Ölüm ayağında olan ateistlə keşişin söhbəti - Markiz de Sad
26.12.14
TƏRCÜMƏÇİDƏN ZƏRURİ QEYD: Əziz oxucular, heç vaxt “Allah var, yoxsa yoxdur?” deyə özümə sual etməmişəm, çünki ONUN varlığına həmişə inanmışam. Düzü, son zamanlar ateizimlə bağlı çoxlu kitablar oxudum ki, görüm onlar Allaha hansı əsaslarla inanmırlar, göstərdikləri dəlillər nədən ibarətdir? Həqiqətən də, ateistlərin dəlilləri mənə çox bəsit göründü. Allahın hər an hiss etdiyimiz qüdrətindən insan necə xəbərsiz ola, onun varlığını necə inkar edə bilər? Bu əsəri isə ona görə dilimizə tərcümə etdim ki, burda keşişin şəhvətə aldanması, Allah yolundan sapması və mahiyyətcə ateistə bərabər olması üzə çıxır. Yəni Allaha bağlanmayan, İlahi sevgisi qəlbində yox, dilində olan insanların ateistdən ciddi mənada fərqləri yoxdur. Diləyim odur ki, dinindən asılı olmayaraq hər kəs Allahı həqiqətən sevsin, onun bizə göstərdiyi yoldan sapmasın və bütün dünyada bircə kədərli insan, ağlayan uşaq görməyək – hamı xoşbəxt olsun.
Səninçün cani, mənimçün adi
Keşiş: O müdhiş məqam gəlib çatdı! Yolunu azmış insan səhvlərinin və günahlarının rəsmini görsün deyə illüziyaların örtüyü açılacaq. Hə, indi deyin görək, ehtiraslarınıza və nəfsinizə boyun əyərək etdiyiniz günahlara görə peşmansınızmı? Ateist: Hə, peşmanam. Keşiş: Unutmayın ki, ölüm ayağındasınız, bağışlanaraq cənnətə qovuşmaq üçün ruha sakitlik gətirən iztirab anlarını, peşmançılıq hissini dəyərləndirin və unutmayın ki, yalnız bir keşiş vasitəçiliyilə elədiyiniz tövbə sizə əbədiyyətə gedən yolu nişan verə bilər. Ateist: Mən səni başa düşmürəm, sən də məni. Keşiş: Necə ki? Ateist: Dedim axı peşmanam. Keşiş: Eşitdim. Ateist: Amma mənasına varmadın. Keşiş: Onda izah elə. Ateist: Dediyim odur ki... Təbiət etibarı ilə qeyri-adi, arzulara bağlı bir insan kimi yaradılmışdım: bu dünyaya həmin arzular naminə yaşamaq və onları həyata keçirmək üçün gəlmişdim. Amma nəticə etibarı ilə belə yaradılmağımın səbəbi təbiətindən qaynaqlanır. Ya da belə deyək, bütün bunlar təbiətin insanlar üçün qoyduğu normalardır. Hər şey təbiətin qayda-qanunlarına tabedir, mən yalnız onun bütün imkanlarına bələd olmadığıma görə peşmanam. Bir də onun bəxş etdiyi insani keyfiyyətlərdən (səninçün cani, mənimçün adi) düzgün yararlanmadığım üçün vicdan əzabı çəkirəm. Sizin gic-gic prinsipləriniz ucbatından dünya nemətlərinə kor olub arzularımın üstündən çalın-çarpaz xətt çəkdim, halbuki həmin arzular mənə daha məhrəm bir ehtirasla gəlib çatmışdı, bax, buna görə təəssüflənirəm. Böyük bir meyvə bağı salmağa imkanım ola-ola, çiçək yığmaqla kifayətləndim. Mənim peşman olmağımın həqiqi səbəbləri bunlardır. Xahiş edirəm icazə verin, ardını sadalamayım.
De görək indi sən korsan, yoxsa mən?
