Bakıda türkmən şairinin “Divan”ı nəşr olunacaq
06.01.15
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu böyük türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Məxdumqulu Fəraqinin “Divan”ını nəşr ediləcək.
İnstitutun mətbuat xidmətindən bildirilib ki, nəşr ediləcək “Divan” transliterasiya və dilimizə tərcümə edilərək nəşrə hazırlanıb və təxminən 600 səhifədən ibarət olacaq. Kitabda Məxdumqulunun indiyə qədər çap olunmayan bir çox şeirləri də yer alacaq.
Kitaba İnstitutun direktor müavini Paşa Kərimov, İsmixan Osmanlı və AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Ön söz” yazıblar.
Nəşrin redaktoru akademik İsa Həbibbəylidir.
Qeyd edək ki, 1733-cü ildə anadan olan Məxdumqulu “Fəraqi” təxəllüsü ilə şeirlər yazıb. Onun yaradıcılığı türkmən ədəbiyyatının mühüm bir dövrünü əhatə edir. Məxdumqulunun yaradıcılığı Azərbaycan şairləri Molla Pənah Vaqifə və Molla Vəli Vidadi yaradıcılığına da ciddi təsir göstərib. /AzərTAc/
|