Yaşar Bünyad - Hürməyən  küçüyün  ariyası
14.01.15

Hekayə


-Apar azdır... Hardan, necə gətirmisən,  eləcə də apar!..
-Niyə? Vallah yaxşı küçüydü, bir azca böyüdü ha, həyət-bacana  həyan olacaq.
-Dedim yox, deməli , yox !
-Ay Kərim, tərsdiyin tutmasın, yazıq heyvandı, süfrənin qır-qırıntısıyla dolanacaq...
-Ayə, nə qır-saqqız  olub yapışmısan yaxamdan, balam,  ürəyimə yatmır da ?!.Pah atonnan, gör necə yalvarır e...Bundan bu qapıya it olmayacaq ! Onun gözlərinə bax , sən atoon goru, bax , bax da?
-Nolub onun gözlərinə, həə?
-Bu fağırrığında da küçük olar, a rəhmətdiyin oğlu?! Elə bil süddən kəsilmiş uşaq kimi bu saat ağlıyacaq. Bir suyu , lap hesabdar Cəbiyə oxşuyur,sən ölmüyəsən!
-Heç zarafatından qalmırsan, ayə...Nə isə,kimə oxşadırsan oxşat,  amma yalını bir az çox eləsən , əməlli-başlı köpəy olacaq.Ətə  öyrətsən, lap canavara dönər.
-Axmağın biri axmağ, özüm doyunca ət yemirəm , hansısa qancığın doğduğuna  ət verəcəm? Belə qudurmuşam ?
-Mənə də yox da, ay Kərim. Elə bil külfət basıb səni, ay evi abad olmuş.Guya xəbərim yoxdu ki,  günün kafe-restoranlarda keçir? Bütün rayon boşuna kefnəqulu Kərim demirki sənə?!
- Ayə, yaxşı, yaxşı sən canın, əl çək.Evdi də , yəqin ki,  arada sür-sümük  tapılar ...
-Belə de də, ay insafını  Allah kəsmiş, lap ürəyimi üzdün ki?!. Ara-sıra  sümükdən-zaddan at qabağına , vallah peşiman olmazsan ! Heyvandı da...

   Bu söhbətdən iki ildən bir az çox keçmişdi.Kərim , əvvəllər hər ayın başı, sonra da demək olar ki, hər gün özünü də, iti ona ürcah eləyən İsfəndiyarı da , məzlum-məzlum gözlərini döyüb onun üzünə  baxan Generala qatıb, həyatı boyu öyrəndiyi, bildiyi nə qədər söyüş vardısa  dişinin dibindən çıxarıb döşəyirdi onun  sifətinə, özü də rusca... Qanmaz heyvan cınqırını çıxarmasa da ,beləcə ürəyini boşaldar,  rahatlaşardı. ”Mən axmağ da ad qoydum da- General - yox bir  marşal!..Sənə it deməyə də adamın dili dönmür.”
   Özü də dəqiq bilmirdi niyə- “general” sözü gurultulu səsləndiyindən,  yoxsa , nakam komandirinin ölmüş arzusunu əbədiləşdirmək  istəyindənmi - küçüyə bu adı vermişdi . Bəlkə inanmaq istəyirdi ki,  heç olmasa, cinsinə, nəslinə yaraşmayan fağır-füqarəliyini  adına görə unudub ödkəmli, zabitəli bir it oldu? Axı əsgərlikdə  alkaş komandirindən  çox eşıtmışdi ki, general olmağı arzulamayan əsgərdən  heç vaxt samballı döyüşçü çıxmaz. Düzdür, İki ilini birtəhər başa vurmaqdan savayı heç nə barədə düşünməyən Kərimin generallıq ağlının ucunda da keçməzdi,  heç mayor rütbəsinə kimi ucalan komandirinə də general olmaq qismət olmamışdı, çünki  içdiyinə görə şələ-şüləsini  atmışdılar bayıra...
  ...O vaxt İsfəndiyar qışlaqdan yaylağa qalxanda gətirmişdi bu küçüyü .”Noolsun ki, arvad-uşağın  yoxdu, mal-qaran kolxoz sürüsünü ötüb ,maşallah, onlara da göz olar...Ayə, kəççinin qapısında it hürər də.”-Demişdi və getmişdi İsfəndiyar. Əslində, İsfəndiyar kəsə yolla, hər dəfə onun qartmaq bağlamış yarasını qopardıb üstünə duz səpir, indiyə kimi evlənmədiyinə, arvad-uşaq sahibi olmadığına işarə edirdi, çünki onun doqqazındakı ölü bir səssizliyə dözə bilmirdi.Axı pis-yaxşı, Kərim onun uşaqlıq dostu, əsgərlik yoldaşı idi , ataları da  əmiuşağı.