Keşiş: Baş-ayaq qənaətləriniz, səfsətələriniz gör sizi nə günə salıb! Yaradanın gücünü yaradılanın adına yazırsınız, bu mənasız fikirlər sizi yolunuzdan azdırıb. Məgər görmürsünüzmü ki, bütün bunlar tərifini yerə-göyə sığdırmadığınız o korlanmış təbiətə görə baş verir? Ateist: Dostum, sənin məntiqin fikirlərin kimi səhvdir. Xahiş edirəm bir az daha tutarlı istinadlara söykən, ya da əl çək yaxamdan, qoy rahatca ölüm. Sən yaradıcı sözündən nə başa düşürsən, korlanmış təbiət deyəndə nəyi nəzərdə tutursan? Keşiş: Yaradan kainatın hakimidir, hər şeyi var edən odur, onun böyük qüdrəti hər şeyi qorumağa qadirdir. Ateist: Doğurdan da, o “böyük” imiş. Yaxşı, əgər o bu qədər güclüdürsə, onda sənin korlanmış adlandırdığın təbiəti niyə yaradıb? Keşiş: Allah bəndələri fəzilətli, azad iradəli yaradıb və bu dünyada əməlisaleh olmaq, naxələf işlərə qol qoymamaq cəhdləri olmasaydı, insanlar fəzilətli ola və ondan zövq ala bilərdilərmi? Ateist: Belə çıxır ki, sənin Allahın insanı sınamaq və aldatmaq üçün hər şeyi qatıb-qarışdırıb, deməli, o, insan xislətinə bələd deyilmiş. Görəsən, bunun nə ilə nəticələnəcəyi onda heç şübhə doğurmayıbmı? Keşiş: Təbii ki o nəticələri əvvəlcədən bilirdi, amma yenə də seçim şansını insanın öz ixtiyarına buraxdı. Ateist: Əgər Allah hər şeyi bilir və hər şey onun əlindədirsə, – çünki sən elə deyirsən, deyirsən ki, o hər şeyə qadirdir, – bəs görəsən, insanı ən yaxşını seçməyə sövq etməkdə onun məqsədi nə idi? Keşiş: Allahın insanlara dair nəhayətsiz və sonsuz hökümlərinə kim bələddi, kim bütün gördüklərini dərk edə bilər ki? Ateist: Ey hadisələri bəsitləşdirən, nəticələri bir az da anlaşılmaz hala salmaqçün hey özündən səbəblər uyduran dostum. Birinci fikrini izah edə bilmirsənsə, ikincini izah etmək üçün özünün dağa-daşa salmağa ehtiyac yoxdu. Əgər sənin Allaha aid etdiklərin təbiətin qüdrətiylə də başa gəlirsə, niyə hər şeyi idarə edən bir qüvvə axtarırsan? Sənin bütün bunları başa düşməməyinin səbəbi bəlkə də çox sadədir. Fizikanı öyrən, onda təbiəti daha yaxşı anlayacaqsan, beynini təmizlə, yersiz hökm verməkdən əl götür, bax, onda Allaha ehtiyacın qalmayacaq. Keşiş: Ay bədbəxt! Elə bilirdim sən xristian doktrinlərini rədd edən bir inkarçısan. Sənə bəzi mətləbləri sübut etməkçün faktlarım vardı, ancaq indi anlayıram ki, sən Allahı belə tanımırsan və qəlbin bizə hər gün bəxş olunan həqiqətlərə qarşı möhürlənib, sənə bu mövzuda heç bir söz deyə bilmərəm. Necə ki da kora işığı göstərmək olmaz. Ateist: Dostum, biri gözlərini parçayla bağlayır, digərisə həmin parçanı açıb tullayır – bu ikisindən hansı əsl kordur, indi özün qərar ver. Sən uydurursan, şişirdirsən, mənsə mifləri dağıdıram, sadələşdirirəm. Sən səhvlərinə yeni səhvlər əlavə edirsən, mənsə onların hər biri ilə mübarizə aparıram. De görək indi hansımız koruq?
