Buludxan Xəlilov - Azərbaycan dilinin genetik kökləri - II Məqalə
25.12.14

filologiya üzrə elmlər doktoru, 
professor

Azərbaycanda, Qafqazda türklər (azərbaycanlılar) eramızdan əvvəlki dövrlərdə yaşamış və mövcud olmuşlar. Bunu təsdiq edən onlarla fakt mövcuddur. Məsələn, M.Hacıyev ərəb alimi İbn Misqəveyhin belə bir fikrinə istinad edir: “Buştasf (İran şahıdır – B.X.) Tutəğlə (Yəmən padşahlarından biridir – B.X.) olan bu müharibəsindən sonra Azərbaycana daxil olur. O (yəni İran şahı Buştasf – B.X.) burada (yəni Azərbaycanda – M.H.) türklərin böyük müqavimətinə rast gəlir və onlarla qarşı-qarşıya durur” (Bax: Maqsud Hacıyev. Öz dilim-vicdanım, iftixarımdır. – Azərbaycan. N 8, 1990, s.166.). Bu istinaddan sonra M.Hacıyev yazır: “Göründüyü kimi, hələ Makedoniyalı İsgəndərin (e.ə.353-323) İrana hücumundan 50-60 il qabaq, yəni eramızdan əvvəl V əsrdə Azərbaycanda yaşayan yerli türk dilli tayfalar qüdrətli şahlarla vuruşa biləcək səviyyədə imişlər” (Bax: Maqsud Hacıyev. Öz dilim-vicdanım, iftixarımdır. – Azərbaycan. N 8, 1990, s.166.). M.Hacıyev İbn Misqəveyhinin Azərbaycan ərazisində bizim eradan əvvəl VI əsrin ortalarında indiki Xəzər dənizi boyunca türklərin yaşaması, eləcə də şimalda – Dərbənddə yaşayan türklərin cəsarətli, ölümdən, aclıqdan, qorxmayan adamlar olması, onların dövlətlərinin mövcudluğu və s. faktlarına istinad edir (Bax: Maqsud Hacıyev. Öz dilim-vicdanım, iftixarımdır. – Azərbaycan. N 8, 1990, s.166.). Bu ərazilərin qədimdən türklər ölkəsi olmasını da diqqətdən yayındırmadan yazır: “...eramızdan xeyli əvvəl, hələ VI əsrdə Azərbaycanda türklər nəinki varmış, hətta onların qüdrətli dövlətləri belə mövcud imiş” (Bax: Maqsud Hacıyev. Öz dilim-vicdanım, iftixarımdır. – Azərbaycan. N 8, 1990, s.167.).

M.Hacıyev İbn Misqəveyhiyə, E.A.Paxomova əsaslanaraq Azərbaycan ərazisinə gələn türklərin yerli türk tayfaları ilə qaynayıb-qarışması barədə yazır: “...hələ 1500 il bundan öncə - eramızın V əsrində türklərin Azərbaycan ərazisində: Gəncə və onun ətrafında yaşaması tarixi fakt kimi qeyd olunur. Daha sonralar – eramızın V-VII əsrlərində, hətta Dərbəndi keçərək Orta Asiyadan da türk tayfaları Azərbaycan ərazisinə gəlmiş, öz həmtayfaları ilə qaynayıb-qarışaraq bir torpaqda yaşamağa başlamışlar” (Bax: Maqsud Hacıyev. Öz dilim-vicdanım, iftixarımdır. – Azərbaycan. N 8, 1990, s.167.).Deməli, Orta Asiyadan türk tayfaları Azərbaycana gələnə qədər bu ərazidə (Azərbaycanda) yerli türk tayfaları yaşamışdır. Həm də Azərbaycanda yerli türk tayfalarının nüfuzu güclü olduğu üçün Orta Asiyadan gələn türklər burada (Azərbaycanda) asanlıqla məskən salmış və yerli türk tayfaları ilə qaynayıb-qarışmışdır. Əgər Azərbaycanda yerli türk tayfaları olmasaydı, onların gücü, nüfuzu öz üstünlüyü ilə seçilməsəydi, onda Orta Asiyadan gəlmə türklər asanlıqla assimlyasiya oluna bilərdi. Ya da başqa nüfuzlu tayfaların (əgər bu var idisə?) təsiri altına düşə bilərdi. Halbuki, Orta Asiyadan gəlmə türklər yerli türk tayfalarının möhkəmlənməsinə daha da geniş imkan yaratmışdır. Bunun nəticəsi kimi, zəngin ədəbiyyat, mədəniyyət yaranmışdır. Azərbaycan dili də ümumtürk bətnindən ayrılmış bir qol olmaqla öz varlığını qoruyub saxlamış və bu günümüzə gəlib çatmışdır. Əgər Azərbaycanda, Qafqazda türk dilinin rolu zəif olsaydı, onda Azərbaycan dili də öz varlığını qoruyub saxlaya bilməzdi. Budur əsl həqiqət və tarixi gerçəklik.

