Cavanşir Feyziyev - Milli musiqi mədəniyyətimizin elçiləri
05.01.15

Böyük Dəhnə  böyük bir kənddir. Yüz illər boyunca burada yaşayıb yaradan, artıb-çoxalan və bir-birini əvəzləyən nəsillərin öz torpağına, öz ailəsinə və nəsil köklərinə bağlı olması onların kəndin hüdudlarından kənarlara çıxmasına, daha geniş cəmiyyətin fəal üzvlərinə çevrilməsinə heç zaman mane olmayıb. İndi Dəhnədə doğulub boya-başa çatmış insanların nəinki Azərbaycanın müxtəlif bölgələrində, hətta dünyanın bir çox ölkələrində yaşaması və çalışması da heç kimi təəccübləndirmir. Və bəlkə də artıq elə bir ailə yoxdur ki, onun  digər bölgələrdə və ya bəzi xarici  ölkələrdə yaşayan üzvləri olmasın. Bununla yanaşı, onların Dəhnəyə bağlılığı, orada yaşayan ailə üzvlərinə və həmyerlilərinə istiqanlılığı da heç zaman azalmayıb. Bunun da səbəbi var. Bu kənddən çıxanlar bu toplumun sağlam ənənələr üzərində yetişdirdiyi mədəniyyətin daşıyıcıları kimi öz elinə, öz yaxınlarına sədaqətli olmağı, öz yurdunu və elini sevməyi, dədə-baba yurduna etibarlı olmağı öyrəniblər. Bu sevgini, bu etibarı onlara aşılayan, təlqin edən onların əsl-nəcabətindən gələn yurd sevgisidir, əvvəlki nəsillərdən əxz etdikləri ailə ənənələridir.
Böyük Dəhnə özü bir yaşayış məntəqəsi kimi sakinləri ilə bir-birindən azacıq fərqlənən məhəllələrdən ibarətdir. Hər məhəllənin  heç bir sənəddə yazılmamış öz adı var və bu ad bir çox hallarda kökləri keçən əsrlərdə yaşamış bir ailəyə gedib çıxan bir nəslin soyadı ilə bağlıdır. Və ən maraqlısı da budur ki, şəcərə davamçıları təkcə öz əcdadlarının və ulu babalarının soyadlarını deyil, həm də onların həyat tərzini, fəaliyyət sahələrini, sənətkarlıq və  yaradıcılıq ənənələrini davam etdirməyə üstünlük verirlər.
Özünəməxsus özəllikləri ilə seçilən belə məhəllələrdən biri də Zakir kişinin yaşadığı Salahlılar məhəlləsidir. Təkcə Dəhnədə yox, bölgədə və ölkədə adı böyük ehtiramla çəkilən Zakir kişi və onun nəsil davamçılarının timsalında bu daha aydın görünür.
Hələ 70-ci illərdə SSRİ mədəniyyət Nazirliyinin rəhbərliyi altında Şəki Xan Sarayının bərpası üçün diqqətlə seçilmiş bərpaçılardan biri də elə Zakir kişi olmuşdu. 200 yaşlı unikal bir abidənin bərpa işlərini icra edən adam isə sadə bir bərpaçı deyil, bu sənəti, bu nadir memarlıq abidəsini sevən və onun sirrlərinə yaxşı bələd olan mahir bir sənətkar ola  bilərdi. Zakir kişinin bu məharəti onu dülgərlik səviyyəsindən xalqın və hətta dövlətin də qəbul etdiyi sənətkar səviyyəsinə yüksəltmişdi. Amma Zakir kişinin istedadı bununla da məhdudlaşmırdı. O təkcə tətbiqi sənətin və tarixi memarlığın sənətkarı deyildi.  Yüzlərlə, minlərlə Dəhnəlinin qəlbində Zakir kişi özünə daha çox musiqi sənətkarı kimi yer tutub. Bir zamanlar heç bir xüsusi dəvət olmadan bütün sakinlərin üzünə açıq olan kənd həyətlərində, səhərdən başlayıb getdikcə şiddətlənən nağara-zurna səsi istisnasız olaraq bütün kənd əhlini  “dədə - baba” toylarımıza çağırardı. Bir neçə gün davam edəcək toyların əsas qəhrəmanları isə tarixin dərinliklərindən süzülüb gələn bu möhtəşəm musiqini böyük həvəslə səsləndirən kənd musiqiçiləri idi. Zakir kişi bu musiqiçilər dəstəsinin heç vaxt dəyişməyən, öz işini böyük zövqlə  görən və həmyerliləri tərəfindən sevilən daimi üzvü idi. Kənd əhlinin həvəslə və xüsusi bir şövqlə rəqs etdikləri zurna havaları - Tərəkəmə, Uzundərə, Şəki Yallısı toyların ən möhtəşəm musiqi nömrələri  hesab olunurdu. Toya tamaşa edənlərin ən böyük əyləncəsi isə hər dəyişən musiqiyə uyğun olaraq  zurnaçıların və nağarçıların  üzlərində an-ba-an dəyişən mimikalarını izləmək idi. Belə anlarda Zakir kişinin sanki musiqinin onun içindən süzülüb gəldiyini göstərən üz cizgiləri və əl hərəkətlərii onun musiqiyə böyük sevgisini, ifa edirkən sanki xəyallarında ulu babalarına qovuşmasını ifadə edirdi. Bu səhnəyə tamaşa edənlər musiqiyə