüsusiyyətlərdəndir. Bu
və ya digər faktın, hadisə və prosesin funksional obrazını təqdim edən müəllif,
daha sonra onun mahiyyətinə varır, daxili dramatizmini, ziddiyyətlərini
spektrləşdirir. Əsərin ədəbi-bədii yeniliyini səciyyələndirən məziyyətlərindən
biri də müəllifin ənənəvi yazı manerasının yeknəsək axarını cəsarətlə pozması,
yeni bədii təsvir və ifadə vasitələrinə, kompozisiya elementlərinə yer verməsi,
hadisə və prosesləri qeyri-ənənəvi yanaşmalar, doqmatizmi və yersiz
mühafizəkarlığı rədd edən analitik baxış bucağından təhlil etməsidir.
Ehkamçılığı və mühafizəkarlığı rədd edən, praqmatizmə və qeyri-ənənəvi
yanaşmalara əsaslanan bu analitik baxış bucağını müəllifin həyat fəlsəfəsinə,
müxtəlif ontoloji və qneseoloji problemlərə dair fəlsəfi düşüncələrindən
tutmuş, hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı pedaqoji baxışlarına, mövzu
üzrə müxtəlif məsələlərlə bağlı aforizmik xarakter daşıyan mülahizələrindən
tutmuş, tarixi hadisələrə, dünyada, regionda və ölkədə gedən ictimai-siyasi
proseslərə dair siyasi icmallarına, politoloji analizlərinə qədər, əsərin hər
bölməsində müşahidə etmək mümkündür. Doğrudur bu individual düşüncələrdə, icmallarda, şərhlərdə,
analizlərdə, ayrı-ayrı predmet, hadisə və proseslərə baxışlarda razılaşmadığımız
məqamlar da var. Lakin, etiraf etməliyik ki, müəllif öz mövqeyini ciddi,
konkret və tutarlı arqumentlərlə əsaslandıra bilmişdir.
Burada digər bir amili də vurğulamaq istərdik. Qarabağ uğrunda
mübarizə kədər, təəssüf, rəğbət, nikbinlik, inam. Bu cəhətlər müəllifin mənəvi
aləminin inikası kimi kitabın ruhuna hopub, onun hər şeydən öncə, insani
duyğularını, humanizmini saf, bəşəri
keyfiyyətlərini göstərir.
Əminliklə demək olar ki, yeni təfəkkürə ünvanlanmış və müasir
dövrümüzə aid hadisə və proseslərə yeni tarixi yanaşma nümunəsi olan «Bir
bölüyün manifesti» əsəri Qarabağ müharibəsinin bədii-publisistlik salnaməsi
olmaqla yanaşı, böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində
böyük rol oynayacaq. İnanırıq ki, müəllif bu mövzuda yeni-yeni maraqlı əsərləri
ilə oxucuların görüşünə gələcəkdir.
|