Hazırda türk dilləri elə bir inkişaf səviyyəsinə çatmışdır ki, onların hər birinin öz dialekt və şivələri formalaşmışdır. İndi türk sözü ümumiləşdirici etnik termin olmaqla yanaşı, həm də Türkiyə türklərinin dilidir və onun öz dialektləri vardır.

Türk xalqlarının tarixində türk, altay, tatar sözləri ümumiləşdirici etnik termin kimi işlənilmişdir. Hal-hazırda bu ümumiləşdirici etnik terminlər içərisində türk sözü öz güclü mövqeyini qoruyub saxlayır. Türk xalqları bu gün müxtəlif coğrafi regionlarda və müxtəlif dövlətlərdə yaşasalar da, ta qədim dövrlərdən bir mənbədən və mənşədən təşəkkül tapıb formalaşmışdır. Bu cəhətə M.F.Köprülü xüsusi olaraq diqqət yetirmişdir. M.F.Köprülüyə görə, türk dilinin hicri tarixilə V əsrdə “şərqi” və “qərbi” ədəbi dilləri mövcud olmuşdur. Bunlardan birincisi (yəni şərqi türkcə) Xaqaniyyə və cığatay türkcələrinin əsasını təşkil etmişdir. İkincisi isə (yəni qərbi türkcə) oğuz türkcəsidir. Oğuz türkcəsi Anadolu, Rumeli, Qafqaz, Azərbaycan, İraq və Əlcəzir türklərinin dilidir. M.F.Köprülünün  fikrincə, şərq türkcəsi Azəri və Osmanlı ləhcələrinə ayrılmışdır. Azəri ləhcəsinin təşəkkülü bir sıra amillərlə bağlı olmuşdur. Şərqə oğuz kütlələrinin axını lap qədim dövrdən bu ərazidə yaşayan oğuzların dilini və bütün ənənələrini daha da canlandırmışdır. Get-gedə Azəri ləhcəsi ilə Osmanlı ləhcəsi arasında fərqlər yaranmışdır. Halbuki əski dövrlərdə bu ləhcələr arasında heç bir fərq olmamışdır. Azəri ləhcəsinin İran təsiri altında qalması fərqləri getdikcə daha da çoxaltmışdır. Azəri, Osmanlı və cığatay ləhcələrinin yaranması və inkişafı həm də onların müstəqil dövlətlərinin təsis olunması ilə sıx şəkildə əlaqəlidir. Məsələn, Azəri ləhcəsinin ayrıca bir ədəbi dil kimi fəaliyyətində Səfəvilər dövlətinin böyük rolu vardır. Yaxud, Anadolu ləhcəsi üçün Osmanlı dövlətinin, cığatay ləhcəsi üçün isə özbək xanlığının oynadığı xidmətlər böyük təsirə malikdir. Bununla belə ləhcələrin hamısı bir mənbədən təkamül etmişlər (Bax: Köprülüzadə Məhəmməd Fuad. Azəri ədəbiyyatına aid tədqiqlər. Bakı, 1996, s.10-12).

