Ehtiram İlham - Bu adam sevmədi özünü
23.01.15
Avtoportret Bu adam sevmədi özünü, Özgələrini sevdi amma… Ömründə bir xoş gün görmədi, Əzablı günlər gördü amma. Başına uçuldu tikdiyi, Fil çəkəmməyəndi çəkdiyi Tumurcuqlamadı əkdiyi, Gül-çiçək açdı dərdi, amma... Qaçmasa da bir yol sözündən Qaçdılar hər yerdə özündən... Qarışqa idi öz gözündə, Başqaları bir devdi amma. Dözüb də hamının nazına, “Hə” dedi hər şeyin azına. Can deyib oğluna, qızına, Çörək yox, ürək verdi amma. Bəlkə də heç baxtlıq deyilmiş Bugünlük, sabahlıq deyilmiş Ölüb yaşamaqlıq deyilmiş, Bəlkə yaşayıb öldü amma.
|