Adil Mirseyid - Ölüm haqqında metafizik düşüncələr
22.12.14
Avanqard.net şair Adil Mirseyidin "Ölüm haqqında metafizik düşüncələr" şeirini təqdim edir.
bir şair də itirdik bu şəhərdə məndə bir şəkli qalıb bulvarda çəkdirmişik bir də telefon nömrəsi hələ də hələ də qulağımdadı içki məclisində şeir oxuyan səsi insan insanı ölümündən tanır demiş bir şair ölüm dəyimdidə bilməyib bizim dostluğumuzu amma axşamlar çayxanaya gəlmir daha mən ondan incimirəm köhnə dost düşmən olmaz bəzən gizlicə utanıram onun şeirlərindən utanıram pəncərəmdən gülümsəyən gözəl səhərdən
mətbəxdə oturmuşam bəzən səhərə qədər qaranlıq pəncərədə ay işığında şəhər və masanın üstündə bir fincan qara kədər
ölüm haqqında metafizik düşüncələrə dalıram zamansızlıq içində yaşayıram sanki mən dünyadan dörd əlli yapışıb yaşamaqda israr edirəm hər gecə bir ulduzdan başqa bir ulduza gedirəm bir zamanlar mən də şair idim təpədən dırnağa qədər ürəyimdə bülbüllər yuva qurardı ürəyimdə bülbüllər qafamda qəza qədər bir şair də itirdik bu şəhərdə indi mərmər başdaşından bizə baxıb gülümsəyir ödünc aldığı ölüm hər gün bir az ölüb dirilməyə bənzər başa gələcək bəlaları ulduz falıyla yozmaq bir rüzgarla qeyb olacağımızı bilə-bilə oturub şeir yazmaq ay qeyb oldu göy üzündə bir ara qaranlıqda fit çalır sərxoş külək mən özüm özümdən qaçıram sanki sinəmin altında plastik ürək
mən bir faciə qəhrəmanıyam bu anda gecə qan qoxuyur köhnə limanda
|