Həmid Herisçi Anarın yeni povestindən yazdı
26.12.14

Avanqard.net Həmid Herisçinin Anarın "Göz muncuğu" povesti haqqında yazdığı "Anarın altıncı mərtəbəsi" məqaləsini təqdim edir.

Nizami “Xəmsə”sinin 6-cı - gözəgörünməz qatı, gizli dastanı məni həmişə özünə cəlb edib. Bir gün həmin bu 6-cı dastanı elə “Xəmsə”nin öz içində aşkarlayacağıma indidən qəti əminəm.

***

Yazıçı Anarın “beşmərtəbəli” dünyasında da oxşar 6-cı mərtəbə həmişə mövcud olub. Tənqidçilər vaxtiylə uzaqgörənlik nümayiş etdirərək yazarın bu “6-cı mərtəbə”sinə “xəfif mistisizm” adı vermişdilər. Qısası, Anar nəsrinin “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Macal”, “ Əlaqə”, “Qırmızı limuzin”, ”Vahimə” kimi nümunələri həmişə öz bətnində mistik bir qəhrəmana hamilə olub. Bu qəhrəman, nəhayət ki, ədəbiyyatımıza gəldi. Anarın xəfif mistisizmi dönüb oldu tam mistika. Söhbət yazıçının “Azərbaycan” jurnalının 2014-cü il, 11-ci sayında çapdan çıxmış çox maraqlı “Göz muncuğu” povestindən gedir.
Bəs bu mistik qəhrəman kimdir? Povestin adı qəhrəmanın gözlə bağlı olduğunu aşkarlayır. Əsərin oxunuşu isə qəhrəmanın neqativ xarakterini üzə çıxarır. O bədnəzərdir. Fenomenal qabiliyyət - bəsirət gözünün açılması onda öz iradəsindən asılı olmadan xeyrə yox, şərə xidmət edir, başqa sözlə desək, təpəgözlük kimi təzahür edir.
Hə, bax elə burdaca ortaya alihəzrət mistika, sirli numerologiya sanki özü daxil olur. Bəlli olur ki, düz iki yüz il öncə 1814-cü il tarixində alman alimi Hans fon Dits, Təpəgöz dastanını almancaya çevirərək onu ilk dəfə nəşr edib. Gəlin, bunu Təpəgözün təxminən minillik qış yuxusundan sonra dünyaya dönüşü bilək. Onun bir başqa, fərqli qayıdışı, "tərcümə"si isə məhz indi baş verib - Anarın təzəcə çapdan çıxmış “Göz muncuğu” povestində.
Xahiş edirəm, dediklərimə təəccüblənməyəsiz. Bir var yazarın yazdığı, uydurduğu mistik süjet, yaxud mövzu. Əsərdə, təbii ki, bu da mövcudddur. Bir də var yazarın iradəsindən asılı olmadan bədii mətnin doğuluşunun arxasında gizlənən, real zaman faktıyla bağlı mistika. Əsl mistik süjetli əsərlər, görünür bu möcüzəyə həmişə məhkumdurlar. Dits iki yüz il öncə "Təpəgöz"ü almancaya çevirib. Beləliklə, "Dədə Qorqud" dastanı dünyaya "göz" açıb. Anar isə yeni dövrün yeni təfəkkür kodlarına uyğunlaşdırıb bu qədim əfsanəni.
Bu dəfəki Təpəgözə Anar öz povestində Əhliman adını verərək onu Əhriman rəmzi ilə işarələyir:
“Əhlimanın məktəbdə ayamasını da elə Nəsib qoymuşdu - Əhriman. Hardasa oxuyubmuş ki, Əhriman Şər tanrıısıdır. Hətta müəllimlərin bəziləri də Nəsibə xoş gəlməkdən ötrü Əhlimana irişə-irişə Əhriman deyirdilər”.