    “Allah göstərməsin - bu boyda mülkdə bayquş kimi tək-tənha yaşayırsan- bir gün yatdığın yerdən qalxmasan ,bir köpəyoğlu da səndən xəbər tutmaz, vallah mındar olub qalarsan evin bir küncündə ! Necə olmasa ,canlıdı, bir şey olsa, hay-küy salar...Ayə, kef çəkməklə deyil ee, savab iş də görməlisən bu dünyada.” Bunu da İsfəndiyar demişdi və bərk-bərk tapşırmışdı ki, heç olmasa özünə görə küçüyə baxsın...
   Hə də, Kərimin bəxtəvər başı,zirzəmidə eşələnib  iki  köhnə  mis tas tapıb qoymuşdu  pilləkənin altına- biri su üçün,o biri yem üçün - bişirdiyinin, yediyinin artığını tökürdü o tasın içinə ki, anasını erkən itirmiş küçük yeyib iri, bədheybət köpəyə dönsün.Adını General qoysa da , ona hər baxanda, nədənsə, gah hesabdar Cəbi, gah da arzusu ürəyində qalan nakam komandiri gəlib dururdu gözünün qabağında.
    Bəzən, yeyib-içdiyi  yolqırağı yeməkxanalardan, utana-utana kabab , bozbaş sümüklərindən sellofan paketlərə yığıb gətirərdi onunçun.

   Kərim elə bil anadan şəhərri doğulmuşdu;uşaqlıqdan nə mal nobatına gedər, nə bir dəfə tövləyə girər,nə toyuq-cücəyə dən verər, amma hər səhər anasıyla qaymaq, süd, yağlı pendir davası edərdi. Sən bir işə bax ki, pasportunu alan kimi bu feodal düşüncəli kənddən baş götürüb Rusiyaya getmək arzusuyla yaşayan Kərim, pasportunu da aldı, əsgərliyini də Qazaxıstanda başa vurdu, olmazın oyunlardan çıxdı və yenə kəndə qayıtdı,təsərrüfat işlərində  ata-anasına həyan olan , heyvan-qaranı otaran, ot-ələfin yığan, altını kürüyən böyük qardaşları olsa da ,ata-anaları  rəhmətə gedəndən sonra  dədə ocağında  qalan  yenə də  Kərim oldu-o biriləri  dədə mülkünü  qoyub şəhərə köçdülər.
   Amma Kərim  əmin idi ki, şəhərli kimi yaşamaqdan ötəri  kənddən  köçmək elə də vacib deyil və  istəsə  şəhər boğanağında itib-batmadan  da arzularını  reallaşdıra bilər.
   Kərimin  ata-babadan qalan var –dövləti  balaca  qoyun sürüsü idi.Sovetin dövründə kolxozda  ferma müdüri  işləyən İsfəndiyarın sürüsünə qoşmuşdu.Kolxoz dağılandan sonra  da onlara özü baxmırdı, fermer Qəzənfərə vermişdi ki, saxla , hər il  doğulan balanın yarısı sənin, yarısı da mənim.Doğar qoyunları  sürünün yarısından çox idi deyə Qəzənfər nəfsinə uduzub   razılaşmışdı.Qoyun da ki, artımlı heyvandı,yaxşı baxanı olsa beş-on ilə bir də görərsən ki, maşallah ,sayı-hesabı bilinmir.
   Şəhərli kimi yaşamağın çəmini tapmışdı :əli-ayağı tərtəmiz ,həyət-bacası gül kimi, nə tövlə iyi gəlirdi, nə də  heyvan-qara səsi, hamamxanası, isti-soyuq suyu, mebelli mətbəxi, daha nə bilim nəyi...Dəblə geyinməyindən də qalmırdı.Bircə  evində xanımlıq eləməyə yaxşı qadın , var-dövlətinə sahib durmağa colma-cocuq çatışmırdı. Kərimin  xislətinə bələd olanlar bilirdilər ki,  evlənməməyinin də bircə səbəbi vardı - o heç kəslə yola getmirdi və onun aləmində kiminləsə bir dam altında iki-üç saatdan artıq  olmaq ömürlük sürgünə məhkum olunmaq kimi bir şey idi...
