Pünhan Şükür - Qudsal kitab

12.01.15

Ədəbiyyatın həm də ədəb-ərkan öyrətmək kimi qudsal bir vəzifəsinin olduğunu yada salan kitab.

 Hərdən qələm adamlarına xatırlatmağa dəyər ki, ədəbiyyat məfhumu ərəbcə "ədəb" sözündən götürülmüşdür. Müəllimlik, həkimlik peşəsi müqəddəs sayıldığı kimi, ədəbiyyatın da qudsal bir ədəb-ərkan öyrətmək vəzifəsi vardır. Artıq tarixə çevrilmiş 2014-cü ilin sonuna yaxın ədəbi prosesdə məhz bu missiyaya sadiqlik nümunəsi sayıla biləcək bir kitab işıq üzü gördü. Özündə dəyərli nəsihətlər ehtiva edən povest və hekayələrdən ibarət bu kitab nə qədər qəribə görünsə də, gənc xanım yazarın qələmindən çıxdı. Bəzən hətta ağsaqqal, ağbirçək, müqtədir söz sahiblərinin şaşırdıqları, haqdan uzaqlaşdıqları indiki "şeytanazdıran" zəmanədə belə ibrətamiz əsərlərin ortaya çıxmasını həqiqətən də əhəmiyyətli hadisə hesab etmək olar.
   Annotasiyada müəllifi “Yetişməkdə olan yeni Azərbaycan ədibləri nəslinin görünən nümayəndələrindən olan Şəhla Aslan...” kimi təqdim edilmiş “Qudsal Dönüş”(“Səadət”) kitabının redaktoru Kənan Hacıdır. “CFC pressium” MMC-nin mətbəəsində nəşr olunmuş bu kitabda yer alan hekayələrin bir çoxu yaxın keçmişdə ədəbiyyatla bağlı kütləvi informasiya vasitələrində dərc olunub, bəyənilib. Kitabla eyni adı daşıyan povest isə yalnız indi təqdim olunsa da, əsərin ətrafında dolaşan rəylərdən məlum olur ki, oxucular və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.
   “Yaşından böyük” düşüncə məhsulu ortaya qoymasını gənc yazar ön səhifələrdə yer verdiyi “müəllif sözü”ndə belə izah edir: “Babamla nənəmin çoxlarına örnək ola biləcək bir həyatları var. Böyüklərin söhbətlərindən onların keçmiş həyatları, cavanlıqları haqqında məlumatım olsa da, öz dillərindən eşitdiklərimə indi az-az rast gələrsən. Bu kitab məhz onlara həsr olunur...”
   Doğrudur, bu izahatda Şəhla Aslan övlad kimi təmsil etdiyi nəcabətli, ziyalı nəslin-kökün ulularına – ağsaqqallarına, ağbirçəklərinə münasibətdə sonsuz ehtiram, qədirşünaslıq nümunəsi göstərib. Həm də öz üstün istedadını təvazökarcasına, empati qabiliyyətini utancaqcasına “böyüklərin söhbəti”nin kölgəsində gizlətməyə çalışıb. Nəticədə özünəməxsus bir cığır açaraq, oxucunu öz əsrarəngiz mənəviyyat dünyasına səyahətə dəvət edən, lakin mötədillik həddini aşmayan, səyyaha bilərəkdən axıradək bələdçilik etməyən bir Qız Ədəbiyyatı yaradıb. Kişi qəhrəmanı da  həya mücəssəməsi olan Qız Ədəbiyyatı.
   ...Məni tər aparmışdı, o isə heç kitaba-zada baxmırdı.
   -Bəlkə mənim nişanlı olduğumdan qorxursan? Elədirsə, üzüyü çıxardım, qoyum cibimə, danışaq. Qorxma, nişanlım gəlib səni döyməz!
       Bu nə danışır, ay Allah? Key-key durub  ona baxırdım. Pıçıltı ilə danışmağı ona sirli bir ahəng verirdi, saçlarını üzünə tökmüşdü, gözləri qara saçlarının arasından parıldayırdı. Durub buradan çıxmaq, uzaqlaşmaq istəyirdim...