Ancaq bu zarafat cavabsız qalmır. Əhlimanın sinif yoldaşı, əslində, sinfi düşməni həmin Nəsib, bu yeni Təpəgözün elə ilk qurbanı da olur. Əhlimanın “gözü” bir gün Nəsibi qətlə yetirir. Şər tanrısı Əhliman-Əhriman, öz gələcək qurbanlarının uzun siyahısını bax bu çox maraqlı epizodda açır:
“Darvazanın qapısında Nəsibgilin maşını dayanmışdı.
Bir azdan xəz yaxalığı olan qalın, isti paltoda Nəsib göründü, şofer əlindən tutmuşdu. Əhliman kənara çəkildi ki, Nəsib onu görməsin. Baxışları toqquşsaydı, Nəsib onu istehzayla süzəcəkdi, bəlkə, bir hoqqa da çıxaracaqdı.
Əhliman par-par parıldayan qara maşına baxırdı. Nəsibin qara xəz yaxalıqlı paltosuna, qulaqlı papağına baxdıqca, elə bil öz yuxa geyimi içində bir az da üşüyürdü. Bir an bu xəzli paltonun, qulaqlı papağın, meşin əlcəklərin, yun şalvarın istisini təsəvvür etdi və daha da üşüdü.
Nəsib saymazyana ətrafa göz gəzdirib - yəni görürsüz də məni - şoferin açdığı qapıdan maşına oturdu.
Maşın yerindən tərpəndi. Əhliman maşının ardınca yaş asfaltda qırmızı lent kimi sürünən arxa faraların işığına baxırdı.
Qəflətən böyük sürətlə tindən burulan alabaş qara maşını qabağına qatıb xeyli sürüdü, divara çırpdı. Bir-birinə dəyən metalın tükürpədici xırçıltısı eşidildi. Qara maşın xıncım-xıncım olmuş, qarmon kimi sıxılmışdı.
Küçədəkilər yüyürüb birtəhər maşının pərçim olmuş dal qapısını açdılar, üzü-gözü qan hörrəsindən tanınmaz olmuş Nəsibin cəsədini çıxardılar”.
Əhlimanın atası, daim sərxoş olan montyor Əsəd də oğlunun bu gözünə bir gün xüsusi fikir verir. Əhlimanın yediyi qayqanağı icazəsiz qarşısına çəkərkən əlləri əsir:
“Əlini duza uzadanda boşqaba dəydi, boşqab yerə düşüb çilik-çilik oldu, qayqanaq yerə dağıldı.
Əsəd indi də oğluna yağlı bir qapaz vurdu:
- Nə pis gözün var, itin balası, tez ol itil gözümdən.
Müəllif əsərin bu təsirli epizodunda hər iki “göz” sözünün altından təsadüfən xətt çəkməyib. Həmin bu rəmzlər Əhlimanın şər oxşarına - Təpəgözə şərti işarədir. Yazıçı sanki hər cümlədə demək istəyir ki, ayılın, bəs, Təpəgöz yenidən dünyaya gəlib. Və yenə orda-burda öz qurbanlarının sayını artırmaqdadır. Sinif yoldaşı Nəsib, heç, bu Əhlimanın, Əhrimanın ilk qurbanıdır. Böyüyüb boya-başa çatdıqdan sonra bu qara siyahıya onun qadın sevgililəri də daxil olur:
“ Qəribə o idi ki, Əhlimanla əlaqədə olan bu qadınların hərəsi bir bəlaya düçar olurdu. Ərli bir qadın Əhlimanla on gün yaşayandan sonra qəza nəticəsində beş yaşında uşağını itirdi... Başqa bir qadın Əhlimanla ən uzun - yarımaylıq yaxınlıqdan sonra xərçəng xəstəliyinə tutuldu, iki ayın ərzində əriyib getdi. Üçüncü qadın mühasib işləyirdi, dələduzluq üstündə 5 il həbs cəzasına məhkum edildi”.
Qeyd edim ki, paranormal elmlərdə belə mistik qatillərə killer deyil, KİLHANTER deyirlər. Dövlət təhlükəsizlik qurumları dünyanın hər yerində belələrini axtarıb nəzarətə götürər, istedadlarından öz maraqları dairəsində istifadə edərlər.