    Tək-tənha özü-özüyçün yaşayır, bundan həzz alırdı. Üzünə deməsələr də,  arvad sarıdan bəxti gətirməyən, hətta  , bəzi  bəxti gətirən kişilər də  onun sərbəst, kefcil həyat tərzini görəndə ürəklərində  paxıllıq edirdilər. Əlbətdə , Kərim öz qismətindən çox razıydı.
   İmkanlı  olmaq da belə şeydi ; zalım oğlu,  Türkiyədən vurub Amerikadan çıxır,səsi gah  Cənubu Afikadan, gah da Dominikan Respublikasından gəlirdi.Rayonda, bəlkə də Bakının özündə,handa bir özündən deyənin ayağı dəymədiyi çox ölkələr, şəhərlər vardı ki, Kərim oraları Boxçalıdan yaxşı tanıyırdı. Hara da getsəydi yenə Boxçalıya dönər,qərib ellərdə çəkdiyi keflərin donmuyş yadigarları olan fotoları yataq otağının divarına yapışdırardı.Və bu nəhəng divar albomunu kimsəyə  göstərməzdi.Hər gün yatmadan əvvəl o, şəkillərə baxıb dodaqlarını marçıldada- marçıldada “ötən günlərimi qaytaraydılar...” deyib girərdi yorğanın altına.
   Orda-burda çəkdiyi keflər aziymiş kimi, ayda bir-iki baş qoyundan-quzudan satdırıb  istədiyi vaxt  subaylığın dadını çıxarırdı. Ürəyinə  qadın  düşəndə özünü vururdu ya  vağzal bufetində  afisiant  işləyən Qalyanın,  ya da ki, internetdə tanış olduğu  Ceylanın yanına.Əvvəllər ,San-Fransisko, Marsel,Monte-Karlo, Neapol, Mayami, Monterrey gözəlçələrinin yerini nə Qalya, nə də Ceyla verə bilmirdi. Amma internetə qoşulandan sonra  “deyəsən,  bizimkilər də xaricilərdən  heç geri qalmır”deyərək  yeni-yeni eşq macaraları axtarırdı. Burada cavan, ərlərinə xəyanət eləyən evli gəlinlərdən tutmuş , kişilərindən   narazı qadınlara qədər , bir  saatlıq, bəzən bir neçə günlük ürəyinə yatanını tapmaq sadədən də sadəymiş?! Özü də  xaricə getməyə, ətək-ətək pul xərcləməyə də ehtiyac yox idi.
   Kərim naşükür adam deyildi.
  -İnterneti çıxardanın atasına min rəhmət,-deyirdi.- Ayə, hayıf deyil,girdin, tapdın,yazışdın, beş-on manatlıq kontur yüklədin,oldu sənin,bir ağzıgöyçəyin də xəbəri olmur.Yoxsa əvvəllər  birinin  dalısınca düşdün, qapısına ayaq basdın,külli-aləm səndən danışacaq ki, görəsən filankəs filankəsin evinin həndəvərində  nə qayırır?!...

    İsfəndiyar  gətirən küçüyün adqoydusundan  bir-iki ay  keçmiş, bu ipə-sapa yatmaz küçüklə bir həyətdə üz-üzə gəlməkdən təngə gəldiyindən başladı təzə sevgili axtarmağa.Nə olsun ki, yaş o yaş deyil, maşallah, pul –para onda, başqa hər şey də ki, öz yerində.Qalya boş yerə demirdi ona: “Tı kak beşennıy  dikar...”
   Tanışlıq saytında  Selenanın  profilindəki   yarıçılpaq şəkilləri çox xoşuna gəlmişdi. Canıyanmış elə profilindən adamı o dünyalıq  eləyirdi.Hər gecə yazışıb yaxından tanış olandan sonra , nəhayət telefon nömrəsini  aldı.