Azəri dilinə İran və Sovet tarixşünaslığında indiyə qədər mövcud olan qərəzli münasibət nəyə görəsə (?!) 1998-ci ildə çap olunmuş “Azərbaycan tarixi” kitabında da davam etdirilmişdir. Əvvəla, bu kitabda bir-biri ilə daban-dabana zidd olan fikirlər, iddialar yürüdülmüşdür. Belə ki, müəlliflər azəri sözünün azərbaycanlı demək olduğunu vəMada, Atropatena, madalı, atropatenalı istilahlarını bir-birini əvəz edən istilahlar kimi qəbul etsələr də (Azərbaycan tarixi. Birinci cild. “Elm”, Bakı, 1998, s.265), dolaşıq, ziddiyyətli fikirləri ilə də çaşqınlıq yaradırlar. Ərəb müəlliflərinə istinad edərək qeyd edirlər ki, erkən və orta əsrlərdə Cənubi Azərbaycanda yayılmış dillər sırasında Azəri, pəhləvi, fars dilləri olmuşdur. Bu dillərin erkən və orta əsrlərdə Cənubi Azərbaycanda yayılmasına etiraz etmədən, müəlliflərin bu dillər sırasında azəri dilinin İran dillərindən olması fikrini irəli sürmələrinə etiraz etməli oluruq. Deməli, müəlliflərin yanlış fikirlərindən biri azəri dilini İran dillərinə daxil edərək “Azəri dilinin İran dillərindən olduğu mübahisəsizdir” fikrini deməsidir (Azərbaycan tarixi. Birinci cild. “Elm”, Bakı, 1998, s.267).

İkincisi, müəlliflər azəri dilini Azərbaycan dili adlandırsalar da (Azərbaycan tarixi. Birinci cild. “Elm”, Bakı, 1998, s.267), heç bir əsas olmadan bu dilin talış dilinə yaxın olduğunu deyirlər: “...hələ ərəb müəlliflərinin yaşayıb fəaliyyət göstərdikləri dövrdə Azərbaycanda fars dilindən güclü surətdə fərqlənən və talış dilinə yaxın olduğu aşkarlanan azəri dilində də danışırdılar. Azəri dilinə və müasir talış dilinə yaxın olan dialektlər hələ erkən orta əsrlərdə Cənubi Azərbaycan ərazisində geniş yayılmışdı” (Azərbaycan tarixi. Birinci cild. “Elm”, Bakı, 1998, s.266).

Müəlliflər İran alimlərinin təsiri altında qalaraq azəri dilinə talış dilindən başqa tati, xarzani, takestani, xalxali dialektlərini yaxın hesab edir. Və bu dialektləri də azəri dili ilə bərabər Mada dilinin varisləri hesab edir (Azərbaycan tarixi. Birinci cild. “Elm”, Bakı, 1998, s.267), bununla da Mada dilindən adları qeyd olunan dialektlərə də “pay” ayırırlar. Və Azəri dilinin Mada dilinin yeganə varisi olmaq imkanını əlindən alırlar. Madada yaşayan etnosları yaxın hesab edərək məsələni siyasiləşdirir, azəri dilini İran dillər qrupuna daxil edir, İran alimi Seyid Əhməd Kəsrəvinin yanlış konsepsiyasına haqq qazandırır və daha sonra davam edərək yazırlar: “Kəsrəvi azəri dilinə dair materialları ilk dəfə aşkara çıxardı, orta əsrlərdə Azərbaycanda yayılmış bu dilin (azəri dili – B.X.) İran səciyyəli olduğunu sübut etdi. Lakin o, dilçi olmadığına, mahiyyətcə İran dillərinin tarixi, müasir İran dialektləri haqqında heç bir təsəvvürə malik olmadığına görə səhv olaraq azəri dilini əski fars dili kimi müəyyənləşdirirdi”( Azərbaycan tarixi. Birinci cild. “Elm”, Bakı, 1998, s.268).

Deməli, azəri dilini İran dialektlərindən hesab edərək, onun türk dillərinə mənsub olmasını heç bir elmi əsas olmadan inkar etməyə çalışırlar. “Azərbaycan tarixi” (birinci cild) kitabında azəri dili ilə bağlı olan yanlış iddiaları aşağıdakı kimi qruplaşdırmaq olar:

I.         Azəri dilini İran dillərindən hesab etməklə İranın etnik-sosial tərkibini səciyyələndirirlər. Lakin Azəri dilinin özünün etnik mənsubluğunu saxtalaşdırırlar. Bu dilin türk etnik kökündən olmasını heç bir elmi əsas olmadan inkar etməyə çalışırlar.