Anarin yeni qəhrəmanı Əhliman, Elmlər Akademiyasına okkultizm mövzusunda xüsusi araşdırmasını təqdim edir:
“Bəlkə də ilk dəfə Elmi Şurada məruzədən sonra uzun zaman susmayan qurultulu alqışlar qopdu. Qocaman alim Qafarzadə çıxışında:
- Çox dəyərli tədqiqatdır, - dedi, - ilk dəfə okkultizmə belə ciddi münasibət sərgilənir. Sovet dönəmi olsaydı, bunu idealizm, xurafat kimi damğalayardılar. Amma indi, şükür ki, hər məsələyə elmi cəhətdən yanaşır, ayıq gözlə baxa bilirik.
Hamı bir-bir yanaşıb əlini sıxır, təbrik edirdi, daha məhrəm olanlar ziyafətin ünvanını soruşurdu.
Səsvermə gizli idi və yarım saatdan sonra sayıcı nəticəni elan etdi: 8 nəfər Elmi Şura üzvündən səkkizi də əleyhinə səs vermişdi!
Hamıdan çox tərif deyən qocaman alim Qafarzadə də pozmuşdu onu, bir vaxt sevdiyi Rübabə də...Şuraya saldığı Rübabə də!”...
Əhlimanın qatil istedadı burda da dinc dayanmır. Şura üzvlərini bir-bir sıradan çıxarır:
“ Məşum toplantıdan sonra keçən altı ay ərzindəsə Şuranın, demək olar ki, bütün üzvləri, bəziləri bir həftə içində zay oldular. Kimi infarkt oldu, kimi iflic olub komaya düşdü, kiminin dili tutuldu (yalnız əl hərəkətləriylə nəyisə izah etməyə çalışırdı, amma nə dediyini anlamaq olmurdu), kiminin arvadı qısqanclıq üstündə özünü nöyüt töküb yandırdı, kimisə çimərkən dəm qazından boğulub öldü... Rübabə dul qalmış qonşularına ərə getdi, hansısa xarici ölkəyə köçdülər, öldüsünü-qaldısını bilən olmadı”.
Anarın qəhrəmanında DİXOTOMİYA, yəni daxili ikiləşmə var. Naxçıvana gedib orda Diri baba adlı bir sirli şəxslə görüşərkən həmin adamın ona Əhliman-Əhriman adıyla deyil, Hörmüz adıyla müraciət etməsini gəlin bir kor təsadüf saymayaq. Qəhrəmanın bu müsbət tərəfi yaxşı əməllərin sahibidir. Hərdən, çox nadir hallarda o, daxilindəki Əhlimanı, Təpəgözü dəf edib, müsbət əməllərə əl atır:
“Bəzi uğurlar da qazandım. Bir neçə qəzanın qarşısını aldım, bir neçə insanı yaman gözün bəlasından xilas edə bildim. Mənə elə gəlirdi ki, ilkin səbəbi - nifrət, hikkə, kin, paxıllıq, həsəd kimi müzür insani keyfiyyətləri özündə toplayan yaman gözdən qorunmağın çarəsini tapmağa bircə addım qalır. İstifadə etdiyim üsullardan yazıb pis gözlü adamları duyuq salmaq istəmirəm. Uğuruma bircə addım qalırdı, bir son addım”...
Lakin, bu səy yarımçıq qalır. Hörmüzün Əhliman üzərində, yəni qəhrəmanın öz üzərində qələbəsinə dövlət təhlükəsizlik qurumları qəfil (?) mane olurlar. Birdən Əhlimanın telefonuna yad bir ünvandan SMS gəlir. Polkovnik Qasım Şeydayev Əhlimanı məxfi görüşə çağırır. Görüş zamanı Əhlimana bəlli olur ki, hələ uşaqlıq illərində gözüylə qətlə yetirdiyi Nəsib, sən demə, bu polkovnikin övladıymış. Qara paltarlarını hələ də çıxarmayan Nəsibin anası Əhlimana çay verərkən birdən fincan süfrəyə aşır. Əhliman matəmli ananın dilindən “qatil...bircə balamın qatili” kəlmələrini eşidib karıxır. Bəlli olur ki, Nəsibin havalanmış anası harda ayna gördümü, deyir bəs aynada balamı görürəm...