   Zəngləşib görüş təyin etdilər, amma Selena əvvəlcədən onu xəbərdar etdi  ki,əgər   gecəni  qalmalı olsa yüz manat ödəməli olacaq, yeyib-içmək də öz yerində.Razılaşdılar və Kərim cibinə xeyli pul qoyub üz tutdu şəhərə. Ən bahalı supermarketdən ən bahalı içki, ərzaq alıb qıza zəng vurdu ki, gəlmişəm.Bir saatdan sonra görüşdülər.Cavan, uzun boylu,nərmənazik,  sarı saçlı Selena Kərimi görəndə  iri , kobud görkəmindən bir az qorxdusa da onu gülərüzlə qarşıladı.Yeyib-içəndən sonra yarıqaranlıq yataq otağına keçdilər.Qız nazlana-nazlana soyunduqca Kərim havalanırdı. Beş dəqiqədən sonra qız  utanırmış kimi arxasını Kərimə sarı çevirib uzandi, Kərim onu qıllı sinəsinə sıxanda  hiss etdi ki, Selenanın döşləri  şəkildəkindən çox balacadı.Döşbaz olsa da  daha buna əhəmiyyət verməyib,yavaş-yavaş  başqa əzalarını əlləməyə başladı; kobud barmaqları paçasının arasına toxunanda  elə diksindi ki, lap dəli kimi qışqırmaq istədi,istədi nədi, lap bağırdı da. Tez yerindən sıçrayıb yataqdan durdu, işığı yandırdı  və diqqətlə baxdı ki, Selena...Selena ,sən demə qız-sad deyilmiş, heç arvad da deyilmiş?!.
   Nə isə, o qədər xərc-xəcalətdən sonra sevgilisinin “oğlan “ çıxmasına əsəbiləşdi, qondarma Selenaya  tüpürüb kəndə qayıtdı .

   Qayıdan kimi həyət-bacanı ələk-fələk elədi ,”General, General...” deyib çağırdı –küçükdən səs çıxmadı.Handan-hana  onu zirzəminin küncündə qısılıb yatmış tapanda ürəyi yerinə gəldi.Qəribəydi, Selena məsələsindən sonra  evdən bayıra çıxmayan Kərim mehrini  məzlum küçüyə salmağa başladı və bir daha nootbuka yaxın durmadı.
   Hər gün suyunu, yemini verir, qaçmağı, tullanmağı, dükandan aldığı balaca qırmızı rezin topu tapıb gətirməyi öyrədirdi, amma nə illah edirdisə də,  küçük onun dediyini, göstərdiyini eləmirdi ki, eləmirdi.
   “Yediyin burnundan gəlsin !..Ayə, camaatın iti hürəndə az qala qorxudan iki küçə o yana qaçasan,bu qurumsağ ağzını açmağa da can çəkir!..Demişdim də, İsfəndiyar, a zatı qırıq (lənət sənə kor şeytan!), bundan mənim qoqqazıma axran-maxran olmaz!..”
   Hər dəfə yedizdirəndən sonra beş-on dəqiqə ki, keçirdi, küçüyün sifətinə,- o məzlumluq, qaramatlıq yağan sifətinə- baxıb belə deyər, gözləyirdi ki, bəlkə yediyinin xatirinə bircə dəfə “ham” deyə, hürə, yox e, nə hürmək balam , elə bil  o,  it belindən gəlməyib, qancıq doğmayıb onu,  lal ördək balasıdır ki, durub...
   Kərim bir il küçüklə bir həyətdə yaşadı. General əməlli başlı əmələ gəlmiş, ətə-qana dolub iri, adamı vahiməyə salan köpəyə dönmüşdü.Narıncıya çalan tüklərini pırpızlayanda nabələd adamın ürəyi ayağının altına düşürdü. Ancaq bu ilk baxışdan belə görünürdü. Elə ki, onun gözlərinə baxdın, qurtardı da, indi otur, ağla onun halına ;nişanı qaytarılmış qız kimi kədərli, məyus baxışlarından yazıqlıq, qaramatlıq yağırdı. Ən dəhşətlisi o idi ki, məhlə-küçədən ötən uşaq, böyük bir dəfə də Kərimin həyətindən it səsi eşitməmişdi. Ömrü boyu heç kəsin nazını çəkməyən, kefnəqulu Kərim ,indi bu yaşında bir itin nazıyla oynayır, amma hürməyi bacarmadığına görə onun yerinə  iztirab çəkirdi.
    Bu  dəfə Qalyanın yanına gedəndə Generalı da özüylə apardı.Fikirləşdi ki, bəlkə dünya görə, gözü-könlü açıla, o da  mənim kimi canlıdı, bəlkə ürəyi nəsə istəyir,könlündən nəsə keçir?!
   General Qalyanın xoşuna gəldi.Dedi ki, çox maraqlıdı, həyatımda ilk dəfədi lal it görürəm.
    Kafenin yaxınlığında dolanan polis ,qırmızıgöz ,bədheybəti  görəndə xəbərdarlıq elədi ki,ağsaqqal, iti “namordnik”siz adam içinə çıxarmazlar, Allah eləməsin, kimisə qapar, xətər yetirər...Kərim də qaqqanağ çəkib güləndən sonra  cavab verdi ki, Allah saxlamışın nəvəsi, o günə qurban demişəm e,hardandı  onda elə kəramət, məndə elə bəxt?!..Laldı bu it ee, lal !..