   "Əsl kişi haqqında povest" də adlandırıla biləcək bu əsərin qəhrəmanı adsız deyildir, müəllif onu Kişi kimi təqdim edir. Və bu qəhrəman - sözün həqiqi mənasında Kişi, mentalitetimizin Kişiyə verdiyi tələblərə riayət edərək, həmişə vicdanının səsinə qulaq asır, üzləşdiyi bütün çətinliklərdə, qarşılaşdığı bütün maneələrdə, keçdiyi bütün sınaqlarda  Kişi olaraq qalır, Kişiliyə xəyanət etməmək üçün məhrumiyyətlərə dözür, hətta mənsub olduğu kişi cinsinin istəklərini də boğa bilir, abırıını qorumaq lazım gəldikdə bütün dünyəvi nemətlərdən imtina edir, durub aradan çıxır, olduğu yerdən uzaqlaşır.
    ...Kişi rahatlanıb oturdu skamyaya. Onun işinin nədən ibarət olduğunu başa düşməsə də, ürəyi tam sakitləşmişdi...
   Ayağına dəyən zərbədən ayıldı. Süpürgəçi olmasaydı, burda yatıb qalacaqdı. Tez gözlərini ovuşdurub ətrafa boylandı. Gözündə qara eynək, yarımçılpaq geyinmiş, löş bədənli bir qadın ona tərəf irəliləyirdi.
   -Şahinin adamı sizsiniz?
   -Hə, hə, siz Ema xanımsınız?
   -Gəl otur, ay kişi. Bu istidə gül kimi rayonu qoyub şəhərdə nə gəzirsən?
   Ema onun görkəmindən iyrənirmiş kimi ağzını büzə-büzə danışırdı. Kişi Allaha yalvartrdı ki, onu bu biabırçı görkəmli qadınla bir yerdə görməsinlər. “İlahi, özün rəhm elə, bircə tez qurtarım belə çətinliklərdən, oturum işimlə məşğul olum. Şahin bununla necə duet oxuyur görəsən? Ona gülmürlər baxanlar? Bunun bir maşın sürməyinə bax eee! Hələ bir qışqırır da böyründəkinə.
   Müəllif milli həyat reallıqlarını dürüst əks etdirməyə, ona ümumbəşəri dəyər verməyə çalışmış və bu səylərinin nəticəsi olaraq, povestdə inikasın xarakteri ən azından ümumazərbaycan, ümummüsəlman səciyyə ala bilmişdir. Milli həyatın reallıqları isə Kişini az qala ağlamaq dərəcəsinə gətirən gerçəkliklərdir.
   Kişi  elə bir vəziyyətə düşmüşdü ki, ağlaya da bilmirdi. Yoxsa bərkdən hönkürər, hamıya, hər şeyə tüpürüb qaçardı amma qoyub gəldiyi həyatın dəhşətləri onu dözməyə, göz yaşlarını  içində boğmağa məcbur etdi...
   Düzdür, yazıçı bu reallıqlara tendensiyalı münasibət göstərmir. Çünki həm özü gənc, gələcəyə nikbin nəzərlərlə baxan qələm sahibidir, həm də hansısa imperiya müstəmləkəsinin deyil, müstəqil, amma keçid dövrünün müvəqqəti çətinliklərini yaşayan dövlətin vətəndaşıdır. Müəllif öz əsərində cəmiyyətin eybəcərliklərinin səbəbini ictimai-siyasi formasiyada deyil, insanların tərbiyə qüsurlarında görür. Gözəl tərbiyə etalonu kimi də  qəhrəmanının özünün, valideynlərinin şəxsi nümunəsini ortaya qoyur.