Sizə din haqqında danışmağı məsləhət görmürəm
Keşiş: Onda, sən Allaha inanmırsan? Ateist: İnanmıram. Səbəbim də çox sadədir, insan dərk etmədiyi varlığa qətiyyən inana bilməz. Dərk etmək və inanmaq arasında görünməz bağlar var. Əgər dərk etmirsənsə inamın ölür. Əgər kimsə Allahı dərk etmədən kim inandığını dilə gətirirsə, deməli ağ yalan deyir. Məncə, sən də ağız dolusu danışdığın bu Allaha olan inamından əl çək, çünki onun varlığını mənə sübut edə bilməzsən, axı onu qəlbində mənə qəbul etdirəcək qədər dərk etməmisən. Mənə heç bir məntiqli fakt göstərə bilməzsən. Bircə onu bilirəm ki, insan zəkasının fövqündə olan hər şey ya saxtadır, ya da lazımsızdır. Sənin Allahın da bunlardan biridir, ya da başqa lazımsız bir varlıqdır. Ona inanmaq üçün hər şeydən əvvəl axmaq, ən azı əbləh olmalıyam. Dostum, mənə maddənin cansız olduğunu sübut elə, mən də səni yaradana inanım. Dəlil göstər ki, təbiət öz-özünə idarə oluna bilməz, mən də ərşin-kürüşün dayağı olduğuna inanım, əks təqdirdə məndən nəsə umma. Mən ancaq gördüklərimə inanıram, hiss etdiklərimə bağlanıram, inancım duyğularımdan daha vacib deyil. Günəşə inanıram, çünki onu görürəm, onu təbiətin istilik verən hər maddənin məhvəri olduğunu dərk edirəm və bu qanunauyğunluqdan ləzzət alıram. Bu, fiziki bir prosesdir, bəlkə də enerjinin yaranması qədər sadədir, amma şüurumuz onu dərk etməyə qabil deyil. Sən Allahı bütün bunlardan üstün tutduqca mən hədəfi bir az da uzaqdan nişan almalıyam, hələ deyim, bir az da irəli getməliyəm. Bir işi gözə soxmaqdansa işçi əməyinin mahiyyətini başa düşməyə səy göstərmək lazımdır, elə deyilmi? Sənsə bu qədər danışsan da fantaziyanın gücü ilə mənə kömək edə bilmədin, fikrimi qarışdırdın, amma heç nə izah edə bilmədin. Təlqin etdiklərini qəbul etmək əvəzinə, qəlbimdə sənə qarşı kin yarana bilər. Sənin Allahın ehtiraslarına xidmət etmək üçün bir vasitədir və sən bu vasitədən arzuların necə diktə edirsə, o cür də sui-istifadə edirsən. Mənim düşüncələrimə də müdaxilə edirsən, mənsə sənin səsləndirdiyin fikirlərini heç-puç edərəm. Ruhumun yorğun vaxtında, sakitliyə və fəlsəfəyə ehtiyac duyduğum bir zamanda başımın üstün kəsdirib bu səfsətələrinlə məni qorxutma, bu cəfəngiyat ruhumu qorxuya sala bilər, amma həqiqət olduğunu isbatlaya bilməz. Məni özümdən çıxardar, amma sağalmağıma kömək olmaz. Çünki, dostum, ruh ruhdur, təbiət istəyib ki, o elə yaransın, yəni təbiət məni ehtiyac duyduğu kimi yaradıb və ruh yaxşı və pisə eyni dərəcədə ehtiyac duyur. Ruhum məni şər əməllərə səsləyəndə qulağıma arzular pıçıldadı və mən də həmin arzuların bataqlığında boğuldum. Onun qayda-qanunlarını insani çatışmazlıqlarımıza bir səbəb tapmaq üçün saf-çürük elə və inanma ki, onun istəklərindən kənarda nəsə olsun. Keşiş: Onda belə çıxır ki, dünyadakı hər şey gərəklidir. Ateist: Əlbəttə. Keşiş: Hər şey gərəklidirsə, onda belə nəticəyə gəlmək olar ki, dünyada bir nizam var. Ateist: Bu fikrə kim etiraz edir ki?! Keşiş: Hər şeyi yerli-yerində xəlq edən müqəddəs və qüdrətli bir varlıq olmasa, bütün bu dünyanın ahəngdarlığını kim tənzimləyər? Ateist: Barıtın alışması üçün od lazımdırmı? Keşiş: Əlbəttə. Ateist: Səncə, bu işin reallaşmasında hansı müqəddəslikdən söhbət gedə bilər? Keşiş: Heç bir müqəddəslikdən. Ateist: Bəzi gərəkli nəsnələr mütləq bir hikmətlə bağlı olmaya və hər şey ibtidai bir səbəbin gücü ilə yarana bilər. Bu ibtidai səbəbdə də nə ağıl, nə də müqəddəslik rol oynayır. Keşiş: Sən bunu deməklə sözünün kəndirin hara çəkmək istəyirsən? Ateist: Heç bir müqəddəs və idraki səbəb idarəedici deyil, hər şey necədirsə elə – sənin gördüyün kimidir, bax, mən onu izah etməyə çalışıram. Təbii nəticələrin təbii səbəbləri olmalıdır, onlarda qeyri-təbii başlanğıclar axtarmağa ehtiyac yoxdu. Sənin Allahının da, əvvəl də dediyim kimi, dərk olunmağa ehtiyacı var, ancaq onun barəsində heç bir məlumat verilməyib, deməli, sənin Allahın heç kimi lazım deyil. Heç kəsə lazım olmayansa hökm verə bilməz, hökmsüz Allah isə çox gülünc görünər, beləliklə, sənin Allahının təxəyyül məhsulu olduğuna inanmaq üçün adi məntiq yürüdərək ona ehtiyac olmadığını yəqinləşdirmək kifayətdir. Keşiş: Bu məqamda sizə din haqqında danışmağı məsləhət görmürəm.
Uca Yaradanın möcüzələrinə necə biganə qalmaq olar?
Ateist: İnsanların fanatizm və savadsızlıqlarının köklərinin nə qədər dərində olmasını qətiləşdirmək qədər, məni heç bir zad əyləndirmir. Belələri yollarını o qədər azıblar ki, bu mənzərənin şahidi olmaq ürəkağrıdıcı olsa da, adama maraqlı gəlir. Eqoistliyini bir kənar qoyub mənə səmimi cavab ver. Dini mənimçün əhəmiyyətli edən Allahın dırnaqarası mövcudluğuna, gülünc fikirlərə aldanacaq qədər zəif olsaydım, məni necə haqq yoluna dəvət edərdin? Bəlkə Brahmanın gic-gic təlimlərindən çox Konfutisyə bağlanım? Olmaya zəncilərin böyük ilanına, peruluların ulduzuna, Musanın ordularının Allahına, Məhəmmədin məzhəbinə, yoxsa hanısasa xristian azğınlığına inanım? Cavab verərkən sözü ağzından bişir çıxar. Keşiş: Müqəddəsliyə şübhə edirsən? Ateist: Hər şeyin əsasında həm də bir az eqoistlik var. Keşiş: Xeyir, hər şeyin mayasında bütün insanların qəlbinə doğuluşdan qoyulmuş sonsuz sevgi payı var. Mən sevgi bəsləməklə həm də sənə öz inamımı bəxş edirəm. Ateist: Təəccüb edirəm, insan özünə nə dərəcədə düşmən kəsilməlidir ki, bu cəfəngiyata qulaq assın. Keşiş: Axı Uca Yaradanın möcüzələrinə necə biganə qalmaq olar? Ateist: Allaha ancaq özünə hər cür fırıldağı və ən böyük saxtakarlığı rəva görənlər heyran olar. Keşiş: Ay Allah, bütün bunları eşidirsən, bəs niyə daş yağdırmırsan? Ateist: Xeyr, dostum, narahat olma, daş-filan yağmaz. İstəyirsən bunu onun zəifliyi kimi qiymətləndir, istəyirsən ağıl göstəricisi hesab elə, ya da necə istəyirsən elə də adlandır. Sənə qalsa bəlkə də təvazökarlıq edir deyərsən. Tutalım, bir anlığa Allahın hansısa varlıqda mövcud olması fikiriylə razılaşdım, lap gəl sənin kimi dar düşünüm, sözümün canı odur ki, əgər sənin fanatikliklə inandığın o Allah mövcud olsaydı, bizə öz varlığını sübut etmək üçün İsanın inandığı gülünc şeyləri dəlil göstərməzdi. Keşiş: Yaxşı, bəs onda peyğəmbərliyin özü, möcüzələr, həvarilər, – bunların heç biri sübut deyil? Ateist: Özünün ayrıca sübuta ehtiyacı olan nəsnələri dəlil kimi göstərmək hansı məntiqə sığır? Peyğəmbərlik məsələsini sübut