müqəddəs sevginin təzahürünü məmnuniyyətlə seyr edirdilər. Zakir kişinin musiqi sevgisi sözün əsl mənasında müqəddəs bir sevgi oldu. On uşaqlı böyük bir ailənin hər bir üzvünə sirayət etmiş bu sevgi onların da qəlbində, həyatında özünə yer tapdı və bu gün onlar da Zakir kişinin bu müqəddəs duyğularını yaşamaqda və bu böyük sənəti yaşatmaqdadırlar. Rəhimə, Gültəkin, Gülyaz, Gülyanaq hələ məktəb illərində məktəb bədii özfəaliyyət kollektivinin daimi üzvləri idilər. İstər məktəbdə, istərsə də kənd klubunda düzənlənən konsertlərdə bu qızcığazlar artıq az qala böyük sənətkarlar kimi qarşılanırdı. Bu uğurlar onların adını Şəkidə də tanıtmışdı. Şəhər mədəniyyət şöbəsi özünün təşkil etdiyi ən mötəbər konsertlərdə Məmmədova bacılarının çıxış etməsini istəyər və onları tez-tez Şəkiyə dəvət edərdilər. Ona görə də bir gün ölkənin ən böyük salonunda – bu gün Heydər Əliyevin adını daşıyan möhtəşəm Sarayda Məmmədovların ailə ansamblı çıxış edəndə bu Dəhnədə heç kimi təəccübləndirmədi. Əksinə, hələ hamının evində televizorun olmadığı bir zamanda Dəhnəlilər bu koncerti izləmək üçün bir-birinin evlərinə toplaşar, konsertə tamaşa edər və öz həmyerliləri ilə ürəkdən öyünərdilər. Kənd yollarında Zakir kişi və  Sevdayə xala ilə rastlaşan hər bir şəxs qızların istedadına heyran olduqlarını bildirər, onlara daha böyük uğurlar arzulayardılar.
Bütün bunlardan sonra Zakir kişinin qızlarının – Rəhimə, Gülyaz və Gülyanağın bir-birinin ardınca Asəf Zeynallı adına musiqi məktəbinə və hamısının da məhz muğam şöbəsinə daxil olması gözlənilən bir hal idi. Özləri bir-birindən nə qədər fərqli olsalar da, hamısının eyni məktəbdə eyni ixtisası seçməsi də təsadüfi deyildi. Kifayət qədər ciddi baxışlı, səssiz-səmirsiz Rəhimə, olduqca şıltaq, amma dərin düşüncəli və zarafatcıl Gülyaz, ərköyün və səs-küylü Gülyanaq bacılarını bir amala doğru istiqamətləndirən, onları məhz musiqi sənətkarlığına sövq edən çox güman ki, atalarının klassik xalq musiqisini onlara sevdirə bilməsinin nəticəsi idi. Sonradan Rəhimə ailə həyatı qurması ilə əlaqədar bu yolu davam etdirməsə də, Gülyaz və Gülyanaq bacıları bu sənətə ömürlük bağlanmağı, bu sənəti həyatlarının mənasına çevirməyi bacardılar. Hamının arzuladığı və gözlədiyi kimi, uğurlar özünü çox gözlətmədi. Məmmədova bacıları tezliklə təkcə Dəhnəlilərin və Şəkililərin deyil, bütün ölkənin heyranlıqla izlədiyi böyük sənətkarlar kimi tanındılar.  Böyük fədakarlıqla xalq musiqisinin bütün incəliklərini öyrənən bacılar az sonra bu qədim xalq sənətinin ecazkar gözəlliklərini ölkənin ən böyük səhnələrindən bütün xalqa təqdim etməyə başladılar. Hələ məktəbdə oxuyarkən digər şagirdlərdən seçildikləri kimi, xanəndə kimi də öz həmkarlarından fərqləndilər. İllər öncə,  bir ailənin “Əhsən” mükafatını, daha sonra bir kəndin “Afərin” alqışlarını qazanmış bacılar artıq bütün xalqın ürəyini fəth etdilər.  Bu böyük el məhəbbətini onlara qazandıran isə bacıların sadəliyi, əməksevərliyi, sənət yollarında qarşılarına çıxan əzab-əziyyətlərə fədakarlıqla qatlaşmağı və nəhayət, sevib-seçdikləri sənətin mahir ustadları səviyyəsinə yüksəlmələri oldu. Sənətə aludə olanlar da, bu sənəti seçib yüksək peşəkarlığa nail olmağa can atanlar da bunun nə qədər çətin olduğunu yaxşı bilirlər. Gülyaz və Gülyanaq bacılarını şəxsən tanıyanlar, onların həyat yoluna yaxından bələd olanlar öz heyranlıqlarını gizlədə bilmirlər. Ölkəmizin hər bir guşəsində onları böyük məhəbbətlə  sadəcə “bacılar”  adlandırırlar. Xalq tərəfindən onlara verilmiş bu “titul” öz-özlüyündə dərin bir məna daşıyır. Milyonlarla insanın ”bacıları” olmaq səadəti, milyonlarla insan tərəfindən bacı kimi sevilmək şərəfi heç də hamıya nəsib olan bir şöhrət deyil.  Belə böyük xalq məhəbbətinin örnəyini Gülyaz və Gülyanaqdan başqa hələlik heç bir sənətçinin taleyində izləyə bilmirik.