    Kərim Qalyanın yanında gecələdi və nə fikirləşdisə, səhərin  alatoranında  yataqdan durdu, heç Qalyanı da oyatmamış kəndə qayıtdı...
                                                        
   ...Gecəni ilan vuran yatdı, Kərim yata bilmədi.Elə bil yorğan-döşəyinə bit-birə daraşmışdı,yuxusuna da ilan-qurbağa girmişdi.Səhərəcən qurcalandı, qurcalandı, qonşunun xoruzu banlamağa macal tapmamış yerindən dik atıldı və  elə tuman-koynəkdə həyətə çıxdı.İlk dəfə evini, həyətini boş ,kimsəsiz görürmüş kimi özünə yazığı gəldi, ürəkdən “ah” çəkərək pilləkənin başında oturub  aylı-ulduzlu səmaya baxdı . İsfəndiyarın keçən il dediyi sözləri xatırladı.”Necə demişdi ?..Hə, zatı qırıq demişdi ki, bu boyda mülkdə bayquş kimi yaşayırsan, tək-tənha...Düz sözə nə deyəsən,bir iti , lal-dinməz bir iti də saxlamağa fərasətim çatmadı...”
    Göydəki ulduzları  saymaq istədi, hər saydığının  da yanında  yeni-yeni ulduzlar  peyda  olurdu deyə sayı qarışdırdı,  gözlərini ova-ova həyətə düşdü, darvazanı açıb küçəyə çıxdı.Fikirləşdi ki, əlli ildə  birinci dəfəydi belə mənasız  işə baş qoşurdu - göydəki ulduzları sayırdı...
   Düzdü, ürəyində  ona çox acıdı,tutduğu əməlinə görə özünü qınadısa da , ən çox da çəkdiyi əziyyətinə heyfisləndi.”İtdi də, harda olsa başını girriyəcək.Mənə nə gəlib, onun dərdini çəkim,günümü –güzaranımı, qızıl kimi vaxtımı itə həsr eləyim?!. Özü də sərfəsizin birinə...”
    Pah atonnan, Kərim alatoranda qaranlıq fikirlərinə aydınlıq gətirirdi ki,baxıb gördü , budu e, General   kəndin içiylə ləhləyə-ləhləyə ona sarı gəlir.Əvvəl elə bildi onu qara basır. Ovucunun içiylə gözlərini ovxalayıb baxdı, baxdı ki, vallah gələn odur. Çox keçmədi düz qənşərində  dayanıb durdu, nəfəsini dərib baxdı. Kərim ,  rayon  mərkəzindən kəndə qədər yolu nəfəs almadan qət eləyən  Generalı heyrətlə süzdü, insafsızcasına yad şəhərdə onu atıb qaçdığına görə özünü qınadı, itin  etibarına məətəl qalıb yumşaldı, gözləri  doluxsundu.Bilmirəm General bunu başa düşdü yoxsa yox,  pəsdən “mırrr...” eliyə-eliyə  özünü  Kərimin ayaqlarına sürtdü , amma hürmədi.Elə sakitcə mırıldadı ki, elə bil yuxulu  kəndi oyatmaqdan ehtiyat edir.
  -Ay insafsız,- Kərim dilləndi,-nə mırıldayırsan,hür da, hürr!..Qoy bütün kənd diksinib  ayılsın.Niyə qorxursan hürməkdən?! Səni də Allah hürməkçin yaradıb da!..
   Kərim  hirslə , hikkəylə demədi bunu.Ürəyi göynəyə-göynəyə, az qala ağlaya-ağlaya dedi və əyilib Generalın tərli boynunu qucaqladı...
                                                           
   General  hürmürdü.Bir Allah bilirdi ki, o  bunu bacarmırdı, yoxsa ibnəsi tutduğundan hürmək istəmirdi?!
   Kərim də son vaxtlar çox darıxır,  çox fikirləşir, ürəyində :“gec də olsa,  tənhalığa son qoymağın vaxtıdır ,yoxsa ,  bu itlə bir həyətdə qalsam, doğrudan-doğru  dəli olacam“ -deyirdi. Bəlkə həyət-bacadan  arvad-uşaq səsi gəlsə General da insafa gəlib səsini səslərə qatar?! Bəzən nədənsə ona elə gəlirdi ki, onun qaradinməzliyi, adamayovuşmazlıqı  ilk gündən itə də sirayət edib.Axı yazıq it kimə, nəyə hürsün, niyə hürsün?..Sonra da fikirləşirdi ki, bəs camaatın iti niyə boş yerə hürür? Qonşunun dəcəl uşağına, bağına-bostanına oğurluğa girənə,kəndə gələn yad adamlara, lap elə ağzını göyə tutub boş-boşuna hürən o qədər it var ki?!.