II.      Azəri dili ilə talış, tat və s. dillər arasında yaxınlıq axtarmaqla yenə də məsələni siyasiləşdirirlər. Məqsəd isə bu dillərlə birgə azəri dilini də İran dillərinə daxil etməkdir. Bunula da heç bir müqayisəyə, dəlilə, sübuta uyğun gəlməyən “həqiqətlər” irəli sürürlər. Bununla da Azəri (azərbaycan) dilinin türk köklü olması mübahisəsiz qəbul olunsa da, bu dili İran dillərinə daxil edirlər.

III.   İran alimi Seyid Əhməd Kəsrəvinin İran siyasətinə xidmət edən səhv iddialarına haqq qazandırırlar. Lakin Seyid Əhməd Kəsrəvi azəri dilini fars dilinin bir qolu hesab edirsə, onlar isə azəri dilini İran dillərinə daxil edirlər. Bu barədə oxuyuruq: “Kəsrəvi azəri dilinə dair materialları ilk dəfə aşkara çıxardı, orta əsrlərdə Azərbaycanda yayılmış bu dilin İran səciyyəli olduğunu sübut etdi. Lakin o, dilçi olmadığına, mahiyyətcə İran dillərinin tarixi, müasir İran dialektləri haqqında heç bir təsəvvürə malik olmadığına görə səhv olaraq azəri dilini əski fars dili kimi müəyyənləşdirirdi” (Azərbaycan tarixi. Birinci cild. “Elm”, Bakı, 1998, s.268).

Bununla da Kəsrəvinin də, bu müəlliflərin də mövqeyi, amalı, məqsədi azəri dilini öz türk kökündən ayırmaqla yanlış və siyasiləşmiş konsepsiyaları ortalığa atmaqdan ibarət olmuşdur.

Azəri dili türk dil ailəsinə daxil olan bir dil olmaqla hal-hazırda Azərbaycan dili adlanır. Onun sosial bazasında azərbaycanlılar dayanır.

1937-ci ildən sonra Azərbaycan sözü dil və millət adı kimi təsbit olunmuşdur. Bütün bunlarla bərabər türk-azəri-azərbaycan sırası təsdiq edir ki, bu adlarla bağlı yaranmış ədəbiyyat nümunələri bir millətə (azərbaycanlılara) aiddir. Türk etnik adından başlamış diferensiallaşma ilə türk millət adını qarışdırmaq olmaz. Deməli, türk sözü ümumiləşdirici etnik termin kimi diferensiallaşmanın mənbəyidir. Bu cəhəti M.F.Köprülünün mövqeyi də açıqlaya bilir. Yeri gəlmişkən onu da qeyd edək ki, türk dillərini ümumiləşdirən etnik terminlərdən biri də tatar sözüdür. Tatar sözü ümumiləşdirici etnik termin olmaqla bərabər, həm də Azərbaycan türklərinin dilinin də adı olmuşdur. XX əsrin əvvəllərində işlənmiş tatar dili, rus-tatar məktəbləri kəlmələrində tatar sözü Azərbaycan türklərinə aiddir.