kimi qəbul etmək üçün onun nə zaman və kimin tərəfindən yaradılmasına əmin olmalısan. Bu haqda məlumatlara tarixi qaynaqlarda rast gəlmək olur, amma bu mənim üçün heç bir tarixi hadisədən daha əhəmiyyətli deyil, o məlumatların onsuz da dörddə üçü insanda şübhə oyadır. Və əgər buraya qeyri-obyektiv tarixçilərin hadisələri özlərinə sərf edən kimi yazdıqlarını əlavə etsək, onda mən inamsızlığımda və şübhələrimdə haqlıyam. Kim qəti deyə bilər ki, bu peyğəmbərlik guya adil bir hökmdarın idarəçiliyini təlqin etmək üçün siyasi bir məqsədlə və ya yad qüvvələrin təsiri ilə formalaşmayıb? Əgər hər şey belədirsə, niyə axı sübuta ehtiyacı varkən, o özü bir dəlil olsun? Qoy, möcüzələrə haqda da bir-iki kəlmə deyim: bu cəfəngiyatlara inanmamaq üçün mən kifayət qədər hazırlıqlıyam: Bütün fırıldaqçılar həmin möcüzələrdən faydalanıb və bütün axmaqlar da onlara inanıb. Mənim hansısa möcüzəyə inanmağım üçün, haqqında danışdığınız hadisələr təbiət qanunlarına tamamilə zidd olsun gərək, çünki ancaq təbii harmoniyaya uyğun olmayan hadisə möcüzə adlandırıla bilər. Və hər hansı bir hadisənin təbiətə uyğun olmadığını sübut edəcək qədər təbiətə kim bələddir ki? Möcüzənin möcüzə olduğunu sübut etmək üçün iki şey lazımdır: bir şarlatan və bir neçə sadəlövh. Yeri gəlmişkən, sənin dahi hesab etdiklərin, məzhəbindən olanlar da möcüzələrini belə reallaşdırıblar və təəccüblüsü də odur ki, hamısı da özlərinə inanan səfehlər tapa biliblər. Sənin İsan Tyanalı Apallondan daha qeyri-adi bir iş görməyib və heç kəs onu həmin vaxt Allah hesab eləməmişdi, həvarilər isə sənin ən zəif dəlillərindir. Bunu həyata keçirmək üçün həvəs və iradi güc bəs edir. Əks arqumentlərim ən az sənin dəlillərin qədər güclü olduqca, heç vaxt sənin dediklərinə inanmayacam, əksinə, sərt münasibət göstərəcəm. Eh dostum, mövcudluğuna inandırmağa çalışdığın Allah həqiqətən var olsaydı, öz əbədi hakimiyyətini yaratmaq üçün möcüzələrə, şəhidlərə və peyğəmbərlərə ehtiyac duymazdı. Əgər sənin də dediyin kimi, insan qəlbi onun əsəridirsə, bəs niyə bu qəlb onun kamil rifah yarada bilmir? Bu rifah, bu qanun, adil bir Allah tərəfindən yaradılsaydı, qarşısıalınmaz şəkildə hamının qəlbinə, dünyanın bir başından o birin başınacan yol tapardı və bütün insanlar o həssas qəlbləri ilə Allaha sevgilərini eyni cür izhar edər, hamı eyni tərzdə sevər, heyran qalar, ibadəti belə eyni cür edərdilər, nəticədə Allaha xor baxmaq, ona qarşı çıxmaq mümkünsüz olardı. Ancaq bütün bunların müqabilində qarşılaşdığım reallıq gör nədən ibarətdir? Demək olar ki, dünyada nə qədər ölkə varsa o qədər də Allah var, fərqli düşüncələr, hansının daha doğru olduğunu araşdırmaq mümkünsüz olan fərqli inanclar, fikir ayrılıqları – onda sözündən belə çıxır ki, bunlar hamısı mənə-sənə görə adil Allahın işidir? Ey keşiş, mənə Allahını bu cür təqdim etməklə ona pislik eləyirsən, izn ver onu tamamilə inkar edim. Çünki əgər o, həqiqətən də, mövcuddursa, mən onu öz inamsızlığımla daha az təhqir edirəm, nəinki sən öz küfrünlə. Amma həqiqətə qalanda insanların çoxu saxtakardırlar, ona görə filosoflar onlara güldü, kütlə inandı, ədalətsə onların hamısını dara çəkdi.