   İsfəndiyar  da sanki küsmüşdü ondan, gəlib –getmirdi ki, dərdi-sərini onunla bölüşsün.
    Kərim İsfəndiyarın  heç olmasa bu il yaylağdan qışlağa dönərkən ona dəyməsinə ümid edirdi.Bir də ümid edirdi ki, qonşu kənddə dul gəlin var ,uşağı-zadı da yox, bəlkə onu özünə arvad eləsin.Əlbət ki, İsfəndiyarın köməkliyilə.
    İsfəndiyar ilim-ilim itmişdi,yağlı əppəyə dönmüşdü,səs-sorağını eşidən, ondan xəbər-ətər verən də yox idi.
    General da bu yandan ağzına su alıb durmuşdu.Bir ara Kərim onu , ata-anasından iraq , Cəbiyə oxşadırdı- hesabdar  Cəbiyə.O da, zalım oğlu   vəzifədə özündən böyüklərin qabağında  başını yellədib “baş üstə!” deyərdi.Elə bil ağzında dili-flanı yox idi Cəbinin, “baş üstə”dən başqa da söz bilmirdi.Elə “posluşni” olduğuna görə də yavaş-yavaş böyüdü, böyüdü,axırda gedib çıxdı nazirliyə.Amma   bəxti gətirmədi yazığın.Yuxarıların göstrərişlərinə, yeri gəldi-gəlmədi “baş üstə” deyib, sənədlərə  təmənnasız imza atan  Cəbi   külli miqdarda dövlət əmlakının dağıdılmasına şərait yaratdığı üçün  on il həbs olundu. Rayonda başbilənlər deyirdi ki, əgər  Cəbi məhkəmədə də “posluşni” olsaydı, bəlkə o qədər iş almazdı.Sən demə məhkəmə vaxtı Cəbinin dili açılıb, nə açılıb! Açıb sandığı, töküb pambığı...Ayə, zalım oğlu zalım, ömrü boyu lal olmusan , indi noldu, qeyrətə gəldin?!.Bu da  yuxarılara xoş gəlmib, çünki yuxarılar danışanları sevməzlər, əlbəttə ki, tərif deyənlərdən başqa...
  -Yox, daha bacarmıram! Ə, it olanda nolar, insafın olsun da?! Gərək Miriş kimi sənin də  o zibilin qapı arasında qalsın, soora hürəsən?!

   ...Bir az içib evə gəlmişdi deyən pilləkənin altında dünəndən qalma toyuq sümüklərini arsız-arsız, xırçaxırçla gəmirən Generalın mütiliyini görcək əsəbiləşdi.Bir yandan həyatındakı boşluq , vaxtsız gələn qocalıq onu haldan salmış, bir tərəfdən də həyətində bu  itin canlı meyid kimi gün keçirməsi onu təngə gətirmişdi.
   Axşam düşdü. Nə axtardığını özü də  bilmirdi; evə girib ora bura vurnuxdu, sonra hövlnak həyətə çıxdı.Zirzəmiyə düşüb  gəzdiyi  kəndiri tapdı, Generala yaxınlaşdı,  bir ucunu həlqə edib boynuna  keçirdi ; General  ona səssiz-səmirsiz itaət edirdi.
   Kəndirin o  biri  ucundan yapışıb həyətdən çıxdı.General hara aparıldığından bixəbər onun dalınca  addımlayırdı.Qarşıdakı təpədən aşıb  torpaq yola çıxdı.Yol uzanır, Kərim öz-özünə deyinir, yırğalana-yırğalana  onun dalınca  düşən General ,  kəndirin ucundan bərk-bərk yapışan Kərimin  addımlarını nə zaman yavaşıdacağını gözləyirdi; elə bil heyvanın ürəyinə  nəsə dammışdı...
    Dağın döşündə  qaynayan bulağın yanında dayandı, Generalın  ağzı suya çatacaq məsafəni ölçüb kəndirin ucunu qovaq ağacına bağladı, əlini bulağın gözündə yuyub bir-iki ovuc da üzünə,  boynuna çəkdi, sudan doyunca içib məzlum-məzlum gözlərini döyüb öz aqibətini gözləyən Generala baxdı.