F.İ.Stralenberq türk dillərini tatar dilləri də adlandırmışdır. O, “Avropa və Asiyanın şimal-şərq hissəsi” əsərində Volqaboyunda və Sibirdə yaşayan türkdilli xalqların coğrafi ərazisinə Böyük Tatar demişdir. Böyük Tatarın ərazisini isə Böyük Tatar və Kiçik Tatar deyə iki yerə bölmüşdür. Böyük Tatarda və Kiçik Tatarda yaşayan türkdilli xalqlaratatarlar, dillərinə isə tatar dilləri demişdir. Lakin burada tatar sözünün ümumiləşdirici xarakterinə aydınlıq gətirmək istərdik. Tatar (Tatar sözü barəsində geniş məlumat almaq üçün bax: Buludxan Xəlilov. Fellərin ilkin kökləri. Bakı, 1998, s.169) sözü “Kitabi-Dədə Qorqud” dastanlarında tat eri kimi işlənir: Sakalı uzun tat eri banladıqta – saqqalı uzun tat əri azan çəkdi. Burada tat eri birləşməsində tat sözü “yad”, eri isə “insan, kişi, adam” mənasındadır. Deməli, tatar yad, yabançı insan (islamı, müsəlmançılığı qəbul etməyən, gec qəbul edən) mənasında olan tat eri//tat er//tat ər sözlərinin tatar formasına düşməsindən yaranmışdır. Ona görə tat eri//tat er//tat ər//tatar sözləri yad, yabançı insan mənasını bildirir.

Məlumdur ki, türklərin bir qismi islamiyyəti gec qəbul etmişdir (Türk xalqlarının bəziləri, o cümlədən xakas türkləri islam dinini qəbul etməmişdir). İslamı tez qəbul edən türklər isə onları (islamı gec qəbul edənləri) tatar –yəni “yad insan” adlandırmışlar. Türk xalqları içərisində uyğurlar müsəlmançılığı (islamı) gec qəbul edənlərdən biridir. Bu mənada M.Kaşğarinin lüğətində yazılır ki, tat sözü Toxsı və Yağma dillərində uyğur kafirlərinin adıdır (Divani lüğət-it-türk. II c., Ankara, 1992, s.280-281). Burada M.Kaşğari kafir dedikdə müsəlman olmayan uyğurları nəzərdə tutmuşdur. Məşhur türkoloq həm də yazmışdır ki, tat bütün türklərə görə, farsca danışanlardır (Divani lüğət-it-türk. II c., Ankara, 1992, s.280-281). Aydınca görünür ki, burada fars mənşəli tatlardan söhbət getmişdir. Ona görə də tatar sözündəki tat ilə fars mənşəli etnik qrupu bildirən tatsözünü qarışdırmaq heç cür mümkün deyildir. Bizə belə gəlir ki, türk xalqları içərisində ilk dəfə olaraq uyğurlar tatar adlanmışdır.

M.Kaşğarinin uyğur kafirlərini (müsəlman olmayanlarını) tat adlandırması da bizim mövqeyimizin inandırıcı olduğunu təsdiqləyir. Ümumiyyətlə, türk xalqları içərisində uyğurlar müsəlmançılığı gec qəbul etmişlər. Onlar (745-840-cı illər) manihenizm adlanan dinə qulluq etmişlər. Bu din xristianlıq, məzdəklik və buddizmin qarışığından meydana gəlmişdir (Bax: Türkün qızıl kitabı. Birinci kitab, Bakı, 1992, s.138-139). Sonralar uyğurların bir qismi müsəlmançılığı qəbul edib onu Çinə yaysalar da, islamiyyəti ilk qəbul edən türk soyları onları tat (yad, yabançı insan) adlandırmışdır.

Məlumdur ki, bir çox vaxtlar azərbaycanlıları da tatar adlandırmışlar. Azərbaycan dilinə isə tatar dili demişlər. Gürcülərin əksəriyyəti azərbaycanlıları indi də tatar kimi çağırırlar. Hal-hazırda isə tatar sözü türk xalqlarından birinin adıdır. Tatar sözü Kazan, Çulım, Barabin, Tobol və s. tatarları ümumiləşdirən bir etnik termin kimi işlədilir. Yeri gəlmişkən qeyd edək ki, türk sözü də belə ümumiləşdirici etnik termindir. Müasir dünyada turksözünə nisbətən turan sözü daha çox ümumiləşdirici etnik termin mahiyyətini kəsb etməkdədir.