Bəlkə bu aynada dərdli ana oğlunun qatili cildində elə Əhlimanı da görür bu dəfə...
Atası isə görmür. Oğlunun qatilinə yeni qətl sifariş verir. Bəlli olur ki, elmi şuranın sədri Qafarzadə müasir Təpəgözün növbəti qurbanı olmalıdır. Səbəb isə...
Səbəb isə Qafarzadənin çekist atasından qalma sirli Təbriz xalçasıdır. Guya Qafarzadə bu xalçanın gizli kodlarında göstərilən axirət gününü tapıb. Bu isə artıq dövlət təhlükəsizliyinə kölgə salır. Və alimi aradan götürmək lazımdır. Burda sözü verək əsərin özünə:
“ – Bilirəm, sizinçün çətin olacaq, ancaq bir bəhanə tapıb Qafarzadəylə görüşün. Onu zərərləşdirin, iradəsini ram edin, fikirlərini, qərarlarını özünüzə tabe edin.Əsrlər boyu insanlara zülm, ölüm və iztirab gətirmiş o məşum xalça da məhv edilməlidir. İndi hər şey sizdən asılıdır, biz bu məsələnin ayrı çözümünü görmürük”...
Əsərin qəhrəmanı hər iki zabitdən ayrılarkən özündə bir başqa istedad da aşkarlayır. O, öz sifarişçilərinin gizli pıçıltısını eşitməyə qadir olduğunu da hiss edir:
“- Necə oldu, razılaşdı?
- Məncə, hə. İşin görsün, sonra özünü aradan qaldırmaq asandı.
Əhlimanın özü də çox uzaqda edilən söhbətləri belə aydın eşitməsinə mat qaldı. Bunu izah edə bilmirdi, amma düşünürdü ki, əgər biz telefon, radio vasitəsiylə ən uzaq məsafələrdən səsləri eşidə biliriksə, nədən insan qulağının da belə imkanı olmasın. Hər halda bəzi insanların belə qabiliyyəti ola bilər. Guman ki, mən özüm də elə nadir insanlardanam. Hər halda gözümün təsir gücünə inanan tək bir özüm deyiləm, bunu bilən və bundan istifadə etmək istəyənlər də varmış. Qoy, onlar öz oyunlarını oynasınlar, mən də öz oyunumu oynayacam. Görək, kim kimə kələk gələcək. Bu işdə məni cəlb edən məsələ başqadır. Məni arxadan bıçaqlayanların çoxusu cəzalarına çatdı, indi növbə Qafarzadənindi”.
Növbəti görüş Bakını 8-ci mikrorayonunda baş verir. Dövlət təhlükəsizlik idarəsinin zabitləri yenə də nərd ata-ata Əhlimanı söhbətə tuturlar. Əhlimandakı başqa okkult gücləri sadalayıb bir daha tapşırığı təkrarlayırlar. Sabahısı bütün qəzetlər, saytlar eyni xəbəri paylaşırlar:
“Dünən gecə məşhur alim Hüsü Zəlim oğlu Qafarzadənin mənzilində elektrik naqillərinin qovuşması nəticəsində yanğın törənmişdir. Yanğında mənzilin bütün avadanlığı, o cümlədən çox bahalı qədim xalça yanıb kül olmuşdur. Ciddi xəsarət almış alim hazırda reanimasiyadadır. Həkimlər onun yaşaması uğrunda əlləşirlər”.
Bu xəbərdən sonra, gecə saat dördün yarısında Əhlimanın telefonu səslənir. Tələsik geyinib aşağı düşən qatili, salonunda DTK zabiti oturmuş qırmızı limuzin gözləyir...
