Elçin Aslangil -  "Aqşin Evrən insan deyil"
07.01.15

12

Ağ-ağ bədii hissə


Hərdən qar da yağır. Amma heç kim üşümür. Niyə üşüsünlər axı? Birinin kürəyi bir başqasının  sinəsini qızdırır. Bir başqasının nəfəsi digərinin üşüyən qulağını. Belə mehribandır insanlar. Çiyin-çiyinə, kürək-kürəyə, diz-dizə, göz-gözə üşüyə-üşüyə gəlib, isinə-isinə gedirlər. Bir də görürsən, biri əl-qolunu ölçə-ölçə elə ucadan danışır ki, heç deyən olmur,  “Zəhmət olmasa, bir az yavaş danışın”.  Kimin nəyinə lazımdır axı?!
Ya qoca bir qadın, ya da kişi, üzünü soyuq pəncərəyə söykəyib dodaqlarının altında pıçıldayır,

“Doxsanıncı illərdə insanlar Allahdan da əlini üzmüşdülər. İnsanlar əllərini göyə bircə çörək növbələrində qaldırırdılar, o da ki, satıcının pulu görüb çörək verməsi üçün”.

 – Qarşıdakı dayanacaqda saxlayın zəhmət olmazsa.

– Qadın ölmür, ölüm özü getdikcə qadınlaşır... (Pıçıldayaraq)

Gözəl qadının gözəl buyruğu ilə bərabər sürücü radionun səsini yüksəldir. Qadının zərif səsi, acı bir xəbərin fonunda yoxluğa qovuşur:

(Dodaqaltı)

 Plastik maniken
“Gucci” markalı sehirli xalata bürünüb
Vitrin önündə titrəyi Somalinin kibrit körpəsi;
İri gözləri dizlərinin gözləri kimi sürünür əba boyunca
İstəkləri banan qabığında sürüşüb çırpılır bəşəriyətin üzünə:
“İo Kio baba, mənə Marsdan bir velosiped,
bir də “İnsanlıq” gətirərsən...”

– Aqşin, düşəndə mənə siqaret verərsən, məndə qurtarıb.

– Yenə işə gecikdim...

Bu adam niyə susur? Bir də dedim: “Bu adam niyə susur?”
Və təsəvvür elədikcə yəqinlikdən həqiqəti yəqin etməyə qədər varıb bildim – Adam deyil. Pisi də özüdür, yaxşısı da. Somalinin kibrit körpəsi də özüdür. Dırnaq arasında qeyd etdiyi  “İnsanlığ”ın özü olduğunu bilir. Yaradıcı insan gərək hamı, hər şey ola. Hamı və hər şeydir Aqşin Evrən.



Z


Varlığın sirlərini dərk etməyin ən mühüm yolu yaradıcılıq deyilən fövqəladə bir anlayışın fəhm edilməsindən keçir.


Yaradıcılıq... Bu elə ağrılı, dəhşətli prosesdir ki, bu məqamda, xüsusən də yaradıcılığın ən yüksək halında yaradan itirdiyi enerjinin təsirindən məhv ola bilər. Bu həm cismani mümkündür, həm də qeyri-cismani. Aqşin nə cismani məhvə məhkumdur, nə də qeyri cismani. Aqşində şəxsiyyətin parçalanması xəstəliyi yoxdur. Yaradıcılıq elə bir bütövdür ki, o yalnız şüurda hissələrə bölünür. Kimisi rəssam, kimisi aktyor, kimisi də şair olur. Ancaq Aqşin bu bölünmənin alıb-verdiklərindən əziyyət çəkməyəcək. O, yaradıcılığın bütövlüyünü və böyüklüyünü dərk edir. Yəni “Mən yaxşı şairəm”, “Məndən yoxdur”, “Məndən yaxşı yazan ola bilməz” kimi primitiv düşüncələrə qapılaraq itirdiyi enerjinin təsirindən məhv olmayacaq. Bu təkcə onun təvazökarlığı deyil, bünövrəsində var.

     “Oğullar üçün yol hərəkəti qaydalarıdı ataların alın qırışları”


      “Ən axırıncı adama kimi hər şey gedəcək bu boz qalaktikadan
      Əvvəlcə zərrəciklər, molekullar, atomlar gedəcək
      Elə həmin an Atomlar gələcək
...   Sonra yeni Adəm  “Böyük partlayış”dan danışacaq
      Yapışıb Tanrının təsbehindən bir qabırğa üstündə onunla qırışacaq
...   Axı nə deməkdi e? Axı nədir bu?”

Dostum, inkar hər cür dərketmənin kökündə duran ən müdhiş yoldur. Sən bu misralarla “Son”u inkar edirsən. Ancaq bu misralarda bədii yalanının kökünə həqiqəti elə gözəl simsar etmisən ki, “afərin!” – deməyə belə dilim gəlmir. Bəlkə də, nə vaxtsa bu misralar tamam başqa formada zühur edəcək. Marks inkar məntiqinin, inkişafın dayağı olması ideyasını gözəl ifadə edib: “Öz əvvəlki mövcudluq formasını inkar etməyən inkişaf baş verə bilməz”. Bir dəfə səninlə danışanda anladım ki, sən mövcud inkişafını inkar etməyə başlamısan. Deməli, inkişaf var və olacaq.