Azərbaycan dili istilahı barədə

“Azərbaycan dili” termininin hansı dövrdən işlənməsi də maraq doğurur. Dilçilik elmində belə bir fikir mövcuddur ki, guya “Azərbaycan dili” termini XX əsrin 30-cu illərinin məhsuludur. Halbuki son tədqiqatlar təsdiq edir ki, bu termin ən azı 700 il bundan əvvəl işlənməyə başlanmışdır. “Azərbaycan dili” termini Məhəmməd bin Hinduşah Naxçivaninin (1292-1370) “Sihah əl-fors” lüğətində təsadüf olunmuşdur. Məhəmməd Naxçıvaninin “Sihah əl-firs” lüğəti 1328-ci ildə yazılıb başa çatdırılmışdır. Bu lüğətdə fars dilində az işlənən 2300 sözün mənası izah olunmuşdur. “Sihah əl-fors” lüğətində “Azərbaycan dili” termininin işlənməsi barədə V.Piriyev yazır: “Sihah əl-fors” lüğətində nəzərimizi cəlb edən əsas məsələ burada “zəban-e Azərbaycani”, yəni “Azərbaycan dili” istilahının işlənməsidir: Məhəmməd Naxçivani “kəpita” sözünün izahında yazır ki, bu, halvanın bir növüdür və ona “Azərbaycan dilində beyləqan deyirlər” (be zəban-e Azərbaycanibəyləqan guyənd); “coğd” sözünün müqabilində göstərilir ki, coğd bayquşun bir növüdür və “Azərbaycan dilində kəngər deyirlər” (be zəban-e Azərbaycani kəngər guyənd); “nəxiz” sözü ağac əkilmiş sahəni bildirir və “Azərbaycan dilində kərdu adlanır” (be zəban-e Azərbaycani kərdu xanənd) və s. Göründüyü kimi, lüğətdə üç yerdə “Azərbaycan dili” (kursiv bizimdir – B.X.) istilahı işlənmişdir” (V.Piriyev. “Azərbaycan dili” istilahı nə vaxtdan bəllidir? – “Ədəbiyyat” qəzeti, 17 iyul, 1992).

V.Piriyev sonradan “Azərbaycan dili” sözünün lüğətin üç yerində işlənməsini daha da dəqiqləşdirərək yazır: “Müəllif (Məhəmməd Naxçivani – B.X.) lüğətin üç yerində (s.26,77,132) farsca həmin istilahı – “zəban-e Azərbaycani” istilahını işlətmişdir” (V.Piriyev. Bir daha “Azərbaycan dili” istilahı barədə. – “Azdlıq” qəzeti, 13 may, 1995, s.8).

Çox güman ki, Məhəmməd Naxçivaninin lüğəti diqqətlə oxunsa, nəinki üç yerdə, hətta çoxlu yerdə Azərbaycan dili istilahına rast gəlmək olar.

“Azərbaycan dili” termini daha əvvəlki dövrlərdə də mövcud olmuş və Azərbaycan əhalisinin danışıq dili kimi işlənmişdir. Bu mənada Xətib Təbrizi (1030-1109) ilə Əbülüla Məərri arasındakı bir hekayənin məzmunu belədir: Xətib Təbrizi kor filosof şair Əbülüla Məərrinin dərsində əyləşmişdi. Birdən onun Təbrizli qonşularından bir neçə adam içəri girir. Bu zaman Xətib Təbrizinin onlara qanı qaynayır. Həmin bu adamlar Xətib Təbrizinin həmyerliləri olurlar. Ona görə də Xətib Təbrizi müəllimlərdən icazə alır və öz həmyerliləri ilə söhbət edir. Söhbət qurtardıqdan sonra Əbülüla Məərri Xətib Təbrizidən həmyerliləri ilə hansı dildə danışdığını soruşur. O isə cavab verir ki, azərbi dilində danışırdı. Əbülüla Məərri deyir ki, mən sizin dilinizi bilməsəm də, danışığınızı çox məmnuniyyətlə dinlədim. Sonra Əbülüla Məərri azərbi dilində olan danışığı olduğu kimi təkrar edir (Bax: M.F.Köprülü. Azəri, Bakı, 2000, s.99).

Burada azərbi sözü əslində Azərbaycan sözünün fonetik variantıdır. Mətndə isə ərəb dilində “bi-l-adər-bicidə” kəlməsi ilə yazıldığına görə dilçilər arasında müəyyən mübahisələr yaratmışdır. Lakin bu müahisələrin heç biri Azərbaycan dili termininin hələ XI əsrdə də işləndiyinə kölgə sala bilmir.