Onlar öz inadından dönmədilər, hələ uşaqlıq dövründən könüllərinə hakim kəsilmiş sənət sevgisinə sadiq qaldılar. Etiraz və qadağalara məhəl qoymadılar, qarşılarında duran çətinliklərdən qorxmadılar, dönmədən öz məqsədlərinə doğru can atdılar və nəhayət, milyonların  ehtiramını və sevgisini qazandılar. Təmənnasız ümumxalq məhəbbəti çox çətin sınaqlardan keçməklə qazanılır. Bacılar üçün bu sınaqlar artıq keçilmiş yoldur. Bu yolu onlar məharətlə, ləyaqətlə və böyük uğurlarla keçiblər. Gülyaz özünün iyirmi ildən artıq səhnə həyatında yorulmadan çalışıb. Dahi Üzeyir bəyin Leylisini, “Arsın mal alan”nında Tellini, Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operasında Şahsənəmi, unudulmaz Şəfiqə Axundovanın “Gəlin qayası”nda Gülbaharı, Ramiz Mustafayevin “Vaqif”, Üzeyir Hacıbəylinin “Koroğlu”, Vasif Adıgözəlovun “Natavan” operalarında  və eləcə də “Rast” baletində Xanəndə qız obrazlarını böyük uğurla  yaradıb, öz qəhrəmanlarının obrazını səhnədə öz həyatı kimi yaşayıb.  20 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olan bacıların onlarla tələbələri də artıq musiqi ictimaiyyətinin və xalqın rəğbətini qazanmışlar. Azərbaycanın bütün bölgələrindəki ən ucqar kəndlərdən tutmuş ölkənin ən möhtəşəm saraylarına qədər bütün səhnələri öz istedadları ilə fəth etmiş Gülyaz və Gülyanaq bacıları milli musiqimizin ən gözəl nümunələrini dünya paytaxtlarında – London, Nyu-York, Paris, Frankfurt, Hanover, Berlin, Vena, Strasburq, Stokholm, Oslo səhnələrində məharətlə səsləndiriblər. Vilnus, Kiev, Minsk, Kişinyov, İstanbul, Ankara, Daşkənt, Almaatı, Aşqabad, Tbilisi şəhərləri Məmmədova bacılarını ayaq üstə alqışlayıblar. Gülyaz və Gülyanaq bacılarının Moskva, Sankt Peterburq, Ekaterinburq, Sıktıvkar şəhərlərində dəfələrlə baş tutan konsertləri  hər dəfə anşlaqla müşaiyət olunub. Buenos-Ayres, Braziliya kimi ölkəmizdən çox-çox uzaqlarda yerləşən şəhərlərin musiqisevərləri Gülyaz və Gülyanaq bacılarının istedadına heyran qaldıqlarını məmnuniyyətlə söyləyiblər. Dünyanın dörd bir tərəfində  milli mənsubiyyətindən asılı olmayaraq bütün tamaşaçıların qəlblərini riqqətə gətirən ecazkar muğam incilərimizi sevə-sevə təqdim edən Məmmədova bacıları sözün əsl mənasında  Azərbaycanın musiqi mənəniyyətinin elçiləridir. Daşıdıqları bu böyük və şərəfli missiyanı milli musiqimizə məhəbbətlə və ləyaqətlə həyata keçirən Gülyaz və Gülyanaq bacıları hələ uzun illər tamaşaçıları heyrətləndirməyi, bu məhəbbəti gənc nəslə - öz tələbələrinə aşılamağı yorulmadan davam etdirəcəklər. Bacıların bu nəcib işə sərf etdikləri gərgin əmək onların milli mədəniyyətimizə verdiyi əvəzsiz töhfə olmaqla yanaşı, həm də onların həyat tərzi, həyat amalıdır. Əminəm ki, bu yolda onları hələ çox uğurlar gözləyir.  Bu günlərdə isə ölkə Prezidentinin Fərmanı ilə Gülyaz və Gülyanaq Məmmədova bacılarına Azərbaycan Respublikasının xalq artisti fəxri adı verildi. Bütün xalqın sevimli bacılarına -  musiqi mədəniyyətimizin tədrisi və təbliği yolunda fədakarlıqla çalışan Azərbaycan Respublikasının xalq artistləri Gülyaza və Gülyanağa ən möhtəşəm sənət uğurları və səadət arzuları ilə,

Cavanşir Feyziyev
Fəlsəfə doktoru, millət vəkili


 
 

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.