Aydın Dadaşov - Çörək ağacından asılanlar
26.01.15

Cərgə ilə aparılan alman əsirlərin sanki seyr edən Məhəmməd Füzulinin heykəlinin müharibədən çox sonra 1962-ci ildə qoyulmasından, Vaqif rolunu oynasa da, energetika mühəndisliyi peşəsini seçməklə kinodan uzaqlaşmaqla ABŞ-da yaşayan Kamran Rəcəblidən, finalda bəstəkarı Vasif Adıgözəlovun yazdığı, Oqtay Ağayevin ifa etdiyi “Sən ey uşaqlıq’’ mahnısının populyarlıq dərəcəsindən, o dövrdə adamların bir-birinə əl tutmasından, yardım göstərməsindən yaxud  əksinə amansızlığından, aktyorların canlandırdığı personajlardan söz açılmaqla daim xatırlanan “Şərikli çörək” filmi barədə

 

                                         Çörək ağacından asılanlar

 
9 dekabr 1966-cı ildə Ali Ssenariçilər və Rejissorlar kursunun Bədii şurasının iclasında Lev Kulicanovun emalatxanasının məzunu Al­la Axundovanın diplom işinin müzakirəsində iki il ərzində, öyrətməkdən daha çox materiala yazıçı sərbəstliyindən uzaq forma verə bilən konstruktivizmi  aşılamağın vacibliyini: «Yazıçı sərbəstliyi əvəzinə dəmir əllə hadisəliliyi qurmaq imkanı üzə çıxarılması kompozisiyadakı dağınıqlığı aradan qaldırmaqla daha məhsuldar nəticə verər» deyən  S.L.Lunqin iddiaçının personajlarına sevgi hissini və mühiti detallarda canlandıran yaddaşını dəyərləndirir. Pərakəndəlikdən, lüzumsuz səhnələrin təfərrüatlı təsvirindən söz açaraq: «Kartoçkasını itirən oğlanı hamı, hər gələn çörəklə, toyuqla, yaxmacı ilə  yedizdirib doy­durur. Əslində hansısa yad uşaq bol yağ yaxmacı ilə doydu­rul­sa belə, mən diqqəti buna yönəltməzdim. Ona yönəldərdim ki, fəla­kət baş verib və uşaqlar yardım etmək istəyirlər» etirazını bildirən İ.İ.Nusinov isə özündən əvvəlki çıxışçının əksinə gedir. Artıq səh­nələrə, sahmansızlığa, hadisələrin bir xətt üzrə bağlanmadığına diqqət çəkməklə, müəllifin yumor hissini də  dəyərləndirən M.Y.Bleymanın: «Burada gizlənən dəyərli bir lətifə vardır. Kartoçkanı itirən oğlana hamı yardımçıdır. İtirdiyini tapanda hamı onu kələkbaz adlandırır. Burada obrazlı bötövlük yaratmaq üçün nə istəsən var. İndi ssenari laxlayır»,  filmin gələcək rejissoruna çərçivə qoyulmadığını, çörəyin dəyərini vurğulamağın, verilən hər tikənin qəhrəmanlıq dərəcəsinə qədər yüksəldilməsinin vacibliyini söyləyərək məsləhətlərini verən A.Y.Kaplerin: «Kartoçkanın itməsi səbəbi məni hədsiz dərəcədə sancdı. Kartoçkaları gizlədən bu fəndgir ana həyatda olmayan yalandır. Halbuki belə çətin hərbi vəziyyətdə səfərə yollanan ana səfərə çıxarkən çörək kartoçkalarını kitabın arasına yox, ən görümlü yerə qoymalı, birbaşa divara mıxlamalı idi ki, itməsin-bu gerçək deyil»  fikirləri peşəkarların apardığı müzakirənin yüksək səviyyəsindən xəbər verir.