Azərbaycan dili kəlməsinin XI əsrdə işlənməsi bu ifadənin dil və ərazi adı kimi qədimliyinə bir işarədir. Azərbaycan adının həm ərazi, həm də dil adı kimi işlənməsinin özündə də heç bir uyğunsuzluq yoxdur. “Belə ki, məsələn, Çin, Koreya, Yaponiya, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tuva, Özbəkistan yer adları ilə həmin ərazilərdə yaşayan xalqların dil adları arasındakı uyğunluğu heç kəs inkar etmir” (Mübariz Yusifov. Dahi şəxsiyyətin nitq fenomenliyi. Bakı, 1997, s.16-17). Azərbaycan sözünün yer və dil adı olması hər iki mənada qədimliyin göstəricisidir.

XI yüzilin böyük türkoloqu Mahmud Kaşğarinin “Divani lüğət-it türk” adlı əsərində bir xəritə verilmişdir. M.Kaşğari həmin xəritədə XI yüzilin coğrafiyasını əks etdirmişdir. Bu xəritədə bir çox ərazilərlə yanaşı, həm də Azərbaycanın ərazisi, qonşuluqda yaşadıqları xalqlar göstərilmişdir (Divanü lüğat-it-türk (tercüməsi çevirən Besim Atalay). I c., Ankara, 1992). Xəritədə Azərbaycan adının qeydə alınması indiyə qədər tədqiqatçıların diqqətindən yayınsa da, bu faktı nəzərdən qaçırmayan da olmuş və xəritədə əks olunmuş ərazilərdən, onların xalqlarından bəhs etmişdir. Konkret olaraq xəritədə Azərbaycanla bağlı mövcud olanlar barəsində belə bir şərh yazmışdır: “Xəritədə Azərbaycan adı Azərabadkan şəklində (ərzi Azərabadkan – yəni, Azərbaycan ərazisi, Azərbaycan torpağı) yazılıb. O, (yəni Azərbaycan – B.X.) xəritədə şimal-qərb istiqamətində Xəzər dənizinin (xəritədə “bəhri Abesqun” – yəni, Abesqun dənizi. Bu, (dəniz- B.X.) Xəzərin qədim adlarından biridir) qərbində yerləşir. Cənubda Xorasan, İraq, şərqdə Rum, şimalda Xəzərlər (“Dərbəndi Xəzəran” – xəzərlərin Dərbəndi), qərbdə Şam (“ərzi əl-Şam” – Şam ərazisi, Suriya) ilə həmsərhəddir” (Xəlil Ağaverdi. 930 yaşlı xəritədə Azərbaycan. – “Xalq qəzeti”, 21 sentyabr, 2000, № 215 (23580), s.5).

Azərbaycan sözü dil adı kimi XIX əsrdə də işlənmişdir. V.V.Radlovun XIX əsrin sonu XX əsrin əvvəllərində yazılmış “Опыт словаря тюркских наречий” adlı dörd cildlik (8 kitabdan ibarət) lüğətindəki Azərbaycan ləhcəsi//dili terminini də nəzərdən qaçırmaq olmaz. Azərbaycan dili termini 1903-cü ildə N.F.Katanovun çap etdirdiyi “Uryanxay dili” adlı iki cildlik əsərində də işlənmişdir.

Azərbaycanla bağlı olan bu faktların özü də dilimizin, xalqımızın və dövlətçiliyimizin tarixi baxımından əhəmiyyətli rol oynayır. Həm də bu faktlar təkzib edir ki, Azərbaycan sözü XX əsrin 30-cu illərində meydana çıxmamış, əksinə qədim tarixi köklərə söykənmişdir. Deməli, bu sözə XX əsrin 30-cu illərinin siyasi baxışından qiymət verməyin elmi əsası yoxdur. Sadəcə olaraq elmi irsimizə və qaynaqlarımıza diqqətlə yanaşmalı, tarixi faktlara biganə qalmamalıyıq.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.