Bu gün insansan, sabah soxulcan, birigün milçək, bu elə əbədi mövcudluq deyilmi
Keşiş: Heyhat! Sənin bəhs etdiyin “ədalət” ancaq İsaya qismət oldu, özü də necə amansızcasına. Ateist: Ona görə ki, buna hamıdan çox o layiq idi. O son dərəcədə üsyankar, qudurğan iftiraçı, əxlaqsız, şərəfsiz, təlxək və hədyan danışanın biriydi, hələ üstəlik xalqı inandırmaq bacarığına da malik idi və nəticədə mərkəzi Qüdsdə olan krallıq tərəfindən cəzalandırıldı. Həmin vaxt hakimiyyət ondan xilas olacaq qədər müdrik idi və mənim son dərəcədə yumşaq ifadələrim ancaq bu halda Artemidanın qəddarlığına haqq qazandıra bilər. Mən hakimiyyət üçün təhlükəli ola biləcək planlardan başqa bütün səhvlərin bağışlanmasının tərəfdarıyam. Məni yanıldan yeganə şey krallar və onların kənardan necə görünməsidir, onlara hörmətlə yanaşıram, zira ölkəsini, kralını sevməyən adamın yaşamağa haqqı yoxdur. Keşiş: Yəqin ki, ölümdən sonrakı həyata inanırsan. Həmişə bu düşüncələr bizi narahat edir, gələcək aqibətimizə dair mübhəm ehtimalları sövqi-təbii daim düşünürük, onlardan qaçmaq mümkünsüzdür. Pislərin cəzalandırıldığı, yaxşılarınsa əbədi mükafatlandırıldığı o xoşbəxtlik baxçasını düşünməkdən gözəl nə ola bilər ki? Ateist: Hansı xoşbəxtlik dostum? Heçlikmi? Heçlik məni əsla qorxutmur və mənə həmin heçlikdə ruhumu sakitləşdirən bəsit nəsnələr görünürəm. Sadəcə, digər mətləblər qürurla, bu məsələ isə ağılla idarə olunur. Təbiətin canlanması və məhvi gözümüzün qarşısında baş vermirmi? Həyatda bircə şey məni qorxmağa qoymur, dostum, o da heç nəyin yox olmamağına olan inamımdır. Bu gün insansan, sabah soxulcan, birisigün milçək, bu özü elə əbədi həyat deyilmi? Niyə haqqın çatmayan nəcib əməllərə görə mükafatlandırılmaq, ya da cavabdeh olmadığın məsələlər ucbatından cəzalandırılmaq istəyirsən ki? Allahın ədələtini bu məsələylə necə uzlaşdırırsan? Onda belə çıxır ki, Allah cəzalandırılmağımdan zövq aldığı üçün məni yaradıb və hətta aman verməyib ki, bu vacib seçimi özüm edim. Keşiş: Seçim haqqınız var. Ateist: Bəli, sənin düşüncənə görə var, amma ağıl bütün bunları inkar eləyir və insanın azadlığı ancaq sizin fikirlərinizi həyata keçirmək üçün uydurulub. De görək, əgər bir cinayətkar gilyotin görsə azad olsa belə bir də cinayət törədərmi? Biz insanlara müqavimət göstərmək mümkünsüz olan bir gücün varlığını diktə elədilər və idarəedici qüvvələr qəlbimizdəki istəklərimizə məhəl qoymadan bizim üçün müəyyənləşdirdikləri yolu göstərdilər. Axtarsan nəcib və gözəl olan hər şeyi təbiətdə taparsan. Ancaq bununla yanaşı təbiətin mayasında cinayət məhfumu da mövcuddur. Bütün bunlar bir-birini tamamlayaraq tarazlıq yaradır. Təbiət hər şeyi bizim üçün özü seçirsə, burda hansı günahdan söhbət gedə bilər? Sənin günahların səni sancan bir