  Şa­mil Mahmudbəyovun 1969-cu ildə quruluş ver­di­yi «Şə­rik­li çö­rək» fil­mi  rejissorun uşaq kinosu sahəsində tam püxtələşdiyinin təsdiqinə çevrilir. Köh­nə Ba­kı həyətinin halqavari də­mir pil­lə­lə­ri ilə yuxarı qal­xan uşa­ğın əlin­də­ki ved­rə­nin üzüa­şa­ğı diyirlənərək  suyun  həyətə tö­kül­mə­si ilə ya­ra­nan qalmaqaldan son­ra al­man əsir­lə­ri­nin kü­çə­dən ke­çi­ril­mə­si fil­min za­man-mə­kan həl­li­ni gös­tə­rir. Əsir­lə­ri uzaq­dan mü­şa­hi­də edən, cə­sa­rət­lə ya­xın­la­şıb yanınca ge­dən, faşistsayağı salamlamaqla ba­şın­da­kı qə­zet papağa qapaz alan uşaqların ara­sın­da Vaqifin (Kam­ran Rəcəbli) ata­sı­nın cəb­hə­də, ana­sı­nın isə eza­miy­yət­də ol­du­ğun­dan tək ya­şa­yan bu ba­la­ca oğ­la­nı diq­qət mər­kə­zin­də sax­la­yır. Və həyətdə şövqlə rəqs edən, mah­nı oxuyan xır­da uşaqların ara­sın­da mürəbbə yax­ma­sı ilə peyda olan gombul oğ­la­na hər tə­rəf­dən ya­xın­la­şıb xor­la «Çö­rək ve­rə­nin özü çıx­sın verməyənin gö­zü çıx­sın» deyən ac uşaqların müşahidə metodu ilə lentə alınması mü­hi­tin mən­zə­rə­si­ni rejissorun peşəkar üslubu hesabına açır­.

Uzun, hay-küy­lü çö­rək növbəsində əl­lə­ri­nə sı­ra nöm­rə­si­ni ya­zan­la­rı bir xətt üz­rə nizamlayan İs­ma­yıl baba (Ağa­hü­seyn Ca­va­dov) ilə xır­da qa­ra çö­rək ti­kə­lə­ri­nə di­ki­lən nə­zər­lər, uza­nan uşaq, qoca əl­lə­ri fo­nun­da qəf­lə­tən Vaqifin çö­rək kar­toç­ka­sı­nı itir­di­yi­nin bəl­li ol­ma­sı fabulanı ya­ra­dır. Və bu fabulanın ekran həllində ətrafdakıların, satıcının baxışları altında tərəzinin gözündəki çörəyi əldə etmək hüququ verən kağız parçasını tapmaq üçün ciblərini eşələyən Vaqifin susub göz yaşlarına qərq olmasının yaratdığı pauza ürəkləri dağlayır. Məhz uşaqların, böyüklərin və xüsusən satıcı ilə Vaqifin yaratdıqları bu pauza məqamı müharibədə valideynlərini itirmiş kinoşünas İqor Zolotusskinin nəzərindən qaçmır. Onun «İskusstvo kino» jurnalının 1971-ci il 2-ci sayındakı «Erkən çağın çörəyi» məqaləsindəki: «Bu pauza ona görə müstəsna əhəmiyyət daşıyır ki, Şamil Mahmudbəyovun filmi mətn deyil, təsvir üzərində qurulur» qənaəti rejissorun peşəkar üslubunun sırf ekran sənəti ilə bağlılığını üzə çıxarır. Məhz təsvirə önəm verilməsi filmin dramaturji qüsurlarının da üzərindən sığal çəkilməsinə şərait yaradır. 1971-ci ildə çıxan «Sovetskiy ekran» jurnalının 2-ci sayındakı «Həlledici dəyişkənlik sorağında» məqaləsində film barədə: «Əsərə canlı müşahidələr gətirən müəlliflərin  qədr – qiyməti dramaturgiyanın açıq - aşkar zəifiyi ilə üzləşir; haradasa filmin ortasında tamasçının gözlədiyi həlledici hadisə, vacib dəyişkənlik baş vermir» yazan Anri Vartanov da ssenarinin qüsurlarını üzə çıxarır.