   Sən məni bağışla, General.Allah İsfəndiyara lənət eləsin,demişdim axı,nazla oynamaq mənlik deyil...Özüm də ağrınıram son vaxtlar, içim özümü yandırır...Əşı, bunu sənə niyə deyirəm axı, onsuz da qanan deyilsən...Başa düş, bura yol qırağıdı, gəlib-gedən çox olur, bəlkə elə mən gedən kimi , kimsə səni görəcək, aparacaq həyət-bacasına...Amma, qayıtma mənim yanıma,nolar, qayıtma...Dözəmmirəm sənin bu halına...Mənim halımı da ki, görürsən, elə sən gündəyəm...Ay Allahın fağır heyvanı, axı niyə hürmürsən, hə?! Lal-dinməz, kabus kimi dolanmaq sənə yaraşmır axı? Sənə bənzər gör nə qədər adam var bu dünyada; ağzı qıfıllı, dili qarnında, gözü döyük, pasluşnı  ,yəni,  Cəbi fason , amma baxırsan adamdı da ! Axı sən itsən, hürməlisən, qapmalısan, vahiməyə salmalısan hamını?! Eh, boş yerə donquldanıram...Bilirsən, son vaxtlar xasiyətim də dəyişib, o qədər deyinirəm özüm-özümə, it xasiyyət olmuşam vallah ! Sən də ki, əksinə- adam xasiyyət – mülayim, üzüyola,yəni  pasluşnı...
   Daha heç nə demədi, bir də ki, faydası nəydi danışmağın, sadəcə ürəyini boşaltdı. Bir də  özünə söz verdi ki, daha dala baxmayacaq,iti-iti addımlayacaq, lap yüyürəcək kəndəcən...Amma  tab gətirmirdi ürəyi, arxaya dönüb baxmasa da qulağı Generaldaydı; heç olmasa qeyrətə gələrdi, itliyi yadına düşərdi, elə hürərdi ki, Kərim də arxaya dönüb qaçar, qucağına alıb onu ən əziz adamı kimi, yox e, əzizgirami iti kimi öpərdi hürən dodaqlarından, vallah öpərdi !
   Ta təpəni aşıb kənd yoluna enənə kimi  arxadan səs-zad gəlmədi. Kəndə çatanda, lap hürsəydi də  səsi  buralara gəlib çatmazdı....
                                                        *****

   Kərim ömründə birinci dəfəydi ölüm haqqında fikirləşdi.İndi dərk elədi ki, həqiqətən də  o tənhadı;nə qardaşları , nə İsfəndiyar, nə də ki, kəndçilərindən  kimsə qapısını açıb içəri girmir.”Ölsəm, yox murdar olub qalsam...- demişdi İsfəndiyar... Cəhənnəm olsun İsfəndiyar da, o biriləri də...Qəzənfəri gərək çağırıb tapşıram ki, mal-qaramın bir hissəsini satıb məclisimi yola versin, qalanını da şəhərdəki  yetimlər evinə bağışlasın.Yaman çoxalıb yetim-yesir bu məmləkətdə !..Hə, mən deməyinə deyəcəm, lap möhkəm-möhkəm tapşıracam və o da dədəsi Mədətin qəbrinə and içib  söz verəcək ki, baş üstə. Amma o vələdüznanın  nəfsiniki mən bilirəm- töbə-töbə, zatı qırığ, elə zatı qırığdı - vallah  mən ölən kimi vəsiyyətimi də  yaddan çıxaracaq... ”
   Kərimin ağlından min cürə fikir gəlib  keçdi, hamısını da min yerə yozdu, amma sonda nəsə tapıbmış kimi gülümsədi, qonşusu Nəsrəddin kişini  haylayıb yanına saldı və düz getdi Qəzənfərin qapısına.Çoxdan görüşmədiklərindən, xeyli hal-əhval tutduqdan sonra Qəzənfərə , arvadı Tubunun yanındaca bir kağız yazdırdı,yazdırdı ki,dəqiq  nə qədər qoyun-quzum var və hamısı da Qəzənfərin cavabdehliyindədi. Nəsrəddin kişinin və Tubunun şahidliyilə altından qol çəkdirdi.”Ölüm-itim dünyasıdı”-deyib vəsiyyətnamə yazdı, imzaladı, Qəzənfərə yazdırdığı kağızı da arasına qoyub  poçta gəldi və  sifarişli məktubla  rayon notariusuna  göndərdi...