Burda mən barmağımı stop düyməsinə basardım. “Qırmızı limuzin” ifadəsi Anar üçün yad deyil. Yazıçının eyni adlı mistik hekayəsi oxucularına yaxşı tanışdır. Həmin tanış limuzinə minən qəhrəmanı harasa çox uzaqlara aparıb axırda yerə endirirlər, yaxud qətlə yetirirlər... nəsə bu, o qədər də vacib deyil... Sovet klubuna girən qəhrəman orda öz qurbanları, qohumları, valideynləriylə görüşür... Ölür? Yoxsamı dirilir? Hörmüzəmi çevrilir, yoxsamı Əhrimana? Bu da bilinmir... Bircə hadisə yadda qalır - divardakı göz muncuğunun sınıb dağılması.
Qeyd edim ki, bu povestində Anar ilk dəfə süjeti düz xətt üzrə inkişaf etdirmir. Povestdə süjet eynən həmin göz muncuğu kimi darmadağın edilib. Nəticədə əsərin süjeti düz xətli deyil, dairəvidir. Bu dairənin harda qapandığını tapmadan əsəri düzgün dərk etmək, sirlərinə agah olmaq qəti mümkün deyil. Əsəri dəfələrlə oxuduqdan sonra, nəhayət ki, bu sirli halqanı aşkarlaya bildim:
İndi deyim hardadı həmin sirli halqa?
Eşidin, deyirəm.
Əsərdə “qırmızı limuzin”dən başqa bir başqa mistik avtomaşın da mövcuddur. Povestin ilk səhifələrində biz onu bir dəfə görürük. Harda görürük? Əhlimanın ilk qurbanı olan Nəsibin ölüm səhnəsində. Nəsibi burda vuran ALABAŞ avtobusu. Yox.... o, birdəfəlik gözdən itmir. Biz bu alabaşla ikinci dəfə də rastlaşırıq.
Əhliman dəfn edildikdən sonra bu albinosun, sarışqanın sümüklərini qəbirdən çıxarıb satmaq istəyən goreşənlər qəfil görürlər ki, vaxsey, bəs ölünün necə deyərlər “qıdığı gəlir”... Ağ kəfən içində çabalayan meyit qəbirdən çıxmağa çalışır. Göreşənlərin ən təcrübəsizi - Fazil adlı gənc sürücü, qorxudan tez sıçrayıb maşınına tərəf qaçır. Ayağı büdrəsə də, yıxılsa da, özünü bir təhər ALABAŞ-a çatdırır. Motoru işə salıb qəbirstanlıqdan uzaqlaşır.
Elə həmin ALABAŞ-la da bir zamandan digərinə teleportasiya edir. Əhlimanın uşaqlığına gedib orda onun ilk qurbanı Nəsibi qətlə yetirir... Gəlin buna XRONOANOMALİYA adını verək. Bu cür anomaliya vaxtiylə əsərdə təsvir edilmiş Əshabi-Kəhv pirində də baş verib. 300 il yatmış” yeddi kimsənə” yuxudan ayılıb başqa zamana düşürlər. Onlar DİRİ-liblər... Diri babaya dönüblər... Əhlimansa dirilmir, sadəcə, qəbrindən xortlayır...
Əsərin dairəsi, süjeti məhz bu çox mənalı məqamda kip qapanır.
Ortaya kamil, gözəl bir mistik povest gəlir...
Qəbirdən xortlayan (dirilməyən!) Əhliman isə evinə gəldikdə görür ki, sevimli tələbəsi və assistenti yazı masasının üstündə bir xanımla sevişir. Və bu xanım da kim olsa yaxşıdır? Əhlimanın sevgilisi Rübabə...
Dairəvi süjet imkan verir ki, biz əsərə istənilən sonluq seçək. İstənilən yeri əsərin başlanğıcı, yaxud sonluğu elan edək.
Bu dairənin içində, hərə özüyçün uyğun sonluq, başlanğıc seçməyə, tam azaddır.

***
Məncə, Anarı tənqid etmək, yaxud tərif etmək qəti lazım deyil. Anar kifayət qədər tənqid də, tərif də görüb.
Anarı tədqiq etmək lazımdır.
Bunun bur nümunəsini biz verdik. Siz də qoşulun buna. /kaspi.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.