Bununla belə ssenaridəki ideyanın gücünə arxalanan quruluşçu rejissor müşahidə metodu hesabına vəziyyətdən çıxa bilir.  Gö­zü­nə də­yən əzik ka­ğız­la­rı açan, dur­ma­dan ciblərini eşə­lə­yib çörəklə bağlı kağız parçasını tapmadıqda  göz yaş­la­rı­na qərq olan Vaqifi İsmayıl babanın  ovundurması, evi­nə apar­ma­sı humanizmi can­lan­dı­rır. Çö­rək pu­lu qa­zan­maq üçün qonşu Ro­za­nın (So­fa Bə­sir­za­də) yununu çırpan Vaqiflə ögey ata­ya sı­ğı­nan Leylanın (Tün­za­lə Na­ma­zova) üs­tü­nə mü­rəb­bə sür­tül­müş xır­da çö­rək par­ça­la­rı­nı ac­göz­lük­lə  yeyərkən iş sa­hi­bi­nə böyüklərsayağı «tə­nəf­fü­sə çıx­mı­şıq» de­mə­lə­ri uşaqlığın iti­ril­mə­si­ni səciyyələndirən mət­nə-de­ta­la çevrilir. Yay gü­nə­şi­nin qız­dır­dı­ğı asfaltda çılpaq ayaqları az qa­la ya­nan Vaqifin yo­lüs­tü han­sı­sa qoca ilə qa­rı­nın verdiyi başmaqları geyinərək evdə tapa bilmədiyi İsmayıl babanın arxasınca məscidə gir­mə­si, eyni ye­riş­lə gəzdiyi qoca ilə göyərti al­maq üçün gəl­di­yi ba­zar­da siqaret və oğur­luq toyuq sa­tan Gen­ka­nı (Mir­za­ğa Mirzəyev) gör­mə­si sujeti uzat­sa da evdə yeməyə nə isə ax­ta­ra­raq qənddandan ovcuna tök­dü­yü şə­kər tozu ilə qi­da­la­na­raq tədricən yuxuya get­mə­si fa­bu­la­ya tə­kan ve­rən aclığı vizuallaşdırır. Həyətdə toyuq-cücə sax­la­ma­ğı Ro­za­ya qa­da­ğan edən evlər ida­rə­si­nin mü­di­ri Pa­şa Balayeviç uzun il­lər ra­dio­da «Xoruz baba» uşaq ve­ri­li­şi­nin aparıcısı Hü­sey­na­ğa Sa­dı­qo­vun ifa­sın­da au­dio­vi­zual etüd həl­li­ni tap­maq­la təsviri zənginləşdirir. Hi­ni boş gö­rən Ro­za­nın şi­və­ni və toyuqları oğurlamış Mitya ilə da­la­şan Vaqifin dam­la­rı­nı qır­la­maq müqabilində qır­çı Mə­həm­mə­din (Fa­zil Salayev) ya­nın­da şagirdliyə dü­zəl­mə­si sü­jet-fa­bu­la əla­qə­si­ni nizamlayır. Qır qa­za­nı­nın al­tın­da­kı odun­la­rın alış­dı­rıl­ma­sı, su­yun ved­rə­lər­lə da­şın­ma­sı, qaynar qa­tı məhlulun qa­rış­dı­rıl­ma­sı hər an təh­lü­kə­ni önə çə­kən ekspresiya ya­ra­dır. Qaynar qa­za­nın üs­tü­nə dır­ma­şıb tüs­tü­də itən Mə­həm­mə­din yar­dım­çı­sı Vaqifin də üz-gö­zü­nün hi­sə bulaşması mü­hit-per­so­naj əlaqələrini dolğunlaşdırır. Ba­şın­da ra­dio asıl­mış dirəyin al­tın­da Bülbülün oxuduğu nəğ­mə­nin müşayiəti ilə ka­sad na­ha­rı­nı edən hüznlü qır­çı Mə­həm­mə­din fa­şist dəbilqəsindən düzəltdiyi iri çöm­çə ilə qır qa­rış­dır­ma­sı müharibənin, düş­mə­nə nif­rə­tin par­laq obrazını ya­ra­dır. Və ürək­get­mə­si (kon­tu­zi­ya­sı) tutmaqla qay­nar qır­da ya­nan Mə­həm­məd cəb­hə­də ya­yın­dı­ğı ölü­mü­nə ya­xın­la­şır. Be­lə­lik­lə ki­no­mu­zun bədii həl­li­ni tap­mış par­laq bir epi­zo­du aktyor Fa­zil Salayevin ifa­sın­da da­ha da ci­la­la­nır. 