                                                      *****
   ...Bu necə dərd idisə tutmağıyla yorğan-döşəyə  salmağı   bir oldu.Ayda bir-iki dəfə Qalyadan  başqa heç kimdən zəng gəlməyən cib telefonunu götürdü, elə Qalyaya da zəng vurdu ki, bəs ölürəm,” təcili yardım” göndər kəndə, amma özün nə badə gələsən buralara.
    Nə illah elədi ,ayağa dura bilmədi.”Həkimlər heç şəhərdə vaxtında özlərini çatdırmırlar, o ki , qalsın  ucqar kəndə gələlər.Ona  kimi heç olmasa qonşuya xəbər verim”  deyib qalxmaq istədi, bacarmadı; sanki ürəyi yerindən çıxdı,əzaları  yarpaq kimi titrədi,  telefom əlindən qucağına düşdü, götürmək istəyəndə  taqəti çatmadı, əlləri əsdi, çiynini döşəyə dayayıb çevrilmək istəyəndə  dığırlanıb  guppultuyla taxta döşəməyə sərildi...
   “İsfəndiyar- itin belindən gəlmiş- Nostradamus imiş, bilməmişik...Deyəsən həkimlər gələnəcən , o söz...Ufff...” Ufuldadığını bildi ,amma bu ağrılı zarıltının səsi qulağına dəymədi,   eləcə səssizcə göynədi.
   Döşəmənin  üstündə  boynunu irəli uzadaraq  sudan çıxmış balıq kimi  ağzını açıb-yumurdu. Kimisə gözləyən mənasız baxışları   düz qapıya zillənmişdi . Kərim ,  əgər düşdüyü bu  halını  kənardan görə bilsəydi, bəlkə də dünyanın ən yazıq bəndəsinin iztirab dolu ümidsizliyinə  baxıb zır-zır ağlayardı.Nə düşünürdü, nə götür-qoy edirdi, özü də anlamırdı.Bəlkə heç düşünmürdü də.Sadəcə, kiminsə çaşıb həyətinə girəcəyini, evinin qapısını açacağını, ona əl uzadacağını gözləyirdi...Amma  həmişə olduğu kimi heç kim onu nə itirir, nə də axtarırdı...
   Dili tutulsa da, deyəsən, qulaqları eşidirdi; pilləkənin başındakı artırmadan boğuq tappıltı səsi gəldi, sonra elə bil qapını küt bir şeylə  döyəclədilər,cırmaqladırlar: əti ürpəşdi, həm də qorxdu.”Əzrayıl  belə gəlir yəqin”-fikirləşdi.Əvvəlcə isti, bir az keçəndən sonra soyuq tər bütün bədəninə vic-vicə saldı. Birdən ,ağır qapı açıldı, bəbəklərini göynədən tər şoranının gözlərinə  çəkdiyi pərdənin o üzündə  güclə sezilən qaraltını gördü.Qaraltı ona yaxınlaşdıqca böyüdü, böyüdükcə fokusdan çıxdı, gözləri qaraldı. Buza dönmüş üz-gözünə, sinəsinə qəribə  bir istilik ,həlim bir nəfəs toxundu, lakin bu isti nəfəs  sürətlə  içinə dolan soyuğu qova bilmədi.
    Son anda, lap bir anlıq, bircə anlıq diqqətini tarazlayıb gözlərini qıydı, bu isti nəfəsin sahibini  tanımaq istəyi o qədər güclü oldu ki, gözünü tütan toran da bir anlıq yoxa çıxdı və Kərim , onun ölməkdə olan vicudunu diliylə yalayıb, solmaqda olan gözlərinin içinə baxaraq ağlayan Generalı gördü, sevinmək istədi, amma,  artıq bu hiss çoxdan onu tərk etdiyindən   qıyılmış gözlərini qapamağa da  gücü çatmadı.
    O doğrudan da ağlayırdı-lap adam kimi...
   Hərəkətsiz bədənini iylədi,  göyümtül  sifətini yaladı,hələ də qapının şəklini çəkən gözlərinə baxdı, sonra  başını açıq qapıdan   göyə sarı uzadaraq ağzını açıb ,kövrək, ürək titrədən, həm də bir az qəzəbli səslə, lap yalquzaq  kimi qəfildən elə uladı , elə uladı ki, əgər Kərim  indicə canını tapşırmasaydı ,  onsuz da  bunu eşidəndən sonra   sevincindən ürəyi partlayardı...

Saratov-Bakı -2014

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.