Aqşinin bu misralarındakı sevgi isə əslində, Aqşinin özünü sevgiyə çevirib. Dərin, vəcd halına gələnə qədər, içsəl yolçuluğa çıxmış bir insan çevrilməyə uğrayaraq, sevgisini bax belə izhar edir. Özü, sevginin özü olur. Mənə görə bu iki bəndin kökü, elə bu misradır. – “Üşüyür sevgimin cənnət ayağı”

“Bir ağ qoca gördüm elə bu axşam,
Düzmüşdü İsanın önünə ağ şam.
Dedim ki, “əmican, nə autodafe?
İsa heç çarmıxa çəkilməmişdi,
Hər iki qolunu yana açmışdı
Böyük bəşəriyyəti qucaqlamaqçün”.
Nə böyük səbəbmiş bu ağlamaqçün?

Dedim ki, “sən Allah, tərslikdən əl çək,
Ver bu ağ şamları aparım evə.
Üşüyür sevgimin cənnət ayağı,
Bizim oralarda axşam tapılmır,
Ver bu axşamları aparım evə...”


A. Enşteyn, görəsən, nə üçün F. Dostoyevskini böyük ehtirasla sevir və “Dostoyevski mənə hər kəsdən, hətta Fausdan da çox şey verir” deyirdi?
Dostoyevski, insan üzərində qəddarcasına təcrübə aparmaq metodunu tapmışdı. Deyilənə görə, bu təcrübə “Raskolnikov” adlanan laboratoriyada gerçəkləşdirilmişdir. Enşteyn də Dostoyevski sayaq düşünürdü... Mən həngamə açmaq fikrində deyiləm. Ancaq deməliyəm ki, Aqşinin bəzi şeirlərində insanın hisslərinə qəddarcasına işgəncə verən misralar var.

“Deyirlər, Günəş doğacaq...
Hamı qəribə bir təlaşda,
hamı palata önündə gözləmədə
Həkimin son sözü bəllidir:
“Rüşeym tələf oldu”

Və başqa bir şeirindən oxucunun hisslərini iri bir tikə kimi gözlərinə təpən misralar.

“Üç keçi” nağılı “üçbaşlı əjdaha”ya çevrildi ailəmiz dağılanda
Gecə məni “Bayu-bayu” ilə yatırıb
səhər anamın yoxluğu ilə oyatdılar
Anasının narıncı koftasını iyləyib yatan bu uşağı
birdən “narıncı inqilablar”ın qucağına atdılar.

Qapının ağzında ayaqqabının biri azaldı
Atam “əcəb evimiz genişləndi e” deyib təsəlli doldurdu cibimizə
Anam evdən getdiyi gün bizi atıb çölə çıxdı ev,
həsrət qaldıq evimizə”


Bu adam niyə susur?

Aqşinin şeirləri, oxucunun hisslərini çək-çevir edib səpələnməyə məruz qoyur. Bu, məncə, İlahi dağılmadır. Beləliklə, oxucunun hissləri səpələnərək, yenə bir araya gəlir və kainatda əsas hərəkət növü olan əyrixətli (Z) hərəkətlə şeirin digər misraları şüurun süzgəcindən keçir. Yox, Aqşinin şeirlərindəki dağılma heç də düşünülmüş deyil. Ona necə gəlirsə, elədir. Bəlkə, bu səbəbdən onun şeirləri bu qədər maraq doğurur... (?) Özümü və sözümü inkaretmə qoçağıyam. Məncə, səbəb bu deyil. Aqşinin şeirlərindən ruhunun, bütövün səslənişi eşidilir və bu Tanrının səsidir, varlığın səsidir. Hansı ad verirsiniz verin, bunun həqiqətdə heç bir fərqi yoxdur. Çünki həqiqət sözlə, adla ifadə edilməz bir məhfumdur. Bir az bu məsələyə daha içdən yanaşmaq istərdim.  Quranda deyilir, “Biz onun (Məhəmmədin) köksünü genişləndirdik.” Elə Hz. İsa da, “Qəlblərinizi Allaha açın” dedikdə, bunu nəzərdə tutmurmu? Bəli, hər yerdə, Aqşin harda olmasından asılı olmayaraq qəlbində poetik səsləri eşidir (O qəlb sahəsi ki, insanın köksündə yerləşir və buna yoqada qəlb çakrası deyirlər) və bu səs onun daxilindən özlüyündən gələn ilhamdır. Bəlkə də, buna görə susur Aqşin? Qəlbi ilə danışdığı üçün?

Və mən ona baxıb yenə düşünürəm, – Bu adam niyə susur?

Hər ikimiz də yerimizdən qalxıb, sürücüyə yaxınlaşırıq. Mən tez özümü qabağa verib pulu sürücüyə uzadıram.

“Elə uşaqlıqdan pula altdan-yuxarı baxmağı öyrəndik,
Yaratdığı bəndəyə baxıb iyrənən Allah kimi
biz də öldürdüyümüz qarışqalara baxıb iyrəndik”

Mən Aqşinin bu misralarını gülümsəyə-gülümsəyə yavaşca deyirəm. Aqşin də şeirinin davamını mənim kimi yavaşca səsləndirir.

“Yadıma gəlir,
tank lüləsinə ağ bayraq bağlayan uşaqlar idik...
Onda əlimiz çatmırdı 94-ün divardakı təqviminə
Elə o vaxtdan başa düşdük hər şeyin əlçatmaz olduğunu
Elə o vaxtdan başa düşdük ki, uşaqlığımızın güllələnmə əmri çoxdan verilib”.

Qapı açılır, biz 12 nömrəli marşrutdan düşürük.

– Sağ ol Aqşin, görüşərik.

Aqşinsə susur. Çox güman ki, danışır.


Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.