   Povestin əsas süjet xəttini əyalətdən paytaxta qazanc dalınca gələn, lakin ünvanına pənah apardığı şəxsin əsl kimliyini tanıyınca məyus olan saf mənəviyyatlı adamın coğrafi anlamda səyahəti, ruhunun isə sınağı təşkil edir. Ana xətti müşayiət edən, olduqca uğurlu alınmış kiçik hekayətlərlə birgə nəzər saldıqda isə əsəri müəyyən mənada miniatür roman da hesab etmək olar. Bu hekayətlər müəllifin təhkiyəsi ilə qəhrəmanın xəyalları, xatirələri prizmasından təsvir olunur. Kişinin seçim qarşısında qaldığı vaxt ona vəd olunan iyrənc gəlirdən imtina etməsi, halal qazancı üstün tutması mükafatsız qalmır. Peşəsi müəllim ola-ola halal çörək qazanmaq üçün kənkanlıq etməsi, sözün həm hərfi, həm də məcazi mənasında quyunun dibinə enməsi, ölüm təhlükəsi ilə üz-üzə gəlməsinə baxmayaraq, əxlaqi kamilliyinə sadiq qalması Haqqın təcəllası kimi səhnəyə çıxan, quyu qazmağı sifariş etmiş cənublu müctəhid Ağanın səxavətli əli ilə layiqincə bəxşişləndirilir. Beləliklə, əsl kişi haqqında povest quyudakı çeçmənin gözünün açılması ilə nəticələnir, qəlbi fərəhlə dolu Kişinin doğma ocağa, o ocağın istisinə qızınan əzizlərinin yanına dönüşü özündə qudsallıq ehtiva edir.
   Qudsallıqdan söz düşmüşkən, qeyd etməyə dəyər ki, Şəhla Aslanın povest və hekayələrində müəllifin dünyaya gəldiyi Yardımlı elinin müqəddəs ocaqlarına, pirlərinə (Baba Pirəli, Piyə Piruzə ziyarətgahları) ehtiramlı münasibəti aşkar görünür. “Qudsal Dönüş” kitabında zövqlü oxucu həmçinin folklor motivləri ilə də rastlaşacaq, təhrif olunmuş bir çox xalq mahnılarımızın orijinal variantları ilə tanış olacaq. Bu isə nə vaxtsa kitabın milli mədəniyyət tariximiz üçün əhəmiyyətindən söz açılacağını  təxmin etməyə əsasa verir.
   Bütün bunlar öz yerində . “Qudsal Dönüş”ün müəllifinə bəzi iradlarımı bildirmək istəyirəm. Əminəm ki, altını cızdığım bu sətirlər müəllifin qələminin xeyrinə işləyəcək: İlk növbədə, necə deyərlər, Allahın işinə qarışmaqdan çəkinməyi məsləhət görərdim. Cənnətə varid olan hər kişiyə 70 qadın mələyin kənizlik edəcəyi vədini xatırlatmaq, cənnətməkan qadınlar üçün bunun adekvat mükafatı kimi 70 kişi mələyin niyə düşmədiyini personajların dili ilə hətta ötəri də olsa gündəmə gətirmək müəllifin  elə özü-özünə  zidd getməsi kimi qiymətləndirilə bilər. Axı onun qəhrəmanları dara düşəndə valideynlərinin  namaz  üstündə olması səbəbindən nicat tapan, ölümdən qurtulan təqvalı kəslərdi. Yaxşı əməlin, xoş xasiyyətin, saf mənəviyyatın mükafatının həyatda  gec-tez veriləcəyinə inanmaq, oxucuları da buna inandırmaq yazıçının nikbinliyinə dəlalət edir. Amma dünya görmüş, müşahidəli oxucu yaxşı bilir ki,  səadət heç də hər yaxşı adamın üzünə gülmür. Povestin qəhrəmanına -  Kişiyə təmənnasız köməkdarlıq edən müctəhid Ağa da, təmənnalı ittifaq təklif edən yüngüləxlaq Ema kimi qadın da heç də hər maddi ehtiyacdan sıxılan kişinin qarşısına çıxmır. Zəruriyyətin arzularının çin olmadığı, Əlahəzrət Təsadüfün isə imdada yetişmədiyi belə nigaran hallarda  din onun əvəzinə O Dünyanın cənnətini vəd edir. Bu vədə qəlbən inanmaq yaxşı əməl sahiblərinin, savab iş görənlərin əvvəlcə özlərinə xeyir verər, sonra gözəl tərbiyə nümunəsi sayılaraq bioloji varislərinə “rəhmətliyin balası” alqışını qazandırar, daha sonra onlardan ibrət götürənlərə fayda  gətirər. Bunca böyük qazancın müqabilində gəlin razılaşaq ki, bir insan həyatı elə də böyük qurban deyildir. Odur ki, Rəbbin vəd etdiyi mükafat  və cəzanı müzakirə predmetinə çevirmək, bu mövzuda polemika açmaq inanclı oxucularda müəllifin səmimiyyətinə şübhə yarada bilər. Belə meyllər gənc ədiblərdə təxəyyülün şıltaq improvizasiyası kimi özünü göstərsə də, ixtiyar yaşlarda nihilizmə yoldaş olur. Necə ki, Əkrəm Əylisli "Daş yuxular"ında təkcə erməni sevgisini büruzə verməmiş, yalnız siyasi orientasiyasının şübhəli olduğunu ortaya qoymamış, həm də müsəlmanların  sünnət əməliyyatına qarşı çıxmışdı...