arının günahından heç də böyük deyil. Keşiş: Onda dediklərindən belə çıxır ki, ən qatı cinayətlər belə qəlbimizdə heç bir narahatlıq yaratmamalıdır. Ateist: Mən belə demirəm, təbiətin insanı özünə tabe etməsi və öz ədalət qılıncı ilə onu cəzalandırması kifayətdir. Bunlar insanı özündən çıxardan və qorxunc məqamlardır. Ancaq əgər artıq cinayət törətmişiksə, bunun məsuliyyətini dərk etməli və mənasız vicdan əzabı ilə ürəyimizin yağını yeməməliyik. Bununla heç nə əldə etmək olmaz, əgər bizi hansısa qüvvə hər necəsə cinayət törətməkdən çəkindirə bilmirsə, deməli, nəyisə geri qaytarmaqda da gücsüzdür. Əgər belədirsə, onda bu cür boş şeylərə görə beynini yormaq mənasızdır və bu dünyada cəzalandırlacağımızdan çəkinmiriksə, o dünyada cəzalandırılacağımızdan qorxmaq axmaqlıq olar. Bizi yaradan istəməz ki, biz günah iş tutaq, günahdan mümkün qədər uzaq olmaq lazımdır. Əlbəttə, günahlardan cəfəng düşüncələr və yersiz narahatlıqlarla qaçmaq olmaz. Günahdan yalnız ağılla xilas olmaq lazımdır. Bəli, dostum, bizi yalnız bir fikir narahat etməlidir – başqalarına pislik etmək bizə heç vaxt uğur gətirməz. Əgər ətrafımızdak insanlar xoşbəxt olsalar, bu dünyanın ən bəxtəvəri biz olacağıq. Bütün bəşəriyyətin mahiyyəti bu ifadəyə sığışıb: Səninlə necə davranmaqlarını istəyirsənsə, insanlarla elə davran və özünə rəva bilmədiyini başqasına rəva bilmə. Hə, dostum, əsas bunlara diqqət eləməlisən və bunları bilmək, qəbul etmək üçün nə Allaha, nə də dinə ehtiyacımız var, bununçün ancaq yaxşı ürəyin olması kifayətdir. Fəqət indi hiss edirəm ki, gücüm tükənir, bəsdir, ey keşiş, özgələrini qınama, adam ol, kişi ol, bu qorxuları, ümidləri canından rədd elə, Allah və din haqqında düşünmə, bütün bunlar insanlar arasında ayrıseçkilik yaradır, bütün bu qorxuların adı belə dünyadakı bütün müharibələrdən və fəlakətlərdən daha böyük itkilərə səbəb olur. Axirət haqqında düşüncələrinizdən də əl çəkin, o biri dünya yoxdur və ona görə bu dünyada xoşbəxt ola bilmək şansından imtina etməyə dəyməz. Təbiətin sənin varlığını qüvvətləndirmək, ya da onu məhv etmək üçün seçdiyi yol budur. Dostum, şəhvətdən duyduğum həzz həmişə mənim ən böyük qazancım olub, ömrümün ən ümdə idealı... Son dəqiqələrimi də bu həzzin ağuşunda keçirtmək istəyirəm. Axırım çatıb, gün işığından da gözəl altı qadın yan otaqda gözləyir, onları bu anların ləzzətini dadmaq üçün gətirtmişəm, gəl sən də bu həzzi bölüş, bütün axmaq inancları, boş səfsətələri, gic-gicə düşüncələri unudasan deyə onların qoynunda xoşbəxt ol.
Qeyd
Ateist çağırdı, qadınlar içəri girdi, onların qoynunda özünə gələndə anladı ki, keşiş də təbiətin “korladıqları”ndan biridir və həm də korlanmış təbiət anlayışı onun üçün hələ də qaranlıqdır.
Tərcümə edən: Fərid Hüseyn /kaspi.az/
|