22 oktyabr 1970-ci il tarixli «Şərq qapısı» qəzetindəki «İstedadlı film ustaları» məqaləsində bu ekran əsərinin digər məziyyətləri ilə yanaşı ifaçıların oyununa da nəzər salan İsa Həbibovun istedadlı sənətkar Fa­zil Salayevin bu rolu barədə yazdığı: «Bu obraz «Şə­rik­li çö­rək» filmində  ən yaxşı aktyor müvəffəqiyyətidir. Heç şübhə yoxdur ki, qır­çı Mə­həm­mə­din günorta vaxtı müharibəni düşünə-düşünə muğamata qulaq asarkən yaşarmış gözlərinin ifadə etdiyi məna uzun müddət tamaşaçıların yadından çıxmayacaqdır» fikirlər dərin müşahidənin nəticəsidir.

Vaqifin su sat­dı­ğı ba­zar­da hündürboylu Yeniyetməyə (Əb­dül Mah­mu­dov) pencək əvəzinə ka­ğız bü­kü­lü­sü­nün sı­rın­ma­sı baş ver­miş faciəni unutdursa da, qa­zan­dı­ğı pu­la pay alıb Mə­həm­mə­din ya­nı­na xəstəxanaya ge­dən Vaqifə dostunun ölü­mü­nün bəl­li ol­ma­sı müharibə fə­la­kə­ti­ni ma­neə­lə­ri dəf et­mək­lə-dra­ma­tur­ji qa­nun­la üzə çı­xa­rır. Yaylıq bağ­la­dı­ğı di­zi­nə kö­mür­lə qaş-göz çə­kə­rək ya­rat­dı­ğı gəlinciyi oxşayan qızcığaz müharibənin ya­rat­dı­ğı məhdudiyyətin audiovizual həl­li­ni ve­rir. Ye­şik­də qu­raş­dı­rıl­mış fır­la­nan şə­kil­li diskləri (tau­mat­rop) nü­ma­yiş et­dir­mək­lə «ke­fə ba­xan» Pa­ris hə­ya­tı­nı gös­tə­rən qo­ca­nın gə­li­şi ilə can­lanan hə­yət­də Ariflə süpürləşərkən yerə dü­şən kitabın arasından tap­dı­ğı it­miş kartoçkanı gö­tü­rüb çörək mağazasına qaçan Vaqifin aldığı qa­ra çörəyin xır­da ti­kə­lər­lə uşaqlar ara­sın­da bö­lün­mə­si ümu­mi dərdlə bir­lə­şən­lə­rin həmrəyliyini uğurla nü­ma­yiş et­di­rir.

16 may 1970-ci il tarixli  «Ədəbiyyat və incəsənət» qəzetindəki «Şərikli çörək» məqaləsində:  «Vaqifin yaşadığı həyətdəki uşaqlardan Genka «qazanc» yolunu tapıb. O, toyuq da oğurlayır, su da satır. Vaqifi də öz yolu ilə aparmaq üçün çox çalışır. Lakin çörək kartoçkasını  itirib, aclıq çəkən Vaqif Genkaya qoşulmur. Çünki artıq o, yaxşı və pis adamları ayırmağı bacarır. Sonradan su satmağa gedəndə də öz ürək təmizliyini, pisliklə barışmazlığını biruzə verir» yazan Fərman Kərimzadə bütün məhrumiyyətlərə dözərək mənəviyyatını qoruyan balaca qəhrəmanı dəqiq səciyyələndirir.