  Etiraf olunmalıdır ki, gənc yazarları ruhlandırmağı heç də bütün təcrübəli qələm adamları bacarmırlar. Özlərinin malik olduqları bütün qabiliyyətləri müqayisə müstəvisinə gətirir, gənclərdən də eyni kriterilərə cavab verməyi tələb edir, yeniliklərə isə dözümsüz yanaşırlar. Qanrılıb geriyə - öz keçdikləri yola baxmaq istəmirlər. Xatırlamırlar ki, püxtələşmək, qabiliyyətlərini təkmilləşdirmək üçün təkcə istedad deyil, yaşadıqları ömür, müşahidə etdikləri hadisələr də onların karına gəlib. Yaşadığı ömrün, başladığı yaradıcılıq yolunun hələ böyük hissəsi irəlidə olan gənc yazıçıya gələcəkdə daha parlaq uğurlar arzulamamaq üçün gərək Azərbaycan ədəbiyyatını sevməyəsən, onu dünya çapında ön sıraya çıxaracaq özündən başqa kimsə tanımayasan; millətinin xəttini imzalar içində tanıtdıracaq, avanqard kimi təmsil edəcək kimsənin yetişməsini istəməyəsən. Belələri əslində məşəl daşıyan korlar kimidilər. Nizamidən, Füzulidən  qalan mirasa sahib çıxdıqlarını iddia etsələr də, o irsi yaşatdıqlarını  qürurla, ucadan söyləmək fürsətini qaçırmasalar da, şöhrətin estafetini gənclərə ötürməyə tələsmirlər, sanki özləriylə qəbrə aparmaq niyyətindədirlər. Gəncləri mənəvi cəhətdən stimullaşdırmaq əvəzinə, onlara "dünən yumurtadan çıxan cücə" deyib aşağılamağa cəhd edirlər. Unudurlar ki, timsahın da balası yumurtadan çıxır və dərhal şikara hücum etməyə hazır olur (Müqayisənin uğursuz alındığını düşünənlərdən üzr istəyirəm).
   Sözsüz, Şəhla Aslan Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsi, gənc ədib olduğu üçün  onun yazı texnikasına verilən tələblər çoxdur. Çünki onun ikinci ali təhsil almaqla öz üzərinə götürdüyü vəzifə  yeni ədəbi fikri həm də  mükəmməl formada ortaya qoymaqdır. Şübhə yox, ədəbi tənqidçilər sırasından onun kitabına obyektiv təhlil verənlər də olacaq. Ən xırda nöqsanları, qüsurları tapacaq və elmi cəhətdən arqumentləşdirəcəklər. Hardasa vurğulanacaq ki, müəllif povestdə oxucuya "nəfəs dərməsi" üçün bəhanə verməyib. Hardasa qeyd olunacaq ki, povestdə kəmiyyətin ifadə olunduğu bütün hallarda istisnasız olaraq rəqəmlərdən istifadə edilib. Bəlkə də kimsə öz "hayıfını çıxacaq", müəllifə tənqid borcunu qaytaracaq. İstisna deyil ki, gənc yazarın bu uğurlu addımına sevinməyib onu şöhrətə aparan yolda tələsməkdə qınayanlar da olsun. Əslində bu ona təbii görünməli, əksinə, müsafiri olduğu yolun hamar olması isə təəccüblü gəlməlidir. Qətiyyətlə irəlilədiyi ciddi yaradıcılıq yolunda maneələrin yoxluğu onu şübhələndirməli, o üzdən daim öz istedadını, qabiliyyətini cilalamağa sövq etməlidir.

   Gələcəyi böyük perspektiv vəd edən, dərin potensiala malik Şəhla Aslana həyatda formulunu yaxşı bildiyi səadətə yetişməsini, reseptini hamı ilə səxavətlə bölüşdüyü qudsal dəyərlərə yiyələnməyi, ədəbi fəaliyyətində yeni-yeni müvəffəqiyyətlər arzulayıram. Ləyaqətlə təmsil etdiyi Kamal Abdulla Ədəbi Məktəbini də təbrik edirəm!

Yenililklər
27.01.22
"Ulduz"un 2022-ci ildə ilk sayı çap olunub
27.01.22
Ramin Allahverdi - Elm nədir? Elmin əsas meyarları hansılardır?
24.01.22
Anar Məcidzadə -  Gecələri göz yaşı, qaranlıq olur səhər
24.01.22
“Yevgeni Onegin” romanı bir milyon rubla satılıb
24.01.22
Fərid Hüseyn - Şeirə bürünmüş İstanbul - REPORTAJ
24.01.22
Azad Qaradərəli - Alpan kömürçüləri
24.01.22
Təbrizdə Qarabağı tərənnüm edən "Xarıbülbüllər" almanaxı çap olunub
18.01.22
Qurban Bayramov - Növbəti erməni məkrinə – erməniləşdirmə faktına münasibət
18.01.22
Rövşən Yerfi - Həyasızlıq kabusu bizi məhv edəcək!..
17.01.22
İlhamə Dağlı - Tobıktıda günəş doğdu
17.01.22
Azad Qaradərəli: "AYB-dan uzaqda qalmaq, təbii çətinliklər yaradıb mənə"
15.01.22
Mübariz Örən Yaradıcılıq Fakültəsinə rəhbər təyin olunub
11.01.22
Gülnar Yunusova -  Fenomen Haruki Murakami 73 yaşında
11.01.22
Kənan Hacı - Vaxt pəncərəsi
11.01.22
Azad Qaradərəlinin hekayəsi Türkiyə saytında yayımlanıb
10.01.22
Nadir Əzhəri - “İsanın qadını” və qadın ifadəsinin keyfiyyəti
06.01.22
Kənan Hacının yeni kitabı çap olundu
30.12.21
Günel Natiq - Ayı dərisi 
29.12.21
“Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi olub
29.12.21
“Ulduz”dan oxuculara endirim
29.12.21
Hacı Zeynalabdin Tağıyevlə bağlı film çəkiləcək
28.12.21
Habil Yaşar - SMS
28.12.21
Eşqin Məmmədov - Bu il başqa arzum var, hədiyyə istəmirəm
27.12.21
Ramil Əhməd Türkiyədə qalib oldu
27.12.21
Yazıçı Varisin kitabı İranda nəşr edilib
27.12.21
Nemət Mətin - İsanın qadını və ya Səxavət Sahilin "Məhəbbət" obrazı
24.12.21
Azad Qaradərəlinin yeni kitabı çap olunub
23.12.21
İlin son "Ulduz"u nəşr olundu
23.12.21
Fərid Hüseynin İstanbulda imza günü oldu - Foto
23.12.21
Cavanşir Atəşi - Xalqının taleyinə günəştək doğulmusan!
20.12.21
“Leyli və Məcnun” dastan-tamaşası təqdim olundu
20.12.21
“Qobustan” sənət toplusunun qış nömrəsi işıq üzü görüb
20.12.21
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib
20.12.21
“Uşaq Avroviziyası - 2021” müsabiqəsinin qalibi bəlli olub
20.12.21
Minsk şəhərində Nizami Gəncəvinin heykəli ucaldılıb
16.12.21
Küyülü Nəccari Səid - Atam
16.12.21
Üfüqdə hansı cərəyan görünür? - SORĞU
13.12.21
Səxavət Sahil - Əkrəm Əylisli, Axundov, Mirzə Cəlil, Sabir və Türk ədəbiyyatı
13.12.21
Mərahim Nəsib - Əllərim göy üzündə, dodağımda dualar
13.12.21
Bakıda 15-21 dekabrda Milli Kitab Sərgisi keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.