«Ulduz» jurnalının 1970-ci il 12-ci sayında, teatrşünas Atababa Hacıbabayevin «Biz də şərikik» məqaləsində balaca Vaqif haqqındakı: «O, bir parça çörək üçün hər bir əziyyətə dözür, lakin həmişə vüqarla gəzməyə çalışır. Çörək qıt olsa da onun uşaq qəlbi genişdir, həssasdır. O, çörəyin timsalında kədərini hamı ilə bölür, Evlər yıxan, el-obanı viran qoyan müharibə bu uşağın əzmini qırmaqda acizdir» cümlələri də dəqiq müşahidənin məhsuludur. Doğrudan da, bu filmin adına çıxarılan çörək müharibənin məhrumiyyətlərinin obrazına çevrilə bilir. Fi­nal­da fil­min bəs­tə­ka­rı Va­sif Adıgözəlovun yaz­dı­ğı, Oqtay Ağayevin ifa­sın­da səs­lə­nən «Nəğ­mə susdu dodaqlarda» mah­nı­sın­da çi­çək­lə­rin di­lə gəl­mə­si, ata­nın cəb­hə­də ol­du­ğu­nun, laylaların nən­ni­lər­də pozulduğunun, uşaq­lı­ğın uzaq düş­dü­yü­nün, oyun­caq yox­lu­ğu­nun, ata, an­a sə­si­nin do­yun­ca eşi­dil­mə­di­yi­nin, bu­ruq­lar şə­hə­ri­nin qoy­nun­da ti­kə­ni ya­rı böl­mək­lə al sə­hə­rin göz­lə­nil­di­yi­nin tək­rar­lan­ma­sı və müharibəyə dair «Hər şey cəbhə üçün»  şüa­rı­nın su şır­na­ğı  ilə yuyulması me­xa­ni­ki son­luq ya­ratsa da, uşaqların su damlaları altında rəqsi mövzunu uğurla tamamlayır. Fərman Kərimzadənin: «Filmin kompozisiyası maraqlıdır. Xüsusən başlanğıc və sonluq yaxşı tapılmışdır. Ilk kadrda Vaqifin əlindən düşmüş vedrə dəmir pilləkənlə diyirlənir, su yağış kimi həyətə tökülür. Əsər «yağışla»-da qurtarır. Amma bu dəfə divara yazılmış «Hər şey cəbhə üçün» şüarını yanğın söndürən kranı yuyur. Su yağış kimi həyətə səpələnir... Müharibə qurtarıb, çətinliklər geridə qalıb» cümlələri obrazlı bədii çərçivəni dəyərləndirir.

1 iyul 1997-ci il tarixli «Kino» qəzetinin bütünlüklə Şamil Mahmudbəyova həsr olunmuş 1335-ci sayında sənətkarın ana bir ata ayrı, böyük qardaşı geologiya-mineralogiya elmləri doktoru, professor Adil Seyidovun «Bir insanın taleyi və ya tərcümeyi-hal əvəzi» məqaləsindəki faktları həyəcansız oxumaq olmur. Biz bu məqalədən ömrünün əlli ilini kinomuzun inkişafına həsr etmiş sənətkarın, İrəvan bəylərindən olan, seminariya təhsilli anası Şövkət xanım Kazımbəylinin birinci əri Mirhidayət Seyidovun Cümhuriyyət liderlərindən biri olub düşmənlər tərəfindən öldürüldükdən sonra iki körpə uşaqla tək qaldığını, sovet hakimiyyətinin ilk illərində Ordubadın raykom katibi, Naxçıvanın kənd təssərrüfatı naziri Fərəməz Mahmudbəyovla ailə qurmasını, bu izdivacdan olan Şamilin atasının həbsə alınaraq güllələnməsindən beş ay sonra dünyaya gəldiyini, müharibədə yaralansa da, Berlinə qədər getdiyini öyrənirik. Məqalədəki: «O müəllimlərinin sevimli tələbələrindən biri idi. S. Gerasimov onun böyük sənətkar olacağına ümid bəsləyirdi. Artıq təhsilini başa vurub Bakıya qayıdandan sonra da müəllim və tələbə arasındakı ünsiyyət doğmalıq münasibətlərinə çevrilmişdi. Şamil Moskvaya gedəndə həmişə onların evində qonaq qalardı» xatirəsi maraqlı məqamları işıqlandırır. Professorun: «İçməyi ilə bağlı söz-söhbətlərə gəldikdə isə onu deyə bilərəm ki, qardaşım məndən fərqli olaraq bir az bədbin, sənətkar kimi isə qəlbi kövrək idi. Bir arada onu çox incitdilər. Son dövrdən isə danışmağa dəyməz. O kökdə də sənətkar olar, pulu yox, bir fərli paltarı yox. Axı sənətkarın qayğısına qalarlar, ona əl tutub kömək edərlər» fikirləri sonda haqlı ittiham kimi səslənir.

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.